Eyni xislətlilər

 

Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində

 

II hissə

 

İozef Göbbels nasist rəhbərliyinə daxil olan beş liderdən biri olmuşdur. O, 1897-ci il oktyabrın 29-da anadan qüsurlu doğulmuşdur. Ayağının biri o birindən qısa idi. Bonn Universitetində filologiya, almanizm və tarixi öyrənmişdir. Göbbels fəlsəfə doktoru adını almışdır.

Göbbelsin Maarif və Təbliğat naziri olduğu dövrdə çox sayda ziyalılar-yazıçılar, dirijorlar, bəstəkarlar - Bertold Brext, Bexer, Bruno Frank, Raul Xindemit, Piskator, Reynxard, Kandinsk və b. mühacirət etmişlər.

Hitlerin sadiq dostu Göbbels son ana kimi Hitleri tərk etməmiş, bunkerdə qalmışdı. Ömrünü faciəli başa vuran Göbbels əvvəl altı uşağını öldürmüş, sonra arvadını və özünü zəhərləmişdir.

A.Rozenberqin strateji planına əsasən Hitler Almaniyasının himayəsi altında "Ermənistan Baş Komissarlığı” yaradılmalı idi. III Reyx daşnakların sədaqət və xidmətləri müqabilində Qarabağın, Naxçıvanın və Axalkalakinin bir hissəsinin ermənilərə verilməsini vəd etmişdi. Bundan başqa, Qarabağdan olan ermənilər SSRİ-yə qarşı üsyan qaldırmalı, bu əraziyə Almaniya ermənilərindən ibarət qanunsuz hərbi birləşmələr və xüsusi təhsil almış dəstələr göndərilməli idi. (Gduard Abramən. Kavkazüı v Abvere. M., 2006, s. 48, 52, 136)

Hitlerə sədaqətlə qulluq edən daşnakların siyahısında Artaşes Abeqyan, Vaçaq Artaşesoviç Abeqyan, Akop Petroviç Aziyan, Vaqan Tetesoviç Ayrapetyan, Qayk Asatryan, Tiqran Baqdasaryan, Suren Bekzadyan, Nikolay Ambarsumoviç Gevorkyan, Aleksandr Xatisyan, Aram Konstantinoviç Mirimanyan, Alfred Muradyan, Aleksiy Sarkisyan, Vartan Mixayloviç Sarkisyan, Misak Akopoviç Torlakyan və onlarca "yan”ların adları vardır.

Abeqyan Artaşesin 1943-1945-ci illərdə təxminən 70 yaşı olub. Naxçıvanın Təzəkənd kəndində doğulan, Almaniyanın işğal olunmuş Şərq əyalətləri üzrə nazirliyinin rəsmi əməkdaşı olan A.Abeqyan 1941-ci ildə Rozenberqlə danışıqlar apararaq Almaniyanın Sovet İttifaqına qarşı mübarizəsində daşnakların xidmətlərini təklif edib.

A.Abeqyan 1942-ci ildə Erməni Milli Komitəsinə rəhbərlik edib, eyni zamanda "Hayastan” qəzetinin redaktoru olub. 1943-cü ilin sonunda Almaniyanın işğal olunmuş Şərq əyalətləri üzrə nazirliyinin Polşanın Kelts şəhərindəki xüsusi düşərgəsində anti-sovet məzmunlu mühazirələr oxuyub.

Abeqyan Vaçaqan (Vaçe) Artaşesoviç 40 yaşında olub. 1921-ci ildə o, atası ilə birlikdə Almaniyaya mühacirət edib. Almaniyanın işğal olunmuş Şərq əyalətləri üzrə nazirliyinin tərcüməçisi kimi hərbi əsir düşərgələrinə gedərək "Daşnaksütyun” partiyasına yeni üzvlərin cəlb olunması ilə məşğul olub və alman müəssisələrində işləmək üçün hərbi əsirləri seçib. 1944-cü ilin fevralından Erməni Milli Komitəsində dəftərxana müdiri vəzifəsini tutub.

Avalyan Levonbəy Artyomoviç 1889-cu il təvəllüdlüdür. Dağlıq Qarabağ Muxtar Vilayətinin Qazan kəndində dünyaya gəlib. "Abverqrup 114” - "Dromedar” alman kəşfiyyat orqanının agenti olub. 1941-ci ilin payızında Kanayan Dronun rəhbərliyi ilə agenturaya cəlb olunub, kəşfiyyat-təxribat tapşırığı ilə Qızıl Ordunun arxa cəbhəsinə atılıb. İşğal olunmuş ərazilərdə əks-kəşfiyyat işləri ilə məşğul olan L.Avalyan alman ordusu geri çəkilərkən arvadı ilə birlikdə Berlinə qaçıb. 1944-cü ilin sonundan Erməni Milli Komitəsinin sədri olub, sonralar Ştutqart şəhərinə, oradan Fransaya gedib.

Əzizyan Akop Petroviç (uydurulmuş adı "Vatslav”, həm də "Vyaçeslav”) 35-45 yaş arasında olub, Ermənistan SSR-in Stepanavan rayonunda doğulub. 1921-ci ildə Fransaya mühacirət edib. Rus, alman, fransız dillərini öyrənmişdi. "Abverqrup 114” -”Dromedar” kəşfiyyat orqanının rəsmi əməkdaşı olub. Müharibənin əvvəlində Kanayan Dro ilə sovet-alman sərhədini gəzərək hərbi əsirlərdən istifadə, sovet arxa cəbhəsinə, o cümlədən işğal olunmuş Krım ərazisində əsirlərin agenturaya cəlbi və atılması ilə məşğul olub. A.Əzizyan alman orden və medalları ilə təltif olunub. 1945-ci ilin yanvarında Berlində yaşayan Akop Əzizyan oradan Ştutqarta getmişdir.

Ayrapetyan Vaqan Tatevosoviç 1890-cı il təvəllüdlü olub. Ermənistan SSR-in Oktamberyan rayonunun Cəfərabad kəndində doğulub. Ermənistan Dövlət Universitetinin tarix fakültəsini bitirib, universitetdə tarix fənnini tədris edib. 1942-ci ildə Krımda almanlara əsir düşmüş Qızıl Ordunun keçmiş hərbi qulluqçusu V.T.Ayrapetyan alman agenti olub, Rovno şəhərində hərbi əsir düşərgəsində polis kimi xidmət etmişdir. 1942-ci ilin sonunda Polşanın Kelts şəhərində xüsusi hərbi əsir düşərgəsində taqım komandiri olan Vaqan Ayrapetyan 1943-cü ilin martında Berlin yaxınlığındakı Vustranda həm oxumuş, həm də imperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyinin təbliğatçılar məktəbində mühazirə oxumuşdur.

Təhsilini başa vuran V.Ayrapetyan məktəbdə mahnı və rəqs ansamblında saxlanılmış, ansamblın tərkibində Almaniya və Fransa şəhərlərində konsertlər vermişdir. Sonralar məktəbin mətbəəsində işləmişdir. Erməni milli "Daşnaksütyun” partiyasının üzvü olmuşdur. 1945-ci ilin əvvəlində Almaniyanın Rotsvayl şəhərinə gedən Vaqan Ayrapetyan həmin ilin iyun-avqust aylarında Sovet İttifaqına qaytarılmışdır.

Asatryan Qayk 1909-cu ildə Türkiyənin Alaşkert şəhərində anadan olmuşdur. E.Abramyan "Kafkazüı v Abvere” kitabında Türkiyənin ərazisində yerləşən Alaşkerti Qərbi Ermənistan ərazisi hesab etmişdir.

Qayk Asatryan "Daşnaksütyun” nun məktəbli ittifaqına daxil olmuş və Eduard Abramyanın yazdığına görə "Türkiyə rejimi tərəfindən işğal olunmuş Qərbi Ermənistan vilayətində” milli-azadlıq hərəkatında iştirak etmişdir. Asatryan bir neçə qəzet və jurnalların redaktoru olmuş, erməni məsələsinə dair məqalə və oçerklər yazmışdır. 1918-1919-cu illərdə İrəvanda onun redaktorluğu ilə məktəbli ittifaqı orqanı "Şant” ("İldırım”) nəşr olunmuşdur. Sonrakı illərdə Q.Asatryan "Xrovk” ("Üsyan”) yarımilli fəlsəfi "Naüiə i Rodina” ("Millət və Vətən”) jurnalını redaktə etmişdir. Həmin vaxtlarda Asatryan Qaregin Njde ilə yaxınlaşmış, onun dostu və döyüş yoldaşı olmuşdur.

Erməni tarixçisi Eduard Abramyanın fikrincə, Q.Asatryan 1921-ci ildə fevral inqilabının yatırılmasından və Dağlıq Ermənistanın (Sünik) müdafiəsinin dayandırılmasından sonra general Njde ilə birlikdə ölkəni tərk edərək Avropaya getmiş, "erməni məsələsinin həlli uğrunda” siyasi mübarizəni davam etdirmişdir.

Q.Asatryan 1930-cu ildə Paris universitetinin filologiya fakültəsini bitirərək doktor elmi dərəcəsi almış, tarix və fəlsəfəyə dair bir neçə elmi işi nəşr olunmuşdur.

Bolqarıstanda məskunlaşan Q.Asatryan Njde ilə birgə Avropa erməni diasporunun həyatında və milli hərəkatda iştirak etmişdir.

Qayk Asatryan "Daşnaksütyun” partiyasının bəzi xadimləri ilə birlikdə III Reyxin rəhbərliyi ilə əlaqəyə girmiş və İkinci Dünya müharibəsinin əvvəlində almanlarla əməkdaşlığa başlamışdır. Asatryan əmin idi ki, Almaniyanın köməyi ilə "Türkiyə tərəfindən tutulmuş” "Qərbi Ermənistanın ərazisinin” azad olması və Şərqi Ermənistana (Ermənistan SSR-ə-M.Ə.) birləşdirilməsi mümkün olacaqdır.

Alman ordusu tərkibində ilk erməni döyüş bölmələrinin yaradılmasının başlanğıcında və "Ermənistan Baş rexskomissarlığı” layihəsi təsdiq olunduqdan sonra Asatryan vəzifə almış və general Njdenin tapşırığı ilə erməni legionlarının tərkibində kadrlar və şəxsi heyətlə siyasi iş aparmışdır.

Müharibə başa çatdıqdan sonra Asatryan Bolqarıstanda yaşamış və milli hərəkat məsələlərinə dair yazılar yazmışdır. 1956-cı ildə Sofiya şəhərində vəfat etmişdir.

Baqdasaryan (uydurulmuş adı Simonyan, yaxud Sarkisyan) Tiqran ("Tiqris”) İstanbul sakini olmuşdur. Müharibə illərində 50-55 yaşlarında olmuş, mühacir kimi, Parisdə yaşamışdır. Türk və fransız dillərini bilmişdir. T.Baqdasaryan alman kəşfiyyatının rəsmi əməkdaşı kimi müharibə dövründə "Abverqrup 114”-”Dromedar” orqanının Pyatiqorskdakı filialına rəhbərlik etmiş, sovet ordusu arxası üçün agentlərin cəlbi və atılması ilə məşğul olmuş, işğal olunmuş ərazilərdə agentura yaymışdır. 1942-ci ilin sonunda Baqdasaryan Rotvaylda (Almaniyada şəhər) Erməni Milli Komitəsinə rəhbərlik etmiş, 1945-ci ildə Berlindəki "Erməni komitəsi”nə rəhbər təyin olunmuşdur. "Hayastan” qəzetinin məsul redaktorlarından biri hesab olunurdu.

İrəvan sakini olmuş Gevorkyan (Gevorkov) Nikolay Ambarsumoviç (uydrulmuş adı Aleksandroviç, "Doktor Sikorskiy”) 47-48 yaşlarında idi. Xarkov universitetini bitirmiş, erməni ordusunda həkim kimi xidmət etmiş, daşnakların dağıdılmasından sonra Parisə qaçmış, "Daşnak mərkəzi”nin fəal iştirakçısı olmuşdur.

N.Gevorkyan da digər həmvətənləri kimi, "Abverqrup 114”-”Dromedar” kəşfiyyat orqanı ilə rəsmi əməkdaşlıq etmiş, 1942-1943-cü illərdə Krımda Rostov-Don, Stavropol, Mariupol, Nikolayev şəhərlərində, Voronovits qəsəbəsində hərbi əsirlərin sorğusu və sovet ordusu arxasına atılması üçün agentlərin cəlbi ilə məşğul olmuşdur.

Mirimanyan Aram Konstantinoviç (uydurulmuş adı "Dərviş”) İğdır şəhər sakini olmuşdur. Bəhs olunan dövrdə 48-50 yaşlarında idi. "Abverqrup 114”-”Dromedar”ın agenti kimi 1942-1943-cü illərdə Kislovodskidə 5 auksion mağaza sahibi olmuşdur. A.Mirimanyan general Dro Kanayan ilə əlaqə yaratmış və onun tapşırığı ilə sovet ordusu arxasına atılmaq üçün agentlərin seçilməsi və cəlbi ilə məşğul olmuşdur. Erməni Milli Komitəsinin rəhbərlərindən biri idi. 1943-cü ilin may-iyun aylarında Vrovnivitsa qəsəbəsində kəşfiyyat orqanında olmuş, oradan Berlinə göndərilmiş, "Hayastan” qəzetinə redaktorluq etmişdir. Anti-sovet məzmunlu məqalələr və şeirlər yazmışdır. 1945-ci ildə Rotvayl şəhərində (Almaniyada şəhər) Erməni Milli Komitəsinin üzvü olmuş, həmin ildə sovet hərbi əsirlərinin düşərgəsində anti-sovet təbliğatı apararaq erməniləri Sovet İttifaqına qayıtmamağa çağırmışdır. Sovet İttifaqına qayıtmayanlara xarici pasport vermişdir.

Muradyan Alfred Amasya sakini olmuşdur. 1908-ci ildə anadan olan Alfred Muradyan mühacirdir. "Daşnaksütyun” partiyasının üzvü olan Alfred Muradyan 1921-ci ildən Berlində yaşamışdır. Alman və fransız dillərini mükəmməl, rus dilini zəif bilmişdir. Alman kəşfiyyat orqanı "Zeppelin”in agenti, alman ordusunun mayoru idi. 1941-ci ildə Berlində almanlar tərəfindən yaradılan "Qafqaz komitəsi”nin iştirakçısı olan Alfred Muradyan 1942-ci ilin noyabrında alman silahlı qüvvələri rəhbərliyində Erməni Milli Komitəsinin nümayəndəsi hesab olunurdu. Tez-tez Auşvitsdəki (Osvensim) kəşfiyyat məktəbinə getmiş və göstərilən komitədə müəllim kimi anti-sovet məzmunlu mühazirələr söyləmişdir. "Armenakan” erməni milli təşkilatını (sonralar təşkilat partiyaya çevrilmişdir-M.Ə.) yaradanlardan və rəhbərlərindən biridir. 1943-cü ilin mayında "Milli legionlar” birləşməsinin şöbə rəisi olmuşdur. 1943-cü ilin noyabrında Erməni Milli Komitəsində təbliğat şöbəsinə rəhbərlik etmişdir. Göbbelsin hörmətini qazanmışdır. (www/moderator/az >news>)

A.Muradyan Fransada yerləşən 813-cü erməni batalyonunun 4 ay komandiri olmuş, 1944-cü ilin fevralından polkovnik (sonralar general) Vartan Sarkisyanın rəhbərliyində olan Erməni Birləşmiş Qərargahının təbliğat şöbəsinin rəhbəri olmuşdur. 1949-cu ildə Münxendə olmuş, sui-qəsddən sonra ABŞ-a getmişdir (Abramən G. Kafkazüı v Abvere. M.,2006, s.220).

Sarkisyan Vartan Mixayloviç 1899-cu il təvəllüdlü olub Tbilisi sakini idi. Atası dəmiryolu fəhləsi olmuşdur. 1917-ci ildə məktəbi praporşik kimi bitirmiş, podporuçik rütbəsində türk cəbhəsinə göndərilmişdir. Çar ordusu komandanlığı onu IV dərəcəli "Xaç”la təltif etmişdir. 1918-ci ildə Vartan Sarkisyan türklərə əsir düşmüş, Türkiyəyə "erməni məsələsi”ni incələməyə gələn amerikan generalı Habordun tapşırığı ilə əsirlikdən azad olunmuşdur (https://azvzion.az >news> gizli...). 1919-cu ilin əvvəlində könüllü olaraq erməni ordusu sıralarına daxil olan Vartan Sarkisyan pulemyot rotasının komandiri olmuş, 1920-ci ildən 1927-ci ilədək İrəvanda erməni atıcı diviziyasında xidmət etmiş, sonra Zaqafqaziya piyada məktəbinin sərəncamına ezam edilmiş, batalyon komandiri olmuşdur. (https:// news.day.az azerinews)

 

Ştandartenfürer Vartan Sarkisyan legionerlərin sıra düzülüşündə

 

V.Sarkisyan 1929-cu ildən 1931-ci ilədək Moskvada hərbi mühəndis təlim və təcrübə meydanında, 1931-ci ildən Budyonnu adına Hərbi Elektrotexnika Akademiyasında qulluq etmiş, batalyon komandiri kimi cəbhəyə göndərilmiş, könüllü surətdə Almaniya ordusu tərəfinə keçmişdir. 1941-ci ilin noyabrında Vladimir-Volınski düşərgəsində olan Vartan Sarkisyan sovet ordusunun 2-ci rus zabitlər alayına komandirlik etmişdir. O, antisovet təbliğatı aparmış, qafqazlıların alman ordusuna xidmətə daxil olmalarına, əldə silah milli respublikaların azadlığı uğrunda bolşeviklərə qarşı mübarizəyə çağırmışdır.

V.Sarkisyanın Erməni Milli Komitəsi liderləri ilə əlaqələri olmuşdur. 1942-ci ildə alman zabiti rütbəsində hərbi əsirləri alman ordusuna cəlb etmişdir. 1942-ci ilin aprelində Berlində olan V.Sarkisyan Erməni Milli Komitəsinin üzvü kimi kazak birləşmələrinə göndərilmiş, kazak alaylarının formalaşdırılmasına kömək etmiş, 1943-cü ilin noyabrınadək onlardan birinə komandirlik etmişdir. 37-ci ordunun qərargah rəisi, general-mayor Dobroserdovu sorğu-sual etmişdir. 1943-cü ilin noyabrında V.Sarkisyan Erməni Milli Komitəsində hərbi şöbəyə rəis təyin olunmuş, polkovnik rütbəsində Erməni Birləşmiş Qərargahına rəhbərlik etmişdir.

1944-cü ilin sonunda alman ordusunda erməni qoşunlarının komandiri, SS erməni alayı, SS Qafqaz birləşmiş qoşunlarının komandiri olan V.Sarkisyan 1945-ci ildə bəzi Qafqaz komandirləri ilə birlikdə general (briqadenfürer) rütbəsi almışdır. Avstriyada müttəfiq qoşunlarına əsir düşən V.Sarkisyan SMERŞ-ə verilmiş, güllələnmişdir.

Torlakyan Misak Akopoviç 1888-ci ildə Trabzon yaxınlığında Kyuşan kəndində doğulmuşdur. 1919-1920-ci illərdə erməni ordusunda xidmət etmişdir.

Misak Torlakyan terrorçu olmuşdur. O, Azərbaycanın dövlət xadimi, siyasətçi, AXC-də Daxili işlər naziri (1918), ticarət və sənaye nazirinin müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu Behbud xan Cavanşiri qətlə yetirmişdir. Murat Çulcunun "Erməni intriqalarının pərdə arxası, Torlakyan davası” kitabında qeyd olunur ki, 17 iyul 1921-ci ildə Behbud xan Cavanşir həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23:00-da "Tərəbaşı” ailə kazinosunun italyan səfirliyinə baxan qapısından çıxaraq "Pere Palas” hotelinə yönələrkən arxadan qaçaraq Misak Torlakyan üç dəfə atəş açır. Hadisə yerinə gələn polis məmuru Əli Əfəndi Torlakyanı qandallayır. Behbud xan xəstəxanada vəfat edir. Terrorçu Torlakyanın məhkəməsi siyasiləşdirilir. (https://az.m.wikipedia/orq >wiki> Misak...)

Misak Torlakyan 1921-ci ildə mühacirət etmiş, Fransa və Rumıniyada yaşamışdır. Dro Kanayanın neft mədənlərində işləmişdir. 1942-ci ildə Simferopolda yaşamışdır.

M.Torlakyan da digər satqın həmvətənləri kimi, "Abverqrup 114”-”Dromedar”ın rəsmi əməkdaşı olmuşdur.

Misak Torlakyan 1942-ci ildə Dro Kanayanın rəhbərliyi ilə Krıma gəlmiş, Krımda daşnak bürosunun rəhbəri, 1943-cü ilin əvvəlindən Krım Erməni Milli Komitəsinin rəhbərlərindən biri olmuşdur. 1942-ci ilin avqustunda Krasnodar vilayətində xüsusi kəşfiyyat fəaliyyətini genişləndirmiş, Zaqafqaziya rayonuna agentlər hazırlamış və atmışdır. Qafqazın tutulması və pantürkizmin yayılmasına dair türk komandanlığının gizli sənədlərinin ələ keçirilməsi əməliyyatını həyata keçirmişdir. A.Rozenberqə təqdim olunan bu sənədlər Almaniya-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur. 1944-cü ildə Misak Torlakyan alman qoşunları Balkana geri çəkiləndə oradan Keniqsberqə göndərilmişdir. (Ru. Hayaq.info Torlakən_Musak...)

Misak Torlakyan 1944-cü ilin ortalarında Vyanada olmuş və yerli Erməni Milli Mərkəzinə rəhbərlik etmişdir. Dro Kanayanın qərargahının qərarına görə, M.Torlakyan 1945-ci ildə sovet dövləti rəhbərlərindən birinə terror aktı həyata keçirmək tapşırığı almışdır. 1945-ci ilin yanvarında Berlində olan M.Torlakyan 1948-ci ildə Ştutqart yaxınlığındakı Heydelberdə yaşamış, Dro Kanayanın yaxın köməkçisi kimi onun tapşırığı ilə amerikan işğal zonasında anti-sovet işi aparmışdır.

Suren Bekzadyan Ararat Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki səfirinin oğlu idi. A.Rozenberqin hakimiyyəti altında olan işğal olunmuş ərazilərdə "Osank” təşkilatında anti-sovet təbliğatı ilə məşğul olmuş, 1942-ci ildən milli sosialist "Paykar Xoassanak” təşkilatının üzvü olmuşdur. 1942-ci ilin sonunda "Erməni İnqilabçı Federasiyası”nın liderləri bu təşkilata Erməni Milli Şurasını da qəbul etmişlər (İlqar Niftaliev/ İstoriçeskaya prizma”: Arməne na slujbe u faşistov. https://news.day.az/politics/804595.html).

Vaçaq Abeqyan Almaniyaya mühacirət etmiş ermənidir. O, A.Rozenberqin rəhbərlik etdiyi nazirlikdə işğal olunmuş Şərq regionları üzrə tərcüməçi işləmiş, düşərgələrə gedərək əsirlərdən "Daşnaksütyun” partiyasına üzvlər toplamış, Erməni Milli Komitəsinin üzvü olmuşdur.

"AG-114”-”Dromedar” təşkilatının rəsmi üzvlərindən olan Akop Əsiryan almanların əsir götürdükləri sovet əsirlərinin sorğusunda iştirak etmişdir. Həmfikiri Qayk Asatryanla birgə faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş, Njdenin Türkiyə əleyhinə erməni hərbi hissələrində hazırlıq dərsləri aparmışdır.

Nikolay Gevorkyan "AG-114”-”Dromedar” təşkilatının kəşfiyyatında işləmişdir. Erməni əsirlərinə yardım adı ilə SSRİ əleyhinə casuslar hazırlamış, təbliğat işləri aparmışdır.

Beləliklə, faşistlərin xidmətində olan daşnak ermənilərin bir qrupu haqqında verilən məlumatdan aydın olur ki, "Dənizdən dənizə böyük Ermənistan” xülyasında olan ermənilər, xüsusilə onların "vətənpərvər” liderləri heç vaxt onlara mənsub olmayan torpaqlarda fövqəladə dövlət yaratmaq arzusu ilə alman ordusu sıralarında vuruşaraq minlərlə dinc insanı, o cümlədən türkləri qətlə yetirmişlər. Bu işdə sovet tərəfindən əsir düşən və mühacirətdə olan ermənilərdən təşkil olunan erməni legionları öz qəddarlığı ilə seçilmişdir. Onlar faşist ordusu tərkibində Krımda, Şimali Qafqazda və digər yerlərdə döyüşmüşlər.

Araşdırmalar göstərir ki, müharibənin birinci ili ərzində "Erməni İnqilabçılar Federasiyası” Türkiyədə və Orta Şərqdə III Reyxin kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq etmişlər. Milli mənsubluqdakı xəyanət xislətlərinə sadiq qalan ermənilər 1944-cü ildə faşistləri birinci tərk etmiş, almanların əleyhinə olmuş, əslində növbəti dəfə ikiüzlülük nümayiş etdirmişlər.

 

Mais ƏMRAHOV,

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı,

tarix üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2019.-1 avqust.- S. 7.