Argentinalı jurnalist Xalid AYAR: “Azərbaycanı görməyə dəyər,
möhtəşəm bir ölkədir”
Argentina Dövlət Televiziyasında yayımlanan "El Calamo” mədəni proqramının prodüseri və aparıcısı Xalid Ayar Azərbaycana səfəri barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Jurnalist Azərbaycana ilk dəfə səfər etdiyini, xalqımızın qonaqpərvərliyinin, zəngin mədəniyyətimizin onda dərin təəssüratlar yaratdığını, bu səfərin davamlı olacağına ümid etdiyini bildirib. Qonaq azərbaycanlılarla argentinalılar arasında bir bənzərlik gördüyünü də qeyd edib - insanların üzündə xüsusi bir gülümsəmə, kömək istədiyin təqdirdə əllərindən gələni etməyə hazır olduqlarını bildirən ifadə.
"Azərbaycan haqqında buraya gəlməmişdən əvvəl də məlumatım var idi. Bizim Azərbaycanın Argentinadakı səfirliyi ilə yaxşı əlaqələrimiz var. Beşgünlük səfərim zamanı Bakıda diqqətimi çəkən əsas məqamlardan biri də şəhərin çox təmiz, hər şeyin çox səliqəli olmasıdır. Bu, inkişafın göstəricilərindən biridir. Daha bir məqam isə burada bütün dinlərə, millətlərə hörmətlə yanaşılması, tolerantlıqdır. Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşamaları, dinlərarası dialoq mühiti mənim çox xoşuma gəldi. Mən bunu Argentinaya qayıdandan sonra xüsusi olaraq ictimaiyyətə çatdıracağam. Azərbaycan həqiqətən də çox gözəl, maraqlı bir ölkədir. Burada xeyli tarixi məkanlarda olduq. Bir sözlə, Azərbaycana gəlməyə, onun mədəniyyəti, tarixi, adət-ənənələri ilə tanış olmağa dəyər. Mən ölkəmə qayıdandan sonra televiziya kanalı ilə yanaşı, Youtube kanalı vasitəsilə də tamaşaçılara Azərbaycan, onun görməli yerləri ilə bağlı ətraflı məlumat verəcəyəm. Bundan başqa, onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda təhlükəsizlik çox yüksək səviyyədədir. Turistlər üçün hər şey çox təhlükəsiz və rahatdır. Bəzi ölkələrdə küçələrdə senzura və ya oğurluqlar səbəbindən kameranı açmağa, çəkiliş aparmağa icazə verilmir, lakin Azərbaycanda belə hallarla üzləşmədik. Burada biz çox sərbəst şəkildə işləyə bildik və bizə heç kəs mane olmadı, bu, mənim üçün çox vacibdir. Mən buraya uruqvaylı alim xanım Susana Manqana ilə birlikdə gəlmişəm. O, Azərbaycana üçüncü dəfədir səfər etdiyini, hər səfərində də onu yaxşı mənada təəccübləndirəcək bir şeylə qarşılaşdığını bildirdi. Ölkənizə bir daha səfər etmək istəyirəm və düşünürəm ki, mən də eyni vəziyyətlə qarşılaşacağam. Burada söhbət etdiyim hər bir insandan müsbət enerji aldım”, - deyə argentinalı jurnalist qeyd edib.
Azərbaycan ilə Argentina arasında informasiya
sahəsində əməkdaşlıq barədə sualı
cavablandıran qonaq bu
əlaqələrin inkişafının önəmini qeyd edib. O, media
nümayəndəsi kimi AZƏRTAC-ın
fəaliyyəti ilə tanış olduğunu
bildirib, agentliyin 8 dildə,
o cümlədən ispan
dilində xəbərlər yaymasının təqdirəlayiq
olduğunu vurğulayıb. Jurnalist
Argentinanın TELAM agentliyi ilə
AZƏRTAC arasındakı əməkdaşlıq barədə
məlumatlı olduğunu bildirərək
qeyd edib ki, kütləvi informasiya
vasitələrinin cəmiyyətdə çox
mühüm yeri var, ölkələr arasında əlaqələrin
inkişafında onlar böyük
rol oynayır. Bu
baxımdan TELAM ilə AZƏRTAC arasındakı əməkdaşlığın
əhəmiyyətini xüsusi qeyd etmək olar.
Azərbaycan.- 2019.-1 avqust.- S.8.