Azərbaycan dayanıqlı inkişaf
yolu ilə gedir
Prezident İlham Əliyev müstəqil
siyasətinin əsasında vətəndaş amili,
sosial ədalət və humanizm
prinsiplərinin dayandığını bir
daha bəyan etdi
"Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq”.
Bu gün istər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, Azərbaycanın bütün sahələr üzrə tərəqqisi fərəh doğurur. Hər gün atılan addımlar uğurlu nəticələr verir. Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə məhz bu uğurları dəyərləndirdi və qarşıdakı hədəfləri müəyyənləşdirdi.
Bu ilin 6 ayında reallığa çevrilən islahatların uğurları onu deməyə əsas verir ki, müəyyən edilən hədəflərə doğru inamlı addımlar davam edir. Son 6 ayda həm artan iqtisadi göstəricilərə, həm də uğurlu nailiyyətlərə nəzər yetirək:
- ölkə iqtisadiyyatı 2,4 faiz artıb;
- valyuta
ehtiyatları 4 milyard artaraq 49 milyard dollara yüksəlib;
- qeyri-neft
sektoru 3,2 faiz artıb;
- iqtisadiyyata
6 milyard dollardan çox sərmayə qoyulub;
- qeyri-neft
sənayesi 15,7 faiz çoxalıb;
- kənd
təsərrüfatı 13 faiz artıb;
- ticarət
dövriyyəsi 20 faizdən
çox olub;
- qeyri-neft
ixracı 15 faiz artıb;.
- sahibkarlara
50 milyon manatadək güzəştli kredit ayrılıb;
- əhalinin
gəlirləri 6,6 faiz
artıb;
- büdcə
daxilolmaları 440 milyon
manatdan çox artıb;
- minimum əməkhaqqı 130 manatdan
250 manata çatdırılıb;
- pensiya
116 manatdan 200 manata qaldırılıb;
- məcburi
köçkünlərə verilən müavinət
50 faiz artıb;
- problemli
kreditlərlə bağlı
olan məsələ həllini tapıb;
- 400 kilometrə yaxın avtomobil yolu çəkilib;
- "SOCAR karbamid”
zavodu açılıb;
- "SOCAR Polymer”in
yüksəksıxlıqlı polietilen zavodu işə düşüb.
Göründüyü kimi, bu davamlı
inkişaf ilin əvvəlində qarşıya
qoyulan vəzifələrin
uğurlu icrasının
təsdiqidir. Ölkədə ümumi iqtisadi
vəziyyət çox
müsbətdir və
bu, özünü rəqəmlərdə də
əks etdirir.
Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının
əsas göstəriciləridir. Prezident İlham
Əliyevin söylədiyi
kimi, bütün iqtisadi göstəricilər,
uğurlu nəticələr
onu deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə
inkişaf edir və qarşıda duran bütün vəzifələr icra olunur. Əgər ölkənin güclü
iqtisadi imkanları olmasaydı, bu layihələrin heç biri reallaşmazdı.
Hələ heç bir
sosial layihə indiyədək təxirə
salınmayıb. Çünki Azərbaycan iqtisadi cəhətdən heç
kimdən asılı
deyil.
Bu gün
İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü
yaşayan Azərbaycan
irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin
təşəbbüskarı, fəal iştirakçısı,
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində etibarlı
tərəfdaş, dünya
kosmos ailəsinin üzvü olan güclü dövlətdir.
İqtisadi baxımdan son illərdə
Azərbaycan qədər
inkişaf edən ikinci ölkə yoxdur. Prezident İlham Əliyevin
innovasiya yönümlü,
yüksək rəqabətqabiliyyətli
istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını
keyfiyyətcə yeni,
daha yüksək mərhələyə çıxarıb
və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Təkcə 6 ayda valyuta
ehtiyatlarımızın 4 milyard
dollar artması bunu təsdiq edən faktdır.
İqtisadi göstəricilərdən göründüyü
kimi, ən böyük yüksəliş
qeyri-neft sənayesindədir. 15,7 faiz artım onu göstərir ki, son illərdə cənab İlham Əliyevin sənayeləşmə
siyasəti uğurlu nəticələr verir. Sənayenin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.
Bu sahədə,
əlbəttə ki, cari ildə istifadəyə verilmiş
iri müəssisələrin
rolu kifayət qədər böyükdür. Bu ilin əvvəlində Sumqayıtda "SOCAR Polymer”in
yüksəksıxlıqlı polietilen və "SOCAR karbamid” zavodlarının istifadəyə verilməsi
də bu uğurlar sırasındadır.
Ümumiyyətlə, bu
gün regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə
başlayıb. Nəzərdə
tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin
yerinə yetirilməsi
nəticəsində 11 mindən
çox yeni iş yeri açılıb.
Eyni zamanda bu layihələrin fəaliyyəti nəticəsində
artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun
da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Bu il
eyni zamanda Hacıqabul və Sabirabad sənaye məhəllələrinin açılışları
da nəzərdə tutulub. Bu isə
ölkədə kiçik
və orta sahibkarlığın inkişafı
üçün lazımi
addımların atıldığının
təsdiqidir.
Prezident müşavirədə
böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman
və sərəncamlardan
söz açaraq vurğuladı ki, bu sosial təşəbbüslər
4 milyondan çox insanı əhatə edir: "Biz əlavə gəlirlərimizin demək
olar ki, tam həcmini sosial sahəyə yönəldirik.
Çünki sosial sahə
bizim üçün
prioritet sahədir və hər zaman bu sahə
diqqət mərkəzində
olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının
rifahı, onların yaşayış səviyyəsi
daim diqqət mərkəzindədir və
imkan daxilində biz bu məsələləri
həll edirik”.
Xatırladaq ki, dövlət başçısının sərəncamlarına
əsasən qəbul
edilən iki böyük sosial islahat paketi xalqın rifah halının yaxşılaşdırılması
istiqamətində atılan
mühüm addımdır. Birinci paket 3 milyon insanı əhatə etdi və ümumi
illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahat
paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçılar,
həm də işləyən vətəndaşların
əməkhaqları artıb.
İkinci sosial paketlə bağlı hazırlıq işləri
artıq yekunlaşıb
və sentyabr ayının 1-dən etibarən
minimum əməkhaqqının 250 manata çatdırılması,
dövlət sektorunda
çalışan əlavə
400 min insanın kateqoriyalarından
asılı olaraq
20-50 faiz aralığında
əməkhaqlarının artırılması, eyni zamanda oktyabrın 1-dən
etibarən 750 min pensiyaçının
pensiyasının artırılması
ilə bağlı bütün hazırlıq
işləri başa çatıb. Ümumilikdə
hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır,
növbəti il üçün 3 milyard manat və 4,2 milyon insanı əhatə edəcəkdir.
Minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda
minimum pensiya MDB məkanında
alıcılıq qabiliyyəti
üzrə birinci göstərici olacaq.
Ölkə rəhbəri həmçinin
ilin əvvəlində
qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə
dördüncü dövlət
proqramının icrası
prosesinə də toxunaraq vurğuladı ki, bu günə
qədər həllini
tapmayan məsələlər
genişmiqyaslı proqramın
icrası nəticəsində
öz həllini tapacaq. Bununla yanaşı
həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma,
içməli su sahələrində, həm
də suvarma layihələrinin icrası
istiqamətində bir
çox işlər görülüb və uğurlu nəticələr
var. Dövlət İnvestisiya
Proqramında nəzərdə
tutulan vəsaitlərin
böyük hissəsi,
ilk növbədə, bu
proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin
icrasına yönəldilib.
Həmçinin dövlət proqramının
icrası kənd yerlərini də əhatə etməklə
məşğulluğun təmin
olunması istiqamətində
atılan vacib addımlardan biridir. Bu gün qeyd
etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və
sənayenin inkişafı
üçün infrastruktur
artıq öz bəhrəsini verməkdədir
və bölgələrdə
məşğulluğun təmin
olunmasında əsas rol oynayır.
Cari ildə reallaşacaq layihələrə
gəlincə isə dövlət başçısı
bəyan etdi ki, ilin sonunadək
10 min ailənin bu il Özünüməşğulluq
Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Bundan
başqa, bu il bir neçə
şəhərin içməli
su problemi həll olunacaq, 10 şəhərdə mərkəzi
xəstəxana, 3 şəhərdə
olimpiya idman kompleksi tikiləcək, sahibkarlara 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Digər sosial infrastruktur
layihələrinin icrası
ilə bağlı konkret proqramlar, planlar var və
bunların hamısı
Dövlət İnvestisiya
Proqramında öz əksini tapır.
Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat
yolu ilə inkişaf etməli olduğunu vurğulayan cənab İlham Əliyev bəyan etdi ki, biznes
mühitinin yaxşılaşdırılması
istiqamətində aparılan
işlər bu gün iqtisadi sahədə Azərbaycanın
dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olduğunu
bir daha təsdiqləyir. Ancaq dövlət bununla
paralel olaraq, sosial sahəyə də çox böyük diqqət göstərir. Reallaşan,
yəni milyardlarla
dollar həcmində ölçülən
bu layihələr dövlət siyasətinin
göstəricisidir: "Bu təşəbbüslər bizim
niyyətimizi, bizim siyasətimizi göstərir.
Göstərir ki, siyasətimizin
mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan
sonra da bu yolla gedəcəyik.
Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr
icra ediləcəkdir”.
Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr
uğurla icra ediləcək, Azərbaycan
iqtisadiyyatı öz inkişaf dinamikasını
qoruyub saxlayacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 2 avqust.-
S.1-2.