UNESKO-Azərbaycan münasibətləri: Əməkdaşlıqdan tərəfdaşlığadək keçilən mədəni yolun zirvəsində

 

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliğidir. Bu, həm də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib.

2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla evsahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir bu beynəlxalq mədəniyyət təşkilatının rəsmi tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənə halını alıb.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbulu ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu il iyunun 30-dan iyulun 10-dək davam edən sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunmuşdu.

"...Ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələr qurulub. Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik” deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva belə mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu bildirmiş, həmçinin həmin tarixi sessiyada ümumdünyamilli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulamışdır. Son 5 ildə ölkəmizdə 40 tarixi abidənin bərpa olunduğunu və yenidən qurulduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti bununla da milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırmışdır. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmlərinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini bildirən Mehriban xanım Əliyeva musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulamışdır.

180-dən çox ölkədən 2500-dən çox nümayəndənin, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbər və məsul şəxslərinin iştirak etdiyi sessiyada Mehriban xanım Əliyeva həmçinin Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını bildirmişdir. "Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər” deyən Birinci vitse-prezident ölkəmizdə keçirilən və UNESKO-nun da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışmışdır.

Bu günlərdə UNESKO-nun Baş direktoru xanım Odre Azulenin Azərbaycan Respublikası hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə keçirilməsi ilə bağlı göndərdiyi təşəkkür məktubunda da tərəflər arasındakı əməkdaşlığın nümunə olduğu vurğulanır.

Məktubda ölkəmizin UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə evsahibliyi etdiyi bildirilirÜmumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, onun təşkili, iclasların keyfiyyətli idarə edilməsinə görə minnətdarlıq ifadə olunur.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını isə xüsusi qeyd edir: "Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktub aşağıdakı fikirlərlə bitir: "Mən Bakını UNESKO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdimbu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild RosslerÜmumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan hökumətinə təşəkkür məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi təqdir olunur. Bildirilir ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb.

Xanım Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan UNESKO katibliyinə hər cür lazımi kömək göstərən komandaya xüsusi minnətdarlığını vurğulayıb: "Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Dünya İrs Mərkəzinin direktorunun məktubunda həmçinin Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin noyabrın 27-28-də UNESKO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək dünya irsi üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərin 22-ci ümumi iclasına dəvət edildiyi də göstərilir. Həmin iclasda Ümumdünya İrs Komitəsi 43-cü sessiyası sədrinin komitənin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi nəzərdə tutulur.

Mextild Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa, dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası hökumətinə minnətdarlığını bildirmişdir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-2 avqust.- S.4.