Ekran tariximizin ilkləri
2 avqust Azərbaycan
Kinosu Günüdür
XIX əsrin sonlarında Parisin Kaputsino bulvarındakı "Qrand-Kafe”də Lui və Oqüst Lümyer qardaşları ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetləri nümayiş etdirirlər. O gün - 1895-ci ilin 28 dekabrı dünya kinosunun yaranması kimi tarixə düşür.
Həmin illərdə Parisdən uzaqlarda, nefti ilə məşhurlaşan Bakıda iqtisadi və mədəni sahələrdə canlanma müşahidə olunurdu. Tükənməz sərvətləri, xüsusən nefti ilə yerli sahibkarlara, eləcə də bura axışan xarici kapitalistlərə böyük var-dövlət qazandıran bu şəhər dünyada baş verən yeniliklərə açıq idi. Fransada ixtira olunan sinematoqraf da Bakıya gəldi. 1898-ci il yanvarın 8-dən burada xarici filmlər göstərilməyə başlandı. İyunun 21-də Vasili-Vyatskinin teatr-sirkində Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi”, "Qatarın dəmiryol stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi” və "Bazar küçəsi sübh çağı” kinosüjetləri nümayiş olundu. 1898-ci il avqustun 2-də fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü Aleksandr Mixayloviç Mişonun çəkdiyi, "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Qafqaz rəqsi” xronikal-sənədli və "İlişdin” bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram göstərildi.
"Bibiheybətdə neft fontanı yanğını” və "Balaxanıda neft fontanı” kinosüjetləri 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirildi. O zaman Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü elan olundu.
Azərbaycanda ilk bədii film
Sovet dövründə həmin tarix nəzərə alınmadı. 1916-cı il mayın 14-ü Azərbaycanda kinonun yarandığı gün kimi qeyd olundu. Bu, "Neft və milyonlar səltənətində” bədii filminin nümayiş olunduğu tarix idi. 1915-ci ildə Bakıda yaradılmış "Filma” Səhmdar Cəmiyyəti neft sənayeçilərinin vəsaiti ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmini çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilmişdi. Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar səltənətində” XX əsrin əvvəllərinin neft Bakısı, burada yaşayan yerli milyonçuların və fəhlələrin həyatından bəhs edirdi. Filmdəki Lütfəli bəy rolunu oynayan Hüseyn Ərəblinskinin adı ilk azərbaycanlı kino aktyoru kimi tarixə yazıldı. Tanınmış sənətkarlar - tarzən Qurban Pirimov və xanəndə Cabbar Qaryağdıoğlu da filmdə çəkildilər.
Boris Svetlov 1918-ci ilədək Azərbaycanda kino işi ilə məşğul oldu. 1916-cı ildə o, "Arvad”, "Yeni tərzdə köhnə əhvalat” və digər filmləri çəkdi. Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında ekranlaşdırılan ilk Azərbaycan kinokomediyasının da rejissoru Boris Svetlov oldu.
Birinci milli kinorejissorumuz...
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Xarici ölkələrlə diplomatik, iqtisadi, mədəni əlaqələr quran milli hökumət kino sənətinin inkişafına da diqqət yetirirdi. Həmin il Bakıda "Kinematoqrafiya və teatr qulluqçuları şurası” yaradıldı. 1919-cu il mayın 28-də "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film nümayiş etdirildi.
Bolşeviklər tərəfindən 1920-ci ilin aprelində ölkəmiz işğal olundu. İyulun 4-də İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Sovet Azərbaycanı kinosunun başlanğıcı sayılan "XI Qırmızı ordu hissələrinin Bakıda paradı”, "Bakıda Şərq xalqlarının I qurultayı”, "26 Bakı komissarı cənazələrinin dəfni”, "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır”, "Pyotr meydanında iməcilik”, "Sovet Azərbaycanının 1-ci ildönümü” xronikal filmləri çəkildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. Ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi işlərini həyata keçirən AFKİ-nın nəzdində Bakıda "Təyyarə”, "Edison”, "Milyon”, "Ladya”, "Mədənçi” və başqa kinoteatrlar var idi. Həmin il aprelin 28-də Bakıda AFKİ nəzdində I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi” adlı bədii filmini təqdim etdi.
Rusiyadan Bakıya kinematoqrafçılar
ezam olunurdu. O illərdə
Azərbaycanda kino sahəsində əsas məsələlərdən biri
milli kadrların hazırlanması idi. 1924-1928-ci illərdə "Azərbaycan Dövlət Kino”sunun rəhbəri olmuş Şamil Mahmudbəyov bu istiqamətdə müəyyən
işlər gördü.
1925-ci ildə onun təşəbbüsü
ilə AFKİ-nin nəzdində studiya yaradıldı. Cəfər
Cabbarlı, Mikayıl
Mikayılov və başqaları orada oxudular. Bakıya Sovet Rusiyasından
tanınmış kinorejissorlar
dəvət olunurdu.
Eyni zamanda Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə
və digər milli kadrlar kino
yaradıcılığı işinə cəlb edildilər. 1925-ci ildə
"Bismillah” filminə
Abbas Mirzə Şərifzadə quruluş
verdi. Bu filmlə o, Azərbaycanın
birinci milli kinorejissoru oldu. İlk azərbaycanlı kinodramaturq
Cəfər Cabbarlının
"Hacı Qara” ssenarisini də Abbas Mirzə Şərifzadə 1928-ci ildə
ekranlaşdırdı. 1932-ci ildə "Direktiv Bant” filminin əsas kollektivi milli kinematoqrafçılar - rejissor
Ağarza Quliyev, operatorlar Əsgər İsmayılov və Mirzə Mustafayev oldu. 1930-cu ildə
rejissor Beybolat Askarovun çəkdiyi
"Qızıl kol” filmində isə ilk azərbaycanlı qadın
kinorejissoru Qəmər
Salamzadə rejissor köməkçisi işlədi.
AFKİ "Azdövlətkino”
(1926-1930), "Azərkino” (1930-1933), "Azfilm” (1933), "Azdövlətsənayesi”
(1934), "Azərfilm” (1935-1940), "Bakı kinostudiyası”
(1941-1959), 1961-ci ildən Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm” kinostudiyası
adlandırıldı.
"Mavi dənizin sahilində”...
1935-ci ildə
milli kinomuzun ilk səsli filmi - "Mavi dənizin sahilində” çəkildi. Filmin rejissoru
Boris Barnet, operatoru Mixail
Kirillov idi. Film 1936-cı ildə ekranlara çıxdı.
"Mavi dənizin
sahilində”nin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Eyzenşteynin
emalatxanasında təhsil
almışdı. O, Azərbaycan
kino tarixində ilk ali təhsilli
rejissor idi.
"Mavi
dənizin sahilində”n
sonra Azərbaycanda səsli kino əsərlərinin istehsalına
başlanıldı. 1936-1941-ci illərdə 10-dan çox
səsli film istehsal olundu.
1936-cı ildə
rejissorlar B.Pumpyanski və V.Yeremeyevin "Şöhrətli Azərbaycan”
kinoalmanaxında neftçi
Piri Nuriyev və pambıqçı
Qüdrət Səmədovdan
bəhs edilirdi. Bu, Azərbaycanda ilk sinxronlu
film idi.
1930-cu illərdə
Azərbaycanda cizgi filminin əsası qoyuldu. 1933-cü ildə istehsal olunan "Cat” təlimat filmi cizgi filmi üsulu
ilə yaradıldı.
1935-ci ildə Azərbaycan xalq nağılları əsasında
"Abbasın bədbəxtliyi”
cizgi filmi çəkildi.
Respublikamızda filmlərin Azərbaycan dilində səsləndirilməsinə
1937-ci ildə başlandı. Həmin
il SSRİ-nin məşhur "Çapayev” bədii filmi dublyaj olundu.
İkinci Dünya müharibəsi illərində bədii
film istehsalı zəiflədi. Əsasən xronikal-sənədli filmlər,
kinojurnallar çəkilirdi.
1945-ci ildə rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin
eyniadlı operettası
əsasında "Arşın
mal alan” filmini ekranlaşdırdı.
Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla
nümayiş etdirildi.
Azərbaycan kinosu 1950-ci illərdə yenidən inkişaf etməyə başladı. "Görüş”,
"Bəxtiyar”, "Qara
daşlar”, "Qızmar
günəş altında”,
"Onun böyük ürəyi”, "Ögey
ana”, "Onu bağışlamaq olarmı?”,
"Böyük dayaq”
və başqa bədii filmlərdə,
"Xəzər neftçiləri
haqqında dastan”,
"Dənizi fəth
edən” və digər sənədli filmlərdə müxtəlif
peşə sahiblərinin
əməyi, həyatı
əksini tapdı.
1960-cı ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi "Koroğlu” bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi oldu. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Azərbaycan kinolarında yeni ideyalar, yeni baxış nəzərə çarpırdı. Xüsusilə rejissor Eldar Quliyevin 1969-cu ildə çəkdiyi "Bir cənub şəhərində” filmi ətrafında mübahisələr uzun müddət davam etdi.
1970-ci illərin sonu, 1980-ci illərdə SSRİ-də korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, sonra yenidənqurma, aşkarlıq siyasəti "İstintaq”, "Anlamaq istəyirəm”, "Onun bəlalı məhəbbəti”, "Şeytan göz qabağında” və başqa filmlərdə əks olundu. 1980-ci illərdən başlayaraq Azərbaycan kinosunda da sovet hakimiyyətinin hökmünün zəiflədiyini bəlli edən "Bağlı qapı arxasında”, "Özgə ömür”, "Təxribat”, "Sahilsiz gecə”, "Lətifə” və başqa filmlər çəkildi.
İlk fantastik Azərbaycan bədii filmi - "Əlaqə” 1989-cu ildə lentə alındı.
SSRİ-nin süqutundan sonra 1990-cı illərdə keçid dövrünü yaşayan Azərbaycan kinosu da çətin vəziyyətə düşdü. Sayca az filmlər çəkildi. "Fəryad”, "Ağ atlı oğlan”, "Özgə vaxt”, "Biz qayıdacağıq”, "Sarı gəlin”, "Lal çinar”, "Arxada qalmış gələcək” kimi filmlərdə Qarabağ müharibəsinin gətirdiyi bəlalardan bəhs edildi.
İndi Azərbaycanın kino sənəti yeni mərhələdədir. Həm kinostudiyada, həm də dövlət və özəl televiziyalarda yeni bədii və sənədli filmlər çəkilir. Azərbaycan kinosevərləri kino işçilərimizdən ölkəmizin tarixi həqiqətlərini, mədəniyyətini dünayaya göstərə biləcək daha gözəl filmlər gözləyirlər.
Zöhrə FƏRƏCOVA