Oman Azərbaycan ilə əməkdaşlığın
genişləndirilməsində maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Məhəmməd Salim Al Salhinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Qasim Məhəmməd Salim Al Salhi fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Qasim Məhəmməd Salim Al Salhi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğuladı.
Səfir Qasim Məhəmməd Salim Al Salhi, ilk növbədə, Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək səfir kimi fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Oman Sultanı Qabus bin Said Al Saidin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş etdi.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlıq, o cümlədən universitetlərarası əlaqələr məsələlərinə də toxunuldu.
Azərbaycan.- 2019.-3 avqust.- S.1.