Qəbələ festivalında Oksana
Yablonskayanın 80 illiyinə həsr olunmuş
kamera konserti təqdim
edilib
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, konsertdə
SSRİ Xalq artisti,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, XI Qəbələ
Beynəlxalq Musiqi Festivalının bədii
rəhbəri Fərhad Bədəlbəyli
çıxış edərək O.Yablonskayanın həyat və
yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) Moskva
şəhərində anadan olub. O, Moskva Musiqi Mərkəzi məktəbində
A.Qoldenveyzerdən dərs alıb, Moskva
Dövlət Konservatoriyasında assistent kimi çalışıb. C.Lonq-Zibaud, Rio de Janeyro, Bethoven müsabiqələrinin qalibi
olub. “Carnegie Hall”dakı debütündən sonra dünyanın tanınmış
pianoçuları sırasına
qoşularaq 40-dan çox
ölkənin simfonik orkestr və dirijorları ilə çıxış edib.
Onun solo yazıları Beynəlxalq
List Cəmiyyəti tərəfindən
Qran-Pri mükafatına
layiq görülüb.
Diqqətə çatdırılıb ki,
O.Yablonskaya 25 ildir Culliard məktəbində
dərs deyir. O, dünyanın
bir çox tədris mərkəzlərində
ustad dərsləri verib. Nyu-Yorkda Şopen Cəmiyyətinin
vitse-prezidenti və musiqi direktoru, Yamaha ustad dərslərinin məsləhətçisidir. San-Fransisko Beynəlxalq
İncəsənət Akademiyası
və Moskva Humanitar Elmlər Akademiyasının akademikidir.
O.Yablonskaya L.Vasilenko adına, Bethoven
Piano, List Beynəlxalq piano və
digər müsabiqələrin
münsiflər heyətinin
üzvü olub. 2008-ci ildə İtaliyada
O.Yablonskayanın Piano İnstitutu
açılıb.
O.Yablonskaya, eyni zamanda, Bakı
Musiqi Akademiyasının
dəvətli məsləhətçisi,
Qəbələ Beynəlxalq
piano müsabiqəsinin münsiflər
heyətinin sədridir.
Kamera konsertində
Oksana Yablonskaya,
ABŞ-dan olan pianoçular Ninq-Vu Du,
Helen Sim, Ukraynadan gəlmiş violonçel
ifaçısı Yuri Poqoretski
və pianoçu İrina Starodub, həmçinin pianoçular
Fərhad Bədəlbəyli,
Murad Adıgözəl-zadə,
solist Səbinə Əsədova tamaşaçılar
qarşısında maraqlı
konsert proqramı ilə çıxış
ediblər.
Konsertdə L.Bethoven,
F.Şopen, F.Şubert,
R.Şuman, S.Raxmaninov,
Q.Qarayev və F.Əmirovun əsərləri
səsləndirilib.
Azərbaycan.- 2019.-3 avqust.- S.2.