Mətbəx elin, evin göstəricisidir
Qubalılar onu qonaqlara layiqincə nümayiş etdirdilər
Hər bayramı bir-birindən maraqlı töhfələrlə
qarşılamaq Qubada
artıq ənənə
şəklini alıb. Elimizin ən
gözəl adətləri
burada qorunub saxlanılır. Qədimliklə müasirliyin vəhdətinə
gəlincə, burada bunu bütün sahələrdə açıq-aydın
görmək olar.
Multikulturalizmin nümunəsi kimi tanınan Quba yenə möhtəşəm
bir festivala evsahibliyi etdi. Müxtəlif xalqların nümayəndələri
burada toplaşaraq zəngin və təkrarolunmaz, hər bir regionun özünə
xas olan təamları ilə bir araya gəldilər.
Deyirlər, süfrəsi açıq
olanın ruzisi də bol olar.
Mədəniyyət Nazirliyi,
Dövlət Turizm Agentliyi, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Rayon Regional Mədəniyyət
İdarəsi və Quba destinasiya menecment təşkilatının
birgə təşkilatçılığı
ilə rayonun Nizami Gəncəvi adına parkında regional
mətbəx festivalı
keçirilib.
Festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında
yaşayan azsaylı xalqların və etnik qrupların hazırladıqları yemək
və şirniyyatlar, eləcə də turizm sahəsi peşəkarlarının onlarla
qida məmulatı nümayiş olunub. Tədbirdə xüsusi maraq
doğuran əsas məqam isə mətbəx nümunələrinin,
yemək çeşidlərinin
hər bir xalqın və regionun milli, etnik, adət və ənənələrinə
uyğun olaraq iştirakçılara təqdim
edilməsi və onların folklor nümunələri ilə
qarşılanmaları olub.
Burada nəinki yemək, şirniyyat, içki növləri, onların göz önündə hazırlanması, etnosların
öz dilində şeir, mahnı oxumaları, rəqs etmələri, Azərbaycan
filmlərindən mətbəxlə
bağlı səhnəciklərin
göstərilməsi festivala
bir qaynarlıq gətirib.
Festivalın keçirilməsində bu
parkın seçilməsi
də xüsusi əhəmiyyət daşıyırdı. Bir növ
rayonun mərkəzi sayılan park yaşıllıqlara
bürünüb. Yay günəşinin
həsrət çəkdiyi
məkanda hava o qədər də isti olmur. Bir tərəfdən də Qudyalçayın sərin
mehi insanın ruhunu oxşayır. Park başdan-başa mətbəx ənənələrinə
uyğun bəzədilmişdi.
Məxsusi olaraq festival üçün
tərtib edilmiş xəritəyə əsasən
fermerlərin məhsulları,
etnik yeməklər, tez və asan
başa gələn yerli qəlyanaltılardan ibarət "Fastood”lar üçün guşələr
ayrılmış, uşaqların
maraq dünyası nəzərə alınaraq
kloun və nağıl qəhrəmanlarının
olduqları zona təşkil edilmişdi.
Tədbirə Azərbaycan
mətbəxini özündə
ehtiva edən sərgilərə baxış
keçirməklə start verildi.
Xüsusilə region istehsalçılarının
və turizm sahələrində fəaliyyət
göstərən kiçik
və orta sahibkarların məhsul və xidmətləri, onların dizaynla açılmış süfrələri
mətbəx dünyasını
sanki təzələyirdi.
Parkın göz oxşayan
guşələrinin birində
təşkil olunmuş
mini zoopark hamının
marağına səbəb
oldu. İştirakçılar,
yerli və əcnəbi turistlər Quba rayonunun turizm potensialını əks etdirən fotostendlərlə tanış oldular. Onlara bu mövzuda bukletlər paylandı.
"Şahdağ”
istirahət mərkəzinin
əməkdaşları da
mərasimə əliboş
gəlməmişdilər. Onlar dağ
turizminin əyləncə
vasitələri - sinvey,
drodinet, qvadreskil və başqa texnikaları nümayiş
etdirir, onlardan istifadə qaydalarını
əyani olaraq göstərirdilər.
Quba Heydər Əliyev Mərkəzi şorqoğalı,
şəkərbura, paxlava,
artıq hazırlanma qaydası unudulmuş qədim naxış və butalarla bəzədilmiş şirniyyatları
iştirakçılara təqdim
etdi. Rayonun tarix-diyarşünaslıq muzeyinin "Bəy mərasimi” də maraqla qarşılandı.
Birinci Nügədi
kəndində yerləşən
"Macəra” istirahət
mərkəzinin sərgilədiyi
keçi ətindən
hazırlanmış təamlar,
habelə ətdən
düzəldilmiş kompozisiya
böyük tamaşaçı
kütləsini özünə
cəlb etdi. Susayın "Canlı bulaq suyu” adlı
sərgisində cirə-duzu
və xərək çörəyi ilə süfrəyə verdiyi
"tat çığırtması”, xınalıqlıların qədim
tərəkəmə yeməkləri
- çoban süfrəsi
pendiri, bozartması, lokumu sərgiyə baxış keçirənlərin
damaq dadına səbəb oldu.
Yəhudilərin də bayram süfrəsi maraqla qarşılandı. Belə ki, süfrəyə fətir - massa, onunla yeyilməsi nəzərdə tutulan qoz, fındıq, xurma ilə bişirilən haroset, cırhacır almadan hazırlanmış halva, balıq
qızartması və
yəhudilərin ənənəvi
bayram içkisi - kidus (üzüm suyu) düzülmüşdü.
Festivalın bədii hissəsi gecə saatlarına qədər yerli folklor kollektivlərinin, tanınmış müğənnilərin
qəlb oxşayan musiqiləri, həmçinin
"Saloxo” rəqs və "Palant” ritm qruplarının nağara şousu ilə davam etdirilib.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.-3 avqust.-
S.4.