Məşhur Aşurbəyovlardan biri

 

Bakı əsilzadələri

 

...Əlindəki bağlamadan bərk-bərk yapışmış orta yaşlı qadın asta addımlarla həbsxana qapısına doğru irəliləyirdi. Yayın iyul günəşinin Bakının daşını, torpağını yandırıb yaxan ən isti vədələri idi. Amma o, ətrafdakı cəhənnəm istisini hiss etmirdi. Artıq neçənci dəfə idi ki, gəlirdi bura. Bolşevik repressiyasının qanlı caynaqlarına keçmiş yüzlərlə günahsız insan kimi həbsxana divarları arasında taleyinə kəsilmiş ölüm fərmanını gözləyən ömür-gün yoldaşına yemək gətirirdi.

Giriş qapısındakı həbsxana nəzarətçisi onu tanıdı. "Daha bura gəlmə” dedi, çiynindəki tüfəngin qayışını düzəldib bir onun əlindəki bağlamaya, birsual və təlaş dolu gözlərinə baxdı: "Ərini gecə Nargin adasında güllələdilər”.

Qadının bəti-bənizi ağardı, huşunu itirdi, gözünü açanda özünü bütün var-dövlətləri əlindən alınandan sonra sığındıqları evdə gördü. Övladları ona sarılıb ağlaşırdılar, bu kədər mənzərəsi üzərində o gecə Nargin adasında kor bir güllə ilə cismindən qoparılmış narahat bir ruh dolaşırdı...

 

Bir məktubun izi ilə

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış görkəmli şəxsiyyətlərin nəcib əməlləri o qədər zəngindir ki, milli elmimiz bu mənəvi xəzinənin bəlkə də cüzi bir hissəsinə yaxın düşə bilib. Bir çox adlar, ömürlər, fakt və hadisələr isə yaddaşlarda, xatirələrdə, arxiv sənədlərində hələ də öz tədqiqatçılarının yolunu gözləyir.

Bəzən heç gözləmədiyimiz halda çox qısa bir soraqdan, kiçik bir işıq zərrəsindən bu tarixə doğru geniş cığır açılır. O sorağın izinə düşüb irəlilədikcə xalqımızın nə qədər maraqlı tarixi keçmişə, böyük şəxsiyyətlərə malik olduğunu bir daha dərk edirsən. Eyni zamanda gənc nəslin indiyə qədər bu tarixdən, şəxsiyyətlərdən xəbərsiz qalmasına da təəssüflənməyə bilmirsən...

Bu il anadan olmasının 120-ci ildönümü tamamlanan böyük ədibimiz Cəfər Cabbarlının nəşrlərindən birində - 1996-cı ildə çapdan çıxan "Ədirnə fəthi” kitabında verilən məktublar bölməsi çox maraqlı bir mətnlə başlanır. Bu, gələcəyin yazıçı-dramaturqunun ictimai məzmun kəsb edən ilk məktubu idi. C.Cabbarlı bu naməni o zaman hələ Bakı şəhərindəki 7-ci Müsəlman-rus, o dövrün dili ilə desək, rus-tatar məktəbində oxuyarkən bir qrup şagird yoldaşı ilə yazaraq imzalayıb. Həmin məktub "Tazə həyat” qəzetinin 8 aprel 1907-ci il tarixli 7-ci nömrəsində dərc edilib. Təşəkkür məzmunlu namənin ünvanlandığı şəxsin adı və soyadı isə məktubun məzmunu qədər böyük maraq doğurur: Bəşir bəy Aşurbəyov.

"Bakı şəhərinin 7-ci Müsəlmani və rusi məktəbinin ianə alan şagirdləri: Əsgər Hüseynzadə, Mirzə Qasım Cabbarzadə, Ağaməli Hüseynzadə, Cəfər Cabbarzadə və Məhərrəm Mollazadə” millət qayğısına qalan, böyük neft milyonçusu Bəşir bəy Aşurbəyov cənablarına təşəkkürlərini çatdırır və söz verib vəd edirlər ki, elmmaarif qazanmaq yolunda daim səy göstərəcəklər. Məktub eyni zamanda Bəşir bəy Aşurbəyov kimi şəxsiyyətlərin millət və gələcək qarşısında dərk edilmiş ictimai məsuliyyət hissinə bir işarədir, imkanlı maarifçi cəfakeşlərin xeyirxah niyyətini, nəcib məqsədlərini, alicənablıqlarını göstərir. Bu, həm də XX əsrin əvvəllərindəki ictimai-siyasi ovqatın təsiri ilə milli şüurun oyanışını təsdiqləyir.

Bəs haqqında söhbət gedən həmin Bəşir bəy Aşurbəyov özü kim idi?!

 

Millətin zərrəsi

 

Bu suala cavab tapmaqdan ötrü ilk etibarlı bələdçimiz Bəşir bəyin soyadıdır. Məlum olduğu kimi, Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarındandır. Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, Nadir şahın dövründə Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı təyin edilmişdi.

1736-cı ildə Nadir şah Suqovuşan adlanan yerdə (indiki Sabirabad rayonu ərazisində) böyük xalq qurultayı (Muğan qurultayı, yaxud Suqovuşan qurultayı) çağırıb şah kimi taxta çıxır. Sonra Bakı və ətraf kəndlərdə özünə dayaqlar yaratmaq üçün əfşar tayfasının nümayəndələrindən bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirir. Onlar arasında Aşur xanın yaxın qohumları da vardı. Sonradan bu soyun davamçıları XIX-XX əsr Bakısının məşhur əsilzadələri kimi tanınırlar. Bu şəcərənin təmsilçisi olan görkəmli tarixçi-alim Sara xanım Aşurbəylinin əsərlərində, eləcə də digər mənbələrdə həmin nəslin ayrı-ayrı şəxsləri haqqında müfəssəl məlumatlar verilsə də, tədqiqatlarda Bəşir bəy Aşurbəyovun həyat və fəaliyyətinə, təəssüf ki, çox az yer ayrılır.

 

Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu

 

Bəşir bəy 1875-ci ildə anadan olmuşdu. Sabunçu kəndinin tacirlərindən və əsas torpaq sahiblərindən olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi. Beş bacının bir qardaşı...

O dövrün müsəlman-Şərq adət-ənənələrinə görə, ailədə əsas vərəsə oğlan övladı sayıldığından Hacı Məhəmmədhəsən bəyin bütün varidatı da Bəşir bəyə keçmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft bumu başlananda Bəşir bəy böyük neft mədənlərinə sahib idi. Bu mədənləri təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb etmişdi. Onlara yeni mədənlər yaratmaları üçün torpaq sahələri ayırmışdı. Bəşir bəyin birinci həyat yoldaşı da elə öz əmisi qızı Balaxanım idi. Onların izdivacından Rübabə və Nağı adlı iki övladı dünyaya gəlmişdi. Amma bu, Bəşir bəyin yeganə evliliyi olmamışdı.

Bakıda yaşasa da, onun Azərbaycanın digər bölgələrində olan adlı-sanlı əsilzadələrlə sıx dostluq əlaqələri vardı. Onlardan biri Gədəbəyin Xınna dərəsi adlanan obada yaşayanYelizavetpol (Gəncə) quberniyasında böyük torpaq sahələri olan Allahyar bəy Zülqədərov idi. Allahyar bəyin həyat yoldaşı Seyidnisə çox varlı Misir tacirinin qızı idi.

Bəşir bəy Aşurbəyov Allahyar bəyin evində qonaq olarkən onun Nəzakət adlı qızını görüb bəyənir, elçi göndərir və onunla ailə qurur.

O, 1901-ci ildə birinci ailəsi üçün Sabunçu kəndində möhtəşəm bir imarət tikdirir. Həyat yoldaşı Balaxanım iki övladı və qayınanası Cəvahir xanımla bu imarətdə yaşayır. Bəşir bəy özü isə Nəzakət xanımla Bakının keçmiş Kladbişenski - 89 (indiki Mehdi Hüseyn küçəsi) ünvanında tikilmiş evə köçür. Onların bu evliliyindən dörd övladı - üç oğlan, bir qız dünyaya gəlir: Kazım, Məhəmmədhəsən, Midhət və Rəbiyyə.

 

Xeyir əməllər

 

Atasından qalmış geniş torpaq sahələri, böyük neft mədənləri, Bakının müxtəlif yerlərindəki 10-a yaxın mülkü Bəşir bəy Aşurbəyova böyük sərvət qazandırır. O, qazancının müəyyən hissəsini xeyriyyə işlərinə xərcləyirdi. Ona görə də Bəşir bəy zəmanəsinin səxavətli mesenatlarından biri kimi ad qazanmışdı. 1897-ci ildə Sabunçu kəndində möminlərin istifadəsinə verilmiş məscidi də Bəşir bəy Aşurbəyov tikdirmişdi.

Bu məscidin inşası əslində onun atası Hacı Məhəmmədhəsən bəyin arzusu idi. O, həcc ziyarətinə gedərkən Sabunçu kəndindən özü ilə 10 zəvvarı da ziyarətə aparır. Onların bütün xərclərini ödəyir. Üstəlik, söz verir ki, kəndə qayıdandan sonra Sabunçuda böyük bir məscid tikdirəcək.

Ziyarətdən qayıdan kimi sözünə əməl edir. Kənd ağsaqqalları məsləhət görürlər ki, məscidi Sabunçu kəndindəki qədim tarixi abidələrdən olan "Göynüz məbədi”nin qalıqları üzərində tikdirsin. Nəhayət, təntənəli şəkildə təməlqoyulma mərasimi keçirilir. Lakin əfsuslar olsun ki, arzusunun həyata keçməsini görmək Hacı Məhəmmədhəsən bəyə qismət olmur. Məscid hazır olmamış xəstələnir və vəfat edir. Tikinti işlərini 20 yaşlı oğlu Bəşir bəy tamamlayır.

 

Maarif və mədəniyyət hamisi

 

Bəşir bəyin xeyriyyəçilik fəaliyyətinin mühüm bir qismini təhsilə, maarifə dəstək təşkil edirdi. Ayrı-ayrı məktəblərdə oxuyan şagirdlərə davamlı ianələrindən başqa o, Cənubi Azərbaycandan olan fəhlə balaları üçün 1901-ci ildə Sabunçuda məktəb açır. El arasında "Həmşəri məktəbi” kimi tanınan bu təhsil ocağının fəaliyyətinə uzun illər dəstək verir. Buradakı uşaqları yeməklə, dərsliklərlə, geyimlərlə təmin edir.

Bəşir bəyin Sabunçuda anası və birinci ailəsi üçün italyan memarlarına tikdirdiyi imarətdə indi Xocalıdan olan məcburi köçkün ailələrinin övladları üçün məktəbin fəaliyyət göstərməsi də, görünür, taleyin qəribə bir qanunauyğunluğu və nəcib missiyanın davamıdır.

Bu missiya isə təkcə təhsillə, maariflə tamamlanmırdı. Ədəbiyyatı, incəsənəti çox sevən, özü də gözəl şeirlər yazan Bəşir bəy Aşurbəyli (şeirlər kitabı AMEA-nın Əlyazmalar İnstitutunda qorunur) mədəniyyət adamlarının da hamisi idi. Bunu mədəniyyət tariximizin keşməkeşli məqamları ilə bağlı çox maraqlı faktlar təsdiqləyir. Həmin faktlardan biri Azərbaycanın görkəmli musiqiictimai xadimi Müslüm Maqomayevlə bağlıdır. Belə ki, 1911-ci ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin edilir. Bütün varlığı ilə sənətə bağlı olanakademik musiqinin, teatrın xalq üçün önəmini yaxşı dərk edən bu böyük insan bir müddət çalışdıqdan sonra Sabunçuda teatr yaratmaq qərarına gəlir. Amma kəndin söz sahibləri, nüfuzlu, varlı-karlı adamları ona mane olmağa başlayırlar. Bu zaman Bəşir bəy irəli çıxır, Sabunçuda teatrın yaradılmasında Müslüm Maqomayevə dəstək olur, lazımi köməyi göstərir. Qaragüruhçular onun nüfuzu qarşısında geri çəkilməli olurlar. Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, 1925-ci ildə ilk Azərbaycan filmlərindən birinin çəkilişləri də Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında yetim uşaqlar üçün tikdirdiyiyerli əhali arasında "Putovski dvoradlanan yerdə aparılıb. Sabunçuya ilk dəfə fotostudiyanı gətirən də Bəşir bəy Aşurbəyov olub.

Mədənlərində çalışan yoxsul, kimsəsiz gənclər Bəşir bəyin himayəsində idilər. O, belə gənclərin ailə qurub ev-eşik sahibi olmalarına kömək göstərmək üçün indiki Sabunçu vağzalının yaxınlığında ikimərtəbəli binalar inşa etdirmişdi. Bəşir bəy qohumu Nabat xanım Aşurbəyovanın tikdirdiyi xəstəxanada imkansız insanların müalicəsinə dərmanla da kömək göstərirdi.

 

"Qafqaz İttihad Firqəsi”

 

Bəşir bəy Aşurbəyovun ömrünün ən maraqlı səhifələrindən birionun ictimai-siyasi fəaliyyətidir. O, 1917-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş "Qafqaz İttihad Firqəsi”nin yaradıcılarından idi. Bu siyasi partiya özünün əsas xətti kimi islam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışırdı. Firqənin ideoloji əsasını ittihadi-islam, islam modernizmi, islam reformizmi kimi o dövrdə çox populyar olan nəzəriyyələr təşkil edirdi.

Bəşir bəy Aşurbəyov partiyanın formalaşması prosesində "Rusiyada Müsəlmanlıq” təşkilatının nümayəndəsi kimi iştirak edirdi. O, bu firqənin təşkilində də böyük rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının 2-ci cildində (Bakı, "Lider” nəşriyyatı, 2005, s. 110) oxuyuruq ki, qurumun formalaşmasında Bəşir bəy Aşurbəyovdan başqa Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Mahmud Quliyev, Kərimağa Sultanov, Hacı Hüseyn Tağıyev, Qasım Cəfərov, Ağa Zeynal Tağıyev (Hacı Zeynalabdin Tağıyevin nəvəsi) də fəal iştirak etmişlər.

Azərbaycan Parlamentində "Qafqaz İttihad Firqəsi” sayca ikinci böyük fraksiya (əvvəl 11, sonra isə 13 deputatla) idi. Parlamentdə bu fraksiyaya Qara bəy Qarabəyli rəhbərlik edirdi. Partiya bir müddət "İttihad`i-islam-Rusiyada müsəlmanlıq” adı altında fəaliyyət göstərmişdi. Onun əvvəlcə "Müsəlmanlıq” adlı qəzeti nəşr olunurdu. Daha sonra isə Ceyhun bəy Hacıbəylinin redaktorluq etdiyi "İttihad” qəzeti partiyanın orqanına çevrilmişdi. Bəşir bəy Aşurbəyov bu mətbuat orqanlarının nəşrinə maliyyə yardımı göstərir, dəstək olurdu.

1920-ci il yanvar ayının 25-də partiyanın ikinci qurultayı keçirildi. Bəşir bəy Aşurbəyov bu qurultayda partiyanın Mərkəzi Komitəsinə seçilir. MK-nin digər üzvləri isə Nəcəf bəy Vəzirov, Həbib bəy Mahmudbəyov, Cəmil bəy Lənbəranski və başqaları idi.

İttihadçılıq ideologiyasının ana xəttini ideal islama, peyğəmbər dövrünün mövhumatxurafatdan uzaq ənənələrinə qayıdış prinsipi təşkil edirdi. Özübu zaman islam qanunlarının bu dövr üçün populyar olan demokratiya, azadlıq, bərabərlik kimi prinsiplərinin açıqlanmasına xüsusi fikir verilirdi. Bu xətt Bəşir bəy Aşurbəyovun ruhuna çox uyğun idi. O, insanların münaqişələrdən, zorakılıqlardan, qanunsuzluqlardan uzaq şəkildə, sülhinkişaf mühitində yaşamalarını, elm və mərifət sahibi olmalarını istəyir, bunun üçün çalışırdı.

 

Ermənilərlə üz-üzə

 

XX əsrin əvvəllərində Bakının neft sənayesində yaxından iştirak edən və bu el-obadan qazandıqları sərvətlərin bir qismini öz nankor xislətlərindən irəli gələrək həmin yurdun insanlarına - Bakının türk-müsəlman əhalisinə qarşı təxribatlara, kütləvi soyqırımı niyyətlərinə xərcləyən erməni neftxudaları 1906-cı ildə məkrli bir plana əl atırlar.

Onlar qədim tarixə malik Sabunçu kəndinin məscidinin də olduğu aşağı məhəlləsinin ləğv edilməsi, sakinlərin köçürülməsi və burada erməni sahibkarlara məxsus neft mədənlərinin salınması barədə iddia qaldırırlar. Məqsəd Sabunçu torpaqlarını ələ keçirib bol sərvət qazanmaq idi. Bakı Qubernatoru Alışevski iddianı təmin etmək üçün öz nümayəndəsini Sabunçuya göndərir. Qubernatorun nümayəndəsi kəndə çatanda qarşısında Bəşir bəyi görür. Bəşir bəy onu tikdirdiyi məscidin həyətinə aparır. Su quyusunu açır və içindəki suyu göstərir. Deyir ki, əgər buradan neft çıxsaydı, mən həmin yerdə məscid tikdirməzdim, neft çıxarardım. Bəşir bəy Aşurbəyov bu ərazidə yaşayanların hamısının onun qohumları olduğunu və onların köçürülməsinin yolverilməzliyini bildirir. Halbuki evləri köçürüləcək ailələrin heç birinin Bəşir bəyə qohumluğu çatmırdı. Amma o, dövlət idarələri rəhbərlərinin yanındakı yüksək nüfuzundan istifadə edərək erməniləri geri oturdur. Sabunçu kəndinin dağıdılmasına imkan vermir. "Həyat” qəzetinin 1906-cı il tarixli saylarında bu barədə dəfələrlə geniş təfsilatlar öz əksini tapıb.

Erməni daşnaklarının bolşeviklərlə birləşərək 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı da Bəşir bəy Aşurbəyli Sabunçu kəndi sakinlərinin kütləvi qətllərdən qorunması üçün böyük qəhrəmanlıqlar göstərmişdi. O, Qoçu Yusif kimi tanınan xalası oğlu və digər yerli qoçularla birgə Sabunçu dairəsi yaxınlığında müdafiə mövqeləri qurur, ətraf kəndlərdən də əlisilahlı insanlar köməyə gəlir. Burada güclü atışmalar baş verir. Daşnakların Sabunçuya girməsinin qarşısı alınır. Beləliklə, Qafqaz İslam Ordusu gələnə qədər həm kənd sakinlərinin, həm də ərazidəki neft mədənlərinin mühafizəsi təmin olunur.

 

"Qırmızı terrorun hədəfi

 

XX əsrin əvvəllərində yenicə təşəkkül tapmaqda olan Azərbaycan milli burjuaziyasının bir çox təmsilçiləri kimi Bəşir bəy Aşurbəyov da sovet hakimiyyəti qurulandan sonra çox çətin tale ilə üzləşir. Əksər qohumları təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə, İrana köçüb məskunlaşırlar. Ona da vaxtında ailə üzvlərini götürüb ölkəni tərk etmək tövsiyə olunur. Amma Bəşir bəy bütün var-dövlətini yeni hökumətə bağışladığından bolşeviklərin bir quruca canı ona çox görməyəcəklərini düşünür. "Nəyim var təhvil vermişəm, qalan bir quru canımdır, istəyirlər, gəlib onu da alsınlar”, - deyir. Bəşir bəy Aşurbəyovun yeni hakimiyyətin Nəriman Nərimanov kimi milli ruhlu təmsilçiləri ilə də çox yaxın münasibətləri vardı. Nərimanov kiminsə ona toxunmasına imkan verməyəcəyini bildirmişdi. Onda Bakıda qalması üçün əminlik yaradan həm də bu idi. Nəriman Nərimanovun Moskvada vəfatına qədər həqiqətən kimsə Bəşir bəyə dəyib dolaşmır. O, Sabunçu kəndində, bir vaxtlar xidmətçilərinin yaşadığı sadə bir komada ailəsi ilə birgə həyatına davam edir. Nə qədər çətin olsa da, dəyişən tarixi reallıqlara dözümlə yanaşmağı öyrənir. Ailənin Sabunçudakı imarətini sovet hökuməti onlardan alıb Qadın Klubuna çevirir. Kluba ayaq açan erməni, rus qadınları isə qısa müddətdə evin bütün mükəlləfiyyətini, əşyalarını talan edirlər. Bütün bunları, təbii ki, Bəşir bəy də eşidir, amma hər şeyə rəğmən vəziyyətlə barışmağa, var-dövlət əldən çıxandan sonra quru canını da olsa, qorumağa çalışır. Amma tezliklə bunu da Bəşir bəyə çox görürlər. 1925-ci ildə o, tutulur, 5 illik həbs həyatından sonra, 1930-cu ildə Nargin adasında güllələnir. Yaxınları onun maddi imkanlarına, yəni o dövrün ifadəsi ilə desək, qolçomaq olduğuna görə güllələndiyini düşünürlər. Amma "qırmızı terrorun onu hədəf götürməsində, böyük ehtimalla Bəşir bəy Aşurbəyovun "Qafqaz İttihad Firqəsi”ndəki siyasi fəaliyyətinin də mühüm rolu olmuşdu.

Qız nəvəsi Nəzakət xanım Aşurbəyova - Ələkbərova söyləyir ki, nənəm axırıncı dəfə Bayıl həbsxanasında olanda qəfildən ona Bəşir bəyin güllələndiyi xəbərini verirlər: "O, elə oradaca huşunu itirir. Bu hadisədən sonra heç bir il də yaşamır. Həmin vaxt Kazım dayımın 9, anam Rəbiyyənin cəmi 13, Midhət dayımın 15, Məhəmmədhəsən dayımınsa 17 yaşı vardı. Ailə bununla da pərən-pərən düşür”.

Nəzakət xanım 1989-cu ildə Respublika Prokurorluğuna müraciət edir. Babasının repressiya qurbanı kimi günahsızlığı təsdiqlənir və 1991-ci ilin 13 noyabrında Bəşir bəyə bəraət verilir. "Mən ərizəni təqdim edəndə Respublika Prokurorluğunda yaşlı bir ədliyyə işçisi vardı. Bəşir bəy Aşurbəyovun nəvəsi olduğumu biləndə dedi ki, xəbəriniz varmı, Bakıya ilk avtomobili sənin baban gətirib”.

Nəzakət xanım Aşurbəyova - Ələkbərova bolşevizmin taleyini qaraltdığı doğma insanların ömürlüyündən kədərli epizodları xatırladıqca gözləri dolur.

Bizsə bu kədərli gözlərin ardında sovet repressiyasının min bir əzab-əziyyətə düçar etdiyi milyonlarla insanın faciəsini, bütöv nəsillərin taleyinə vurduğu sağalmaz yaraları görürük.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.-3 avqust.- S.5.