Suya sitayiş

 

İnanclar

 

Suya sitayiş, su ayini də içərişəhərlilərin dini təsəvvürləri tarixində mühüm yer tutur. Qədim inama görə, daş təbiətlə eyniləşdirilir, su isə həyatverici qüvvə və yol ilə əlaqələndirilir. Belə ki, pis adamın dalınca daş, uzaq yola çıxanın arxasınca isə su atardılar.

Gəlin ər evinə yola salınanda da arxasınca su atırlar. Qədim dövrlərdən bəri şər ovsunlar su ilə yuyulur, pis yuxu suya danışılır, yaxın adama "yolun su kimi aydın olsun” deyirlər. Novruz bayramı ilə bağlı çərşənbələrin biri Su çərşənbəsi adlanır. Mifologiyadan məlum olan İştarNahidsu ayini ilə bağlıdır.

Arxaik inama görə, su ayini daş ayini ilə sıx bağlı olmuşdur. Belə ki, yağış yağdırmaq məqsədilə pirdən daş gətirər və onu suya atardılar, uzun sürən yağışların kəsilməsi üçün isə həmin daşı sudan çıxarıb oda atardılar.

Mineral su mənbələrinin şəfaverici xüsusiyyətləri bir çox pirlərə ehtiramın artmasına şərait yaratmışdır. Xalq inamına görə, çay sahilində, bulaqonun ətrafında xeyir və şər ruhları yaşayır. Sitayiş yerinə çevrilmiş bir çox bulaqlara nəinki müalicə məqsədilə, həm də arzularının həyata keçməsi üçün gələrdilər. Günahlardan qurtarmaq və təmizlənmək üçün axar suyun üstündən tullanardılar.

Keçmişdə İçərişəhərdə su bayramı geniş miqyasda təşkil olunurdu. Bugünədək bir sıra bölgələrdə mərasim halında saxlanmış sulaşma adəti buna misal ola bilər. Xalq arasında bu bayram "baba su cəddim” adlanırdı. Qəbir daşlarında suyu təcəssüm etdirən bardaq şəkli çəkərdilər. Belə hesab edilirdi ki, insan öləndən sonra ruhu içində su olan bardağa keçir.

Su qədimdən xoşbəxtlik rəmzi hesab olunur. Azərbaycan folklorunda su ilə bağlı "su dirilikdir”, "su həyatdır”, "sucan ömrün olsun”, "su kimi əziz ol”, "suyun sərin olsun, ruzin bol olsun”, "səni görüm bulaq kimi təravətli olasan”, "su harada, dirilik orada”, "su verən əli qaytarmaq olmazkimi ifadələr geniş işlənir.

 

Azərbaycan.- 2019.-3 avqust.- S.5.