Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar
atılıb
Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritetlərdən biri olaraq qalır. Cari ilin əvvəlində bu istiqamətdə təsdiq edilmiş dördüncü Dövlət Proqramının icrasına başlanıb. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu barədə ətraflı bəhs olunub.
Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri regionların tarazlı və davamlı inkişafıdır. 2004-cü ildə start götürən ilk dövlət proqramından bəri respublikanın rayonlarının siması yaxşı mənada tanınmaz olub. Başqa sözlə, üç dövlət proqramında nəzərdə tutulan genişmiqyaslı işlər, mühüm iqtisadi və infrastruktur layihələri gerçəkləşdirilib. Nəticədə əhalinin rifah halı getdikcə daha da yaxşılaşır.
Əsas vəzifələrdən biri yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunmasıdır. Bu sahədə xeyli iş görülüb. Yeni müəssisələr açılıb, sənaye parkları və məhəllələri yaradılıb, kənd təsərrüfatında unudulmuş sahələr yenidən bərpa olunub. Məsələn, indiyədək regionlarda 9 sənaye parkı və məhəllələri yaradılıb. Bu park və məhəllələrdə 78 rezident qeydiyyatdan keçib, 45-i fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı yatırılıb. Bunun nəticəsində 11 mindən çox yeni iş yerləri açılıb.
51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. 22 aqropark fəaliyyət göstərir. Bu ilin sonuna qədər daha 11 aqropark fəaliyyətə başlayacaq. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.
Yatırılan investisiyaların təşviqi sahəsində görülən tədbirlər regionların inkişafına müsbət təsir göstərir. Sərmayələrin təşviqi mexanizmi uğurlu nəticələr verir. Belə ki, indiyədək 400-ə yaxın layihə təşviq olunub və bunların sayəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 16 mindən çox yeni iş yeri açılıb.
Prezident İlham Əliyev sözügedən müşavirədə bu barədə demişdir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir”.
Təsadüfi deyil ki, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi həm də regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramının əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilib. Bu sahədə əvvəlki proqramlara əsasən də böyük həcmdə işlər görülüb. Üç mindən çox məktəb yenidən tikilib, yaxud əsaslı təmir olunub. Son 15 il ərzində ölkədə 15 min kilometr yol çəkilib. Bu ilin 6 ayında çəkilmiş yolların uzunluğu 400 kilometrə yaxındır. Odur ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Görüləcək işlər, yönəldilən investisiyalar bu sahədə daha böyük uğurların qazanılacağına ümid verir. Belə ki, bu il onlarca yeni məktəbin tikintisi nəzərdə tutulur. 10 şəhərdə mərkəzi xəstəxana yenidən inşa ediləcək, yaxud əsaslı şəkildə təmir olunacaq. Üç olimpiya kompleksinin açılışı gözlənilir, biri artıq istifadəyə verilib. Dövlət İnvestisiya Proqramında bir sıra digər işlər də nəzərdə tutulur. Məsələn, cari ildə də kənd yolları və şəhərlərarası yollar çəkiləcək. 1000 kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulub.
Digər sahələrdə də vəziyyət ürəkaçandır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, suvarma layihələrinin icrasında genişmiqyaslı işlər görülüb.
Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Dünyada qazlaşdırmanın belə uğurla aparıldığı ölkələr o qədər də çox deyil. Elektrik enerjisi sahəsində böyük generasiya gücləri yaradılıb. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, yəni bu sahədə də ön sıralardadır.
Regionların
inkişafında içməli su və meliorasiya layihələrinin uğurlu
icrası da böyük
rol oynayır. Hazırda demək olar ki, bütün
bölgələrdə içməli su
layihələri icra edilir.
Bu il daha bir
neçə şəhərin
içməli su problemi həll olunacaq. Torpaqların suvarılması istiqamətində də əlavə tədbirlər
görüləcək. Belə ki, hər
il təxminən
100 min hektar torpağın
suvarılması yaxşılaşır,
yaxud suvarılan torpaqlara su çəkilir.
Bu işlər də davamlı xarakter daşıyır.
Prezidentin yanında keçirilən
müşavirədə həmçinin
qeyd edilib ki, dövlət proqramı regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi,
infrastruktur təminatının
yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun genişlənməsinə də
təkan verir. Kənd yerləri
də əhatə olunmaqla məşğulluğun
təmin edilməsi istiqamətində mühüm
addımlar atılır.
Yəni regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı
və sənayenin inkişafı üçün
qurulan infrastruktur öz real nəticəsini
verir, rayon və kəndlərdə məşğulluğun
təminatında böyük
rol oynayır.
Prezident İlham Əliyev bunları bir daha vurğulamışdır: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.
Flora SADIQLI
Azərbaycan.-
2019.- 3 avqust.- S.1; 3.