Tozlu-torpaqlı kənd yolları yerini müasir, rahat şoselərə verir

 

Prezident İlham Əliyev: "Yol olan yerdə kənd təsərrüfatının inkişafı sürətlənir, sosial məsələlər həllini tapır”

 

Sistemli surətdə tətbiq edilən iqtisadi addımlar, inamla reallaşdırılan rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar qlobalregional risklərin neytrallaşdırılmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrini dinamik inkişaf etdirməyə yeni imkanlar yaratmışdır. Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji xətt isə bütün istiqamətlərdə dayanıqlı iqtisadi inkişafı təmin etmişdir.

Bunlardan ən mükəmməli yol infrastrukturunun kökündən dəyişməsi, müasir logistika sisteminin yaradılmasıdır. Beynəlxalq əhəmiyyətli yolların salınması və müasir standartlara uyğun əsaslı təmiri ölkənin simasını büsbütün dəyişmişdir. Bu sahədə ən vacib məqamlardan biriodur ki, dövlətin apardığı islahatların sırasında kəndarası yolların çəkilməsi aktual məsələ kimi daim diqqət mərkəzinə gətirilmişdir. Kənd yollarına bu yanaşma isə özlüyündə mükəmməl düşünülmüş logistik sistem kimi iqtisadiyyatın bir neçə sahəsinin inkişafına təkan verir.

Yolların inşası ilə bağlı statistik rəqəmləri nəzərdən keçirəndə rekord göstəricilərin şahidi oluruq. Belə ki, yalnız keçən il ölkədə 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, nəinki Azərbaycanın, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən 2019-cu ilədək ölkəmizdə 15 min kilometr avtomobil yolları inşa olunmuşdur.

Azərbaycan Prezidenti yol islahatlarının aparılmasında və davam etdirilməsində israrlıdır və bu işlərin davam etdiriləcəyini bildirir: "Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək”.

Xüsusi vurğulamaq lazımdır ki, yol infrastrukturunda kənd yollarının salınmasına xüsusi qayğı və diqqətlə yanaşılır. Belə ki, yalnız ötən il ərzində 920 kəndin yol infrastrukturu yaxşılaşdırılmış və əlavə olaraq yeni yollar salınmışdır. Kənd yollarının salınması ölkənin simasını dəyişməklə yanaşı, aqrar sektorun, dağlıq ərazilərdə isə turizmin inkişafını sürətləndirir, eyni zamanda bütün dünyada ən ciddi problemlərdən biri sayılan qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Əvvəllər kənd həyatına bələd olanlar Azərbaycan kəndlisinin o zaman yolsuzluqdan necə əziyyət çəkdiyini yəqin ki, yaxşı xatırlayırlar.

Hətta paytaxta ən yaxın rayonlarda belə bağda, bostanda yetişən kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq üçün min bir əziyyət çəkmək lazım gəlirdi. Sahələrə yalnız iri yük maşınları girə bilirdi. Daşınma zamanı isə məhsulun bir qismi yollarda zay olurdu. Kəndimizdə o illər adi tutu Quba bazarına çatdırmaq olmurdu. ŞabutQulu dayının yük maşınlarında 10 kilometrlik çala-çuxurlu yol nəinki tutun, elə gilasın da silkələyib suyunu çıxarırdı. Bu gün nəinki kəndlərin, hətta bağ və bostanların yanından rahat asfalt yollar keçir. Fermerlər Bakının istənilən bazarına 2-3 saata məhsulunu itkisiz çatdıra bilirlər. Hazırda kənd yaşayış məntəqələrində milyonlarla insan yaşayır. Vaxt var idi ki, onlar yolsuzluqdan vaxtında həkim yardımından faydalana bilmirdilər. İndi artıq bu məsələ də həll olunub.

Müasir yollar kəndliyə turizmin inkişafında fəal iştirak etməyə, qazanmağa da imkan verir. Üstəlik yeni yollarla öz ölkəsinə seyrə çıxanların sayı kəskin artmışdır. Artıq istirahət günlərini ölkənin müxtəlif şəhər və bölgələrində keçirmək istəyənlərin, həftənin şənbə-bazar günlərində turistə çevrilənlərin sayı on minlərlə ölçülür.

Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində Azərbaycan Prezidenti yol layihələrinin icrasının daha ciddi davam etdiriləcəyini bildirmişdir: "Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında, əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur”.

Ölkəmizdə çəkilən yeni kənd yolları ən ucqar əlçatmaz kəndə belə rahat çatmağa imkan verir. Qışda yollar bağlananda aylarla rayon mərkəzinə gələ bilməyən ucqar kənd sakinləri indi ürəkləri istəyəndə dağlardan aşağı düşür, bazarlıqlarını edir, qohum-əqrəbalarını yoluxurlar. Yayda isə evlərini turistlərə kirayə verib pul qazanırlar. Bir sözlə, yollar rahatlıq gətirməklə yanaşı, insanları bir-birinə yaxın edir, bağlayır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.-4 avqust.- S.1-2.