Şəhid ailələrinə dövlət qayğısı davam edir

 

Azərbaycanın son illər nail olduğu uğurlarının təməlində, təbii ki, düşünülmüş siyasət: əmin-amanlıq, sabitlik dayanır. Bununla bərabər, iqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişafına zəmin yaradıb.

Ölkənin iqtisadi inkişafı onun sosial və mədəni həyatında baş verən dəyişikliklərdə də öz təsdiqini tapmaqdadır. Əhalinin istər aztəminatlı, istərsə də şəhid ailələri, müharibə və əmək veteranlarının sosial təminatının gücləndirilməsi istiqamətində yürüdülən siyasət birmənalı şəkildə həmin kateqoriyalara aid olanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm amilə çevrilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasət son 16 ildə yüksək səviyyədə davam etdirilir. Məhz bunun nəticəsidir ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib. Həmçinin 6 min nəfərdən artıq müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib, imtiyaz və güzəştlərin miqyası daha da genişləndirilib.

Dövlət başçısının müvafiq fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən isə müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli fərman da ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuşitkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Xatırlatmaq yerinə düşər ki, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilib.

Dövlət başçısının 19 aprel 2018-ci il tarixli fərmanı isə həmin qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur.

Dövlət başçısının şəhid ailələrinin üzvləri və onların vərəsələri ilə keçirdiyi görüşlər də həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ilin əvvəlində, yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdülər.

Tədbirdə şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev onların övladlarının, doğmalarının torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, bir milyondan çox insanın məcburi köçkünə çevrildiyini vurğulayan dövlət başçısı o dövrdə müşahidə edilən hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirdi.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini qeyd edən dövlət başçısı xüsusi olaraq vurğuladı ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. "Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq” deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü və müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu bildirdi. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və həmin prosesin davam etdiriləcəyini deyən Prezident şəhid ailələrinin də ev və avtomobillərlə təmin olunduğunu diqqətə çatdırdı.

Keçən il bir daha Prezident seçildikdən sonra ilk fərmanını şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığını deyən dövlət başçısı bu sənədlə 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirdi. Və onu da əlavə etdi ki, artıq proses başlayıb və 3 mindən çox şəhid ailəsi onlara çatacaq vəsaiti alıb. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni fərman imzaladığını və buna əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını da bildirdi.

Fərmanla bağlı açıqlamada bildirilirdi ki, nazirliyin bazasında müxtəlif kateqoriyadan olan 12737 şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir. Bazada olan rəqəmlərə görə, 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi şəhid olanlardır. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra vəfat edən şəxslər də varonlar döyüşlər zamanı yaralanıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar şəhidlərin vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) işləri bu gündavam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan indiyədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair nazirlik qərar qəbul edib. Bu isə birdəfəlik ödəmə ilə təminat proqramının 92,1 faizinin icrası deməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-4 avqust.- S.1-2.