Quba gözəllik məkanıdır
Gəzməli,
görməli yerlərimiz
Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahələrdən biri də turizmdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə tam şərait yaradır. Bu da Azərbaycanda turizm sektorunun müasir standartlar səviyyəsində qurulmasını təmin edən amillərdir.
Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti, atılan addımlar öz səmərəsini verir, dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Bu sahəyə vaxtında dəyər verildiyi üçün ölkə daxilində turizmin inkişafına geniş imkanlar yaranıb.
Bu istiqamətdə regionların xüsusi çəkisinin davamlı surətdə artması isə bölgələrdə əhalinin maddi rifah halının yüksəlməsinə təsirsiz ötüşmür, rayonların ümumi iqtisadi inkişaf prosesinə xüsusi töhfə verir.
Keçmiş sovet dönəmində Azərbaycanın müxtəlif bölgələri ittifaqda yetişdirdikləri meyvələrə görə tanınırdı. Bakı zəfəranı, Ağdam üzümü və çaxırı, Göyçay narı, Quba alması və sairə. Digər rayonlar da bu ardıcıllıqda öz məhsullarına görə sıralanırdı. Sovetlər birliyinin hansı şəhərində öz rayonunun adını çəkən kimi onun tanıtım brendinin adını səsləndirirdilər. Müstəqillik illərində də bu forma özünü qoruyub saxladı və bu gün həmin tanıtım siyahısına yeniləri də əlavə olunub. İndi turizm zonası kimi inkişaf edən Quba, Qusar, Naftalan, Qalaaltı və digərlərinin adı həmin zamanda da məşhur idi.
Gözəl təbiətə, valehedici flora və faunaya malik olan Quba bütün dövrlərdə oraya təşrif buyuran turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb. Bu rayon həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Xalçaçılıq, misgərlik, qədim peşələrin ardıcıllıqla davam etdirildiyi Quba rayonu səyahət həvəskarlarının, turistlərin və təbiət vurğunlarının çox xoşladıqları ünvandır.
Paytaxtdan 150 kilometr şimalda yerləşən, Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın çox gözəl guşələrindən biridir. İlin bütün fəsillərində buraya səyahətə gələn minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Hər fəslin gözəlliyini öz görkəmi ilə göstərən dağ və dərələr, tarixi qədim dövrlərə gedib çıxan yaşayış məskənləri, tikililər buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar füsunkar diyara qayıtmağa məcbur edir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, qədim xalçaçılıq sənətinin inciləri və onlarla digər göstəricilər rayonun simasının təzahürləridir.
Qubada dağ, kənd, çadır turizmi geniş yer alıb. Turistlərin əsas marşrutlarından
biri Xınalıq istiqamətindədir. Xınalığın tarixi, qədim yaşayış məskənlərinin
indiyədək qalması
bu məkana turist axınını şərtləndirir. Burada turizmin
dağ, kənd və çadır kimi növləri daha çox inkişaf etdirilir. Belə ki, kənd evlərində,
çadırda və
təbiətin qoynunda
istirahət edən insanlarla hər zaman rastlaşmaq mümkündür. Haput,
Qrız, Cek və digər dağ kəndlərinin bu istiqamətdə yerləşməsi buraya turistləri cəlb edən cəhətlərdən
biridir. İsti yay günlərində
iri qayaların, daş parçalarının
yaxınlığında dincələn
insanların çoxu
romantik duyğulara üstünlük verənlərdir.
Bu yerlərdə baş gicəlləndirən
dərin dərələrə,
keçilməz yarğanlara
vurulub heyran qalan insanları çox görürsən.
Qubada ən çox yayılan turizm növlərindən biri də kənd turizmidir. İlin bütün fəsillərində
rayonun kəndləri,
xüsusilə Nügədi,
Təngaltı, Afurca,
Qəçrəş minlərlə
turistin dincəldiyi məkandır. Azərbaycanın elə bir rayonu
yoxdur ki, oradan Qubaya turist
marşrutları təşkil
edilməsin. Yerli turistlərlə
yanaşı, Rusiya,
Belarus, Ukrayna, ərəb
və Avropa ölkələrindən minlərlə
insan Qubaya üz tutur və
ildən-ilə onların
sayı artmaqdadır.
Buna səbəb hər turizm dövrünün yeniliklərlə
başa vurulmasıdır.
Qubanın bir addımlığında
yerləşən Qusar
da turistləri gözəlliyi ilə özünə cəlb edən məkanlardan biridir. İki turizm rayonunun
yanaşı olmaları
buraya olan marağı təkcə artırmır. Bu, həm də turist marşrutunun genişliyini təmin edir.
Qubadakı istirahət mərkəzləri
ilin bütün fəsillərində fəaliyyət
göstərirlər. Artıq respublikamızda
bu sahədə bir "Quba” turist nişanı yaranıb.
Bu yerlərdə
turizmin daha geniş miqyas alması üçün
hər cür şərait var. Azərbaycan
mətbəxinin ləziz
təamları Qubadakı
istirahət mərkəzlərində,
hotellərdə bura təşrif buyuranlara təqdim olunur. Hazırda bu
mətbəxə dünya
ölkələrinin bəzi
təamları da daxil edilib. Bəzi istirahət mərkəzlərində
həmin ölkələrin
adətlərinə uyğun
xüsusi təqdimat formaları da hazırlanır.
İnformasiya daşıyıcısı olan
turistin gəldiyi, gördüyü yerlər
həm də onun əhatəsinin maraq dünyasıdır. Tarixi abidələri,
qədim el adətlərinin,
mətbəxinin nümunələrini
özü ilə ölkəsinə daşıyan
turist növbəti istirahət planlarında həmin məkanı seçirsə, demək qarşılaşdığı məlumat toplusu onu qane edir.
O, özü ilə birlikdə sonrakı il də
daha bir neçə nəfərin
həmin ərazilərə
səfərinin təşkilatçısına
çevrilir.
Azərbaycan mədəniyyətinin tərkib
hissəsi olan xalçaçılıqda Quba
məktəbinin öz
yeri var. Qədim və orijinal xüsusiyyətləri ilə
seçilən bu xalçalar dünyanın
hər yerində tanınır. Turistlərin ən çox
maraqlandıqları sahələrdən
biri də budur. Onların çoxu səfər
zamanı xalça toxuyan insanlarla görüşür.
Qubanın turizm potensialı əvvəlki illərdəkindən
qat-qat fərqlənir. Son illərədək istirahət
mərkəzlərində çalışanlar
arasında mütəxəssislər
azlıq təşkil
edirdi. Bu da turistlərin qəbulunda, onlara göstərilən xidmətdə
özünü açıq-aydın
göstərirdi. Narazı turist
bəzən bir istirahət yerinə görə bütünlükdə
ərazini dəyişirdi.
Artıq
bu problem də aradan qaldırılmışdır.
Rayonda bu sahədə çalışanlar vaxtaşırı
xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar.
Çünki bu gün istirahət mərkəzlərinin
təkcə xarici görkəmi deyil, daxili xidmətləri də müasir qaydalara cavab verməlidir.
Ölkəmizdə keçirilən beynəlxalq
tədbirlərin iştirakçıları
çox zaman gəzməyə məhz Qubanı seçirlər. Böyük
idman yarışması
olan I Avropa Oyunlarının, IV İslam
Həmrəyliyi Oyunlarının,
beynəlxalq forumların
iştirakçıları, rəsmi qonaqlar istirahətlə yanaşı,
rayonun dünənini və bugününü özündə yaşadan
tarix diyarşünaslıq
və xalça muzeylərində olmuş,
Quba Memorial Soyqırımı
Kompleksini ziyarət etmişlər. Bu proses hazırda da davam etdirilməkdədir.
Qubada azsaylı xalqların nümayəndələri yaşayır. Həmin xalqların
tarixi və mədəniyyəti bu gün mütəxəssislər
tərəfindən öyrənilir.
Tat, yəhudi, ləzgi, Ahıska türklərinin mədəniyyəti
turizm sektoru üçün yeni məqamlar açıb.
Onların tarixi kökləri
ilə maraqlanan turistlər ilk növbədə
Qubaya üz tutur.
Dövrümüz texnologiyalar əsridir. Turizm səfərləri daha çox pul və sərfiyyat məsələləri üzərində qurulur. Yəni turist öz büdcəsinə görə hərəkət edir. Bu baxımdan səfəröncəsi, məsələn, fransalı ailə internet vasitəsilə getmək istədiyi yeri araşdırır. Xızı, Quba, Qusar və digər istirahət zonaları barədə heç bir informasiya tapmayan turist yalnız ekranda tapdığı məkana üz tutur. Odur ki, respublikamızın sayılıb-seçilən istirahət mərkəzlərinin öz məlumat bazası olmalı, onların məzmun və forma daşıyıcıları qeyd edilməlidir. Hazırda Qubada bu istiqamətdə ciddi işlər aparılmaqdadır. "Məstərgah”, "Cənnət bağı” istirahət mərkəzlərinin, "Şane” hotelin artıq öz saytları var.
Qubanın dağətəyi kəndlərində geniş yayılan turizm növü çadırdır. Çadır turizmini avropalılar daha çox sevirlər. Şəxsi maşınlarında səyahətə çıxanlar istədikləri (yəni xoşlarına gələn məkanlarda) yerlərdə gecələməyə üstünlik verirlər. Belə ərazilərdə olan turistlər həm də yaxınlıqda yaşayan insanlarla təmasda olurlar.
Hazırda respublikamızda bir neçə rayon turizm brendi kimi formalaşıb. Bunların içərisində
Şəki, Qusar, Göygöl, Zaqatala, İlisu daha çox turistləri cəlb edən məkan kimi tanınır. Quba isə
bunların içində
xüsusilə fərqlənir.
Burada bir neçə sivilizasiyanın qovşağını
özündə ehtiva
edən qədim sənət nümunələri,
yaşı min illəri
keçən kəndlər,
müxtəlif dillərdə
danışan azsaylı
xalqlar, xalçaçılıq
sənəti inciləri
Qubanı daha möhtəşəm edir.
Bu il
daha çox turistin Qubanın istirahət mərkəzlərinə
səyahət edəcəyi
gözlənilir.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.-4 avqust.- S.4.