Qədim tariximiz, zəngin mədəni sərvətimiz dünyanın diqqətini çəkir

 

Milyonlarla əcnəbi xalqımızın tolerantlığına, ölkəmizin sürətli inkişafına heyranlığını gizlətmir

 

Hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik turizmdə mühüm məsələlərdən hesab edilir. Bunlardan başqa, son illər ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlər də ilin bütün fəsillərində Cənubi Qafqazın bu "yaşıl ada”sına turist axınına səbəb olur.

Bu günlərdə Azərbaycanda keçirilən "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı da ölkəmizin tanınmasında mühüm mədəni tədbir hesab edilir.

 

"Mini-şəhər”in qonaqları

 

Festivalın keçirildiyi bir həftə ərzində Bakıya turist axınının vəziyyətini öyrənmək üçün yolumuzu onların daha çox göründüyü İçərişəhərdən saldıq. Bu qədim qala divarlı "mini-şəhər”də qələbəliyin şahidi olduq. İçərişəhərin turistlərin diqqətini özünə daha çox çəkməsi təsadüfi deyil. Onlar bu qədim mədəniyyət mərkəzinə səfərlərini həm də ziyarət hesab edirlər.

Bəri başdan deyək ki, turistlərin şəhərimizlə, ümumiyyətlə, Azərbaycanın füsunkar təbiəti, gəzməli, görməli məkanları ilə yaxından tanışlığı üçün müxtəlif ünvanlı turlar da təşkil edilir ki, marşrutlar Turizm Agentliyi ilə yanaşı, ölkəmizdəki bəzi şirkətlər tərəfindən tərtib olunur. Beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar yaradılan könüllü dəstələrinin də xidmətlərini unutmaq olmaz. Əksəriyyəti turizm sahəsində mütəxəssis olan, könüllü və bələdçilərdən ibarət gənclərimizin əcnəbi dillə bağlı problemləri yoxdur. Bu da xidmət mədəniyyətinin yüksəkliyi deməkdir.

Əzizə Məhərrəmli "Visit-trawelturizm şirkətinin bələdçilərindəndir. Deyir ki, bu il Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Dubay... kimi dünyada məşhur olan ölkələrdən gələnlər çoxluq təşkil edirlər. Fidan Rzayeva da turizm şirkətlərindən birinin bələdçisidir. O, turistlərin daha çox gəldiyi ölkələrin sırasına Hindistan, Pakistan, Almaniya, hətta İsveçrənin də adlarını əlavə edir. Ölkəmizə marağın səbəblərinin də müxtəlif olduğunu bildirirlər: dinclik, əmin-amanlıq, tolerantlıq, multikulturalizmbiriqtisadi, mədəni inkişaf: "...Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. "Vəhşi təbiət” - faunaflora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan - naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün hərtərəfli şərait yaradır”.

 

Bir ailənin "Azər”lə "Baycan”ı...

 

Bu da turistlərin daha çox maraq göstərdiyi Qız qalası: ətrafı da doludur, damı da. Qalanın damına qalxanlar buradan Bakının gündən-günə böyüyən, gözəlləşən park və xiyabanları, paytaxta gecələr layla çalan, gündüzlər isə günəşin al şəfəqləri ilə alışıb-yanan Xəzərin hüsnünə heyranlıqla tamaşa edir və "ağıllı telefonları”, fotoaparatları ilə təkrarsız mənzərələrin fonunda şəkil çəkdirməkdən zövq alır, ötən anları xatirəyə çevirirlər...

Bakıya yenicə qədəm basan bir ailə ilə Qız qalasının yaxınlığında, zərgərlik məmulatları, hədiyyələr satılan Kiçik qala meydançasında tanış oluruq. Diqqətimizi onların şirin ləhcə ilə öz ana dilimizdə danışmaları, ətrafa heyranlıqla tamaşa etmələri çəkir. İran İslam Respublikasından, daha dəqiq desək, Təbrizdən gələn bu ailənin başçısı Farruk Sabetidir. Gəlini Aytən Bakıda dünyaya göz açıb. Üstəlik, ikinci oğlunu evləndirmək üçün yenidən Bakıya xoşməramlı səfər edən bu ailə (Kübra, Əzim, Səkinə, Şəhrəbanu, Nəsrin və hələ beşik-arabada simasından nur süzülən Nursima bala) o tay-bu tay Azərbaycanın mənəvi birliyini qoruyub saxlamaq üçün dünyaya gələcək nəvələrinə Azərlə Baycan adını verəcəklərini müjdələyirlər.

 

"Sevgi qitəsi”nin sevgililəri Bakıda

 

Azərbaycan, onun paytaxtı Bakı HindistanPakistandan gələn turistlərin də yaddaşına xoş xatirələrlə yazılır. Budur, öz əlləri ilə qeydiyyat dəftərçəmizə adlarını qeyd edən Arubend, Mahendranath, Venkat Raa, Shiva Kumar "Dominat-travelin marşrutu ilə ölkəmizi ziyarət edirlər. Bələdçi Sədaqət Hüseynzadə onlara xalqımıza məxsus qonaqpərvərlik göstərir. Hind filmlərinin Azərbaycanda bu gün də sevilə-sevilə izləndiyini qonaqlara elə öz dillərində izah etməsi bu insanlarda dərin maraq oyadır: "Bəli, bizim xalqları birləşdirən milli-mənəvi bağlar var. Bizim gənclik sevgini hind filmlərindən öyrənir. Dünən də belə idi, bu gün də. Bir çox adət-ənənələrimizdə oxşarlıq var. Ən əsası isə xalqlarımız tarixən dostqardaş münasibətində olublar. Hindistan bizim gənclərin nəzərlərində "sevgi qitəsi”dir. Biz əcnəbi musiqilər içərisində hind xalqına məxsus olanları xüsusi sevgi ilə duyur, ifa və rəqs də edirik...”

Bu da təqdirəlayiq haldır ki, turistlərin Bakı, ümumiyyətlə, ölkəmizin füsunkar yerləri ilə tanış olmalarında bir neçə xarici dil bilən bələdçilərin xüsusi xidmətləri var. Şahidi oluruq ki, hindli qonaqlarımızın bələdçisi də Qız qalasından Şirvanşahlar sarayınadək İçərişəhərin hər dalan və döngəsində dayanır, onları maraqlandıran suallara cavab verir. Belə xidmət mədəniyyəti isə təbii ki, əcnəbi qonaqlarda xalqımız haqqında xoş təəssürat yaradır...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-4 avqust.- S. 4.