Animasiya böhranı

 

Xarici cizgi filmlərinin təsiri ilə övladlarımız milli duyğulardan uzaqlaşır, şiddətə meyillənir

 

"Cücələrim”, "Tülkü həccə gedir”, "Pıspısa xanım və Siçan bəy”...

Uşaqlığımızın unudulmaz animasiya filmləri...

Ana dilimizdə, milli musiqinin şirin müşayiəti ilə, gülməli və maraqlı təsvirlərdən ibarət bu animasiyaları seyr etmək bir başqa zövq idi...

Televiziyada uşaqlar üçün ayrılmış müəyyən vaxt çərçivəsində bu filmləri maraqla izləyib sonra dalardıq nağıl dünyalı yuxularımıza...

Səhər isə bütün uşaqlar evlərdən küçələrə axın edər, ta axşama qədər "Gizlənqaç”, "İp atdı”, "Yeddi şüşə”, "Bənövşə”, "Beş daş” oynamaqdan doymazdılar...

Dəfələrlə yıxılıb yenidən ayağa qalxmağı, qorxmazlığı, cəsurluğu, mübarizliyi, bir-birinə həyan, arxa olmağı, dostluğu, yaxşı nədir, pis nədir, bunu da elə orada öyrənərdik, həyat məktəbində...

Bu o zamanlar idi ki, hələ animasiya filmləri uşaq dünyamızı bütövlükdə zəbt etməmişdi...

Uşaqlar animasiya filmlərindən ibarət məhdudiyyətsiz zaman ölçüsündə itib-batmamışdı...

 

Müasir "Cırtdan” yoxdur, varsa da, uşaqlar onu tanımır...

 

Vaxtilə uşaqların 5-10 dəqiqəlik istirahəti üçün hesablanmış animasiya filmləri hazırda onların həyatını bütünlüklə zəbt edib. Mübaliğəsiz demək olar ki, indi uşaqlar oynamaqdan, dərs hazırlamaqdan, valideynləri, dostları ilə ünsiyyətdən daha çox animasiya filmləri ilə maraqlanır, yuxudan durandan yatana qədər televiziya qarşısında oturub bu filmləri izləyirlər.

Uşaqlar animasiya bağımlısına çevriliblər və onları məcburən ekran qarşısından ayırmasan ard-arda başlayıb bitən animasiya seriallarını izləməkdən doymayacaqlar.

Fərqi yoxdur ki, bu animasiya filmlərinin mövzusu nədir, qəhrəmanı kimdir, hansı dildə danışır...

Təsadüfi deyil ki, son dövrlər valideynlərin psixoloqlara ən çox müraciət etdikləri hallar övladlarında nitq geriləmələri, aqressiv davranış, özünəqapanma və digər neqativ hallarla bağlıdır.

Araşdırdıqda isə bu problemlərin əksəriyyətinin altında yatan səbəblərdən başlıcasının mütəmadi olaraq əcnəbi dillərdə izlənən, şiddət məzmunlu animasiyalar olduğu üzə çıxır.

İndi uşaqların özlərinə kumir seçdiyi qəhrəmanlar "Maşa”, "Şrek”, "Mak Steel”, "Transformers Praym”, "Hörümçək adam”dır...

Və bu siyahıda azərbaycanlı uşaqların özlərinə ideal seçəcəyi milli bir qəhrəman, tutaq ki, elə müasir "Cırtdan” yoxdur, varsa da, uşaqlar onu tanımır...

 

Bir əsrlik animasiya tarixi

 

Azərbaycanda animasiya filmlərinin bir əsrə yaxın yaranma tarixi var. Belə ki, 1933-cü ildə "Azərbaycanfilm” studiyası "Lökbatan” və "Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. Bundan sonra Azərbaycan xalq nağılları mövzusunda ssenarisini A.Papovun yazdığı "Abbasın bədbəxtliyi” adlı animasiya filmi çəkilib.

1969-cu ildə isə "Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmi istehsal olunub. 70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq, 80-ci illərdə isə kinostudiyada 38 adda cizgi filmi istehsal edilib. Bunlardan "Meşəyə insan gəlir”, "Sehirli ağac”, "Balaca çoban”, "Cücələrim” və digərləri applikasiya üsulu ilə çəkilib.

1990-cı ildə isə "Azanfilm” (Azərbaycan animasiya filmləri) Yaradıcılıq-İstehsalat Birliyi yaradılır. Həmin illərdə "Azanfilm” adı altında 19 cizgi filmi çəkilib. Bunların arasında "Bir dəfə haradasa...”, "İthaf”, "Oda”, "Səkrəyin dastanı” kimi ekran əsərləri var.

Amma müşahidələrə əsasən söyləmək olar ki, hazırda televiziya kanallarında yeni milli animasiya filmlərinin nümayişi yox dərəcəsindədir...

 

Dövlət hər il bu sahəyə pul ayırır

 

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Əliyev söyləyir ki, hazırda "Azanfilm” dövlət sifarişi ilə çoxlu sayda animasiya filmləri çəkir. Son illərdə konkret olaraq "Ən güclü kimdir”, "Köhnə saat”, "Səmada şəkil”, "Təmiz, natəmiz və biz” kimi bir çox animasiya filmləri çəkilib. Həmçinin azyaşlı uşaqlar üçün "Gəlin birgə öyrənək” adlı maarifləndirici layihə həyata keçirilir, burada uşaqlar rəngləri, saymağı, əlifbanı öyrənirlər: "2012-ci ildə "3 dost” animasiya studiyası Azərbaycanda ilk dəfə "Cırtdan və Təpəgöz” adlı 3D formatında animasiya filmi çəkib. Bu filmin davamı olaraq "Cırtdan və sehirli xalat” filmi də eyni formatda çəkilir. Çəkilişi tamamlanıb təhvil verilən filmlərdən biri də "Azanfilm”də fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə” əsərinin motivləri əsasında çəkilən "Mənim balaca şahzadəm”dir. Sadaladığım bu animasiya filmlərinin internetdə çoxsaylı izləyicisi var. Həmçinin AzTV və İTV-də vaxtaşırı göstərilir. Həmin cizgi filmləri müxtəlif ölkələrdə, məsələn, Almaniya, Yaponiya, Belarusiyada keçirilən bir sıra beynəlxalq animasiya filmləri festivallarında iştirak edib”.

 

"Bizi Hollivudla müqayisə etmək düzgün deyil...”

 

E.Əliyev məlumat verir ki, vaxtaşırı olaraq animasiya ilə bağlı müsabiqələr keçirilir. Gənc animatorlar arasında "Mənim ideyam var” adlı cizgi film müsabiqəsi həyata keçirilib. Həmin gənclərdən seçilən 14 nəfər "Azanfilm”ə cəlb olunub və burada istehsal olunan animasiya filmlərində öz bacarıqlarını nümayiş etdirirlər: "Artıq "Azanfilm”də istedadlı gənc animatorlardan ibarət komanda formalaşıb. Həmin gənclərdən bir çoxu dünyanın müxtəlif ölkələrindəki tanınmış animasiya məktəblərində animasiya təhsili alıblar. Layihədən asılı olaraq dövlət bu sahəyə pul ayırır. Elə il olur ki, 1, elə il də olur ki, 3 yaxşı layihə təqdim olunur və bundan asılı olaraq bu sahəyə pul ayrılır. Animasiya filmlərinin büdcəsi eyni olmur. Dünya animasiyasının keçdiyi uzun bir yol var. Biz də çalışırıq ki, bu sahədə pillə-pillə inkişaf edək. Buna görə də bizi Hollivudla müqayisə etmək düzgün deyil. Baxmayaraq ki, son dövr çəkilən "Mənim balaca şahzadəm” animasiyası məzmun, keyfiyyət, texnika baxımından heç də onlardan geri qalmır...”

 

"TV kanallar çəkdiyimiz animasiyaları almırlar...”

 

Hazırda dünyada animasiya filmlərinin çəkilişlərinə fantastik məbləğlər xərclənir və onlar yalnız azyaşlıların seyr etməsinə hesablanmır. "Minyonlar”, "Madaqaskar”, "Buz dövrü”, "Kunq fu Panda” kimi animasiya filmləri milyonların sevgisini qazanıb. Bunun sayəsində animasiya həm də ən gəlirli sahələrdən birinə çevrilib.

"Azanfilm”in animatoru Mənsur Şəfiyev söyləyir ki, dünyada animasiya filmlərinin bazarı olduğu üçün bu qədər çox və keyfiyyətli animasiyalar çəkə bilirlər. Çünki hazırladıqları animasiyanı sata bilirlər: "Animasiya çəkmək üçün bizə hökumət sifariş verir, amma ayrılan maliyyə yalnız onun çəkilişi üçündür. Filmlər hazır olduqdan sonra isə TV kanallarında göstərilmir. TV kanalları çəkdiyimiz animasiyaları almadığı üçün biz öz məhsulumuzu sata bilmirik. Məsələn, bir müddət əvvəl uşaq proqramları yayımlayan bir kanalla danışdıq. Soruşduq ki, siz nümayiş etdirdiyiniz bu əcnəbi animasiyaları ödəniş edib alırsınız? Dedilər ki, yox, onları Youtub kanalından götürürük və bəzilərini tərcümə edir, bəzilərini isə olduğu kimi yayımlayırıq. Qeyd edim ki, tərcümələr də aşağı səviyyədədir. Buna görə də biz bu vəziyyətdə animasiya sahəsində yaranan milli boşluğu heç cür doldura bilmirik. Türkiyədə illik olaraq 300 saatdan çox, Rusiyada isə təxminən 1000 saatdan çox animasiya çəkirlər. Onların uşaqları isə ancaq öz milli cizgi filmlərinə baxırlar. Bizdə isə bu rəqəmlər dəqiqələrlə ölçülür. Əgər ildə yarım saat animasiya çəkilərsə, bu, bizim üçün çox sayılır.

Azərbaycanda animasiya çəkilişi üçün tam müasir texniki avadanlıqlar var, son 5 ildir biz bunları 3D formatında çəkirik. Amma bazar olmadığı üçün animatorların da bu sahəyə marağı azdır”.

 

Animator hazırlayan ayrıca fakültə yoxdur

 

Məlumdur ki, tələblərə uyğun animasiya çəkmək üçün müasir avadanlıqlarla yanaşı, peşəkar animatorlara da ehtiyac var. Azərbaycanda isə sırf animator yetişdirən ayrıca fakültə yoxdur.

Azərbaycan Rəssamlıq Akademiyasından aldığımız məlumata əsasən, bu təhsil ocağında animasiya ilə bağlı xüsusi fakültə olmasa da, tələbələrə kurs şəklində belə dərslər verilir.

 

Uşaqlar daha çox xarici dillərdə animasiya izləyirlər

 

Sadalanan səbəblərə görə uşaqlar daha çox başqa dillərdə olan animasiya filmlərinə baxırlar. Bu da onların daha çox başqa xalqların milli dəyərlərini mənimsəməsinə, həmçinin onların tarixini, mədəniyyətini, qəhrəmanlarını öyrənməsinə səbəb olur.

Təbii ki, bu sadalananlar müsbət haldır, amma paralel olaraq öz dəyərlərimizi, qəhrəmanlarımızı əks etdirən animasiyalara baxılması da vacibdir.

 

İkinci valideyn

 

Hazırda animasiya filmləri həm də ikinci valideyn vəzifəsini yerinə yetirir. Bir çox müasir analar uşaqlarla oynamaq, onların verdikləri sualları cavablandırmaq əvəzinə asan çıxış yolu tapıblar. Onlar düşünürlər ki, uşaqlar həyata dair nə varsa animasiya filmlərindən öyrənə bilərlər.

Bəs gün boyu izlənən bu animasiya filmləri uşaqların psixologiyasında hansı izləri buraxır?

Psixoloq Lalə Hüseynova bildirir ki, uşaqlar televiziyada izlədiklərindən yaxşı, ya da pis mənada təsirlənirlər. Buna görə uşaqların yaşı, inkişafı və proqramların məzmunu çox əhəmiyyətlidir. Onlar 2,5 yaşdan etibarən davranışları və şəxsləri təqlid etməyə, televiziyada və ətrafda baş verən hər şeyi təkrar etməyə başlayırlar. Buna görə onlar, xüsusilə şiddət məzmunlu proqramlardan uzaq tutulmalıdır, hətta bu, animasiya filmi olsa belə. Bəzi animasiya filmləri əyləndirici və öyrədici ola bilir. Məsələn, hansısa təbii fəlakətlər mövzusunda məlumat verən və eyni zamanda əyləndirən, həmçinin ailə bağlarının əhəmiyyətini, dostluğun faydasını, çətinlikdə bir-birinə kömək etməyi, heyvan sevgisini aşılayan əyləncəli animasiyalar var. Bu animasiyalar uşaqların şəxsiyyətinin formalaşmasında da əhəmiyyətli rol oynayırlar. Burada onlar humanistlik, paylaşma, özünü ifadə etmə kimi xüsusiyyətlər qazanırlar. Həmçinin bu, uşaqların söz xəzinələrinə yeni sözlər əlavə olunmasını təmin edir və bunu musiqi ilə anladaraq onların bu sahədə də inkişafına müsbət təsir edir: "Sadalanan müsbət təsirləri uşaqda hiss edə bilmək üçün valideynlərin üzərinə çox düşür. Onlar uşağın baxdığı animasiyaları nəzarətdə saxlamalı və təsirini müşahidə etməlidirlər. Animasiya filmi üçün müəyyən bir vaxt ayrılmalı və bu müddət aşılmamalıdır. Proqram bitəndən sonra uşaqla danışmalı, nələr öyrənməsi barədə fikrini soruşmalıdırlar. Həmçinin uşaqların da maraqlanıb soruşduğu bütün suallar uyğun bir üslubla cavablandırılmalıdır”.

 

Şiddətə yönəltmə, hərəkətsizləşdirmə, reallıqdan qopma...

 

Psixoloq vurğulayır ki, hətta faydalı animasiya filmləri belə uşaqlara mütəmadi deyil, ara-sıra nəzarət altında izlədilməlidir. Uşağın gün ərzində ən çox yarım saat tərbiyəvi bir animasiya izləməsi kifayətdir. Əks təqdirdə həmin animasiya filmləri də zərərli ola bilər. Televiziyanın təsiri hər uşaq üzərində eyni deyil: müsbət olduğu kimi, əksinə də ola bilər. Xüsusilə şiddət mövzuları uşaqlarda mənfi təsirlərə səbəb olur və onların bu həssaslığı animasiya filmlərində də nəzərə alınmalıdır. Çünki animasiya filmləri nə qədər təhlükəsiz görünsələr də, zərərli ola bilərlər: "Məsələn, hər seriyasında kimlərləsə savaşan, divardan-divara tullanan, ölüb yenidən dirilən qəhrəmanları olan xeyli animasiya filmləri var və uşaqlar onları həvəslə seyr edirlər. Kənardan baxanda bu, böyüklərə sadəcə əyləncəli kimi görünə bilər, amma uşaqlar üçün belə deyil. Çünki onlar hələ reallıqla xəyal aləmini bir-birindən ayıra bilmirlər və düşünürlər ki, eyni hərəkətləri etsələr onlara da bir şey olmaz”.

Mütəxəssis qeyd edir ki, animasiya filmlərinin mənfi təsirləri şiddətə yönəltmə, hərəkətsizləşdirmə və reallıqdan qopma şəklində ola bilər. Şiddət məzmunlu animasiya izləyən uşaqlar gərgin və aqressiv olur, daha çox dava edirlər. Həmçinin ətrafdakılara qarşı səbirsiz və aqressiv davranırlar. Araşdırmalara əsasən, gündə təxminən 3-4 saat televizora baxan uşaqlarda diqqət əskikliyi, hiperaktivlik daha çox müşahidə edilir.

 

Uşaqları animasiyadan ayırmaq lazım deyil, amma...

 

İnsan zamanın axarını dəyişə bilməz, amma onun istiqamətini elə yönləndirə bilər ki, nəticə öz xeyrinə işləsin...

Animasiya filmləri də istər faydalı, istər zərərli olmasına baxmayaraq bugünkü həyatımızın bir gerçəkliyidir və televizoru söndürməklə uşaqları ondan uzaqlaşdıra bilmərik...

Görünən isə odur ki, uşaqlarımızın ana dilində izləyəcəyi milli animasiyaların çəkilməsinə və uyğun televiziyalarda nümayişinə ehtiyac var. Həmçinin valideynlər uşaqların belə filmlərdən fayda ala bilmələri üçün tərbiyəvi animasiya seçməli, ona sərf olunan zamanı düzgün tənzimləməli, uşaqları daha çox fiziki oyunlara yönəltməlidir. Bütün bunlara riayət olunarsa, animasiyalar da uşaqlar üçün psixoloji və fiziki geriliyə deyil, onların inkişafını stimullaşdıran və əyləndirən bir vasitəyə çevrilər...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-4 avqust.- S.5.