İqtisadi tərəqqi sosial
rifahın təminatıdır
Prezident İlham Əliyevin vətəndaşların
rifahının və yaşayış səviyyəsinin daha da yüksəldilməsi
üçün yürütdüyü
siyasət bəhrəsini verir
2019-cu ilin ötən dövrünün iqtisadi nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan dövləti qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Birinci yarımillikdə iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatının 13 faiz artması göstərir ki, həyata keçirilən islahatlar uğurlu nəticə verir və bütövlükdə Prezident İlham Əliyevin inkişaf strategiyası praktikada özünü tam doğruldur.
Azərbaycanda istənilən sahədə yürüdülən siyasətin, həyata keçirilən islahatların mərkəzində məhz insan amili dayanır. İlk növbədə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, yaşayış tərzinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləridir. Bu baxımdan ötən 16 ilin sosial inkişaf dinamikasına nəsər salsaq, davamlı şəkildə cəmiyyətin bütün üzvlərinin rifahının yüksəldilməsi yönündə mühüm qərarların qəbul olunduğunu, əsaslı tədbirlərin həyata keçirildiyini görərik. Xüsusilə qeyd edilməlidir ki, bu dövrdə ardıcıl şəkildə pensiyaların və əməkhaqlarının artırılması, o cümlədən aztəminatlı ailələrin sosial müdafiəsinə xüsusi diqqət yetirilməsi respublikada reallaşdırılan sosial siyasət kursunun əsasını təşkil edir. Bütün bunların nəticəsi olaraq yoxsulluq səviyyəsi dəfələrlə azalaraq 5 faizə enib. Ən əsası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Təsadüfi deyil ki, hazırda işsizlik ölkədə təxminən 5 faiz səviyyəsindədir. Bu cür təqdirəlayiq statistika göstərir ki, ölkənin inkişaf konsepsiyasının əsas tərkib hissələrindən biri olan sosial siyasət kursu uğurla reallaşır və əhalinin sosial müdafiəsi ilə bağlı tarixi nailiyyətlər əldə edilməkdədir.
Xatırladaq ki, hələ ötən ilin prezident seçkilərindəki qələbədən sonra keçirilən andiçmə mərasimində Prezident ciddi islahatların aparılacağını bəyan etmişdi. Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını bildirmişdi. Artıq keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında geniş işlər aparılmışdı.
Bu ilin fevral ayında cənab İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən sosial paketi elan etdi. Bu paketdə minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərin həlli, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlər öz əksini tapdı.
Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə rəhbərinin bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən vətəndaşların sosial təminatını əhəmiyyətli dərəcədə artırdı. Bu ilin fevralında keçirdiyi müşavirədə Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı addımların bundan sonra da atılacağını bəyan etdi. İyun ayının 18-də isə dövlət başçısı imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə, sosial sahədə bu ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verildi.
Birinci sosial islahat paketi tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. Minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Əmək pensiyasının minimum məbləği isə 160 manat məbləğində müəyyən olundu.
İkinci sosial paketin icrası nəticəsində isə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılacaq. Artımlar nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı üzrə isə ikinci göstərici olacaq. Ümumilikdə isə hər iki paket 4,2 milyon nəfər vətəndaşı əhatə edəcək.
İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə sosial islahatlara münasibət bildirən Prezident İlham Əliyev əlavə gəlirlərin sosial sahəyə yönəldildiyini bildirərək sosial sahənin prioritet olduğunu bir daha bəyan etdi: "Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Bu gün Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub və reallıq göstərir ki, qarşıdakı dövrdə iqtisadi artım daha sürətli olacaq. Çünki cənab Prezidentin başlatdığı yeni islahatlar öz bəhrəsini verir və xüsusən qeyri-neft sənayesində əhəmiyyətli artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizin təşəbbüskarı olduğu yeni enerji layihələri artıq işə düşüb və Azərbaycan qazı tezliklə Avropa bazarlarına çıxarılacaq. Həmçinin respublikamızın tranzit imkanları əhəmiyyətli dərəcədə çoxalıb. Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızın gəlirləri yaxın dövrdə daha da artacaq, ölkəyə valyuta axını güclənəcək. Bu isə öz növbəsində ölkənin iqtisadi inkişafına və vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına impuls verəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 6 avqust.- S.1; 4.