Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub

 

Ulu Öndərin 1998-ci il avqustun 6-da imzaladığı sərəncamla ölkəmizdə mətbuat üzərində senzura ləğv edilmişdir

 

Dövlət quruculuğunun dünyəvi, hüquqidemokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şərait yaradılıb.

Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün daim lazımi tədbirləri görüb. Bu gün respublikamızda ən müasir tələblərə və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hansı ki, bu uğurların başlanğıcı 26 il əvvələ gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmağına baxmayaraq, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Həmin vaxta qədər hakimiyyətdə olan iqtidarlar bu istiqamətdə nəinki bir görmüş, əksinə, totalitar ənənələri daha da möhkəmləndirmişdilər. Hətta 1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. Həmçinin 15 aprel 1993-cü il tarixli sərəncamla bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilmişdi.

Bu sərəncamla hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmışdı.

Bütövlükdə, AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə söz azadlığı və mətbuat sahəsində vəziyyət daha da pisləşmişdi. Nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükə-sizliyinə də təminat yox idi. Jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi.

Heydər Əliyevin 1993-cü ildə başlatdığı dövlət quruculuğu ölkənin həm də demokratik əsaslarla inkişafını təmin etdi. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Azad sözünfikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Heydər Əliyevin başlatdığı demokratik islahatların nəticəsində azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, həmçinin mətbuatın dövlət tənzimlənməsindən imtina olundu.

Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Bu fərmanla, həmçinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman, eləcə də informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bütün bunlar "Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi.

Məhz bu fərmanda mətbuatın və jurnalistlərin qarşısında dayanan vəzifələrə də diqqət yetirildi: "Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi, yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqietik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır”.

Ulu Öndər Heydər Əliyevin mətbuatın inkişafı sahəsində atdığı addımların nəticəsi kimi KİV-in maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi. Bundan başqa, ayrı-ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər. Söz azadlığına və müstəqil mətbuatın inkişafına əvvəlki hakimiyyətin dövründən qalmış əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərlə yanaşı, Ulu Öndər Heydər Əliyev mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaratdı. Buna görə də Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Mətbuatın demokratik dəyərlər əsasında inkişafı bu gün ölkədə həyata keçirilən siyasətin göstəricilərindən biridir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. İndiyədək bir neçə dəfə milli mətbuatımızın yubileyinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, bu münasibətlə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, mətbuat işçilərinə mənzillərin verilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını nümayiş etdirir.

Bu gün Azərbaycan sürətlə inkişaf edən, regionun lideri, dünyada isə söz sahibi olan dövlətdir. Belə bir vaxtda KİV-in də üzərinə böyük vəzifələr düşür. KİV təmsil etdiyi siyasi qrupdan asılı olmayaraq həmişə milli maraqlardan çıxış etməlidir. Bu barədə Prezident İlham Əliyev deyib: "Bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır. Ona görə özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddiuğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən, ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır”.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirir, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində mühüm addımlar atır. Azərbaycan jurnalistləri də haqlı olaraq cənab Prezidenti özlərinin dostu hesab edir. Milli mətbuat bundan sonra da sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət və xalq qarşısındakı sosial məsuliyyətini unutmayacaq, milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına hörmət prinsipini daim rəhbər tutacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 6 avqust.- S.1; 3.