Ümumi tarixçilikdə ölkə maraqları

 

Azərbaycan tarixşünaslıq elminin mühüm istiqamətlərindən biri kimi qəbul olunan ümumi tarix üzrə mövcud tədqiqatlarda daha çox Şərq, bəzi hallarda Qərb ölkələrinin tarixinin mühüm hadisələrinin və ya şəxsiyyətlərinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir.

Dünyada gedən proseslərdən baş çıxarmadan Vətən tarixinin hadisələri və şəxsiyyətlərini qiymətləndirmək çətin olduğu üçün bu tip tədqiqatların da özünəməxsus əhəmiyyəti vardır. Lakin ümumi tarix tədqiqatlarında ölkə maraqlarının da bərabərhüquqlu yer tutması, müəyyən çəkiyə malik olması bu sahədəki araşdırmaların Vətən tarixinin hadisələri və faktlarının aydınlaşdırılmasına, dəqiqləşdirilməsinə və qiymətləndirilməsinə daha çox xidmət etməsinə şərait yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nərgiz Axundovanın tarixçilik fəaliyyətində ümumi tarixə bağlı problemlərə ölkə maraqlarından yanaşmaq həmişə diqqət mərkəzində olmuşdur. O, müsəlman Şərqi ölkələrinin tarixini tədqiq edərkən mövzunu dərindən öyrənməklə yanaşı, həm də ümumi şəkildə türklərin tarixi, xüsusi halda isə ölkə maraqları ilə əlaqəli araşdırmalara meyilli olmuşdur. Bu da öz növbəsində ümumi tarixi proseslərdə türk xalqlarının, o cümlədən də Azərbaycan xalqının iştirakı, xidmətləri, yeri, mövqeyi, ən azından izləri haqqında müəyyən təsəvvürlərin formalaşdırılmasına imkan yaratmışdır. Nərgiz Axundovanın "Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu” mövzusunda müdafiə etdiyi tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasında tədqiqata cəlb olunmuş ölkədə yaşayan islamı qəbul etmiş bütün xalqların və etnik qrupların, o cümlədən həmin ölkənin vətəndaşları olan türklərin də mövqeyi müəyyən dərəcədə işıqlandırılmışdır. Doğrudur, dissertasiyanın müdafiə olunduğu 1986-cı ildə ideoloji xarakterli hakim sovet ideologiyası tədqiqat işində islam faktorundan və türk amilindən geniş bəhs etməyə imkan verməmişdir.

Bununla belə, doktorantın araşdırma prosesində bu faktorların tədqiqatda müəyyən yer tutmasında maraqlı olduğu nəzərə çarpmışdır. Namizədlik dissertasiyasındakı bu meyil Nərgiz Axundovanın sonrakı tədqiqatlarında şərqşünaslıqdan türkologiyaya və ölkə maraqlarına doğru baxışların bünövrəsinə çevrilmiş, gələcək araşdırmalar üçün zəmin hazırlamışdır.

Sonrakı dövrlərdə Nərgiz Axundova "Abbasilər xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu (VIII-X əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində çalışarkən paralel olaraq şərqşünaslıq və türkologiya istiqamətlərində araşdırmalar aparmışdır. Mövzu Şərq tarixində xüsusi yer tutan Abbasilər sülaləsinin hakimiyyətinə həsr olunduğu üçün tədqiqat işində ərəbşünaslıq aparıcı yer tutmuşdur. Doktorant xilafətdə hakimiyyət çəkişmələrindən vahid idarəçilik sisteminin yaradılmasına nail olmaqda Abbasilər sülaləsinin rolunu elmi cəhətdən əsaslandırmışdır. Bununla belə, tədqiqat işində xilafətin bu mərhələsində türklərin siyasi hakimiyyətdəki rolu məsələsi ön mövqeyə çəkilmişdir.

Azərbaycan elmində ərəb xilafətinin VIII-X əsrlər dövründə yaranmış Azərbaycan ədəbiyyatına dair sanballı tədqiqatlar mövcuddur. Mərhum şərqşünas alim, professor Malik Mahmudov həmin dövrdə yaşayıb-yaratmış ərəbdilli Azərbaycan "məvali şairləri” haqqında qiymətli elmi irs qoyub getmişdir. Rus şərqşünaslıq elmində də akademik İqnati Kraçkovski vahid müsəlman mədəniyyətinin formalaşdırılmasında ərəblərdən başqa müxtəlif xalqların yaxından iştirakı və xidmətlərini elmi cəhətdən dərindən araşdırıb əsaslandırmışdır. Həmin dövrün tarixi proseslərinə akademik Ziya Bünyadov və akademik Nailə Vəlixanlı tərəfindən də mənbələr əsasında aydınlıq gətirilmişdir. Nərgiz Axundova isə vahid müsəlman idarəçilik sisteminin yaradılmasında aparıcı rola malik olan Abbasilər sülaləsinin hakimiyyətinin hərbi-siyasi strukturunu tədqiqat obyekti kimi seçməklə elmdə ümumi mənzərəsi canlandırılmış tarixi dövrün konkret problem üzrə gedişatını aydınlaşdırmağa nail ola bilmişdir. Alimin mənbələr əsasında təqdim etdiyi faktlar Abbasilər sülaləsinin idarəçilik sistemi, hərbi-siyasi strukturu, aparıcı simaları və onların arasında türklərin rolu haqqında aydın təsəvvürlərin yaradılmasına imkan verir. Ona görə Nərgiz Axundovanın 2007-ci ildə "Abbasilər xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası və müəllifin nəşr etdirdiyi eyniadlı monoqrafiya yeni olmaqla bərabər, şərqşünaslıq baxımından olduğu kimi, türkologiya cəhətdən də əhəmiyyətlidir.

Ümumiyyətlə, ərəb xilafətinin idarəçilik sistemində türkdilli xalqların iştirak etməsi nəticəsində baş verən türk-islam inteqrasiyası prosesləri müsəlman sivilizasiyasının yaranmasında əsas rol oynamışdır ki, Nərgiz Axundovanın da araşdırmaları həmin prosesin ayrı-ayrı mühüm detallarına işıq salmaqla vahid mənzərənin canlandırılmasına xidmət etmişdir. Doğrudan da ümumi şəkildə türklər kimi təqdim olunan bu etnosun içərisində digər türk xalqları ilə bir sırada azərbaycanlıların da özünəməxsus rolu vardır. Fikrimcə, Azərbaycan humanitar və ictimai elmləri dövlət müstəqilliyimizin verdiyi geniş imkanlardan istifadə edərək məsələnin bu cəhətini, yəni vahid müsəlman sivilizasiyasının yaradılmasında və inkişafında konkret olaraq Azərbaycanın, azərbaycanlıların rolunu və xidmətlərini daha dərindən araşdırmalıdır. Bu cəhətdən Xürrəmilər hərəkatına və Renessans mədəniyyəti hadisələrinə azərbaycançılıq baxımından yenidən qayıtmağa ehtiyac var.

Nərgiz Axundovanın həyatının böyük bir mərhələsi Bakı Dövlət Universiteti ilə bağlı olmuş, o, bu ali təhsil ocağında 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir. Nərgiz Axundova müxtəlif illərdə 4 monoqrafiya, 2 dərs vəsaiti, yüzdən çox məqalə çap etdirmiş, doktorant və dissertantlara rəhbərlik etmişdir.

Artıq 2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Nərgiz Axundova ümumi tarixçilik tədqiqatlarında ölkə faktorunun araşdırılmasına üstünlük verilməsi proseslərinin içərisindədir. O, Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi kimi ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın inkişaf etdirilməsi yollarında səy və bacarığını əsirgəmir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin və Tarix İnstitutu Dissertasiya Şurasının üzvü kimi də səmərəli fəaliyyət göstərir.

Akademik Nərgiz Axundovaya bundan sonra da Azərbaycan elminin inkişafı yollarında və şəxsi həyatında uğurlar arzulayıram.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, akademik

 

Azərbaycan.- 2019.- 6 avqust.- S.4.