Yeni rekord - 49
milyard dollar
Prezident
İlham Əliyevin iqtisadi islahatları sayəsində son 6
ayda Azərbaycanın valyuta ehtiyatları 4 milyard dollar
artıb
Azərbaycanın valyuta
ehtiyatları 49 milyard dollara çatıb. Həyata
keçirilən beynəlxalq layihələr, yaradılan əlverişli
biznes mühiti, iqtisadiyyata yatırılan daxili və xarici
investisiyalar ölkəmizə həm iqtisadi, həm də
siyasi dividendlər qazandırmaqdadır. İlin 6 ayında
valyuta ehtiyatlarının 4 milyard dollar artması həqiqətən
də böyük uğurdur.
Prezident İlham Əliyevin iyulun
31-də sosial-iqtisadi sahə üzrə keçirilən
müşavirədə səsləndirdiyi fikirlər də təsdiq
edir ki, Azərbaycan növbəti inkişaf mərhələsinə
daxil olub. 49 milyardlıq valyuta ehtiyatlarını böyük
sərvət hesab edən dövlət başçısı
bu vəsaitdən hər zaman qənaətlə istifadə
edildiyini vurğuladı. Məhz bunun sayəsində Azərbaycan
böhranlı illərdə, neftin qiyməti aşağı
olan dövrdə də öz valyuta resurslarını
artırıb.
Son 5 ilin statistik göstəricisi də
sübut edir ki, Azərbaycan hər ötən il öz valyuta
ehtiyatlarını artıra bilib:
- 2015-ci il - 37 milyard;
- 2016-cı il - 39 milyard;
- 2017-ci il - 41 milyard;
- 2018-ci il - 45 milyard;
- 2019-cu il (6 ayda) - 49 milyard dollar
Prezident onu da qeyd etdi ki, hökumət
hər il valyuta ehtiyatlarını artırmaqla yanaşı,
xarici dövlət borcunu kifayət qədər
aşağı sala bilib. Bir il ərzində Azərbaycanın
xarici borcu 4 faiz aşağı düşüb və təxminən
19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən
gözəl göstəricilərdən biri hesab olunur.
Çünki bəzi ölkələrdə dövlətin
xarici borcu ümumi daxili məhsuldan da artıq, yaxud da ona bərabər
olur.
Dövlət
başçısı bu sahədə çox diqqətli
olmağın vacibliyini də vurğuladı və bildirdi ki,
yalnız strateji əhəmiyyət daşıyan layihələrə
kreditlərin alınması mümkündür. Dövlət
öz daxili imkanlarından səmərəli istifadə etməlidir.
Altı ay ərzində Azərbaycanın
valyuta ehtiyatlarının 4 milyard dollar artması onu göstərir
ki, artıq iqtisadi islahatlar real nəticələr verir. Bu nəticələr
ilk növbədə ixracyönümlü iqtisadiyyatda öz əksini
tapır.
Son 6 ay ərzində Azərbaycanın
ixracı 9,98 milyard dollar təşkil edib. Bu müddətdə
qeyri-neft sektoru üzrə 979 milyon dollar dəyərində
ixrac reallaşdırılıb. 2017-ci ilin yanvar ayından
2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində)
dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin
dəyəri 1,292,2 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan
iqtisadiyyatına 14,6 milyard dollar həcmində investisiya
yatırılmışdı. Bu ilin 6 ayında isə ölkə
iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub.
İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və
növbəti 3 il üzrə ortamüddətli dövr
üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri
hazırlanıb. Əsas kapitala investisiya qoyuluşu 17,9 milyard
dollar, daxili sərmayələrin tutumunun 4 milyard dollar təşkil
edəcəyi proqnozlaşdırılır.
6 ayda ticarət dövriyyəsi də
kifayət qədər - 20 faizdən çox artıb.
Qeyri-neft ixracı 15 faiz yüksəlib. Bu sərmayənin
böyük hissəsi qeyri-neft sektoruna yatırılıb.
Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət
Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan
çox artıb. Təkcə bu ilin 6 ayında iqtisadi və
sosial sahələrin inkişafı üçün
bütün maliyyə mənbələrindən əsas
kapitala yönəldilən 6 milyon manatlıq vəsait deməyə
əsas verir ki, cari ildə xarici və yerli investorlar tərəfindən
ölkə iqtisadiyyatına kifayət qədər sərmayə
yatırılacaq.
Məhz aparılan islahatlar nəticəsində
ölkədə maliyyə sabitliyi və iqtisadi artım
yaranıb, bir çox sahələrdə, xüsusilə kənd
təsərrüfatı, qeyri-neft sənayesi və digər
sektorlarda əhəmiyyətli irəliləyiş əldə
edilib. Dövlət başçısı tərəfindən
ölkədə sahibkarlığa dəstək məqsədilə
biznesin bütün sahələri, xüsusilə biznesə
başlama, tikinti üçün icazələrin
alınması, elektrik təchizatı şəbəkələrinə
qoşulma, maliyyə mənbələrinə
çıxış imkanlarının artırılması,
vergilərin ödənilməsi, əmlakın qeydiyyatı,
xarici ticarətin aparılması üzrə əhəmiyyətli
irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında
qarşılıqlı inam artıb, bu münasibətlər
gələcək iqtisadi inkişafın təməl prinsipinə
çevrilib.
Hər il Azərbaycan
iqtisadiyyatı güclənir, iqtisadi blokda qeyri-neft sektorunun həcmi
artır, sosial sahə prioritet sahəyə çevrilir.
Ölkəmizin inkişafı
dünya statistikasında da özünü göstərir.
ABŞ-ın tanınmış "The Heritage Foundation”
analitik mərkəzi tərəfindən hazırlanan
"İqtisadi Azadlıq İndeksi-2019”da Azərbaycanın ən
böyük irəliləyiş edən ölkə kimi təqdim
olunması bunun əyani təsdiqidir. Son bir neçə ildə
hazırlanan digər beynəlxalq hesabatlarda da bunu görə
bilərik. Məsələn, "Doing Business 2018”
hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionu
üzrə ən islahatçı 3 ölkədən biri
sayılıb. "Doing Business 2019” hesabatında isə Azərbaycan
dünyanın 10 ən islahatçı dövləti
siyahısına daxil edilərək ən çox islahat aparan
ölkə elan olundu. Yeni hesabatda Azərbaycanın mövqeyi
2017-ci illə müqayisədə 32 pillə irəliləyərək
190 ölkə arasında 25-ci yerdə qərarlaşdı.
Bütün bunlar cənab İlham
Əliyevin məqsədyönlü, dərin və
köklü iqtisadi islahatlarına verilən beynəlxalq qiymətdir.
Əksər beynəlxalq reytinq agentlikləri tərəfindən
ölkə iqtisadiyyatının real vəziyyəti
haqqında müsbət mövqe nümayiş etdirməsi təsadüfi
deyil. Bütün hesabatlarda Azərbaycanın adının
yüksəlməsini müşahidə edirik. Azərbaycanın
iqtisadi sahədə qazandığı bu nailiyyətlər,
eləcə də ölkədə həyata keçirilən
liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ
iqtisadi sistemin formalaşdırılması istiqamətində
atılan ardıcıl və qətiyyətli addımlar
dünyanın aparıcı iqtisadi və maliyyə
institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq
səviyyəsini tədqiq edən fond və mərkəzlərin
diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev də
sosial-iqtisadi sahə üzrə keçirilən
müşavirədə qarşıdakı hədəfləri
bəyan edərkən vurğuladı ki, Azərbaycan
innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə
inkişaf etməlidir. Bütün lazımi tədbirlər
görülüb və təsadüfi deyil ki, bunu beynəlxalq
maliyyə qurumları qeyd edir. Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində
aparılan işlər göstərir ki, bu gün iqtisadi sahədə
Azərbaycan dünya miqyasında uğurla inkişaf edən
ölkələr sırasındadır.
Həyata keçirilən məqsədyönlü
sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik
inkişaf yolunda irəliləyir. Ölkə
iqtisadiyyatının inkişaf tempini əks etdirən rəqəmlər,
statistik göstəricilər də deməyə əsas verir
ki, 2019-cu ildə qarşıya qoyulan bütün vəzifələr
uğurla icra ediləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2019.- 7 avqust.- S.1; 3.