Hədəf dəyişmir
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi iqtisadi siyasətin
əsas məqsədidir
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd olunan əsas məqam ondan ibarət oldu ki, bütün iqtisadi islahatların, reallaşan nəhəng layihələrin, əldə edilən gəlirlərin və maliyyə resurslarının böyük bir qisminin sosial sahəyə, insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilməsi bundan sonra da davam edəcək.
Dövlət başçısı müşavirədəki çıxışında bu ilin əvvəlində 4 milyondan çox insanı əhatə edən çox böyük sosial paketlərin təsdiqlənməsindən, minimum əməkhaqqı və pensiyaların əhəmiyyətli dərəcədə qaldırılmasından danışdı və məxsusi olaraq vurğuladı: "Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.
Prezident
İlham Əliyev hələ ilin əvvəlində bəyan etmişdi ki, bu il sosial
inkişafla bağlı çox
fərqli bir il olacaq. Elə də oldu. Prezident iki
böyük sosial islahat paketi təsdiq etdi. Birinci paket illik
1,6 milyard manatlıq maliyyə tələbi ilə 3 milyon insanı əhatə etdi və qısa müddət ərzində
tam şəkildə icra
olundu. Ardınca ikinci sosial paket qəbul edildi və o, sentyabr ayının 1-dən
etibarən icra olunmağa başlanacaq.
Artıq minimum əməkhaqqının
250 manata çatdırılması,
dövlət sektorunda
çalışanlardan 400 min nəfərin əməkhaqlarının
artırılması, oktyabrın
1-dən etibarən 750 min pensiyaçının
təqaüdünün artırılması
ilə bağlı bütün hazırlıq
işləri yekunlaşmışdır.
Beləliklə, hər
iki paketin ümumi dəyəri cari il üçün
2,3 milyard, növbəti il üçün 3 milyard manat olmaqla 4,2 milyon vətəndaşı
əhatə edir.
Azərbaycanda MDB məkanında alıcılıq
qabiliyyəti üzrə
minimum pensiya birinci,
minimum əməkhaqqı ikinci
göstərici olacaqdır. Üstəlik,
müavinət və təqaüdlərin artırılması
əlilliyi olan 300 min şəxsə, 500 min məcburi
köçkünə, 100 min tələbə və gəncə şamil edilir. Yəni bu artımlar
əhalinin sosial cəhətdən ən həssas təbəqəsinə
aiddir və onların gəlirlərini
çox əhəmiyyətli
şəkildə artırır.
Bunlardan əlavə, qanunvericilikdə
aparılan islahatlar sosial sığorta amnistiyası elan edilməsinə imkan yaratmışdır. Bu hesaba
2006-cı ildən 2018-ci ilədək
sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə
25 il sığorta
stajı tətbiq olunması qərara alınmışdır.
Özünüməşğulluq sahəsində görülən
işlər də minlərlə ailəyə
öz güzəranlarını
təmin etməyə
imkan yaradır. Ötən
il bu
proqram 6 min ailəni əhatə etmişdir. Bir sözlə, 6 min ailə mikro və kiçik
biznesə başlaması
üçün aktivlərlə
təmin olunmuşdur.
Bu il isə
İşsizlikdən Sığorta
Fondunun büdcəsinə
müvafiq dəyişiklik
edilməsi hesabına
əlavə vəsaitin
cəlb olunması nəticəsində 10 min ailənin
Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Artıq cari
ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Müraciətlərə baxılarkən əlilliyi
olan şəxslərə,
məcburi köçkünlərə,
şəhid ailələrinə
və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir.
Bu layihəyə
əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub və 1000-ə yaxın ailə məhz bunun sayəsində öz kiçik biznesinə başlayacaq. Sentyabr ayında
isə Dünya Bankı (DB) layihə ilə bağlı təklifini Azərbaycan hökumətinə təqdim
edəcək və DB
də gələn ildən bu layihəyə
qoşulacaq. Onu da qeyd etmək yerinə düşərdi
ki, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın
genişləndirilməsi şəxsən
dövlət başçısı
tərəfindən qaldırılan
məsələdir.
Məlum olduğu
kimi, may ayında Bakıda Beynəlxalq Sosial Təminat Agentliyinin Avropa Forumu keçirilmiş
və 55 ölkənin
sosial təminat agentliklərinin rəhbərləri
DOST mərkəzini ziyarət
etmişlər. Qonaqlar bu
yeni qurumun fəaliyyətini çox
yüksək qiymətləndirmişlər.
Həqiqətən, DOST mərkəzi qısa müddətdə çox böyük rəğbət qazanmışdır. Bunu təxminən iki ay ərzində mərkəzə 20 min vətəndaşın müraciət etməsi də təsdiqləyir. Məlumat üçün bildirək ki, DOST-da göstərilən xidmətlərin sayı 126-dır. Yaxın zamanlarda daha 3 mərkəzin açılması üçün işlər görülür və yaxın müddət ərzində onlar da açılacaq. Bununla Bakının 80 faizi DOST-un xidmətləri ilə əhatə olunacaq. Eyni zamanda regionlarda DOST mərkəzlərinin açılmasına start veriləcək. Beləliklə, DOST mərkəzi Prezidentin növbəti təşəbbüslərindən biri kimi formalaşaraq Azərbaycanın brendinə çevriləcəkdir.
Sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş son müşavirədə dövlət başçısı bir daha vurğulamışdır ki, sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olacaq: "Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən iki dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2019.- 7 avqust.- S.1- 2.