Qoşulmama Hərəkatının Bakı
Zirvə Görüşü: yenidənyüklənmə
şansı
Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi edəcək. Təşkilatın miqyası, onun siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanları nəzərə alınmaqla bu hadisənin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Bu Zirvə Görüşü müstəqil Azərbaycanın tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Politoloqların və ekspertlərin diqqət yetirdikləri daha bir mühüm məqam ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında Avropa qitəsi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul edəcək.
Zərurətdən yaranan birlik
Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsini birləşdirir. Hərbi siyasi bloklarda iştirakdan imtina, xalqların müstəqillik və hüquq bərabərliyi prinsipləri əsasında dinc yanaşı yaşaması bu ölkələrin xarici siyasət kursunun əsası hesab edilir. Təşkilat 1955-ci ildə Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis edilib. O vaxt gənc dövlətlər postmüstəmləkə asılılığından azad və müasir iqtisadiyyat qurmaq imkanını təmin edən inkişaf yolunu, daha ədalətli və optimal beynəlxalq münasibətlər sisteminin qurulması yollarını axtarırdılar. Qoşulmama Hərəkatının banilərindən biri, 1945-1967-ci illərdə İndoneziyanın Prezidenti olmuş Əhməd Sukarnonun o vaxt qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının yaradılmasının əsası coğrafi, irqi və dini birlik deyil, "zərurətdən yaranan birlik” idi. Müharibəsiz dünyaya ehtiyac vardı, çünki Qoşulmama Hərəkatı soyuq müharibə, birinin mərkəzi SSRİ, digərinin mərkəzi ABŞ olan iki blokun geosiyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurması dövründə müəyyən mənada çəkindirici amil kimi formalaşmışdı. İqtisadi və sosial tərəqqiyə, inkişaf üçün ədalətli və bərabərhüquqlu şəraitə ehtiyac vardı.
Bandunq Konfransında qəbul edilmiş Ümumi sülhə və əməkdaşlığa dəstək haqqında Bəyannamədə ölkələrin dinc yanaşı yaşamasının və əməkdaşlığının on prinsipi şərh edilmişdi: əsas insan hüquqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət; bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət; bütün irqlərin hüquq bərabərliyinin, bütün böyük və kiçik millətlərin bərabərliyinin tanınması; başqa ölkəyə hərbi müdaxilədən və onun daxili işlərinə qarışmaqdan çəkinmə; BMT Nizamnaməsinə müvafiq olaraq hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət; kollektiv müdafiə barədə sazişlərdən böyük dövlətlərdən hər hansı birinin şəxsi maraqları üçün istifadə edilməsindən çəkinmə; hər hansı ölkənin başqa ölkələrə təzyiq göstərməkdən çəkinməsi; hər hansı ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz və ya güc tətbiqetmə aktlarından, yaxud bu cür təhdidlərdən çəkinmə; bütün beynəlxalq mübahisələrin dinc vasitələrlə nizamlanması; qarşılıqlı maraqlara və əməkdaşlığa yardım; ədalətə və beynəlxalq öhdəliklərə hörmət.
Bu prinsiplər 1961-ci il Belqrad Konfransının Bəyannaməsində də öz əksini tapıb. Qoşulmama Hərəkatının rəsmi tarixi həmin konfransdan başlanır. Həmin vaxt Qoşulmama Hərəkatının üzvü olan 25 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə qəbul edilmiş sənəddə Hərəkatın baza prinsipləri şərh edilib: beynəlxalq münasibətlərdə diktatın, hegemonluğun və ekspansiyanın qəbul edilməməsi; dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi; ədalətə və hüquq bərabərliyinə əsaslanan yeni iqtisadi qaydanın formalaşması uğrunda mübarizə. O vaxtdan dünyada çox şey dəyişib, lakin zənnimcə, göstərilən prinsiplər bu gün də öz aktuallığını itirməyib.
Dünyanın üçdə ikisi
Bu gün Yer kürəsi əhalisinin təqribən 55 faizi Qoşulmama Hərəkatı ölkələrində yaşayır. Dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxu bu dövlətlərin ərazisində yerləşir. Onların çox böyük insan ehtiyatları və təbii resursları var. Mübahisəsiz faktdır ki, bütün bu potensialdan səmərəli və ağlabatan şəkildə istifadə edilsə, o, dünyada baş verən proseslərə təsir göstərməyə qabil olan qüdrətli siyasi qüvvəyə çevrilə bilər.
Azərbaycan nisbətən yaxın vaxtda - 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Cəmi səkkiz ildən sonra həmin təşkilatın bu qədər mühüm, dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirinə ölkəmizin evsahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun etirafı deməkdir.
Son illərdə gedən proseslərə nəzər salsaq, prinsip etibarilə tam qətiyyətlə demək olar ki, Qoşulmama Hərəkatının üzvü olan yüzdən çox ölkənin dövlət və hökumət başçılarının görüş yeri kimi məhz Bakının seçilməsi Prezident İlham Əliyev başda olmaqla ölkə rəhbərliyinin yürütdüyü ölçülüb-biçilmiş və tarazlaşdırılmış, Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasətin, respublikanın bütün sahələrdə qazandığı sanballı uğurların məntiqi nəticəsidir.
Qoşulmama Hərəkatının Zirvə Görüşünün məhz Azərbaycanda keçirilməsini şərtləndirən amillər sırasında aşağıdakıları göstərmək olar:
- ölkəmiz bu təşkilatın prinsiplərini bütünlüklə dəstəkləyir və onlara şərikdir, onlara sadiq olduğunu nümayiş etdirir;
- rəsmi Bakı dünyanın əsas güc mərkəzlərindən bərabər məsafədə olmağı təmin edən müstəqil siyasət yürüdür, bütün ölkələrlə (Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla) xeyirxahlığa, praqmatizmə, qarşılıqlı faydaya əsaslanan yaxşı münasibətlər saxlayır, dəfələrlə sübut edib ki, heç bir kənar qüvvə öz iradəsini Azərbaycana zorla qəbul etdirə bilməz;
- Azərbaycan Cənubi Qafqazın şəksiz iqtisadi lideridir, regionun iqtisadiyyatının 80 faizdən çoxu onun payına düşür, o, həm də regionun siyasi mərkəzidir;
- Azərbaycan beynəlxalq münasibətlərin fəal və hörmət qazanmış aktorudur. Bunu belə bir fakt da sübut edir ki, 2011-ci ildə ölkəmiz 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ondan əvvəl postsovet respublikaları arasında yalnız Ukrayna bu şərəfə layiq görülüb. Yeri gəlmişkən, Azərbaycanın 155 ölkənin səsini toplamaqla Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının iştirakçıları olan ölkələrin dəstəyi də mühüm rol oynayıb.
Bu postulatın daha bir təsdiqi ondan ibarətdir ki, son üç ildə Azərbaycan mütəmadi olaraq Rusiya və NATO-nun hərbi rəhbərliyinin görüşləri keçirilən yer olur, bu görüşlərdə dünyanın təhlükəsizliyinin mühüm problemləri həll edilir. Zənnimcə, bu faktın əhəmiyyəti üzərində ətraflı dayanmağa ehtiyac yoxdur. Bəli, bu halda Azərbaycan həmin görüş üçün yalnız məkan təqdim edir, lakin əgər bizim ölkəmiz xüsusi beynəlxalq etimad qazanmış olmasaydı, heç kəs həmin görüşləri burada keçirməzdi. Dünyada 200-ə yaxın ölkə var, lakin Moskva və Brüssel məhz Azərbaycanı seçir. Zənnimcə, bu barədə düşünməyə dəyər.
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir, iri siyasi, mədəni-humanitar, idman tədbirlərinin təşkili və keçirilməsi sahəsində sanballı təcrübə qazanıb.
Azərbaycanın prioritetləri
Qoşulmama Hərəkatında iştirakın Azərbaycana verdiyi xarici siyasət dividendlərindən danışmalı olsaq, Prezident İlham Əliyevin qarşıdakı Zirvə Görüşü ilə əlaqədar 2019-cu il 11 fevral tarixli sərəncamında dəqiq ifadə edildiyi kimi, bu iştirak ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsi, müxtəlif dövlətlərlə, o cümlədən Latın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün əlverişli şərait yaradıb.
Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün lap əvvəlindən bu təşkilat respublikamızın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı surətdə dəstəklədiyini bildirib, qəbul edilmiş bütün sənədlərdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz bu prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt cari ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının Venesuelanın paytaxtı Karakasda keçirilmiş iclasında qəbul olunmuş yekun sənəddə də aydın şəkildə təsdiq edilib. Həmin sənəddə Azərbaycanın mövqeyini dəstəkləyən ayrıca bir bənddə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş müvafiq qətnamələrə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında münaqişənin hələ də nizamlanmaması beynəlxalq və regional təhlükəsizliyə, sülhə təhdid mənbəyi olaraq qalır. Qoşulmama Hərəkatının nazirləri BMT Nizamnaməsində göstərilmiş güc tətbiq edilməməsi prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar vasitəsilə nizamlanması yollarını axtarmağa çağırıblar. Bu, dünyanın 120 dövlətinin, yəni, planetin təqribən üçdə iki hissəsinin mövqeyidir!
Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə Görüşü Azərbaycandan ötrü dünyanın diqqətini illər boyu davam edən münaqişəyə cəlb etmək üçün daha bir imkandır. Bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur.
Lakin təbii ki, Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi, diqqəti təkcə öz probleminə cəlb etməyəcək, xüsusən ona görə ki, bu problemin həlli çox cəhətdən qarşıdakı illərdə və onilliklərdə dünyanın necə olacağından, hansı prinsiplərin rəhbər tutulacağından asılıdır. Bu mənada, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə kimi, Azərbaycanın üzərinə çox mühüm vəzifə düşür.
Bakı bu təşkilatda sədrlik dövründə öz prioritetlərini artıq müəyyən edib. Bu prioritetlər beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsi, qanunların aliliyi, beynəlxalq hüququn normalarına və əsas Bandunq prinsiplərinə riayət edilməsi əsasında dövlətlərarası münasibətlərin formalaşmasına kömək, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verilməsi və planetdə davamlı inkişaf məsələlərindən ibarətdir.
Daha mükəmməl
və ədalətli dünya naminə
Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən artmaqdadır. Zaman etibarilə bu dövr Azərbaycanın təşkilata sədrliyi ilə eyni vaxta düşür. Formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin formatı dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Belə bir fikirlə razılaşmaq olar ki, Qoşulmama Hərəkatı bircinsli təşkilat deyil, bu Hərəkatda iqtisadi inkişafın, dövlət təsisatlarının mükəmməlliyinin, daxili sabitliyin, əhalinin sosial rifahının səviyyələri tamamilə fərqli olan ölkələr təmsil edilib, həmin ölkələrin müəyyən beynəlxalq problemlərə baxışları üst-üstə düşmür. Lakin bu da mübahisəsiz faktdır ki, Qoşulmama Hərəkatının iştirakçısı olan bütün ölkələr, əlbəttə, daha yaxşı, daha mükəmməl dünyada yaşamaq istəyirlər. Bu ölkələr elə dünyada yaşamaq istəyirlər ki, orada onlara inkişaf modellərini kənardan zorla qəbul etdirməsinlər, bu və ya digər şəraitdə özlərini necə aparmalı olduqlarını, başqa dövlətlərlə münasibətləri necə qurmağı, kiminlə dostluq etməyi və tərəfdaşlıq əlaqələri qurmağı, öz təbii sərvətləri barəsində necə sərəncam verməyi diktə etməsinlər, xoşlarına gəlməyən rejimlərin qollarını burmasınlar, orada müharibələr ucbatından ölkələrin dağılması və məhv olması təhlükəsi yoxdur, kənar müdaxilələr münaqişələrə, vətəndaş müharibələrinə, milyonlarla qaçqın ordusunun yaranmasına gətirib çıxarmır. Bu ölkələr birləşərək öz siyasi iradəsini nümayiş etdirə bilər, bu iradəni planetimizi daimi sürətlə silahlanma, sərt qarşıdurma və özbaşına sanksiyalar arenasına çevirmək cəhdlərinə qarşı yönəldə bilərlər. Qoşulmama Hərəkatının keçən ilin aprelində Bakıda keçirilmiş "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda, demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.
Bunun üçün Qoşulmama Hərəkatının fəaliyyətinin yenidənyüklənməsinə ehtiyac var. Taleyin qismətindən bu dövr Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi ilə eyni vaxta düşür. Bu mənada həm qarşıdakı Bakı Zirvə Görüşünün, həm də Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatı üçün dönüş dövrü kimi tarixə düşmək şansı var.
Aslan ASLANOV,
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın prezidenti
Azərbaycan.-
2019.- 7 avqust.- S.3.