6 milyard dollar sərmayə,
3 min çeşiddə məhsul ixracı...
Şahin Mustafayev:
"Azərbaycanın artan potensialı ixracyönümlü
qeyri-neft sektorunun inkişafına böyük imkanlar
açır”
Tarixinin ən qüdrətli
dövrünü yaşayan Azərbaycan bu gün
dayanıqlı inkişaf yolu ilə gedir. Ölkənin
innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli
istehsala əsaslanan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə
yüksəlib və Azərbaycan dünyanın iqtisadi cəhətdən
dinamik inkişaf edən dövləti imicini qazanıb.
Ötən ildə olduğu kimi, bu il də həyata keçirilən böyük
islahatlar ölkəyə həm siyasi, həm də iqtisadi
dividentlər qazandırır. Dünyada "ən
islahatçı ölkə” kimi tanınan Azərbaycanın
builki iqtisadi göstəriciləri onu deməyə əsas
verir ki, ölkəmiz müəyyən edilən hədəflərə
doğru inamla irəliləyir. Həyata
keçirilən islahatlar nəticəsində ölkəmizin
valyuta ehtiyatlarının 4 milyard manat artaraq 49 milyarda yüksəlişi
və digər iqtisadi göstəricilər bunu təsdiqləyir.
Yüksəlişin
təzahürü
Son 7 ayda ölkə iqtisadiyyatı
2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd
təsərrüfatı 13 faiz, qeyri-neft ixracı 15 faiz və
ticarət dövriyyəsinin 20 faizdən çox artması,
iqtisadiyyata 6 milyard dollardan çox sərmayə
yatırılması yüksəlişin təzahürüdür.
Bu günlərdə İqtisadiyyat
naziri Şahin Mustafayev mətbuata müsahibəsində
ölkəmizdə iqtisadi yüksəlişi dəyərləndirərkən
qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi
ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli
qeyri-neft məhsulları istehsalının və
ixracının stimullaşdırılması, daxili tələbatın
yerli istehsal hesabına təmin edilməsi istiqamətində
görülən kompleks işlər sayəsində
reallığa çevrilib. Nazir iqtisadiyyatın
neftdən asılılığının
azaldılmasının, qeyri-neft sektorunun davamlı
inkişafının Prezident İlham Əliyevin iqtisadi siyasətinin
mərkəzində duran əsas hədəflərdən
olduğunu söyləyib.
Dövlət
başçısının müəyyən etdiyi strateji xəttə
uyğun olaraq biznes və investisiya mühitinin davamlı surətdə
yaxşılaşdırılması, biznesə yeni dəstək
mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə
mühüm tədbirlərin həyata keçirildiyini deyən
Şahin Mustafayev bildirib ki, hər il sahibkarlığa dövlət
dəstəyinin sferası və coğrafiyası genişləndirilir
və bu kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi,
sahibkarlıq sahəsində yoxlamaların
dayandırılması, investisiyaların və ixracın təşviqi
mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə
faizinin aşağı salınması, vergi, gömrük,
sosial ödənişlər sisteminin təkmilləşdirilməsi
özəl sektorun iqtisadiyyatda payını daha da
artırıb. Əgər 2018-ci ildə sənayedə özəl
sektorun payı 83,2 faiz idisə, təkcə
cari ilin birinci yarısında bu rəqəm 82,5 faiz olub.
Sənaye
parklarında 40-dan çox rezident qeydiyyata alınıb
Əlbəttə ki,
bütün bunlar qeyri-neft sektorunun inkişafında
mühüm önəm kəsb edir. Bu sektorun əsas sahələrindən
olan sənayenin inkişafı istiqamətində aparılan
sistemli işlərin nəticəsi olaraq ölkədə yeni
sənaye müəssisələri açılır,
mövcud müəssisələrin istehsal gücü
artırılır, hazırda bir sıra sənaye obyektlərinin
tikintisi davam etdirilir. Azərbaycan sənayesi
həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir,
yeni sənaye sahələri yaradılır. Nazir vurğulayıb ki, indiyədək Azərbaycanda
fəaliyyət göstərən sənaye parklarında 40-dan
çox rezident qeydiyyata alınıb. Bu
rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə
başlayıb. Bu il daha 10 rezident
istehsala başlayacaq. İstehlak səbətini təşkil
edən məhsulların istehsalında əhəmiyyətli irəliləyiş
əldə olunub, özünütəminetmə səviyyəsi
yüksəlib, idxaldan asılılıq azalıb. Bu
ilin birinci yarısında qida məhsullarının
istehsalı 20 faiz artıb: "Azərbaycanın artan
potensialı istehsalın və ixracın genişləndirilməsinə,
xarici ticarətin strukturunun şaxələndirilməsinə,
rəqabətqabiliyyətli və ixracyönümlü
qeyri-neft sektorunun inkişafına böyük imkanlar
açır”.
Ölkəmizin sənaye
parklarında indiyədək 1,5 milyard
manatlıq məhsul istehsal edilib. Bu məhsulların
300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac
olunub. Sevindirici haldır ki, bu günlərdə
Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının
ABŞ-a ixracına başlayıb.
Sənayedə kiçik və
orta sahibkarlığın rolunun artırılmasında əlverişli
mexanizmlərdən biri də sənaye məhəllələridir. Artıq
regionlarda dövlət tərəfindən sahibkarlar
üçün bütün zəruri infrastrukturla təmin
olunmuş 4 sənaye məhəlləsi yaradılıb və
38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət
göstərir. Belə məhəllələrin
digər rayonlarda yaradılması istiqamətində işlər
davam etdirilir. Fəaliyyətdə olan 2 sənaye məhəlləsinin
iştirakçıları tərəfindən 41 milyon
manatlıqdan çox, o cümlədən bu ilin birinci
yarısında 14,5 milyon manatlıq məhsul
istehsal olunub. Ümumilikdə ölkəmizdə
yaradılmış sənaye parklarında və məhəllələrində
11 mindən çox iş yeri açılıb və daha 3
minə yaxın iş yerinin açılması nəzərdə
tutulur.
İxrac olunan
qeyri-neft məhsullarının çeşidi 3 mini
ötüb
Prezident İlham Əliyev iyulun 31-də
sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi
müşavirədə biznes mühitinin
yaxşılaşdırılması məsələsinə
toxunaraq görülən işlərin real nəticələri
barədə məlumat vermişdi: "Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində
aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi
sahədə Azərbaycan dünya miqyasında uğurla
inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də
çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində
ölçülən bu layihələr, bu təşəbbüslər
bizim niyyətimizi, bizim siyasətimizi göstərir”.
Hələ illər öncə
qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı
cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin
artıq reallığa çevrilməsi Azərbaycanın
xarici ticarət tərəfdaşlarının sayını
da ildən-ilə artırır.
İqtisadiyyat naziri vurğulayıb
ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard dolları təşkil
edib. Azərbaycan 167 yeni növ məhsulun
ixracına başlayıb, ixrac olunan qeyri-neft məhsullarının
çeşidi 3 mini ötüb. Qeyri-neft
ixracında isə 452 milyon dollarlıq artımın 60 milyon
dollarlıq hissəsi yeni məhsulların ixracı
hesabına formalaşıb.
Bütün bu uğurlu
göstəriciləri şərtləndirən amil əlbəttə
ki, ölkədə sahibkarlara, investorlara yaradılmış
şəraitdir. Dövlət iş adamlarına güzəştli
kreditlər verməklə onlara hər cür dəstək
göstərir. Bu ilin 6 ayında sahibkarlara
artıq 50 milyon manat kredit verilib. Bu məsələyə
toxunan iqtisadiyyat naziri də ixracın şaxələndirilməsi
ilə yanaşı, sahibkarlara yaradılmış
imkanların xarici ticarətlə məşğul olan biznes
subyektlərinin sayında əhəmiyyətli artıma gətirib
çıxardığını söyləyib. Bu da həqiqətən artan iqtisadi fəallığın
və şəffaflığın əyani göstəricisidir.
2019-cu ilin altı ayında qeyri-neft
ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil
edib, ticarət tərəfdaşlarının, mal
çeşidlərinin və ticarət
iştirakçısı olan biznes subyektlərinin sayında
artım qeydə alınıb: "İstehsalın təşviqi
istiqamətində görülmüş işlər
ixracın artımı ilə nəticələnir. Belə ki, sahibkarlığın güzəştli
kreditləşdirilməsi, istehsalatda müasir
texnologiyaların tətbiqi digər sahələrlə
yanaşı, aqrar sahədə də ixrac imkanlarını
genişləndirir. Yeri gəlmişkən, bu ilin birinci
yarısında ümumilikdə 440 milyon dollarlıq meyvə-tərəvəz
və onların emalı məhsulları, pambıq, süd məhsulları,
ipək, tütün kimi kənd təsərrüfatı məhsulları
ixrac edilib. Ümumilikdə isə bu ilin ilk
yarısında qeyri-neft ixracının 51 faizini kənd təsərrüfatı
və emalı, 49 faizini isə sənaye məhsulları təşkil
edib” deyə nazir qeyd edib.
İlin sonunadək
11 aqroparkın fəaliyyətə başlaması gözlənilir
Hazırda ölkəmizdə
regionların sosial iqtisadi inkişafı ilə bağlı
dördüncü dövlət proqramı icra olunur. Həyata keçirilən
layihələr regionlarda iş yerlərinin
açılmasında və məşğulluğun təmin
olunmasında əhəmiyyətli rol oynayır.
Sənaye park və məhəllələri
ilə yanaşı, regionlarda aqrar sektorun inkişafı
istiqamətində inşa olunan aqroparklar da
ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli
rol oynayır.
Ölkədə 51 aqroparkın
yaradılması ilə bağlı ciddi addımlar
atılır. Artıq 22 aqropark fəaliyyətdədir.
Şahin Mustafayevin sözlərinə görə,
bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə
başlaması gözlənilir. Bu layihələrin
icrası nəticəsində 4 mindən çox yeni iş
yerinin açılması proqnozlaşdırılır.
Bunlarla yanaşı, mütərəqqi
metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də qeyd
edilməlidir.
Ölkədə idxalı əvəz edən və
ixracyönümlü sənayenin inkişafı, bu sahəyə
investisiyaların cəlb edilməsinin
stimullaşdırılması məqsədilə bugünədək
400-ə yaxın layihəyə investisiya təşviqi sənədi
verilib, bu layihələr çərçivəsində
ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya
yatırılıb və 16 mindən çox iş yeri
yaradılıb.
Beləliklə, həyata
keçirilən ardıcıl tədbirlər nəticəsində
ölkə iqtisadiyyatında sənayeləşmə sürətlənir,
davamlı olaraq artan ÜDM-də sənayenin payı yüksəlir. Son 3 illik tendensiyaya nəzər
salsaq, ÜDM-də sənayenin payının 2016-cı ildə
təxminən 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44
faiz, 2019-cu ilin yanvar-iyun aylarında isə 44,6 faiz olduğunu
görərik.
"Made in
Azerbaijan” brendinin coğrafiyası genişlənir
Dünya bazarlarına
"Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın
ixrac coğrafiyası genişlənməkdə davam edir. Bazarlarda
böyük şöhrət qazanan məhsullarımızın
xarici ölkələrdə tanıdılması,
satışının təşkili ilə bağlı həyata
keçirilən ixrac missiyası və açılan ticarət
evləri bu işdə çox əhəmiyyətli rol
oynayır.
İxracın genişləndirilməsi,
rəqabətədavamlı və ixrac potensiallı məhsullar
bazasının zənginləşdirilməsi istiqamətində
Prezident İlham Əliyevin "Made in Azerbaijan” brendinin xarici
bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr
2016-cı il tarixli fərmanı
mühüm əhəmiyyət kəsb edir. Fərmana
uyğun olaraq, respublikamızın beynəlxalq əhəmiyyətli
sərgilərdə "Made in Azerbaijan” vahid ölkə stendi
ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları
xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi
mexanizmi tətbiq olunur.
Qeyri-neft məhsulları
ixracının stimullaşdırılması məqsədilə
"Made in Azerbaijan” brendinin təbliği ilə bağlı
dəstək tədbirləri həyata keçirilir, dövlət
vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq
sərgilərdə iştirak edirlər. Nazir qeyd edib ki, bu il ərzində dünyamiqyaslı beynəlxalq
sərgilərdə sahibkarlarımız vahid ölkə stendi
ilə iştirak ediblər. İlin sonuna kimi
növbəti 4 beynəlxalq sərgidə vahid ölkə
stendi ilə iştirak nəzərdə tutulur.
Həmçinin
ixracatçıların potensial müştərilərlə,
xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin
qurulması məqsədilə bu dövr ərzində
Çin, Polşa, Latviya, Qətər, İsveçrə və
Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər
çərçivəsində Azərbaycan məhsullarının
ixracına dair razılaşmalar və sifarişlər əldə
edilib, müqavilələr imzalanıb.
2019-cu ilin 6 ayı ərzində
ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə
2016-cı ilin mart ayından bugünədək 14 milyon manatdan
çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində
Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva,
Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ,
Yaponiya, Səudiyyə Ərəbistanı və digər
ölkələrə 210 milyon dollardan çox qeyri-neft məhsulunun
ixracı stimullaşdırılıb. Azərbaycanın
xarici ölkələrdə 10 ticarət və şərab
evi açılıb, Rusiya, Qazaxıstan və digər
ölkələrdə ticarət evlərinin
açılması ilə bağlı işlər
görülür.
Bütün sahələrdə
olduğu kimi, ölkə iqtisadiyyatında müəyyənləşdirilmiş
hədəflərə çatmaq üçün islahatlar
bir-biri ilə sıx əlaqələndirilir. İqtisadi
göstəricilərdən göründüyü kimi, ən
böyük yüksəliş qeyri-neft sənayesindədir.
15,7 faiz artım onu göstərir ki, son
illərdə Prezident İlham Əliyevin sənayeləşmə
siyasəti uğurlu nəticələr verir və dövlət
başçısının dediyi kimi, sənayenin qeyri-neft
sektoru rekord addımlarla irəliləyir.
Dövlət
başçısının yeni iqtisadi strategiyasına
uyğun yaradılan müasir sənaye müəssisələri
daxili tələbatı ödəməklə yanaşı,
"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə
də mühüm töhfə verirlər.
Şahin Mustafayev
vurğulayıb ki, bu gün Azərbaycanın artan
potensialı istehsalın və ixracın genişləndirilməsinə,
xarici ticarətin strukturunun şaxələndirilməsinə,
rəqabətqabiliyyətli və ixracyönümlü
qeyri-neft sektorunun inkişafına böyük imkanlar
açır.
İqtisadiyyatın bütün sahələrində
olduğu kimi, xarici ticarət seqmentində də inkişaf
kursu bu imkanların daha dolğun reallaşmasına yönəldilir.
Cənab İlham Əliyevin
söylədiyi kimi, bütün iqtisadi göstəricilər,
uğurlu nəticələr onu deməyə əsas verir ki,
Azərbaycan düzgün istiqamətdə inkişaf edir və
qarşıda duran bütün vəzifələr uğurla
icra olunur.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 8 avqust.- S.1; 3.