Son illər həyata keçirilən sənayeləşmə
siyasəti real nəticələr verir
İqtisadiyyatın bütün sahələrində
qazanılmış göstəricilər Azərbaycanın düzgün istiqamətdə inkişaf
etdiyini təsdiqləyir
Sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlər Azərbaycanın düzgün istiqamətdə irəlilədiyini, inkişafının davamlı olduğunu bir daha təsdiqləyir. Müxtəlif təyinatlı müəssisələrin fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması, infrastrukturun genişləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sahəsində ötən illərdə həyata keçirilmiş mühüm tədbirlərin sırasına ilin ilk 6 ayında yeni layihələrin adı əlavə olunub. Belə ki, yeni müəssisələr və iş yerləri açılıb, sahibkarlara dövlətin dəstəyi davam edib, infrastruktur layihələri diqqət mərkəzində olub.
Bütün bunlar barədə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə geniş bəhs olunub. Bildirilib ki, cari ilin əvvəlində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə icra edilir. Dövlət başçısı müşavirədə deyib: "Ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
İqtisadiyyatın bütün sahələrində qazanılmış göstəricilər deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. O cümlədən, ölkə sənayesindəki vəziyyət təqdirəlayiqdir. Sənayeləşmə sahəsində ötən illərdə başlamış işlər uğurla davam etdirilir. Regionlarda sənaye parkları və məhəllələri yaradılır. İndiyədək yaradılmış 9 sənaye parkı və məhəllələrinin işi gələcək perspektivlərdən xəbər verir. Sənaye parkları və məhəllələrində artıq 78 rezident qeydiyyatdan keçib. 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq yatırılıb. Bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Sözügedən layihələrin reallaşması sayəsində 1,5 milyard manatlıq məhsul istehsal edilib və bunun 300 milyon manatlığı ixraca yönəldilib.
İlin əvvəlindən bəri respublikanın şəhər və rayonlarında bir sıra yeni müəssisələr istifadəyə verilib. Bunlardan Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, Sumqayıt şəhərində "SOCAR karbamid” zavodu, Polietilen zavodu, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialını və s. göstərmək olar.
Dövlət Statistika Komitəsinin yarım ilin yekunlarına aid məlumatında bildirilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 23,6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da keçən ilin 6 ayında olduğundan 1,8 faiz çoxdur. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma, 25,6 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı bir qədər azalsa da, əmtəəlik qaz hasilatı 35 faiz artıb.
Yeri gəlmişkən, sözügedən müşavirədə bugünkü iqtisadi inkişaf üçün neft-qaz sektorunun əsas olduğu vurğulanıb və bu sahədə önəmli addımlar atıldığı qeyd edilib.
Dövlət başçısı bu barədə deyib: "Cənub qaz dəhlizi”nin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda "Cənub qaz dəhlizi”nin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, 6 ayda görülmüş işlər təqdirəlayiqdir”.
Hazırda Azərbaycan sənayesində qeyri-dövlət sektorunun payı 82,5 faizdir. Ümumi istehsalın 92 faizi sənaye məhsullarının istehsalı, qalanı sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılır.
Sənayenin ayrı-ayrı sahələrinə aid göstəricilər də maraq doğurur. Belə ki, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,4 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,1 faiz artıb.
Emal sənayesində də vəziyyət ürəkaçandır. İçki, qida məhsulları, tütün məmulatlarının istehsalında nəzərəçarpan artım müşahidə olunub. Bu sahənin əsas məhsullarından qənd və şəkər tozu 2,8 dəfə, qaymaq və xama 55,4, cem və marmeladlar 49,9, kolbasa məmulatları 45,5, üzlü süd 2,8, alkoqolsuz içkilər 25,2 faiz artıb.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahəsində də artım var. Bu, eləcə də kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalına aiddir. Bu sahələrdə müvafiq olaraq 233,3 milyon və 534,5 milyon manatlıq məhsul istehsal edilib.
Tikinti materiallarının da istehsalı artıb. Məsələn,
keçən ilin yarım ilinə nisbətən bu ilin birinci yarısında
tikinti kərpicinin istehsalı 62,2, əhəngin istehsalı
50,1, hörmə üçün
hazır beton qarışığının istehsalı 20,5 faiz çox olub.
Digər sahələrdə də bir sıra məhsulların
istehsalı artıb. Bunlar avtomatik
tənzimləmə və
idarəetmə üçün
cihazlar, məişət
soyuducuları, avtomobil,
qoşqu və yarım qoşqular, fəvvarə armaturu, ştanqlı quyu nasosları, mancanaq dəzgahları və digər məhsullardır.
Elektrik enerjisi,
qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6 ayda 995,3 milyon manat dəyərində
məhsul istehsal edilib və xidmətlər göstərilib
ki, bu da
keçən ilin müvafiq dövründən
xeyli çoxdur. Bu, xüsusilə su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektoruna aiddir. Burada məhsulun həcmi 7,4 faiz
artıb.
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən
müşavirədə qarşıda
duran vəzifələr
haqqında da geniş bəhs olunub. Qeyd edilib ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır.
Bunlardan biri qeyri-neft sektorunun inkişafıdır.
Təcrübə göstərir ki,
iqtisadiyyatın şaxələndirilməsi
böyük əhəmiyyət
daşıyır. İqtisadiyyatımızın bu istiqamətdə
addımlaması onun inkişafının davamlı
olmağına təminat
verir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 9 avqust.- S.1; 3.