Qafqaz albanlarının 2500 yaşlı varisləri

 

Udilərin zəngin tarixi və mədəniyyəti saxta erməni təbliğatını ifşa edən əsas mənbələrdir

 

Kiçik bir qəsəbə təsəvvür edin, 5 ibadət ocağı var: 3 kilsə, 2 məscid. Burada səhər azan, günorta kilsə zənglərinin səsi eşidilir. Fərqli xalq, etnomədəniyyət, dini konfessiya nümayəndələri birgə yaşayır, xoş günlərində də, acılarında da bir-birinə dəstək, dayaq dururlar...

Qəbələnin Nic qəsəbəsindən bəhs edirik...

Azərbaycan tolerantlığının bir nümunəsindən...

 

Onlar haqqında Herodot yazıb

 

Qafqaz Albaniyasının ən qədim tayfalarından biri də udilər (onların qədim əcdadları uti adlandırılırdı) olub. Bu qədim xalq barədə hələ 2500 il əvvəl Herodot "Tarix” əsərində məlumat verib. Marafon döyüşünü (m.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV Satrapın tərkibində utilərin əsgərləri də vuruşurdular.

O cümlədən eramızdan əvvəl I əsrdə yaşamış Strabonun "Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatda utilərdən danışılır.

Udi-uti sözünə isə termin kimi ilk dəfə Böyük Plininin (I əsr) "Həqiqi tarix” əsərində rast gəlinir. Bunlarla yanaşı, bir çox qədim müəlliflərin əsərlərində onlarla bağlı məlumatlar var və həmin mənbələrdə bildirilir ki, utilər alban çarlığının yaranmasında mühüm rolu olan 26 tayfadan biridir.

Tarixən udilər daha çox Xəzər dənizindən Qafqaz dağlarınacan Kür çayının həm sağ, həm də sol tərəfində məskunlaşıblar. Azərbaycanın ərazisində yaranan ən qədim dövlət, e.ə. IV əsrdən VIII əsrin əvvəlinədək mövcud olan Qafqaz Albaniyası vilayətlərindən biri Uti adlanıb.

Tarixən çoxallahlığa sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər. Vll-VIII əsrlərdə ərəblər Qafqaz Albaniyasını işğal edərək əhalinin böyük hissəsinə, o cümlədən udilərə islam dinini qəbul etdirsələr də, onların bir hissəsi - Qarabağ, Şəki-Zaqatala bölgəsindəki dağlıq ərazilərdə yaşayanlar öz siyasi-mədəni birliyini, dilini, etnik mənsubiyyətini qoruya biliblər.

 

Bütün udilərin tarixi vətəni Azərbaycandır

 

VII əsrdə ərəb xilafətinin icazəsi ilə alban kilsəsi erməni qriqoryan kilsəsinin tərkibinə daxil edilir. O zamandan etibarən, rəsmən alban katolikosunun qalmasına baxmayaraq, alban xristianlarının zorla erməniləşdirilməsi siyasəti aparılır.

1836-cı ildə Rus Pravoslav Kilsəsi və Rusiya idarəçiliyi alban katolikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra udi xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Yalnız indiki Qəbələ və Oğuz rayonları ərazisində yaşayan udilərə öz etnik mədəniyyətlərini və dillərini qoruyub saxlamaq nəsib olur.

Hazırda dünyada 10 min nəfərdən çox udi var. Onlardan 4 minə yaxını Azərbaycanda, əsasən Qəbələnin Nic qəsəbəsində, Oğuz rayonunda yaşayırlar. Qeyd edək ki, xarici ölkələrdə yaşayan udilərin hamısının tarixi vətəni Azərbaycandır. Başqa ölkələrdə yaşayan udilərin müəyyən hissəsi udi dilində danışa bilmir...

 

"Erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə...”

 

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyir ki, Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Azərbaycanda yaşayan xalqların milli mənsubiyyətini müxtəlif cür yazmağa başlayıblar. Udilərə də "aborigen”, "avtoxton”, "albanlardeyib, yazıya alanda isə udi sözünün yerinə "udin” işlədiblər.

Tarixi faktdır ki, Azərbaycanda xristian mədəni irsinə sahib olan udilərin, o cümlədən alban tayfalarının birbaşa erməni kilsəsinin ixtiyarına verilməsində məkrli niyyətlər güdülürdü. Robert Mobili söyləyir ki, məqsəd Qafqaz Albaniyasının xristian mədəni təməli üzərində erməni icmasının gücləndirilməsi idi: "Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanları isə məhv etdilər”.

Ermənilərin bura gəlmə yox, yerli xalq olması yalanına "həqiqi don” biçmək üçün Qarabağda Gəncəsar monastrında, Gədəbəy və digər bölgələrdəki alban məbədlərində alban xaçları oğurlanıb, erməni qriqoryan xaçı ilə əvəz edilib.

"Həmin dövrdə Çar Rusiyasının istəyi Azərbaycan ərazisində islamxristian dinlərinə mənsub olan iki qütb yaratmaq idi. Ermənilərin mədəni irsə sahib olmalarına yalan üzərində şərait yaratdılar, alban sözünü isə terminologiyadan çıxartdılar” söyləyən icma sədri deyir ki, bu zaman udilər özlərini qorumaq üçün fərqli bir yol seçdilər: "Biz erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə, özümüzü qoruya bildik. Hətta ermənilər bizim onların kilsələrinə ibadətə getməməyimizlə bağlı Eçmiədzinə çoxlu şikayət məktubları da ünvanlayıb”.

 

İşğal altındakı alban kilsələri bərpa edilir

 

"Məlumatlara əsasən, işğal altında olan alban kilsələrinin bəziləri, Ermənistan tərəfindən böyük vəsait sərf edilərək bərpa edilir. Onların bu addımlarının altında da məkrli niyyətlərinin olduğu gün kimi aydındır” söyləyən Robert Mobili deyir ki, ermənilər bunu alban kilsələrinin vəziyyətinə ürəkləri yandığı üçün deyil, sabah həmin torpaqlar işğaldan azad olunanda "tarixi” torpaqları olduğunu iddia etmək üçün "zəmin” hazırlayırlar: "Buna görə də Azərbaycandakı digər alban məbədləri də bərpa olunmalıdır. Ermənilərin əsas bəhanələri dindir. Hətta onları fakt qarşısında qoyanda "Albaniya böyük Ermənistanın içində olub” deyirlər. Amma tarixi həqiqətdən qaçmaq olmazalban Apostol kilsəsinin mövcudluğunu danmaq mümkün deyil. Alban mədəni irsini bir tərəfdən dövlət, alimlər müdafiə etməli, digər tərəfdən dini rəhbərlər olmalıdır. İllərdir udiləri də erməni kimi tanıyırdılar. Çünki bu cür siyasət həm Ermənistana, həm də Rusiyaya sərf edirdi. Biz bir tərəfdən özümüz bu mədəniyyəti ermənilərə vermişik, digər tərəfdən də bu işi bizim əlimizlə görüblər”.

Ermənilər hətta alban əlifbasını da Mesrop Maştotsun (erməni dilçisi) yaratdığını iddia edirlər. Halbuki dünya alimləri alban əlifbasının Mesrop Maştotsdan yüz il əvvəl yaradıldığını sübut ediblər. Bu tarixi materiallar (Sinay palimpsestlər), Nicdə "Çotari” kilsəsində var.

Robert Mobili diqqətə çatdırır ki, bir müddət əvvəl ermənilər UNESKO-da xaçkar məsələsi ilə bağlı səsvermə keçirmək istəyirdilər, hətta onlar iddia edirdilər ki, harada xaçkar varsa, ora Ermənistan ərazisidir: "Azərbaycandan məni də dəvət etdilər, çünki xaçkarların albanlara məxsus olduğu iddiasını qaldırmışdım.Tarixi faktları onların diqqətinə çatdırdım, bundan sonra səsverməni saxlayıb bizim iddianı qəbul etdilər”.

 

"Mənim xalqımın 99 faizi öz dilində danışır. Biz necə əriyə bilərik?!”

 

Robert Mobili məlumat verir ki, avropalı alimlər Azərbaycana gələndə mütləq udilərlə maraqlanırlar. Onlar əsasən udilərin xristian olması ilə deyil, ətrafı tamamilə islam olan bir xalqın öz dildinini necə qoruyub saxlaması ilə maraqlanırlar: "Mən Avropa ölkələrində şahid olurdum ki, orada bizimlə bağlı mənfi informasiyalar da verilir. Azərbaycanın işğalçı olduğu, başqa xalqları assimilyasiyaya uğratdıqları barədə yalan rəy formalaşdırılır. Amma həmişə deyirəm ki, siz hansı əriməkdən danışırsınız? Mənim xalqımın 99 faizi öz dilində danışır, ana dilində dərs keçirlər. Biz necə əriyə bilərik?!”

"Bu münbit və zəngin mühiti Azərbaycan dövləti bizim üçün yaradıb” söyləyən icma sədri vurğulayır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra udilərin həyatında xeyli müsbət dəyişikliklər olub. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib və icmanın istifadəsinə verilib. Azərbaycanlı rəssam-memar Şahvələd Məmmədov öz vəsaiti hesabına Nicdə 3 hektar ərazidə qədim alban din xadiminin həyət evini bərpa etməyə yardım göstərib və indi bura tarixi etnomədəni muzey - Azərbaycan Udi Ocağı kimi fəaliyyət göstərir. Udilər bütün bayramlarını, o cümlədən 20 iyulda keçirdikləri Udi Mədəniyyət Gününü lazımi səviyyədə qeyd edirlər.

Son 16 il ərzində Azərbaycan Prezidentinin Nic qəsəbəsinə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

 

Xristianlığın ilk yayıldığı bölgələrdən biri...

 

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Məhəbbət Paşayeva məlumat verir ki, əvvəlki dövrlərdə alban tarixi, mədəniyyəti dərindən öyrənilməyib: "Təbii ki, bunun da öz səbəbləri var idi. Həm Çar Rusiyası, həm də sovet imperiyası bunun üçün əllərindən gələni edirdilər. O cümlədən sovet dövründə belə bir konsepsiya irəli sürülürdü ki, alban dövləti, etnosu, kilsələri ərəb işğalından sonra məhv olub. Alban dövləti ərəb işğalından sonra süqut etsə də, unutmayaq ki, islam dini digər dinlərə, xüsusilə də klassik dinlərə hörmətlə yanaşıb, alban xristian kilsəsinin biri də dağıdılmayıb. Bu kilsələr, eyni zamanda alban etnosunun son nəsilləri XIX əsrdə Rusiya imperiyasının gəlişinə qədər öz mövcudluğunu, etnik kimliyini hər zaman saxlayıb”.

Məhəbbət Paşayeva qeyd edir ki, vaxtilə görkəmli alimlər Ziya Bünyadov, Fəridə Məmmədova, o cümlədən tarixçi İlyas Babayev alban irsini araşdırıblar. Bu günalbanşünas alimlər alban etnomədəni irsinin qaranlıq qalmış səhifələrinin arxeoloji, tarixi, etnoqrafik cəhətdən araşdırılmasını davam etdirirlər: "Artıq hər kəs bilir ki, Qafqaz Albaniyası Azərbaycanın 2500 illik tarixini göstərən ənənələrə sahibdir. Hazırda dünya ölkələri də Qafqaz Albaniyası tarixinə böyük maraq göstərirlər. Çünki bura, xristianlığın ilk yayıldığı bölgələrdəndir. Tarixi köklərini Qüdsdən alan Alban Apostol kilsəsinin ənənələri və onun qədim Şərq kilsələri ilə əlaqələrinin üzə çıxarılması istiqamətində araşdırmalar aparılması nəticəsində Albaniyada xristianlığın həvvari - sirofil dövrü ilə bağlı mənbələr üzə çıxarıla bilər. Qədim Şərq kilsələrinin tarixinə aid kitablarda olan məlumatlar sayəsində bizöz tariximizlə bağlı maraqlı və yeni faktlar əldə edə bilərik”.

 

Etnoqrafik xəzinələr muzeyi

 

Təsadüfi deyil ki, Azərbaycanı etnoqrafik xəzinələr muzeyi adlandırırlar. Və hər zaman bu xəzinəyə sahib olmaq istəyən düşmənlərin sayı çox olub. Min illərdir bərabər yaşayan xalqlar arasında dini nifaq salınıb, bir-birinə düşmən olması istənilib. Unudulub ki, heç bir din, dil, milli fərq bu xalqların qarşılıqlı hörmət, ehtiramına zədə vura bilməz.

Bu xalqların birgəyaşayışının tarixi xristianlıq və islamdan, həmçinin bu gün Qafqaz alban irsinə sahiblənmək üçün özünə yalançı tarix quraşdırmaq iddiasında olan ermənilərin uydurmalarından da qədimdir. Özü də dünənə, birigünə, əsrlərə deyil, minilliklərə dayanan, zəngin və möhtəşəm tarix kimi...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 9 avqust.- S.1; 4.