Ustad xanəndə
Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni,
Seyid Şuşinski isə
çırpınan ürəyi olub
Muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlu) anadan olmasının 130 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il fevralın 4-də sərəncam imzalayıb. Orada göstərilir ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadanlardan biri olub. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik, böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsinin daha da zənginləşməsinə xidmət göstərib. O, müəllim kimi də uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsində əlindən gələni əsirgəməyib.
Üç Şuşinskidən biri...
Seyid Şuşinski kimi tanıdığımız Mir Möhsün ağa Seyid İbrahim oğlu 1889-cu ilin aprel ayında Şuşa qəzasının Horadiz kəndində anadan olub. Sınanmış və ağır seyid nəslindən olan Mir Möhsün körpəlikdən yetim qalıb. Xalası Məşədi Hürzad dövrünün açıq fikirli, savadlı xanımlarından biri olub. Son dərəcə məlahətli səsi, yanıqlı avazı varmış. Məşədi Hürzad Qarabağın qadın məclislərində xanəndəlik edərmiş. Balaca Möhsünün qayğısına qalan, onun tərbiyəsi ilə məşğul olan Məşədi Hürzad bacısı oğlunu da özü ilə toylara apararmış. Elə buna görə də Seyid Şuşinskinin ilk müəllimi, əslində, xalası Məşədi Hürzad hesab edilir. Sonralar Seyid o böyük ürəkli xanımı minnətdarlıqla xatırlayıb: "Xalamın çox incə və şirin səsi var idi. Bütün muğamlara dərindən bələd olmaqla, "Orta Mahur”u çox gözəl oxuyardı. Səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı...”
Azərbaycanda Şuşinski soyadlı üç xanəndə olub. Onlardan biri ötən əsrin əvvəllərində yaşayan Musa Şuşinski idi ki, o qədər də üzdə olmayıb. Xan Şuşinskinin (Xan əmi) sənəti onu yetərincə tanıdıb. Ustad öz adı ilə bəzi kinofilmlərə də çəkilib. Daha biri isə Xalq artisti, "Şərəf nişanı” ordenli, Əməkdar müəllim, dövrünün ən dəbdə olan varlı xanəndəsi Seyid Şuşinskidir. Bu, həm də o xanəndədir ki, Cabbar Qaryağdıoğlu bu gəncin ifasından riqqətlənərək qavalını ona bağışlayıb və xanəndəni "Şərq musiqisinin incisi” adlandırıb.
Əmisi Məşədi Seyidəli Şuşada öz dövrünün tərəqqipərvər ziyalılarından olub və üstəlik, mahir musiqişünas kimi də şöhrətlənib. Möhsünün səsindən xəbərdar olan kimi Məşədi Seyidəli onu yanına apararaq musiqi təhsili ilə məşğul olub. Əlbəttə, Seyidin xanəndə kimi formalaşmasında həlledici rolu, əslində, ölməz ustad xanəndə Cabbar Qaryağdıoğlu oynayıb. Cabbar Seyidə qulaq asaraq onun səsinə valeh olub. 19 yaşlı gəncin hər dəfə ustalıqla vurduğu zəngulələr məclisi heyrətə gətirib. Bunu görən Cabbar Qaryağdıoğlu Seyidi bağrına basaraq deyib: "Camaat, ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid var...”
Əsrin o tayından
"əsən mehlər”
- səsin incəsi, musiqinin incisi
Xalq musiqisi xəzinəsinin zənginliyi və rəngarəngliyi onun yaradıcılarının Tanrı
vergili olması ilə sıx bağlıdır. Bunu folklorşünaslarımız,
xalq deyiminin biliciləri təsadüfi
deməyiblər. Həmin
xəzinəni mədəni
irs kimi
xalqına yadigar qoyub gedən sənətkarlarımızdan birincisi
Cabbar Qaryağdıoğlu
idisə, ikincisi Seyid Şuşinskinin olduğu söylənilir.
Xalqımızın bu fikrini dahi klassik xanəndə
və muğam ustalarımızla yanaşı,
peşəkar musiqişünaslarımız
və bəstəkarlarımız
da etiraf ediblər.
Milli musiqi mədəniyyəti
tarixində özünə
layiqli yer tutan Seyid Şuşinski
dövrünün çox
sevilən, nüfuzlu,
xanəndəlik aləmində
yeniliklər edən, geniş diapazonlu, qüdrətli sənətkar
olub. Fitri istedadı, ifaçılıq
məharəti, gözəl
səsi, zəngin yaradıcılığı ilə
Azərbaycan mədəniyyətinin
nadir incisinə çevrilmiş
xanəndə klassik musiqi irsimizə daxil olan böyük
ustad yadigar ifaları ilə yanaşı, yaddaşlara
iz salan xatirələrdə də
yaşayır. Unudulmaz xanəndə,
"Şərq musiqisinin
bahadırı” da adlandırılıb. Çünki onun muğamatda vurduğu xallar, zəngulələr ikinci bir ifaçıda müşahidə edilməyib.
"Cabbar
Qaryağdıoğlu xalq
musiqisinin düşünən
beyni idisə, Seyid Şuşinski çırpınan ürəyi
olub. Mən fəxrlə deyə
bilərəm ki,
"Şur” və
"Kürd ovşarı”
simfonik muğamlarımı
yazarkən Seyid Şuşinskinin mənə
yaxından köməyi
olmuşdur. Seyid Şərq
musiqisinə dərindən
bələd olmaqla, həm də qayğıkeş müəllim
və gözəl insan idi”.
Dahi bəstəkarımız, Xalq
artisti Fikrət Əmirova məxsus bu fikirlər öz aktuallığını
bu gün də qoruyub saxlamaqdadır.
Şirin səs,
məlahətli nəfəs...
Musiqi dünyasının
dahisi Mir Möhsün
Nəvvabdan iki ildən artıq müddətə musiqi təlimi alan
Seyid elə ustadının xeyir-duası
ilə də el şənliklərinə, toy məclislərinə
ayaq açıb. Şirin səsi, məlahətli avazı ilə məclisi ələ alan
Seyid az vaxt ərzində özünün musiqi dünyasının azman sənətkarları ilə
bir məclisdə ehtiramla qarşılandığını
duyub.
Seyid Şuşinskinin səsi də, musiqiyə həvəsi də ilahi vergili hesab
edilib. Çünki o, xüsusi musiqi
məktəbi oxumadan ustad xanəndə kimi seçilib və sevilib. Belə olmasaydı, əlbəttə, ölməz
bəstəkarımız Fikrət
Əmirovun atası, məşhur tarzən Məşədi Cəmil onu Gəncədə özü ilə birlikdə məclislərə
aparmazdı ki...
Seyid Şuşinskinin
şöhrəti o zaman
nəinki Azərbaycanı,
həm də qonşu ölkələri
bürüyüb: Tiflis məclislərinə
dəvəti də bununla bağlı olub. Tiflis mühiti
Seyid Şuşinskinin
həyatında mühüm
rol oynayıb. O,
burada Azərbaycanın
tanınmış ədibləri
və məşhur ziyalılarımızdan olan
Cəlil Məmmədquluzadə,
Əli Mirzə Nərimanov, Hüseyn Ərəblinski, Mirzağa
Əliyev, Sidqi Ruhulla, İbrahim İsfahanlı və başqaları ilə yaxından tanışlıq
qazanıb. Həmin münasibət Seyid
Şuşinskinin aktyor
kimi də yetişməsinə böyük
təsir göstərib.
Şuşadan Bakıya,
"Mahur”dan "Mənsuriyyə”yədək...
Tiflisdə Üzeyir bəy Hacıbəylinin opera və
musiqili komediyaları tamaşaya qoyulanda Seyid Şuşinskiyə baş rolların etibar edilməsi də təsadüfi deyildi. Azərbaycan teatr və musiqi mədəniyyətinin
inkişafında Seyid
Şuşinskinin Tiflisdəki
səhnə fəaliyyətinin
mühüm rolu teatrşünaslar tərəfindən
yüksək qiymətləndirilib.
Firudin Şuşinski "Azərbaycan
xalq musiqiçiləri”
kitabında yazırdı:
"1913-1914-cü illərdə Seyid Şuşinski Kiyev şəhərinə
gedərək səsini
vala yazdırır.
İndi həmin vallar böyük müğənnidən
yadigardır. Onun
qrammofonda oxuduğu
"Çahargah”, "Bayatı-İsfahan”,
"Humayun”, "Rast”,
"Mahur”, "Zabul”,
"Mənsuriyyə”, "Arazbarı” xalq tərəfindən həmişə
məhəbbətlə qarşılanıb...”
Seyid Şuşinski Bakıya
ilk dəfə 1916-cı ildə
gəlib. Həmin il Cəlil
Məmmədquluzadənin "Ölülər”i tamaşaya
qoyulurdu. Şəhərdə
insanlar küçələrə
vurulmuş afişadan
oxuyurdular: "Seyid Bakıya xoş gəlmişdir”. Çünki tamaşanın fasilələrində
Seyid Şuşinski oxuyurdu.
"Azərbaycan”
qəzetinin 12 iyul
1919-cu il tarixli nömrəsində dərc
edilən "Seyid Şuşinskinin Şərq
konserti” başlıqlı
məqalədə yazılıb:
"...Üç gün
bundan qabaq dövlət teatrında Şərq melodiyalarının
mahir ifaçısı,
bütün Qafqazda məşhur olan Seyid Şuşinskinin Şərq konserti olmuşdu. Havanın isti olmasına
baxmayaraq, teatra çoxlu tamaşaçı
toplaşmışdı. Onlar xanəndənin ifa etdiyi bütün
mahnıları böyük
diqqətlə dinləyir
və onu sürəkli alqışlarla
qarşılayırdılar...”
Seyid Şuşinski 1924-1926-cı illərdə
Azərbaycan Dövlət
Akademik Dram Teatrının
səhnəsində bir
sıra rollar da yaradıb. 1926-cı ildə
Üzeyir bəy Hacıbəylinin təşəbbüsü
ilə yenicə açılmış xanəndəlik
sinfində gələcək
muğam ifaçılarına
dərs deyən, məlahətli səsi ilə dinləyicilərini
məftun edən Seyid Şuşinski İranda, Şimali Qafqazda, Orta Asiyada, Ukraynada, Rusiyada... tanınıb və sevilib. 1933-1938-ci illərdə Füzuli Rayon Dram Teatrının
bədii rəhbəri
vəzifəsini daşıyıb.
Əyalətdə yaşayan Seyidi
paytaxt Bakıda daha çox gözləyirdilər. Ona
görə də ömrünün qalan hissəsini Bakıya, buradakı mədəniyyət
və incəsənət
ocaqlarına bağlayan
ustad xanəndə
1939-cu ildən 1960-cı ilə
qədər Müslüm
Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında, sonra
isə Opera və Balet Teatrında çalışıb.
..."Müştehit bağı”nın
şeyda bülbülü
Xalq artisti fəxri adını almaqla yanaşı, bir sıra orden və medallara da layiq görülən Seyid Şuşinski ömrünün 60 ilini musiqi mədəniyyətimizin inkişafına həsr edib. Haqqında qələmə alınan xatirələrdən məlum olur ki, böyük sənətkar 1963-cü ildə, yəni 75 yaşında Azərbaycan radiosunda oxuduğu "Mənsuriyyə”si ilə hamını heyrətə gətirib. Deyirlər ki, həmin yaşda "Mənsuriyyə” oxumaq Cabbar Qaryağdıoğludan sonra yalnız Seyid Şuşinskiyə nəsib olub.
Seyid Şuşinskinin qüdrətli sənətkar olması ilə əlaqədar milli musiqimizin ölməz Bülbülünün xatirələrindən oxuyuruq: "Qoca xanəndələr bulağın gözüdür. Böyük sənətkarımız klassik Şərq musiqisində mövcud olan bütün muğamların hamısını ifa etmişdi. Elə muğamlar da var ki, Seyid ona məhz öz möhürünü vurmuşdu, məsələn, "Çahargah” muğamı. Seyidin ifasında bu musiqi incisi geniş şöhrət qazanmışdı. O, bu muğamı sələflərindən tam fərqli şəkildə böyük ustalıqla, özünəməxsus bir məharətlə oxumuşdu...”
Ustad xanəndənin, Xalq artisti Seyid Şuşinskinin ölümündən sonra sənət dostları ilə yanaşı, onun səsinin vurğunları və heyranları uzun müddət özlərinə gələ bilməyiblər. Hətta bəziləri deyirmiş ki, "Müştehit bağı” özünün şeyda bülbülünü itirib. Seyiddən sonra nə oxumaq? Lakin onu da deyirlər ki, xalq inciləri bulaq kimidir - yerin təkindən, səmaların ənginliklərindən gəldikləri üçün tükənmir, bulaq kimi qaynayır. Böyük və ölməz Cabbar Qaryağdıoğlunun davamçısı Seyid Şuşinskidən sonra Zülfi Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Sürəyya Qacar, Yavər Kələntərli, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova... kimi sənətkarlar muğam pərvanələri kimi sevilirlər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 9 avqust.- S. 5.