Yarımçıq xatirələr...

 

Sənət dünyası

 

"Məni rəssam edən nənəm oldu”. Həmişə belə deyirdi. Bu bircə cümlənin içərisində neçə-neçə xatirəsi vardı Əməkdar artist, rəssam, aktyor, müğənni Əli Haqverdiyevin. Onların bəzisi şirin, bəzisi qüssəli, boynubükükdü...

İçərişəhərdə bacısı ilə birlikdə ata nənəsinin yanında keçən günləri yadına düşürdü. Tək övladının həsrəti, intizarı ilə yanıb-qovrulan o yaşlı qadın bütün mehrini nəvələrinə salmışdı. Oğlunun - istedadlı rəssam Həsən Haqverdiyevin rəsmlərini üzərinə kədər yağmış qürurla balaca Əliyə göstərirdi. Sonra onun əlinə kağız-qələm verir, "Sən atan kimi rəssam olmalısan”, - deyirdi. Əli Haqverdiyevin bu sənətə sevgisi belə başladı.

Nənəsinin istəyi idi, Əli atası kimi rəssam olsun. Amma Əli Haqverdiyev bu sənətdə öz yolunu seçdi. Elə rəssamlıq qabiliyyəti də, üslubu, ifadə tərzi də özünəməxsus, bənzərsizdi. Buna baxmayaraq, Rəssamlıq məktəbində oxuduğu illərdə çoxu elə bilirdi ki, rəsmlərini ya atası, ya da anası çəkir.

 

Rəssam ailəsinin övladı...

 

Əli Haqverdiyev 1939-cu il iyulun 29-da İçərişəhərdə rəssam ailəsində dünyaya göz açıb. Onlar əslən içərişəhərli deyildilər. Əli Haqverdiyevin atası Həsən Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində dünyaya gəlmişdi. Sonra İrəvana köçmüşdülər. 1918-ci ildə Gəncəyə getməli oldular. 1925-ci ildə isə Bakıya gəlib, İçərişəhərdə yerləşdilər. Həsən Haqverdiyev Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdi. O, rəssamlığın bir çox janrında əsərlər yaratdı. "Ə.Əzimzadənin portreti”, "Nizami Gəncəvi”, "Rəsul Rza”, "Niyazi”, "Səttar Bəhlulzadə”, "Nəriman Nərimanov Bakı neftçiləri arasında”, "Çoban” və digər tabloları məşhurdur. "Puşkin Qriboyedovun qəbri üstündə” əsəri Moskvada Puşkin muzeyində saxlanılır. Həsən Haqverdiyev karikaturaçı kimi də tanınırdı.

Əli Haqverdiyevin anası Güllü Mustafayeva şamaxılı idi. 1902-ci ildə Şamaxıda zəlzələ olanda atası Orta Asiyaya - Türkmənistanın Türkmənabad şəhərinə köçdü. Güllü Mustafayeva 1919-cu ildə Türkmənistanda anadan oldu. 1927-ci ildə ailəsi ilə Bakıya, İçərişəhərə köçdü. O, 1938-ci ildə Rəssamlıq Texnikumunu bitirdi. "Leyli və Məcnun məktəbdə”, "Məhsəti Gəncəvinin portreti”, "Paris. Rəssamlar meydanı” və başqa əsərlərin müəllifidir. Onun yaradıcılığında uşaq portretləri silsilə təşkil edir.

Həsən Haqverdiyevlə Güllü Mustafayeva Rəssamlıq Texnikumunda tanış oldular. 1938-ci ildə ailə qurdular. Əli Haqverdiyev Azərbaycanın görkəmli rəssamları Həsən Haqverdiyevlə Güllü Mustafayevanın ilk övladları idi.

 

Həyatın çətin yolları...

 

1940-cı ildə, o, altıaylıq olanda atası hərbi xidmətə çağırılır. Sonra Böyük Vətən müharibəsi başlanır. 1942-ci ildə orduda yaxşı xidmətinə görə Həsən Haqverdiyev məzuniyyətə buraxılır. Bakıda ona deyirlər ki, sən istedadlı rəssamsan, cəbhəyə qayıtma. Ancaq Həsən Haqverdiyev geri dönür. Cəbhədə almanlara əsir düşür. Məhəmməd Əmin Rəsulzadə ilə də o vaxtlar tanış olur. Müharibədən sonra vətənə qayıdan Həsən Haqverdiyev "xalq düşməni” ittihamı ilə üzləşir. Onu Sibirə sürgün edirlər. Güllü Mustafayeva da "xalq düşməni”nin həyat yoldaşı kimi basqılarla qarşılaşır, ona vermirlər. 1947-ci ildə Məhsəti Gəncəvinin portretini çəkir və aldığı qonorarla Sibirə - həyat yoldaşını görməyə gedir. Həsən Haqverdiyev Güllü Mustafayevanı maneələrdən qorumaq üçün rəsmi olaraq boşanmalarını məsləhət görür. Belə də olur.

1953-cü ildə SSRİ-nin rəhbəri İosif Stalinin ölümündən sonra Həsən Haqverdiyevə də bəraət verildi. Otuz altı yaşlı rəssam sürgündən evə döndü. Ancaq sovet hökumətinin dağıtdığı ailə bir daha birləşə bilmədi... Güllü Mustafayeva 1949-cu ildə rəssam Nəcəfqulu İsmayılovla ailə qurmuşdu. Bir müddət sonra Həsən Haqverdiyev də yenidən evlənir.

 

Rəssam, müğənni, aktyor, müəllim...

 

Uşaq yaşlarından yaradıcılıq mühitində böyüyən Əli Haqverdiyev rəssamlıq sənətinə böyük həvəs göstərirdi. Bu həvəslə 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin qrafika şöbəsinə daxil oldu. Həmin məktəbdə oxuyanda - 1958-ci ildə təsadüfən gözəl səsini, avazını eşidən mütəxəssislər onun vokal imkanlarını yüksək qiymətləndirdilər. Asəf Zeynallı adına musiqi məktəbinin direktoru, bəstəkar Midhət Əhmədov bu istedadlı gənci rəhbəri olduğu məktəbə dəvət etdi. Əli Haqverdiyevə eyni vaxtda iki məktəbdə oxumağa imkan yaratdılar.

1961-ci ildə isə o, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil oldu. SSRİ xalq artisti, professor Şövkət Məmmədovadan dərs aldı. 1962-ci ildə o zamanlar Azərbaycan Dövlət OperaBalet Teatrının rəhbəri maestro Niyazi Əli Haqverdiyevin ifasını dinlədikdən sonra onu teatra işə qəbul etdi. Azərbaycan OperaBalet Teatrının solisti oldu. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə keçdi.

Güclü səs sahibi olan gənc vokalçı Azərbaycan Dövlət OperaBalet Teatrında çalışdığı müddətdə 30-dan çox rol oynadı. Üzeyir bəy Hacıbəylinin "Koroğlu” və "Leyli və Məcnun” operalarında Həsən xanın, Nofəlin partiyalarını uğurla ifa etdi. 1973-cü ildə "Arşın mal alanmusiqili komediyasının qrammofon valına yazılışında Soltan bəyin partiyasını oxudu.

Aktyor məharətini kino sahəsində də göstərə bildi. "Uzun ömrün akkordları”, "Şir evdən getdi” və "Dədə Qorqud” filmlərinə çəkildi. Bütün rolları peşəkarlıqla canlandırdı. Amma Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud” filmindəki Yalıncıq obrazı oldu. Bu filmə çəkildiyinə görə sonradan peşman oldu. Çünki yolda adamların onu "Yalıncıq” deyə çağırması aktyora pis təsir edirdi.

Əli Haqverdiyev Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü idi. Teatrda işləməklə yanaşı, 1981-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışdı.

İşlərinin çoxluğu onu uşaqlıqdan sevdiyi rəssamlıq sənətindən uzaqlaşdıra bilmədi. Yüzlərlə qrafik işlərin, rəsmlərin, peyzajların, portretlər, dostluq şarjlarının müəllifi oldu. Onun rəsmləri Bakı, Kiyev, Leninqrad (indi Sankt-Peterburq), Moskva və digər şəhərlərdə uğurla nümayiş etdirilirdi.

Əli Haqverdiyevə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verildi.

1992-ci il sentyabrın 14-də Buzovnada bağdan dənizə gedəndə qayaların yanında nəm qumların üstünə düşmüş yüksək gərginlikli elektrik xətti Əli Haqverdiyevin həyatına son qoydu. Ondan sonra anası, Xalq rəssamı Güllü Mustafayeva şəkər xəstəliyi tapdı. O, 1994-cü ildə vəfat etdi. Həsən Haqverdiyev isə illər öncə - 1978-ci ildə dünyasını dəyişmişdi.

Hər ömür bir kitaba bənzəyir. Əli Haqverdiyevin ömür kitabına əlli üç il yazıldı. O da bütün istedadlı insanlar kimi, bu dünyadan yaradıcılığının bəhrəsi olan rəsm əsərlərilə, teatrda kinoda canlandırdığı rollarla yaddaşlarda öz adını yazaraq getdi...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 9 avqust.- S.5.