Sarsılmaz birliyin təcəssümü
Hər bir addımını vətəndaşın
mənafeyinə uyğun atması Prezident İlham Əliyevə
ümumxalq sevgisi
qazandırıb
Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.
Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin də çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması və qətiyyətlilik liderlərin fəaliyyətinin ana xəttini təşkil edir.
Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.
Azərbaycanın 2003-cü ildən başlayan hərtərəfli sürətli inkişafı və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz İlham Əliyevin uzaqgörən, qətiyyətli və prinsipial siyasəti nəticəsində son 16 ildə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklər baş verib. Bu qısa zaman kəsiyində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə.
Təkcə son 6 ay ərzində ölkənin ictimai-siyasi və sosial həyatında baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən İlham Əliyevin atdığı addımlar xalqın Prezidentinə olan etimadını daha da artırıb.
Respublikamızın şimal bölgəsində baş vermiş zəlzələ zamanı Şamaxı və Ağsuya səfər edərək təlaş içərisində olan vətəndaşlara böyük təsəlli verməsi, ünvanına yazılan bütün məktubları qəbul etməsi, Beyləqanda, Sumqayıtda, paytaxt Bakıda sakinlərlə səmimi görüşlər keçirməsi, bir sözlə, hər addımında xalqın mənafeyini üstün tutması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.
Ölkədəki dinamik inkişafın, genişmiqyaslı quruculuğun əyani təzahürlərindən biri də Prezidentin iştirakı ilə mütəmadi olaraq iqtisadi-sosial obyektlərin açılışları, təməlqoyma mərasimləridir. Bu tədbirlər zamanı Prezident həm də ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətləşir. Yəni dövlət başçısı xalqa hesabat verir və xalqın rəyini öyrənir. Onları dinləyir, suallar verir, ölkədəki islahatların məğzi barədə danışır. Yəni hər addımda səmimiyyətlə vətəndaşının əlini sıxır, şəkil çəkdirir, dərdini dinləyir, tapşırıqlarını verir...
Bütün bunlar Azərbaycan Prezidentinin xalqa layiqli xidmət missiyasının uğurla reallaşması, verdiyi vədlərə sadiqliyinin nümunəsidir. Fevral ayında Beyləqan rayonuna səfəri zamanı cənab İlham Əliyev bunu bir daha təsdiqləyərək bəyan etdi ki, indiyədək yerinə yetirilməyən vəd qalmayıb: "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır. Sizə xidmət etməyə gəlmişəm”. Bu fikirlər bütün ölkə əhalisini qürurlandırdı və hər kəs əmin oldu ki, dövlət daim vətəndaşın yanındadır.
Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması Prezidentin həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir. Elə avqustun 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Pirallahı rayonunda yeni inşa olunmuş "Mirvari” Park Kompleksində ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri də bu xoşməramlı missiyanın növbəti səhifəsi, əyani göstəricisidir. Sakinlərin, veteran idmançıların səmimi fikirləri, arzuları, liderə sevgiləri isə bir daha təsdiq etdi ki, İlham Əliyev xalqın sevimli lideridir.
Xatırladaq ki, dövlət başçısı Pirallahıda bir neçə obyektin açılışını edib və qəzalı binaların sakinləri üçün inşa edilən kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olub. Bu layihənin icrası da bir daha sübut edir ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Vətəndaşın sosial məsələlərinin həlli, onun rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Vətəndaşlarla söhbət zamanı isə bir daha həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlarından bəhs edən Prezident iş yerlərinin açılması istiqamətində görülən işlərdən, yeni layihələrin icrasından söz açdı: "Rayonun inkişafına diqqət göstərilir. Son illərdə böyük quruculuq-abadlıq işləri aparılmışdır. Rayonun siması dəyişib və bu gün dediyiniz kimi, Bakının ən qabaqcıl rayonlarından biridir. Burada infrastruktur layihələri icra edilir, içməli su layihəsi iki il bundan əvvəl öz həllini tapdı, qazlaşma ilə bağlı bütün məsələlər öz həllini tapdı. İş yerləri yaradılır, burada dərman zavodu tikilir, şpris zavodunun açılışı bir qədər bundan əvvəl reallığa çevrildi.
Yəni bu onu göstərir ki, biz həm iş yerlərinin yaradılması istiqamətində uğurlara nail oluruq, həm də abadlıq işləri aparılır”.
Ölkədə idmana, idmançılara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezidentə minnətdarlıq edən veteran idmançı və digər sakinlər təsdiqlədilər ki, Prezident yürütdüyü siyasətlə xalqa layiqli xidmət edir. Məhz buna görə də xalq öz liderinə güvənir, inanır və hər zaman dövlət başçısının siyasətini dəstəkləyir.
Əlavə edək ki, bu istirahət məkanında "Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək. Bu da Prezidentin xüsusi qayğıya ehtiyacı olan insanlara göstərdiyi qayğının daha bir nümunəsidir.
Göründüyü kimi, dövlət başçısının məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanların sosial rifahının daha da yüksəlməsinin təmin edilməsinə yönəlib.
Bütün bunları isə beynəlxalq təşkilatların keçirdiyi rəy sorğuları da təsdiqləyir. Fransanın "Opinion Way” şirkətinin hələ mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri ölkəmizlə yanaşı, beynəlxalq miqyasda da böyük maraqla qarşılanmışdı. Şirkətin sorğusunda sadə azərbaycanlıların sosial-siyasi baxışları əks olunmuşdu.
Dərin təhlillər elə ilkin təəssüratı tamamlayır - Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevin liderliyindən, fəaliyyətindən və islahatlar kursunun nəticələrindən tam razıdır. Prezidentin fəaliyyətini respondentlərin 85,1 faizi müsbət qiymətləndirdiyi halda, sorğunu iştirakçıların cəmi 6,8 faizi "mənfi” cavablandırıb. Yəni İlham Əliyevin siyasi liderliyi alternativsizliyini tam qoruyur.
Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi isə rəyi soruşulanların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını dəyərləndirib. Dövlət başçısının islahatlar kursuna isə sorğuda iştirak edənlərin 90,5 faizi müsbət münasibət ifadə edib.
Bütün bunlar onu deməyə əsas verir ki, xalqın İlham Əliyev sevgisi sarsılmaz birliyin təcəssümüdür.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 10 avqust.- S.1-2.