Qüdrətli dövlət, yüksək sosial rifah

 

Azərbaycanın artan iqtisadi imkanları davamlı inkişaf üçün real zəmin yaradır

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaqdan, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət yürüdür.

Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.

İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ilin birinci yarımilinin yekunları ilə bağlı qeyd edilən göstəricilər həqiqətən də Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir.

Müşavirədə dövlət başçısı son illərdə həyata keçirilən islahatlardan söz açaraq vurğuladı ki, artan iqtisadi imkanlar sayəsində sosial sahədə, yəni əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edilib. Dövlət əlavə gəlirlərin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldir. Çünki sosial sahə hər zaman prioritet olubbu gün də belədir: "Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”. Prezident vurğuladı ki, dövlətin iqtisadi gücü sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Azərbaycan bundan sonra da bu yolla gedəcək.

Təbii ki, uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu da bir daha göstərir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili, sosial rifahın yüksəldilməsi dayanır.

İlin əvvəlindən başlayaraq Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində qəbul edilən qərarlar həqiqətən də inqilabi addımlar idi. Dövlət başçısının iki böyük sosial islahat paketi xalq tərəfindən çox yüksək dəyərləndirildi. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiyasosial müavinətlərinin artırılmasını təmin etdi. Beləliklə, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manat yönəldildi. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanıb və sentyabrın 1-dən minimal əməkhaqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması nəzərdə tutulub.

Bu il minimum əməkhaqqının iki dəfəyə yaxın artırılması təmin edilibbu tədbir 950 min insanın əməkhaqqının artımına imkan verib. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri artırılıb. Minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib. Eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə builki sosial islahatlar nəticə etibarilə birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.

Onu da əlavə edək ki, dövlət başçısının digər təşəbbüsü sosial sığorta sahəsində böyük irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə, 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların da 80 faizi islahatlardan yararlanacaq.

Prezident İlham Əliyev bununla da qənaətlənməyərək məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini də tələb edib. Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub.

Göründüyü kimi, Prezidentin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olmasını təsdiqləyir, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır. Atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq.

Hər iki paketin ümumi məbləği cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon vətəndaşın əhatə edilməsini və 5.3 milyard manatın sərf olunmasını nəzərdə tutur. Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Prezident İlham Əliyev sosial sahə ilə bağlı həyata keçirilən dövlət siyasətini dəyərləndirərkən gələcəkdə bu sahədə daha böyük artımların olacağının anonsunu da verib: "Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

Son 16 ildə Azərbaycan Prezidentinin elə bir vədi yoxdur ki, reallaşmasın. Verdiyi hər bir vədinə sadiq olan lider kimi tanınan cənab İlham Əliyev həyata keçirdiyi böyük islahatlarla bir daha göstərir ki, siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Bu siyasət uğurla davam edir xalq-prezident birliyini getdikcə daha da möhkəmləndirir.

 

Rəşad FİZULİOĞLU

 

Azərbaycan.- 2019.- 10 avqust.- S.1-2.