AÇG və “Şahdəniz” Azərbaycanın əsas
gəlir mənbəyi olaraq qalır
Təkcə "Azəri-Çıraq-Günəşli”dən
2001-ci ildən bəri 143 milyard 366 milyon dollar gəlir əldə
edilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon dollar təşkil edib. Cari il yanvarın 1-dən iyulun 31-dək AÇG-dən 5 milyard 160 milyon dollar həcmində gəlir əldə olunub.
O cümlədən bu ilin 7 ayında "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 209 milyon dollara çatıb. "Şahdəniz” üzrə qazın satışından ümumi gəlirlər isə 2007-ci ildən 2019-cu il iyulun 31-dək 2 milyard 703 milyon dollar təşkil edib.
Azərbaycanın
neft sənayesindəki zəngin təcrübəsinə
əsaslanan və 25 il əvvəl
dünyanın tanınmış şirkətləri ilə
birgə işlənməyə başlayan
"Azəri-Çıraq-Günəşli” layihəsi irəliyə
doğru mühüm
addımlar atır. "Əsrin müqaviləsi” kimi möhtəşəm ad almış AÇG sazişi
çərçivəsində hasilat sabit şəkildə davam
edir. Bundan əlavə,
AÇG yataqları ərazisində daha bir platformanın quraşdırılması nəzərdə
tutulur. AÇG-dən ilkin
neft 1997-ci ilin noyabr ayında "Çıraq”
platformasından alınıb. Həmin vaxtdan 2018-ci ilin sonunadək AÇG blokundan 3,5 milyard
barel neft çıxarılıb.
Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat platformasıdır.
Bu qurğuların hamısından neft və səmt qazı çıxarılır.
Bu ilin birinci
yarısında onlar ümumilikdə 98 milyon bareldən çox, yəni 13 milyon ton neft verib. Gündəlik ümumi hasilat
542 min 400 barel təşkil
edib. Ayrı-ayrı
platformalar üzrə
isə gündəlik
orta hasilatın səviyyəsi belə olub: "Çıraq” -
42 min, "Mərkəzi Azəri”
- 131 min, "Qərbi Azəri”
- 120 min, "Şərqi Azəri”
- 94 min, "Dərinsulu Günəşli”
- 96 min və "Qərbi
Çıraq” - 60 min barel.
AÇG-də
indi 124 neft hasilatı quyusu, 51 su və qaz
injektor quyusu fəaliyyətdədir. Burada yeni
quyular da qazılır ki, onların da sayı cari ilin birinci yarısında
7 olub.
Məlum olduğu kimi, bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir. Həmin qazın
bir qismi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın böyük
hissəsi isə təmənnasız olaraq Azərbaycana təhvil verilir, yəni SOCAR-ın (Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti) qazpaylama sisteminə ötürülür.
Bu ilin birinci yarısında da əsasən Səngəçal terminalı,
həmçinin Neft Daşlarındakı qurğular
vasitəsilə SOCAR-a gündə
orta hesabla 5 milyon kubmetrdən çox, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı verilib.
AÇG-nin
əməliyyatçısı olan BP Azərbaycan şirkətindən aldığımız
məlumatlarda o da bildirilir ki, ilin birinci yarısında
layihə üzrə əməliyyat xərcləri
272 milyon dollardan çox təşkil edib. Əsaslı xərclər isə
657 milyon dollardan artıq olub.
Hazırda AÇG-nin
tərəfdaşları bunlardır:
BP (Böyük Britaniya,
30,37 faiz), SOCAR (Azərbaycan,
25 faiz), "Şevron”
(ABŞ, 9,57 faiz), "İnpeks”
(Yaponiya, 9,31 faiz),
"Ekvinor” (Norveç,
7,27), "EksonMobil”
(ABŞ, 6,79 faiz), TPAO (Türkiyə,
5,73 faiz), "İtoçu”
(Yaponiya, 3,65 faiz), ONGC
Videş Limited (Hindistan,
2,31 faiz).
2017-ci ilin
sentyabrında AÇG üzrə
dəyişdirilmiş və
yenidən işlənmiş
Hasilatın Pay Bölgüsü
Sazişi (HPBS) imzalanarkən
də tərəfdaşlar
eyni olaraq qalıb. Bu da Azərbaycanın
yaratdığı mükəmməl
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
formatının daha bir nümunəsidir.
Yeni HPBS-yə əsasən
AÇG-nin işlənməsi
müddəti 2050-ci ilədək
uzadılıb. Beləliklə, AÇG blokuna həmin vaxtadək 40 milyard dollardan çox investisiya yatırılması
planlaşdırılıb. Beynəlxalq tərəfdaşlar
ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər.
Onlar
2018-ci ilin əvvəlində
ARDNF-yə 450 milyon dollardan ibarət ilk bonusu həyata keçiriblər.
Artıq yeni sazişə uyğun olaraq mühüm işlərə
başlanıb. Belə ki, bu ilin aprel ayında
AÇG-nin işlənməsinin
növbəti mərhələsi
sayılan "Azəri
Mərkəzi Şərqi”
(AMŞ) layihəsinə start verilib. 6 milyon
dollar dəyərində olan
bu layihəyə yeni dəniz platformasının və digər qurğuların tikintisi daxildir. AMŞ platforması gündə 100 min barelədək
neft və 350 milyon standart kubfutadək qaz hasil etmək gücündə layihələndirilib.
Bu qurğunun istismar müddəti ərzində 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Sözügedən layihə çərçivəsində
ilk hasilatın 2023-cü ildə
əldə ediləcəyi
nəzərdə tutulub.
AMŞ üzrə
iki ay əvvəl artıq tikinti işlərinə başlanıb.
"Şahdəniz”də
də işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir. Birinci yarım ildə
yataqdan Azərbaycan
(SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına
BTC şirkətinə qaz
çatdırılması davam edib. 6 ay ərzində yataqdan -
"Şahdəniz Alfa” və
"Şahdəniz Bravo” platformalarından
ümumilikdə 8,4 milyard standart kubmetr qaz və
təqribən 2 milyon
ton (14,4 milyon barel) kondensat hasil olunub.
Ötən il iyul ayının
sonunda "Şahdəniz
Bravo”dan ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib. Mövcud "Şahdəniz” qurğularının
hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.
AÇG-dən
və "Şahdəniz”dən
əldə olunan gəlirləri Azərbaycan
dövləti ölkənin,
xalqın ən ümdə problemlərinin
həllinə yönəldir. Bu gəlirlər eləcə
də ARDNF-də Azərbaycanın sabahı
üçün qorunub
saxlanır. Bir sözlə,
ölkəmizdə neft
kapitalı insan kapitalına çevrilib.
Flora SADIQLI
Azərbaycan.- 2019.-10 avqust.- S.1- 2.