Azərbaycanın
Rusiyadakı səfiri Avrasiya Xalqları Assambleyasının rəhbərliyi
ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyası
qeyri-hökumət təşkilatları beynəlxalq
ittifaqının Baş katibi Andrey Belyaninov, onun birinci
müavini, Avrasiya Xalqları Assambleyasının baş
katibliyinin rəhbəri Svetlana Smirnova, müavini Mixail Fyodorov,
assambleyanın baş katibliyinin rəhbərinin layihə fəaliyyəti
üzrə müavini Tatyana Fyodorova, beynəlxalq əməkdaşlıq
üzrə müavini Yuliya Petrova və assambleyanın Beynəlxalq
Mədəni Əməkdaşlıq Şurasının sədri
Elmira Şerbakova ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a
bildiriblər ki, görüşdə rəhbərlik etdiyi təşkilatın
fəaliyyəti, həyata keçirilən layihələr
haqqında məlumat verən Andrey Belyaninov 2019-cu il
sentyabrın 30-dan oktyabrın 4-dək Azərbaycanda
"LiFFt-2019” IV Avrasiya Ədəbiyyat Festivalının təşkil
olunacağını diqqətə çatdırıb.
Baş katib sözügedən tədbirin Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
keçiriləcəyini vurğulayıb. O, həmin ərəfədə
ölkəmizdə Avrasiya Xalqları Assambleyası Günlərinin
təşkilinin planlaşdırıldığını və
tədbirin keçirilməsində Azərbaycan tərəfindən
müvafiq kömək göstərilməsini xahiş edib, bu
cür tədbirlərin Monqolustan və Bolqarıstanda da
keçirildiyini bildirib.
Səfir Polad Bülbüloğlu
assambleyanın fəaliyyəti barədə ətraflı məlumata
görə təşəkkürünü bildirərək səsləndirilən
təklifin nəzərdən keçiriləcəyini qeyd
edib.
Görüşdə regionda
baş verən proseslər müzakirə olunub. Polad
Bülbüloğlu diqqəti son günlər Ermənistan rəhbərliyinin
etdiyi məsuliyyətsiz bəyanatlara çəkərək,
onların danışıqlar prosesinə ciddi xələl gətirdiyini
vurğulayıb.
Mixail Fyodorov təmsil etdiyi təşkilatın
"Sülh və quruculuq naminə birgə qalib olduq” layihəsi
barədə məlumat verib, gələn il İkinci Dünya
müharibəsində Qələbənin 75 illiyinin qeyd
olunacağını xatırladaraq müharibənin acı nəticələrindən
danışıb, digər ölkələrlə
yanaşı, Çin, Monqolustan və Hindistanın da bu
müharibədə qurbanlar verdiyini bildirib.
Azərbaycan səfiri son vaxtlar
radikal milliyyətçiliyin təzahür etdiyini, faşizmin
qəhrəmanlaşdırılması cəhdlərinin
müşahidə olunduğunu bildirib, belə halların
artmasından narahatlığını ifadə edərək
Ermənistanda Qaregin Njdeyə abidə ucaldılmasını
misal gətirib. Diplomat abidənin açılış mərasimində
Ermənistanın dövlət rəsmilərinin
iştirakı faktını önə çəkərək
belə halların çox təhlükəli olduğunu
vurğulayıb və buna indiyədək lazımi reaksiya
verilmədiyini təəssüflə qeyd edib.
Andrey Belyaninov İkinci Dünya
müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı
adı almış kifayət qədər azərbaycanlı
olduğunu xatırladıb, onlardan birinin şərəfinə
Bakıda abidə ucaldılması təklifini irəli
sürüb. Səfir Polad Bülbüloğlu təklifi
müsbət qarşılayıb.
Azərbaycan.
- 2019.-10 avqust.- S.3.