Sağlam həyatın qırılma nöqtəsi

 

Pulmonoloq-həkim Əsəd Beydullayev çoxlarının yaxa qurtara bilmədiyi siqareti atmağın mümkünlüyünü göstərir

 

DİQQƏT!

 

- yaşınız 40-dan çoxdursa;

- nəfəs darlığı çəkirsinizsə;

- tez yorulursunuzsa;

- davamlı öskürürsünüzsə;

- siqaret çəkirsinizsə;

Siz də XOAX ola bilərsiniz!

 

Sağlamlıq nəinki insan, əslində, bütün canlı varlıqlar üçün önəmlidir. Çünki sağlam bədəndə ruh xəstə ola bilməz. Xəstəliklər müəyyən yollarla qazanılır, yaxud müxtəlif üsul və vasitələrlə yoluxdurulur. İrsi xəstəliklər istisna olunmaqla, digərlərini özümüzün qazandığımızın heç də fərqinə varmırıq. Xəstə yatağa düşdükdən sonra isə onun müalicəsi heç də həmişə səmərə vermir. Bunun üçün "hər kəs özünün həkimi olmalıdır” fikri təsadüfi yaranmayıb və artıq aforizmə çevrilib.

Bu da onun göstəricisidir ki, heç də həmişə sağlamlığımızın qayğısına qalmırıq. Sağlamlıq keşikçilərinin dönə-dönə vurğuladıqları kimi, ətraf mühit, məişət tullantılarından çirklənən iqlim də insan orqanizminə mənfi təsirini göstərməkdədir. Təəssüf ki, bilə-bilə bu bəşəri təhlükədən xilas olmağa çalışmırıq, əksinə, sanki həyatımıza - bugünümüzə və gələcəyimizə qənim kəsilirik: həkimlərin məsləhətlərinə əməl etmirik.

 

"Bəziləri özlərini karlığa-korluğa vurur”…

 

Yay fəslinin özünəməxsus qayğıları var ki, onlardan biri də sağlamlığa zərər vura biləcək hallardan yayınmaqdır. Bakı Medikal Plaza Mərkəzinin həkim-pulmonoloqu Əsəd Beydullayevlə söhbətimiz də məhz sağlamlığa qayğını unutmaqla, pis vərdişlərlə müəyyən xəstəliklərin qazanılması və onlardan xilas yollarının mümkünlüyü barədədir.

 

Qısa arayış:

 

Əsəd Beydullayev 1999-2003-cü illərdə Azərbaycan Tibb Universitetini, 2003-2005-ci illərdə Hərbi tibb fakültəsini, Türkiyə Cümhuriyyəti Ankara Universiteti Tibb fakültəsini, 2016-2017-ci illərdə Ağciyər xəstəlikləri bölməsini, Bronxoskopiya, Spirometriya üzrə kursu bitirib. Türk Toraks Dərnəyinin, Ağciyər Sağlığı və Yoğun Bakım Dərnəyinin və Türkiyə Solunum Araşdırma Dərnəyinin həqiqi üzvü, Bakı Medikal Plaza klinikasının pulmonoloq-həkimidir.

"İxtisasca pulmonoloq olduğum üçün istərdim ki, sağlamlığa ciddi zərər verən bəzi pis vərdişlər vasitəsilə qazanılan, hətta, sonu bir çox hallarda ölümlə nəticələnən xəstəlikdən söz açım. Pulmonologiya tənəffüs yollarını ehtiva edən xəstəliklərlə məşğul olan bir tibb ixtisasıdır. Mənası latın və yunan sözlərinin birləşməsindən olub, "ağciyər” və "öyrənmə” deməkdir.

 

Pulmonologiya sahəsindəki ilk böyük kəşflərdən biri

 

Bir çox ürək xəstəliyi də ağciyər əlamətləri verə bilər. Ürək və ağciyərdə başlıca əməliyyatlar torakal cərrah tərəfindən həyata keçirilir. Pulmonoloqlar tez-tez sinənin içindən və ya ağciyərdən nümunə almaq üçün xüsusi prosedurlar yerinə yetirirlər. Diaqnozlara kömək etmək məqsədilə ağciyər və ürək damarlarını keçirmək üçün radioqrafik üsullardan istifadə olunur. Ağciyər törəməsi və ağciyər xərçəngi kimi xəstəliklərdə səbəbləri və mümkün müalicələri axtarmaq üçün də elmi araşdırmalar aparılır”.

Həkimin əlavəsi: "Pulmonologiya sahəsində ilk böyük kəşflərdən biri, pulmoner dövranın kəşfi idi. Onun kəşf edilməsi iki əsrdən bəri qəbul edilmiş bu nəzəriyyəni pozmur. XIV əsrin anatomisti və fizioloqu İbn əl-Nafis ürəyin iki tərəfi arasında doğrudan keçid olmadığını dəqiq şəkildə öyrənmişdi. O, qanın pulmoner arteriya və ağciyər vasitəsilə keçdiyini, bədən ətrafında pompalanmaq üçün ürəyə geri dönməsinə inanırdı. Çoxları da bunun pulmoner dövriyyənin ilk elmi təsviri olmağına şübhə etmirdi”.

 

"Yandım, ay Allah…”

 

Məlumdur ki, yay aylarının gəlməsi, istilik dərəcələrinin yüksəlməsi kondisioner kimi otaq soyuducularından, havatəmizləyici digər elektron vasitələrdən istifadəni daha da aktuallaşdırır. Bəzən istəmədiyin halda belə həmin vasitələrdən məcburi istifadə etməli olursan. Əlbəttə, onların müsbət təsirlərini inkar etmək mümkün deyil. Lakin unuduruq ki, bunların əks təsirləri də var. Uzun müddət kondisionerlərin təmizlənməmiş filtrlərində bakteriyalar, göbələklərin sporları formalaşa, toz toplana bilir. Əgər kondisionerlər təmizlənmədən istifadə olunarsa, onların havaya ötürdüyü tozlar, sporlar allergik astması olan xəstələrə, təbii ki, pis təsir edəcək: xəstəliyi qıcıqlandırıb oyadacaq. Eyni zamanda allergik-riniti olan, soyuğa həssas astmalı xəstələr də kondisionerin soyuq havası altında otura, dincələ bilməzlər.

 

Şirin cana od salır…

 

Şirin cana od salan siqaret də ağciyər xəstəliklərinin yaranmasına səbəb olan amillərdəndir. Həm də bu gün aktuallığı ilə həyəcan siqnalının çalınmasını tələb edir. Siqaret çəkmək pis vərdişlər içərisində ən öldürücü olanıdır. Siqaretin zərərli olması onun yalnız çəkənə deyil, həm də ətrafdakı insanlara pis təsir etməsidir. Həkim bu aludəçiliyi yüngül formada ən pis vərdiş adlandırır: "Siqaretin tərkibində 4000-dən çox zərərli kimyəvi maddə var, bunlardan 81-i birbaşa xərçəngin yaranmasına səbəb ola bilər. Siqaretdən asılılığın əsas səbəbi nikotindir. Asılılıq yaratmasına görə heroin, kokain və alkoqollu içkilərdən fərqi yoxdur. Siqareti tərgitmək asan olsa da, çətinlik yaradan səbəblər də var. Onlardan biri fiziki, digəri eyni anda psixoloji asılılıq yaratmasıdır. Siqareti tərgitmək istəyənlər bilməlidirlər ki, ortaya çıxan narahatlıqlar daimi deyil. Düzgün həkim nəzarəti, müalicənin sonunadək səbirli olmaq siqaretə birdəfəlik "yox” deməyin ən asan üsuludur...”

Siqareti tərgitdikdən sonra meydana çıxan narahatlıqlar və davametmə müddəti aşağıdakı kimidir: yuxusuzluq (bir həftə), siqaret çəkmək istəyi və fikri cəmləyə bilməmək (iki həftə), depressiya, əsəbilik, narahatlıq hissi (dörd həftə), qəbizlik, ağız içində yaralar (dörd həftə), iştahın, yemək istəyinin artması (on həftə).

Siqareti tərgitmək istəyənlərin 50 faizi deyilənlərə düzgün əməl etdikdə istədikləri nəticəyə nail ola bilirlər.

 

Kişilərdə xərçəngə bağlı ölümlərin 35, qadınlarda isə 15 faizinin səbəbi siqaretdir

 

Müalicənin əsasını nikotin əvəzedici terapiya və uyğun həblər təşkil edir. Eyni zamanda düzgün həyat tərzinə yönlənmək, siqaret çəkməyə meyil yaradacaq bütün vasitələrdən (avtomobildə və evdə külqabıları, siqaret qutuları və s. yığışdırmaq), eləcə də siqaret çəkməyə meyilli çevrədən uzaq durulması məsləhət görülür.

Unudulmamalıdır ki, nikotin qanın laxtalanma riskini, arterial təzyiqi və ürək döyüntülərini artırır. Siqaret tüstüsündəki CO qazı qanın oksigen daşıma həcmini azaldır və tez yorulmaya səbəb olur. Kişilərdə xərçənglə bağlı ölümlərin 35, qadınlarda 15 faizinin səbəbi siqaretdir. Agciyər xərcənginin diaqnozu ilə dünyasını dəyişənlərin 90 faizi siqaret çəkənlərdir. Onlarda ağciyər xərçəngindən başqa ağız, dil, qırtlaq, yemək borusu, pankreas, böyrəklər, prostat xərçənginə tutulma riski 30 dəfə artıqdır. Xroniki bronxit, XOAX, emfizemanın əsas səbəbi də siqaretdir. Siqaret çəkilən evlərdə körpələrdə orta qulağın iltihabı və tənəffüs yolu xəstəliklərinə daha tez-tez təsadüf edilir. Özünüzün və yaxınlarınızın sağlamlıgını düşünün, siqareti tərgitməyə çalışın!

 

Xanımlara siqaret yaraşmır

 

Son zamanlar ətrafımızda siqaret çəkən xanımların sayının artmasını müşahidə edirik və sanki buna alışmağa başlayırıq. Çox da uzaq olmayan tarixi keçmişimizdə bu hal cəmiyyətin kəskin tənqidi ilə qarşılaşırdı. Qadın, ana gözəlliyin və təmizliyin rəmzi sayılır. Kişi və ya qadınlığından asılı olmayaraq siqaret hamı üçün çox zərərli və pis vərdişdir. Xüsusən də qadın orqanizminə vurduğu ziyan daha böyükdür. Gün ərzində 10 siqaret çəkən bir xanımın hamilə qalmaq şansı 2 dəfə azalır. Siqaret çəkən, eyni zamanda kontraseptik dərmanlardan istifadə edən xanımların ürək-damar xəstəliklərinə tutulma riski dəfələrlə yüksəkdir. Siqaret çəkən hamilələrdə düşük qorxusu 5 dəfə artır. Hamiləlik normal olsa belə, həmin körpələrin zehni və fiziki qüsurlarla doğulması ehtimalı çox yüksəkdir. Hamilə qalmağı planlayan siqaret çəkən xanımlara hamiləlikdən 6 ay əvvəl bu pis vərdişdən uzaq durmaq nəinki tövsiyə edilir, hətta ciddi şəkildə tapşırılır.

 

Saralmış diş, yoxsa sağlam gülüş?

 

Daxili orqanlarda meydana gələn xəstəliklərlə yanaşı, siqaret xarici görünüşə də çox pis təsir edir: dəri öz təravətini daha tez itirir. Siqaretin təsiri ilə dəri quru və boz rəng çalarlarında olur. Sağlam gülüşün təməli olan dişlər saralır və damaq xəstəlikləriylə bağlı ağızdan pis qoxular gəlir. Daha "yüngül” siqaretlərin çəkilməsinin az zərərli olması da yanlışdır. Siqaretin stresin qarşısını alması fikri də yalandır! Çünki siqaretə alışmış biri onu çəkə bilmədiyi zaman yaşadıgı stres daha çox əzab verir. Siqaretdən planlı, düzgün - həkim nəzarəti altında, lazımlı dərmanları istifadə edərək qurtulmaq mümkündür. Lakin onu da unutmayaq ki, bəzi hallarda siqareti tullamaq üçün çəkilən "elektron siqaret”lərin özü belə "naturalnı”lardan az zərər vermir. Ən azı, adi siqaretlərin tərkibində dörd minə qədər zərərli maddənin olmasını bilirik. Lakin "elektron siqaret”in nədən hazırlanması barədə heç bir məlumatı olmayan insan ondan necə istifadə edir qorxmadan?! Ona görə də özümüzün və ətrafımızdakıların sağlamlığına laqeyd qalmayaq - siqaretə "YOX!” deyək...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-10 avqust.- S.5.