Nakam haqq aşiqi - Xaspolad Coşqun
Xalq sənətkarlarımız
O, nakam aşiq idi... 14 yaşında qəlbinə düşən sevgi atəşinin qoru ömrünün sonuna qədər ona dinclik vermədi, ahı dağları yandırdı, daşlarda əks-səda verdi... Çağlayıb daşan təbi ilk məhəbbətinin carçısı oldu... Sinəsinə basdığı quru odun parçası dilə gəldi, yanıqlı-yanıqlı inlədi, nazlı nigarın hicranından gileyləndi... Ürəyinin alovu qəlbindən süzülərək dodağında gəraylıya, qoşmaya, təcnisə, müxəmməsə, divanəyə çevrildi... Məcnun yolu ilə getdi, eşqin müqəddəs qapısında səcdəyə durdu... Haqq aşiqi oldu...
Qəfil qəza məni saldı
toruna,
Açıq yolu bağlar
qalan mən oldum.
Ehtiramla səcdə edib
varlığa,
"Lahu” deyə çağlar qalan
mən oldum...
Qarabağın ustad
aşıqlarından olan Aşıq Xaspolad Coşqundan
danışırıq... Kiçik
yaşlarından şeir yazmağa meyil edən Xaspolad
atası ilə kəndə gələn aşıqların məclislərinə
gedir, onları dinləməkdən doymurdu. Xatirələrində
isə onu "aşıq” edən əsl səbəbdən
yazırdı: "Həqiqi təb o adamda yaranır ki, erkən
yaşlarında saf bir məhəbbətlə sevir və
sevilir, lakin istəyinə nail ola bilmir. Mən də belə olmuşam. Ona
görə də bütün
yaradıcılığımın səbəbini və həmişə
çağlayıb daşan təbimin ilkin mənbəyini
bunda görürəm. 1935-ci ildə
sevdiyim qız ailələri ilə birlikdə kəndimizdən
köçüb başqa yerə getdilər. Hər şey tarimar oldu, fikrim-zikrim
qarışdı, dünya gözümdə qaraldı. Həmin vaxtlar Məhəmməd Füzulinin
"Leyli və Məcnun” poemasını tapıb oxudum və əzbərlədim.
Eşqin müqəddəsliyini həmin dastandan
öyrəndim. Saza-sözə meyilim o qədər
idi ki, sazım olmadığından odun parçasının
üzərinə sim bağlayıb ondan istifadə edirdim.
Kənd arasında, bulaq başında,
bağlarda çalıb-çağırırdım. 1936-cı ildə üç simli bir cürə
aldım. İki sim də özüm əlavə
qoşdum. 1938-ci ildə isə cürəni
tarla əvəz etdim”.
Valeh nəslindənəm,
cəsarətim var
Ömrünün 80 ilini
yazıb-yaratmağa, çalıb-çağırmağa həsr
edən Aşıq Xaspolad Coşqun 1919-cu il
martın 20-də Ağdam rayonunun Abdal kəndində anadan
olub. Gənc yaşlarından ustad
aşığın saza-sözə güclü həvəsi
olur. O, bədahətən qoşmalar, gəraylılar
qoşar və onları sazla oxuyardı. Şeirə,
sənətə olan bu həvəsin ona ulu babası
Aşıq Valehdən irsən keçdiyini söyləyirlər.
O, Kərbalayı Şəfi Aşıq Valehin kötükcəsidir
və bu barədə şeirində də məlumat verir.
Hünər meydanında dəyanətim
var,
Aşıqlıq elmimdə öz adətim
var
Valeh nəslindənəm, cəsarətim
var,
Coşğun Xaspoladam,
Qarabağlıyam.
İlk təhsilini Abdal ibtidai məktəbində,
sonra isə Gülablı yeddiillik məktəbində alan ustad aşığın ana tərəfində
xeyli din xadimləri olub. Babası Axund Molla Xəlil, Molla
Əsəd, dayıları Molla Abbas, Molla Hüseyn, Molla Xəlil
(Axund Molla Xəlilin nəvəsi) və başqaları Nəcəfül-Əşrəfdə
təhsil almışdılar. Bu səbəbdən
də onların əhatəsində böyümüş
Xaspolad dini savada da yiyələnmişdi. Dini
o qədər güclü bilirdi ki, hətta din alimləri belə
onunla mübahisə etməkdən çəkinirdilər.
1939-cu ildə hərbi xidmətə
yollanan Aşıq Xaspolad 1941-ci ildə müharibənin ilk
günlərindən odun, alovun içərisinə
atılır.
Elə ilk döyüşlərin birində top mərmisinin zərbəsindən
yaralanır və gözləri tutulur. O, Lvov şəhərində
bir müddət hərbi hospitalda müalicə olunsa da,
gözləri açılmır. 1942-ci ilin iyun
ayında hərbidən tərxis olunub evlərinə
dönür. Doğma torpağından
aldığı qüvvətin möcüzəsindən
gündən-günə səhhəti
yaxşılaşır, gözlərinə nur gəlir.
Müharibəyə yenidən qayıtmaq istəsə
də, səhhəti buna imkan vermir. Az
keçmir ki, Aşıq Xaspolad Abdal məktəbinə hərbi
müəllim təyin edilir, 1944-cü ildə isə ailə
həyatı qurur.
Sənətinin mahir bilicisi
Aşıq Xaspolad dəfələrlə bu meydanda
özünü sınamış, Aşıq Hüseyn
Saraçlı, Aşıq Pənah, Aşıq Məcid,
gürcüstanlı şair Teymur, qocaman Dərviş,
Aşıq Məhəmməd, Aşıq Zeynal, gəncəli
Aşıq Qədir, Mirqələm, həkim Şahlar,
Aşıq Tərlan, Aşıq Hilal, Aşıq Soltan,
Aşıq Nübar Mədətova ilə deyişib. Aşıq Xaspolad aşıqlığının
müxtəlif dövrlərində üzbəüz deyişmələrdə
ya qalib gəlmiş, ya da tərəf-müqabilinin təklifini
nəzərə alıb mehribanlıqla
ayrılmışdı.
Aşığın xatirə dəftərində
olan bir nümunədə deyilir: "1950-ci ilin mart ayında
Mingəçevirdə yenə də aşıqlar bir yerdə
cəmləşib
çalıb-çağırırdılar. Növbə
Zeynal adlı bir aşığa çatdı. O,
eşitmədiyim bir təcnis oxudu. Mən bu təcnisin
kimin olduğunu soruşdum. Dedi ki, dayımındır.
Soruşdum, dayın kimdir, dedi ki, Aşıq Şəmşir.
Dedim, Aşıq Şəmşir kimdir? Həqiqətən
də Şəmşir haqqında eşitməmişdim.
Zeynal kinayə ilə dedi: "Bəs sən necə
aşıqsan ki, dayım haqqında eşitməmisən?” Mən Zeynaldan Aşıq Şəmşirin
ünvanını öyrənib ona bir məktub yazdım.
Bu məktubdan bir ay keçdi, cavab gəlmədi.
Aşıq Şəmşirə ikinci məkrubu
"Cavab ver” şeiri ilə yazdım. Xeyli
keçəndən sonra Şəmşirin oğlundan bir məktub
aldım. "Qulaq as” rədifli bir
şeirlə mənə öyüd-nəsihət
yazmışdı. Mən üçüncü dəfə
üç qatar "Qulaq as”
başlığı altında şeirlə yenə bir məktub
yazdım. Bir sözlə, aşıqlıq sənətində
əsl cəsarəti bircə Aşıq Şəmşirdə
gördüm. O, sazını da götürüb Mingəçevirə
gəldi. Lakin mənimlə deyişmədi, dedi ki, "sən
elə bir ocaqdansan ki, aşıqlar səninlə deyişməyə
yox, səni ziyarətə gəlməlidir”.
Aşığın
qıfılbəndləri hələ də aşıqlar tərəfindən
açılmamış qalır. Öz deyişmələri ilə
bağlı xatirələrinin birində aşıq söyləyir:
"İlk dəfə 1938-ci ildə Abdal kəndində
Aşıq Səyyafla deyişmişəm. Göyçədən
gəlmişdi. Üç saatlıq
deyişmədən sonra mən onu Aşıq Ələsgərin
"Oldu” bağlaması şeiri ilə bağladım”.
Mirzə
İbrahimov Aşıq Xaspoladı Bakıya
çağırır
Aşıq Xaspoladın
ocağına onunla görüşmək üçün
Mirzə İbrahimov, dramaturq Məcid Şamxalov, Şərqin
ilk filosof qadını Şükufə Mirzəyeva,
yazıçı Əlfi Qasımov, xalq şairləri Tofiq
Bayram, Qabil, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Şahmar Əkbərzadə,
Aşıqlar Birliyinin sədri Hüseyn Arif, respublikanın
xalq artistləri - tarzən Qurban Pirimov, Xan Şuşinski,
Əbülfət Əliyev, Sara Qədimova, Aşıq Şəmşir,
Aşıq Hüseyn Saraçlı, Aşıq Soltan həyat
yoldaşı Qəndab xanımla, yazıçı Mustafa
Çəmənli, folklorşünas Mahmud Allahmanlı və
daha neçə görkəmli şəxslər gəlib.
Bu tanınmış elm, incəsənət
adamları ustad aşığı dinləməkdən
doymur, onun maraqlı söhbətlərinə saatlarla qulaq
asırdılar. 1958-ci ildə respublika Ali Sovetinin sədri
Mirzə İbrahimov Qurban Pirimovla birlikdə
Abdal-Gülablı kəndinə gəlir. O, Qurban
Pirimovun məsləhəti ilə Aşıq Xaspoladla
görüşür. Elə həmin ilin oktyabr
ayında Aşıq Xaspoladı Qurban Bakıya
çağırtdırır. Onu Nizami adına
Ədəbiyyat İnstitutuna folklorşünas Məmmədhüseyn
Təhmasibin yanına göndərir. Məmmədhüseyn
Təhmasib Radio Komitəsinin sədri Teymur Əliyevlə
danışır. Aşıq Xaspoladın "Valeh və
Taleh” dastanını müəllifin ifasında lentə
alırlar. Akademik Həmid Araslının
iştirakı ilə aşığın dörd dastanı
da lentə alınır.
Lakin Aşıq Xaspolad
imkansızlıq, diqqətsizlik və bir sıra səbəblərdən
şeirlərini və dastanlarını çap etdirə
bilmir. Yalnız 1969-cu ildə onun Famil Mehdi ilə birlikdə
topladığı, Aşıq Valehin
yaradıcılığına aid olan "Alçaqlı
ucalı dağlar” kitabı çap olunur. 1990-cı ildə Aşıq Xaspoladın 17000
nüsxə ilə "Taleh və Həqiqət” adlı
kitabı işıq üzü görür. 1999-cu ildə ustadın "Qəlbimdə nisgilli
hekayətim var” adlı ikinci kitabı nəşr olunur.
Bütün ömrünü haqq aşığı
Aşıq Valehin yaradıcılığının
toplanmasına sərf edən Dədə Xaspoladın ev arxivində özünün çap
olunmamış çoxlu dəyərli yazıları və
Aşıq Valeh haqqında topladığı sənədlər
indi də saxlanılır. Onun ulu babası
Aşıq Valeh haqqında geniş məlumatı vardı.
Bu barədə Mustafa Çəmənlinin qeydləri də
maraqlıdır: "Xaspolad kişi iri bir qovluğu
qarşıma qoyub, - mən istəyirəm babamın
kitabı bu sayaq çıxsın, - dedi. Qovluğu
açıb əlyazmanı vərəqlədim,
gördüm ki, Xaspolad kişi Aşıq
Valehin hər şeirinin yaranma tarixini, hadisə və rəvayəti
də toplayıb. Doğrudan da, Aşıq
Valehin yaradıcılığı bu rəvayət və
hadisələrlə birgə çap olunsa, daha təsirli,
daha bitkin olardı”.
Bu kitabda aşığın yüz
qırxdan artıq qoşması, on gəraylısı, on
altı qəzəli, doqquz deyişməsi, dörd müxəmməsi,
beş dastanı toplanmışdır. Dastanlardan ikisi ("Taleh və Həqiqət”,
"Valeh və Taleh”) Aşıq Valeh və oğlu Taleh
haqqında məlumat verir. Ustad sənətkarın
səkkiz dastanı və xeyli şeirləri var. Ustadnamələr,
gəraylılar, qoşmalar, müxəmməslər, divanilər,
hərbə-zorbalar, həcvlər, qıfılbəndlər
yaradıcılığında geniş yer tutur. Onun
"Bülbüllə”, "Aşıq Valehin məzarı
ilə”, "Dağlarla”, "Molla ilə”, "Mələklə”,
"İnsanla” deyişmələri olduqca maraqlıdır.
"Nənə
qızlar”ın ustad dədəsi...
1950-ci ildən Aşıq
Xaspolad Aşıqlar Qurultayına nümayəndə
seçilir.
Yaradıcılıq uğurları getdikcə artan
aşığın 1961-ci ildə keçirilən III Aşıqlar
Qurultayında iştirakı da əlamətdar olur:
"Qurultayda iştirak etdikdən sonra Aşıq Şəmşirlə
birgə Azərbaycan Pedaqoji İnstitutunda
çıxışa dəvət olundum. Çıxışım
müəllimlər və tələbələr tərəfindən
rəqbətlə qarşılandı, yenidən
çıxış üçün səhnəyə dəvət
olundum. İnstitutun rektoru, mərhum Mehdixan
Vəkilov məni təbrik edib minnətdarlığını
bildirdi”.
Çoxşaxəli
yaradıcılığa malik ustad həm də mədəniyyət
sahəsində çalışıb. O, yaşadığı kənddə
yaradılmış Mədəniyyət Evinə uzun müddət
başçılıq edib. 1983-cü ildə Gülablı
kənd Mədəniyyət Evinin müdiri Aşıq Xaspolad
Mirzəliyevə Ağdam Rayon Mədəniyyət Evindən
tapşırıq gəlir - bütün mədəniyyət
evlərinin nəzdində folklor ansamblları təşkil
olunmalıdır. Xaspolad kişi Xavər
Nuruyevanın bu işi layiqincə yerinə yetirəcəyini
düşünür. Beləliklə, kənddə
səsi, istedadı, qabiliyyəti olan on yeddi qızı
yığıb 1984-cü ildə məşhur "Nənə
qızlar” folklor ansamblını yaradırlar. Folklor ansamblının keçirdiyi tədbirlərin
senarisini Aşıq Xaspolad özü yazırdı. Çox təəssüf ki, bu bədahətən deyilən
şeirlər vaxtında yazıya alınmadığından
yalnız ansamblın qızlarının yaddaşından
yazıya köçürülüb. Uzun
illər səhnədə xalqımızın
keçmişini, məişətini, adət-ənənəsini
öz ifalarında yaşadan "Nənə qızlar”
ansamblı paytaxt Bakıda, respublikada və digər ölkələrdə
elə bir tədbir yox idi ki, iştirak etməsin. İyirmi nəfər üzvü olan ansambl
üç dəfə keçmiş Ümumittifaq Folklor
Yaradıcılığı Festivalının
iştirakçısı olmuş, dəfələrlə
Moskvadan vətənə laureat kimi qayıtmışdı.
Ansamblın bəzi üzvləri qızıl
medala layiq görülmüşdü.
"Qəm gəldi
qəm üstə, mənə pay oldu...”
Təəssüf ki, saza və
sözə sadiq ustad sənətkar Aşıq Xaspoladın
taleyinə məcburi köçkünlük də
yazılmışdı və ömrünün sonuna qədər
Bakıda cənnət-məkan Abdal-Gülablının həsrəti
ilə yaşamağa məcbur olmuşdu. 2000-ci ildə
81 yaşında haqq dünyasına qovuşan ustad sənətkar
elə doğulduğu Ağdamda, Xındırıstan kənd
qəbiristanlığında dəfn olunur.
Coşqun Xaspoladam, ömrüm zay
oldu,
Çeşmimin yaşından bulaq
çay oldu,
Qəm gəldi qəm üstə, mənə
pay oldu,
Cavan vaxtı ağlar qalan mən
oldum...
Tezliklə
Qarabağımızın, Abdal
-Gülablının düşmən
tapdağından azad olmasını və Aşıq
Xaspoladın da ruhunun şad olmasını diləyirik.
Almara
NƏBİYEVA,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.-
2019.- 11 avqust.- S.8.