Dünyada yaşanan demoqrafik böhran fonunda Azərbaycan reallığı

 

İlham Əliyev: "Azərbaycanın uğurlu inkişafı əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq”

 

Demoqrafik proseslər cəmiyyətin həyatının bütün sahələri ilə birbaşa bağlıdır. Bu bağlılıqsa sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür.

Yəni demoqrafik proseslər nəsillərin normal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquqi tədbirlər sistemindən, o cümlədən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiyası və s.-dən ibarət olmaqla əhalinin bütün sosial-demoqrafik təbəqələrinin köklü mənafelərinə toxunur.

İctimai inkişafın müasir mərhələsində dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən dəyişikliklər ayrı-ayrı dövlətlərin ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdikləri siyasətə daha çox təsir göstərir. Həmin məsələlərlə bağlı bir çox problemlərə demoqrafik inkişaf kontekstində baxılması sözügedən problemlərin həllinə daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə baxış formalaşdırmaq imkanı yaradır.

Nəhayət, keçək əsas mətləbə. BMT-nin hesablamalarına görə, dünya əhalisinin sayı hər il orta hesabla 83 milyon nəfər artır (hazırda Yer kürəsində 7,7 milyarddan çox adam yaşayır). Bu hesabla 2030-cu ildə planetdə 8,6 milyard, 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə 11,2 milyard insanın yaşayacağı proqnozlaşdırılır. Təəssüf ki, bu artım vektoru sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəlir. Bu gün dünyada müşahidə olunan əhalinin sürətli artımı ətraf mühitə təsirin kəskin yüksəlməsi və insanların ümumi tələbatının çoxalması ilə ifadə olunur ki, o da yoxsulluğa, iqtisadi geriliyə və ictimai sabitsizliyə gətirib çıxarır.

Digər problem əhalinin artım göstəricilərinin bərabər paylanmamasıdır. Artıq uzun zamandır artımın böyük əksəriyyəti Asiya, Afrika və Cənubi Amerika ölkələrinin payına düşür və həmin ölkələr o üzdən sosial, tibbi, təhsil və digər problemlərlə daha çox üzləşirlər. Lakin nə qədər təəccüblü görünsə də, bu bərabərsizlikdən inkişaf etmiş ölkələr də az əziyyət çəkmirlər. Həmin ölkələrdə əhalinin sayının azalması və yaşlaşma prosesinin sürətlənməsi əmək resurslarının və davamlı inkişafda mühüm rol oynayan gələcək nəsillərin sayının azalması ilə müşayiət olunur.

Belə vəziyyətin fəsadlarını əks etdirən faktlara nəzər salaq: son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65-ə düşmüşdür. Bu gün səmərəli sosial müdafiə ilə dünya əhalisinin cəmi 27 faizi əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artmışdır və hazırda 232 milyon nəfəri əhatə edir. Miqrantların çoxu məskunlaşdıqları ölkələrdə yüksək işsizlik və sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar.

BMT-nin hesablamalarına əsasən, bu gün dünyada 800 milyona yaxın insan hələ də yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, 795 milyon insan isə aclıqdan əziyyət çəkir. Bunlardan əlavə, iqtisadi baxımdan ən yoxsul və ən varlı, habelə kənd və şəhər üzrə ev təsərrüfatları arasında böyük fərqlər mövcuddur. Kimin ağlına gələr ki, XXI əsrdə planetdə iqlim problemlərinin nəzərəçarpacaq dərəcədə ağırlaşması əhalinin artımı və aktiv fəaliyyəti ilə birbaşa bağlıdır. Bəli, məhz həm də əhali çoxluğu üzündən bəşəriyyət bu gün təbii fəlakətlər, resursların tükənməsi, xəstəliklər və pandemiyalar, ərzaq çatışmazlığı ilə üz-üzədir.

İndi keçək Azərbaycana. Öncə onu qeyd edək ki, ölkəmizdə əhalinin artımı, başqa sözlə desək, demoqrafik inkişafın təmin edilməsi güclü və dayanıqlı innovativ iqtisadiyyatın formalaşmasına, əmək məhsuldarlığının artmasına və bununla paralel əhalinin rifahının yüksəlməsinə yönəlmiş dövlət siyasətinin mühüm nailiyyətlərindəndir.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, insan, vətəndaş amilinin ön planda dayandığı milli inkişaf strategiyasına əsaslanan bu siyasət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilərək və yeni çağırışlara adekvat, praqmatik mövqedən yanaşılaraq demoqrafik proseslərin müsbət məcrada davam etməsinə imkan yaradıb. Təsadüfi deyil ki, cari ilin ən yaddaqalan hadisələrindən biri aprel ayında Azərbaycanın 10 milyonuncu sakininin doğulmasıdır. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda əhalinin dinamik artımı fonunda geosiyasi və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyin təmin olunması və gələcəkdə sağlam nəslin yetişməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritet istiqamətidir.

Demoqrafik proseslərin intensivliyini təmin etmək üçün ölkəmizdə mövcud olan zəruri imkan və münbit şəraitdən, təbii ehtiyatlar və potensialdan səmərəli istifadə edilir. O üzdən bugünkü innovativ modernləşmə və tərəqqi prosesində insan kapitalının inkişafı və əhalinin demoqrafik təkrar istehsalının təmin edilməsi Azərbaycanın davamlı inkişafında prioritetlərdən birini təşkil edir.

Müasir iqtisadi inkişaf və sosial rifah konsepsiyasının reallaşmasında həlledici rol oynayan insan resursları demoqrafik potensialı formalaşdıran əhalinin təkrar istehsalı proseslərinin xarakteri ilə birbaşa bağlıdır. Demoqrafik proseslərin dinamikası isə onların intensivliyindən, əhalinin demoqrafik tərkibi və davranışlarından asılıdır. Eyni zamanda demoqrafik vəziyyət iqtisadi, sosial, mədəni, siyasi, hüquqi həyatın mühüm aspekti kimi ölkənin milli maraqları ilə birbaşa bağlı olduğu üçün bu sahədə proseslərin səmərəli institusional-hüquqi tənzimlənməsi, əhalinin fiziki və psixoloji sağlamlığı, mənəvi-intellektual səviyyəsinin davamlı yüksəlişi uzunmüddətli perspektivdə hərtərəfli inkişafa nail olmağın və həmin məqsədlər üçün dövlətin strateji resurslar potensialının gücləndirilməsinin zəruri şərtləri kimi çıxış edir.

Yeri gəlmişkən qeyd edək ki, əhali sakinliyinin inkişafı sahəsində siyasətin formalaşmasında 1994-cü ildə Qahirədə keçirilmiş "Əhali və İnkişaf” üzrə beynəlxalq konfransda qəbul edilmiş fəaliyyət proqramı xüsusi yer tutur. Konfrans əhali, davamlı inkişaf və insan hüquqları arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan və önə gətirən BMT-nin nəhəng tədbirlərindən idi. Müzakirə olunan məsələlərin qlobal xarakter daşıdığını nəzərə alan Heydər Əliyev həmin tədbirdə şəxsən iştirak edib və konfransdakı çıxışında fəaliyyət proqramının Azərbaycan üçün də son dərəcə əhəmiyyətli olduğunu bildirib. Onu da nəzərə çatdıraq ki, proqram dünyanın 179 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən qəbul edilib.

Qahirə konfransından keçən dövr ərzində Əhali və İnkişaf üzrə Fəaliyyət Proqramının prinsiplərinin həyata keçirilməsi istiqamətində Azərbaycanda mühüm işlər görülüb və həmin prinsiplər ölkəmizdə əhali və davamlı inkişafla bağlı qəbul edilən siyasi qərarlar üçün əsas olub. Konfransda qəbul edilmiş fəaliyyət proqramının müddəaları Azərbaycan tərəfindən hazırda da uğurla həyata keçirilir. Bu baxımdan demoqrafik vəziyyətin yaxşılaşdırılması, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üçün Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq ölkəmizdə Prezidentin 9 dekabr 1999-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın təsdiq olunması sıradan fakt deyil. Məhz həmin konsepsiya əsasında hazırlanmış və Prezident İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası nəticəsində ölkəmizdə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına və müsbət miqrasiya saldosuna nail olunub, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi şəraitin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində kompleks tədbirlər reallaşdırılıb.

Bu gün Azərbaycan bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə uğurla birləşdirən ölkədir və bunun nəticəsidir ki, inkişaf edən iqtisadiyyat güclü sosial siyasətlə tamamlanır. Son 15 ildə Azərbaycanda ÜDM istehsalı 3,3, o cümlədən sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları 24 dəfə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "...son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilmiş, insanların rifah halı yaxşılaşmış və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”. Bu ilin də sosial-iqtisadi göstəriciləri müsbətdir. 6 ayda ÜDM istehsalı 2,4, qeyri-neft sektoru 3,2, o cümlədən qeyri-neft sənayesi 15,7 faiz artmışdır. Əhalinin gəlirlərində də 6,6 faiz artım müşahidə olunmuşdur.

2010-cu ildən Yüksək İnsan İnkişafı Kateqoriyalı ölkələr sırasına daxil edilən Azərbaycan bu gün dünyada yoxsulluğun 5 faizədək endirilməsinə nail olan 29 ölkədən biridir. Həmçinin Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə yoxsulluğu yarıyadək azaldan 18 ölkə sırasındadır. 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə ölkəmiz "Cənub-Cənub” mükafatına layiq görülüb. Bu qiymətlərsə göydən düşməyib. 2003-cü ildən ötən dövrdə ölkəmizdə əməkhaqları 7,5, pensiyalar 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlər dəfələrlə artırılıb, yoxsulluq 5 faizə düşüb. Yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının genişlənməsi isə ölkədə işsizliyin kəskin azalaraq minimuma enməsi ilə nəticələnib.

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin cari il ərzində təqdim etdiyi iki sosial paket həmin bəyanatın yüksək səviyyədə reallaşmasını, ölkəmizdə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Cari ilin ilk aylarında dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqları və minimum pensiyanın 40, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, sosial müavinətin iki yeni növünün tətbiqi və digər mühüm sosial tədbirlər 3 milyon vətəndaşımızın rifahının yaxşılaşmasına ciddi dəstək olub. Prezidentin cari ilin 18 iyun tarixli sərəncamları ilə ikinci böyük sosial paketin reallaşdırılması nəticəsində isə Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manata çatdırılaraq yaşayış minimumunu 40 faizədək üstələmiş olacaq, cari ildə minimum əməkhaqqının məbləğinin ümumi artımı 93 faiz təşkil edəcək. Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında manatın alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

Eyni zamanda dövlət başçısının yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Nəticədə cari il ərzində minimum pensiyaların məbləğinin ümumi artımı 72 faiz olacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələyəcək. Artımdan sonra Azərbaycanda minimum pensiyaların məbləği MDB ölkələri arasında nominal indeks üzrə 2-ci, manatın alıcılıq qabiliyyətinə görə 1-ci yerdə qərarlaşacaq. Ümumilikdə ikinci sosial paket daha 2,1 milyon vətəndaşı əhatə edəcək.

Ölkə rəhbərliyinin sosial sahədə həyata keçirdiyi siyasətin bir istiqaməti də dövlət sosial xidmətlərinin keyfiyyətinin innovativ yanaşmalar əsasında yüksəldilməsinə yönəlib. Cari ilin may ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və agentliyin ilk DOST mərkəzinin açılması bu istiqamətdə mühüm addımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan DOST layihəsi 126 növdə sosial xidmətin vahid platformadan, şəffaf və operativ, vətəndaş rahatlığına və məmnunluğuna nail olunmaqla təqdim edilməsinə imkan verir. 2019-2025-ci illərdə paytaxtımızda və bölgələrdə ümumilikdə 31 belə mərkəzin yaradılması planlaşdırılır.

Bunlardan savayı, Azərbaycanda ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi hesabına cari ilin birinci yarısında 13500 vətəndaşa hər hansı sənəd toplamadan və müraciət etmədən avtomatik pensiya təyin olunmuşdur. Ümumiyyətlə, Prezidentin müvafiq tapşırıqları ilə yaradılmış Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, "e-sosial” internet portalı və 18 alt sistemdən ibarət olan informasiya sistemi vasitəsilə əlaqəli şəkildə göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və modernləşdirilməsinə nail olunacaq. Tezliklə tam istifadəyə veriləcək "Məşğulluq” alt sistemi isə işsiz və işaxtaran və məşğul şəxslərin reyestrlərini, ölkə üzrə mövcud iş yerlərinin avtomatlaşdırılmış vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin tam elektronlaşmasını təmin edəcək.

Azərbaycanda həyata keçirilən bu islahatlar isə iqtisadi və sosial inkişafın təmin olunması ilə yanaşı, ölkənin demoqrafik inkişafına, habelə əhali artımına da müsbət təsir göstərir. Bunun təsdiqi kimi, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayının 20,1 faiz artaraq 2019-cu ilin martında 10 milyon nəfərə çatmasını göstərmək olar. Bu gün ölkəmizdə ötən onilliklər ərzində müşahidə olunan yüksək doğum göstəricilərinin hesabına formalaşmış əhalinin yaş strukturu əhalinin yüksək illik artım templərini təmin edir. Təkcə son 15 il ərzində əhalinin təbii artım göstəricisi hər 1000 nəfərə hesabı ilə 7,9 nəfərdən 8,4, doğulanların sayı 13,9 nəfərdən 14,2 nəfərədək artmış, ölənlərin sayı isə 6 nəfərdən 5,8-ə düşmüşdür. Bundan əlavə, səhiyyənin inkişafında əldə olunmuş nailiyyətlər hesabına 2003-2018-ci illərdə ana ölümü əmsalı (hər 100 000 nəfər doğulana) 18,5-dən 12,2, körpə ölümü əmsalı (hər 1000 nəfər doğulana) 15,5-dən 11,4-ə qədər azalmışdır. Bu dövrdə şəhər əhalisi 21, kənd yerlərində yaşayan əhalinin sayı 18 faiz artmışdır. Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik azsaylı ölkələrdən sayılır. Məlumat üçün bildirək ki, 2018-ci ildə 0-14 yaş qrupuna aid olanlar 22,4, 15-64 yaş qrupunda 70,8, 14-29 yaşlılar (gənclər) ölkə əhalisinin 23,3 faizini təşkil etmişdir. Başqa bir fakt: 2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20, 1990-cı illə müqayisədə isə 67 faiz artmış və bu təbəqənin əhalinin ümumi sayında xüsusi çəkisi 1990-cı ildəki 4,8, 2003-cü ildəki 6 faizdən 2018-ci ildə 6,8 faizədək yüksəlmişdir ki, bu da öz növbəsində əhalinin tədricən ömür uzunluğunun artmasını təmin etmişdir.

Demoqrafik təhlillər göstərir ki, ölkədə doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 115 oğlan düşür. 2013-cü ildə 2-ci uşaqlar arasında hər 100 qıza - 112, 3-cü uşaqlar arasında - 151, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında - 166 oğlan düşmüşdür ki, bu da ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payının artmasını göstərir. Doğulanların cins nisbətinin pozulması isə ümumi əhalinin cins strukturunu dəyişir. Söz düşmüşkən qeyd edək ki, bunun qarşısının alınması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, BMT-nın Əhali Fondunun dəstəyi ilə hazırlanan 2019-2022-ci illər üçün Milli Fəaliyyət Planında qeyd olunan istiqamətdə aidiyyəti dövlət orqanları, sosial tərəfdaşlar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə birgə həyata keçiriləcək kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Ölkədə həyat şəraitinin yaxşılaşması, habelə ümumi ölüm səviyyəsinin aşağı düşməsi doğulan zaman gözlənilən ömür uzunluğunun artmasına da səbəb olmuşdur. Məsələn, 2003-cü ildə ölkə üzrə doğulanda gözlənilən ömür uzunluğu 72,3, o cümlədən kişilər arasında - 69,5, qadınlar arasında - 75,1 yaş olmuşsa, 2018-ci ilin nəticələrinə görə bu göstərici 75,8 (o cümlədən kişilər üçün 73,3, qadınlar üçün 78,2) yaşa çatmışdır.

Əhalinin sayının artımına miqrasiya prosesləri də təsir edir. Məlumdur ki, son onilliklərdə müxtəlif amillərin təsiri altında Azərbaycanda miqrasiya vəziyyəti bir sıra dəyişikliklərə məruz qalmışdır. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədən miqrasiya axınını heç kim unutmayıb. Sonrakı illərdə isə davamlı sosial-iqtisadi artım, regionların inkişafına, sahibkarlar üçün imkanların və yeni iş yerlərinin yaradılmasına, vətəndaşların sosial təminatının yaxşılaşmasına və bütövlükdə əhalinin rifahının yüksəlməsinə yönəldilən tədbirlər nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişmişdir. Təkcə 2018-ci ildə bu nisbət +1,5 min nəfər olmuşdur.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə demişdir: "Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq”. Həqiqətən, dövlət başçısının da vurğuladığı kimi, geosiyasi məsələlərin həlli, ölkənin səmərəli sosial-iqtisadi siyasətinin formalaşması və həyata keçirilməsi, sosial infrastrukturun inkişafı, o cümlədən yaşayış obyektlərinin tikintisi, məktəbəqədər müəssisələrin, məktəblərin, tibb müəssisələrinin planlaşdırılması və nəticə etibarı ilə davamlı inkişafın təmin edilməsi sahəsində düzgün qərarların qəbul olunması üçün demoqrafik proseslərin və əhali inkişafının proqnozlaşdırılması şərtdir. Bu baxımdan demoqrafik proseslərin və əhali inkişafının proqnozlaşdırılması ölkənin səmərəli sosial-iqtisadı siyasətinin formalaşmasında və həyata keçirilməsində, davamlı inkişafın təmin edilməsində vacib faktor hesab olunur.

2015-ci ildə beynəlxalq ekspertlər tərəfindən aparılmış proqnoz hesablamalar göstərir ki, son illər müşahidə olunan demoqrafik meyillər nəzərə alınaraq Azərbaycanda əhali sayının artımı davam edəcək və 2050-ci ildə 11,8 milyon nəfərə çatacaq. Özü də bu, əhalinin təbii artımı hesabına baş verəcək. Bu yerdə qeyd edək ki, Prezidentin 2019-cu il 4 iyul tarixli fərmanı ilə yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya kompleks yanaşmalar əsasında əhali sakinliyi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsini, demoqrafik inkişaf meyillərinin öyrənilməsini həyata keçirəcək, sözügedən sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi, inkişaf proqramlarının hazırlanması üçün əlavə dəstək olacaq. Digər tərəfdən, məlum olduğu kimi, 2019-cu il oktyabrın 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Bu zaman əhali və onun keyfiyyəti barədə əldə ediləcək dolğun məlumatlar isə cəmiyyətin inkişaf meyillərini öyrənmək, zəruri perspektiv qiymətləndirmələr və proqnozlar hazırlamaq üçün əvəzolunmaz mənbə olacaq.

Bu mövzudan bəhs edərkən bir faktı da nəzərə çatdırmaq vacibdir: Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2019-2030-cu illər)”nın layihəsi hazırlanmışdır. Özündə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial dəstəyin artırılması, əhalinin reproduktiv sağlamlığının möhkəmləndirilməsi, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, əhalinin ölüm və xəstələnmə səviyyəsinin daha da azaldılması, həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr və elmi potensialın inkişafı məsələlərini ehtiva edən bu proqramın əsas məqsədi əhalinin davamlı artımı və keyfiyyət xüsusiyyətlərinin yaxşılaşdırılması əsasında əhalinin sabit təkrar istehsalının təmin olunmasıdır.

Göründüyü kimi, Prezident İlham Əliyevin mükəmməl islahatlar konsepsiyasına uyğun ölkədə ictimai-siyasi sabitlik şəraitində xalqın əmin-amanlığı və rifahı naminə atılan ardıcıl və mühüm addımlar demoqrafiya və əhali sakinliyinin inkişafında bu gün öz müsbət təsirini göstərir və bu tendensiyanın gələcəkdə də davam edəcəyinə təminat verir.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2019.-16 avqust.- S.1; 4.