Dağlıq Qarabağın azərbaycanlı icması
Avstraliya hökumətinə etiraz məktubu ünvanlayıb
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “üzvləri”nin Avstraliyaya səfəri və səfər çərçivəsində bəzi rəsmilərlə keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.
Məktubda bildirilir ki, qondarma rejimin üzvlərinin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir. “Avstraliya hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini, bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin “üzvləri”nə bəzi Avstraliya rəsmiləri tərəfindən “xoş münasibət” göstərilməsini biz - Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik”, - deyə məktubda vurğulanır.
Məktubu
“Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə
Heyətinin sədri Tural Gəncəliyev,
İdarə Heyətinin üzvləri Flora
Qasımova, Asif Cahangirov,
Elçin Əhmədov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və digərləri
imzalayıblar.
Azərbaycan.-
2019.- 16 avqust.- S. 4.