Xəzərin səfalı qoynu,
qızıl qumlu sahillərin yolu yenidən insanların üzünə
açılır
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü
ilə ictimai çimərliklərin
yaradılması davam edir
Yurdumuzun hər tərəfində təbiət gözəldir. Dağlar, meşələr, şəfalı su mənbələri insanlara həm sağlamlıq bəxş edir, həm də mənalı istirahət üçün imkan yaradır. Dəniz də xalqımıza təbiətin ən böyük bəxşişlərindən biridir.
Paytaxt sakinləri dincəlmək, güc toplamaq, sağlamlığını bərpa etmək üçün həmişə Xəzərin qızıl qumlu sahillərinə can atırlar. Buraya yaxın-uzaq yerlərdən gələnlər də olur və indi, turizmin getdikcə inkişaf etdiyi bir dövrdə onların sayı getdikcə artmaqdadır.
Bakılıların və şəhərin çoxsaylı qonaqlarının Xəzərin səfasından yetərincə bəhrələnməsi üçün paytaxtda ictimai çimərliklər yaradılır. Gizli deyil ki, son illərdə Xəzərin sahilində bir sıra özəl istirahət mərkəzlərinin, pullu çimərliklərin fəaliyyət göstərməsi insanların təbiətlə təmasını müəyyən dərəcədə məhdudlaşdırmış, Xəzəri onların bir çoxu üçün az qala əlçatmaz etmişdi. Bakıda ictimai çimərliklərin yaradılması bu sahədə olan çətinliyi aradan qaldırır. Təşəbbüsün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevadır.
Bakının dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olan ictimai çimərliklər artıq reallığa çevrilib. Belə ki, bu cür ilk çimərlik Səbail rayonunda, Şıx çimərliyi ərazisində 6 hektar sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan həmin ərazi təmizlənib və abadlaşdırılıb, orada kölgəliklər, soyunub-geyinmə kabinələri, duş, sanitariya qovşağı və digər infrastruktur qurulub. Sahilə gələn yol asfaltlanıb. Ərazidə eləcə də avtomobillər üçün dayanacaq düzəldilib.
Ümumiyyətlə, Bakının dənizkənarı ərazilərində yeddi yerdə ictimai çimərliklərin yaradılması nəzərdə tutulub və bu iş davam edir. Şıxdakı ilk ictimai çimərlikdən sonra Buzovna və Görədil qəsəbələrində də çimərliklər yaradılaraq paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilib. Burada da dənizsevərlərin yaxşı istirahət etməsi üçün hər cür şərait yaradılıb.
Xatırladaq ki, hələ may ayının sonunda çimərlik mövsümünün açılışı ilə əlaqədar IDEA İctimai Birliyinin təşkilatçılığı ilə Novxanı çimərliyində təmizlik aksiyası keçirilmişdi. Bu cür tədbirlərin əsas məqsədi sahildə təmizliyə riayət olunmasını təbliğ etmək, ərazinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, diqqəti bir daha ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. "Sahillər təmiz qalsın!” şüarı ilə keçirilən həmin aksiya Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan 11-ci tədbir idi.
IDEA İctimai Birliyi yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq şəraitində Azərbaycanın və regionun su bioresurslarının qorunub saxlanılması məqsədi ilə Xəzərin, eləcə də Kür çayının və digər çayların sahillərində təmizlik aksiyaları keçirir. IDEA-nın təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın bu təşəbbüsü bütün insanlara, xüsusilə gənclərə ətraf mühitin daim təmiz olması kimi mühüm işdə fəal iştirak etməyə əslində bir çağırışdır.
Qeyd edildiyi kimi, bu günlərdə daha iki ictimai çimərliyin istifadəyə verilməsi Leyla Əliyevanın nəcib təşəbbüsünün uğurla həyata keçirildiyini təsdiqləyir. İnsanlar qızıl qumlu sahillərin, Xəzərin səfalı qoynunun onların üzünə açılmasından və yaradılan ictimai çimərliklərdə girişin, eləcə də digər xidmətlərin pulsuz olmasından çox məmnundurlar.
F.SADIQLI
Azərbaycan.-
2019.-16 avqust.- S.7.