Turizmin inkişafına dövlət qayğısı

 

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb.

Azərbaycanda 2011-ci ilin "Turizm ilielan edilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə öz töhfəsini verdi. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AITF) keçirilməsinin ənənə halını alması ölkəmizdə turizmin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncam imzalayıb, həmin vaxtdan "ASAN vizasistemi yaradılıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksək səviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, Azərbaycanda turizm çox geniş imkanlara malik olmalıdır: "Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimizçox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, hotellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Ölkəmizdə turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir. Yenimüasir hotellər, dünya standartlarına uyğun yollar, bir sözlə, yaradılan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Odur ki, 2018-ci ildə respublikamıza gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-17 avqust.- S.4.