Ölkəmizdə sağlamlıq turizmi
ildən-ilə inkişaf etdirilir
Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da son illər müalicə turizminin inkişafına böyük önəm verilir. Təbii müalicə qaynaqları, münbit təbii-coğrafi şəraiti olan Azərbaycanda ölkə Prezidentinin diqqət və qayğısı sayəsində bu turizm növü ildən-ilə inkişaf edir.
Ölkəmizdə müalicə turizminin inkişafında Naftalan nefti, duz mədənləri, palçıq vulkanları, bulaqlar, mineral sular və termal qaynaqlar üstünlük təşkil edir. Azərbaycanın kurort imkanlarına metan və kükürdlü oksigen suları, mineral palçıqlar, göllər, çimərliklər və s. daxildir. Son illər bu sahənin inkişafını və aparılacaq müalicəvi işlərin səmərəliliyini təmin etmək məqsədilə müxtəlif qanunlar qəbul edilib. Xüsusilə Xəzərboyu ərazilərdə kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması üçün əlverişli şərait yaradılıb. Odur ki, ölkəmizə müalicə-sağlamlıq turizminin xətti ilə Rusiya Federasiyasından, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Ukraynadan, Latviyadan, habelə Almaniyadan, Türkiyədən, Kanadadan, İsraildən, Polşadan, Fransadan, İspaniyadan, İtaliyadan, Yaponiyadan, Çindən, Birləşmiş Ərəb Əmirliklərindən və digər ölkələrdən minlərlə turist gəlmişdir.
Müalicə-sağlamlıq turizmində Naftalan neftinin xüsusi yeri var. Mütəxəssislərin fikrincə, Naftalan nefti dünyada bənzəri olmayan nadir müalicə vasitəsi hesab edilir. Vaxtilə Naftalan nefti xarici ölkələrə aparılır və orada müalicə məqsədilə istifadə olunurdu. Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalanda dünyada yeganə olan bir muzey var ki, onun da eksponatları - atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuqağacları daha lazım olmur.
Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində Naftalan şəhərində geniş quruculuq və abadlıq işlərinə start verildi, müalicə mərkəzləri inşa olundu. SSRİ-nin dağılmasından sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa da, Ümummilli Liderin ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra Naftalana diqqət daha da artırıldı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyələri əsasında görülən işlər, müasir hotel və müalicə mərkəzinin yaradılması, yeni iş yerlərinin açılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Dövlət başçısının diqqət və qayğısı sayəsində Naftalanda böyük infrastruktur layihələri həyata keçirilmiş, insanların istirahəti və müalicəsi üçün hər cür komfortlu şərait yaradılmışdır. Hazırda iki müasir müalicə-sağlamlıq mərkəzinin tikintisi davam etdirilir. Onlardan biri şəhərin Nizami küçəsində inşa edilən dördmərtəbəli 288 yerlik "Gold Naftalan” müalicə və sağlamlıq mərkəzidir. İkinci müalicə və sağlamlıq mərkəzi isə "Naftalan Hotel SPA” adlanır. Mərkəzin tikintisində 35 nəfər çalışır. 10 mərtəbəli binada artıq inşaat-tamamlama işləri görülür. Mərkəzin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, müalicə-sağlamlıq turizminin inkişafı baxımından Naftalan neftinin şöhrəti Azərbaycanın sərhədlərini aşıb keçdiyindən xarici ölkələrdən buraya müalicəyə gələnlərin sayı ildən-ilə çoxalır. "Qarabağ”, "Qaşaltı” və "Çinar” sağlamlıq mərkəzlərində yaradılan şərait hər cür müalicə və istirahət üçün təminat yaratdığından son 5 ildə bura gələn turistlərin sayında 10 dəfədən çox artım müşahidə olunub.
Qeyd etmək yerinə düşər ki, müalicə-sağlamlıq məqsədilə ölkəmizdəki kükürdlü sulardan istifadə etməyə gələnlərin də sayında artım var. Bu tipli müalicə ocaqlarının sayının artırılması üçün ölkəmizdə çoxlu mineral bulaqlar var. Onların ətrafının abadlaşdırılıb dünya standartlarına uyğun müalicə mərkəzlərinə çevrilməsi üçün ölkə Prezidentinin tapşırığına əsasən, aidiyyəti qurumlar, ilk növbədə yerli icra hakimiyyəti orqanları lazımi işlər görürlər. Məsələn, Qubada, Qalaaltı suyunun yaxınlığında buraya gəlmək arzusunda olanlar üçün hər cür şərait yaradılıb. Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu dillər əzbəridir. Bu sular tərkibində 18 mineralı birləşdirir. Bu minerallar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Darıdağdakı sanatoriyanın xidmətindən və müalicəvi səmərəsindən razı qalan turistlərin söyləmələrini eşidib bura gəlmək arzusunda olan insanların sayı mövsümdən-mövsümə çoxalır. Qonşu İran və Türkiyədən xeyli sayda xəstə şəfa tapmaq üçün buraya gəlir.
Azərbaycandakı palçıq vulkanlarının müalicə turizmində yeri və rolu əvəzsizdir. Dünyada mövcud olan 2500 vulkandan 353-ü ölkəmizdədir. Onlardan 200-ü quruda, 153-ü dənizdədir. Vulkan palçığı müalicəvi əhəmiyyətə malikdir. Belə ki, vulkanların palçığından 10-dan çox xəstəliyin müalicəsində istifadə olunur. Vulkan palçığı dəri, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet xəstəlikləri, ginekologiya, urologiya, kosmetologiya sahələri və s. üçün faydalıdır. Azərbaycana gələn turistlər palçıq vulkanları ilə tanış olmağa meyillidirlər. Xüsusilə yaşlı turistlər müalicə məqsədilə palçıq vulkanlarını ziyarət etməyə üstünlük verirlər. Bir çox ölkələrdə palçıq vulkanlarının palçığından müxtəlif məqsədlər üçün istifadə olunur. Azərbaycanda vulkan palçığı neftlə qarışıq olduğu üçün o, daha keyfiyyətlidir, kimyəvi tərkibinə görə Naftalan nefti ilə təxminən eynidir. Buna görə də Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Bir neçə il əvvəl həmin vulkanlar seçilib və turistlər üçün 6 marşrut müəyyənləşdirilib. Bununla yanaşı, ötən il 25 vulkana aid üç dildə bələdçi kitabçası nəşr olunub.
Azərbaycanda mövcud olan palçıq vulkanları müalicə-sağlamlıq turizminin inkişafında mühüm rola malikdir. Müalicə-sağlamlıq üçün faydalı olan palçıq vulkanlarının olduğu rayonlardan biri də Salyandır. Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 kilometr cənub-qərbdə, dəniz sahilində yerləşir. Oturacağın diametri 2 kilometr, hündürlüyü 87 metrdir. Dağın şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanıb. Burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda qrifonlar və salzalar qrupu var. Buradakı vulkanlar bir neçə dəfə püskürüb.
Salyan ərazisində müalicəvi təbii palçıq çıxır ki, bunun da bir çox xəstəliklərin, o cümlədən sümük, oynaq sistemlərinin və sinir xəstəliklərinin müalicəsində çox gözəl təsiri var. Bu səbəbdəndir ki, ölkəmizə gələn turistlər Salyan və Bəndovanda palçıq vulkanının çıxdığı ərazilərə böyük maraq göstərirlər.
Dünyada olan palçıq vulkanlarının 70 faizə qədəri Azərbaycanda, xüsusən də Abşeron yarımadası, Qobustan ərazisi, Şirvan, Dağlıq Şirvan və Ceyrançöl ərazilərindədir. Dünyadakı ən böyük palçıq vulkanı - Torağay da Azərbaycandadır. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var.
Azərbaycanda müalicə-sağlamlıq turizminin beynəlxalq səviyyədə inkişafı üçün istənilən qədər potensial var. Buna görə ölkəmizdəki bütün təbii müalicə-sağlamlıq vasitələrinin xarici ölkələrdə təbliğinə diqqət artırılmalı, mövcud imkanlar daha da genişləndirilməlidir.
R.SALMANLI
Azərbaycan.- 2019.-17 avqust.- S.4.