Tacı yerə qoymazlar
Milli Park milli əxlaqımızı
nümayiş etdirməlidir
Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu biz də bilirik, əcnəbilər də! Ölkəmizə gələn qonaqların əksəriyyəti etiraf edir ki, Bakı ruhunda Qərb və Şərq mədəniyyətinin sintezini yarada bilən və milyonları heyrətləndirmək gücünə qadir olan unikal şəhərdir.
Qız qalasının ayağından Dənizkənarı bulvaradək qısa bir yolda gördüklərin sənə minillik bir tarixə qovuşmağa, müasirliklə uzaq keçmişin vəhdətindən doğan nadir məkanla tanış olmağa imkan yaradır. Ümumiyyətlə, müasir Bakının hər küçəsində, parkında, hətta hər qarışında bu şəhərin keçmişi ilə bağlı əfsanələr dolaşır. Bu şəhər hər birimizin və hamının sevgisinə layiqdir. Bizim şəhəri yuxularında görənlər, ona qovuşmaq üçün ürəyi gizildəyənlər də var.
Amma Bakı cəmi 110-120 il əvvəl dünyanın ən qanlı-qadalı və təhlükəli şəhərlərindən biri idi. Onun küçələrində erməni "mauzeristlər”i, "piştonçular” ləqəbini daşıyan yerli qoçular və bolşeviklərin quldur dəstələri "razborkalar” aparar, varlı adamları oğurlayıb pul qazanar, bir sözlə, şəhərdə ağalıq edərdilər. Bu şəhərdə əmin-amanlıq yaratmaq o zaman müşkül iş idi. İldə qətlə yetirilənlərin sayı 500-ə çatardı! Bakıya neftin qoxusuna gələn varlı iş adamları ilə bərabər qatı cinayətkarlar da asan qazanc dalınca axışırdı...
Kimin ağlına gələrdi ki, Bakı nə vaxtsa acı keçmişi ilə vidalaşacaq və hər daşında bir əfsanə yaşadan bənzərsiz şəhərə çevriləcək?! Kimin ağlına gələrdi ki, nə zamansa bu şəhərdə gecəsindən və gündüzündən asılı olmayaraq, istədiyin vaxt istədiyin yerə gedə biləcəksən və kimsə də sənə dəyib-dolaşmayacaq?!
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ildırım sürəti ilə inkişaf etdi, adi sovet Bakısı sosialist qiyafəsini dəyişdi və göydələnlər şəhərinə çevrildi. Nəhəng, müasir və təkrarsız parklar, dünyanın ən məşhur memarlarının təxəyyülündən yaranan nadir memarlıq nümunələri şəhərin simasını dəyişdi, ona kübar və zəngin görkəm verdi.
110 il əvvəl təməli qoyulan Dənizkənarı bulvar bu gün Milli Park kimi Bakının tacına çevrilib. Artıq ikinci yüzilliyini yaşayan bulvarın uzunluğu sovet illəri ilə müqayisədə 10 dəfəyə yaxın artıb. Bir neçə il də keçsə Milli Parkımız dünyanın ən uzun bulvarı kimi adını dünya memarlığı tarixinə həkk edəcək. Bura həqiqətən də fantastik məkandır, müsbət aurası, unikal memarlığı hər bir insanı valeh etmək gücünə qadirdir.
Bakı bulvarına ayağın dəyən kimi anlayırsan ki, dünyanın ən gözəl guşəsindəsən, nadir məkandasan. Burada ruhun dənizlə pıçıldaşa bilir, səmalarda üzən buludlara toxunur, ətrafındakı gözəlliklər sənə mənəvi zövq verir. Burada nə varsa qeyri-adidir və elə düşünülüb ki, dəniz boyu gəzişdikcə mənzərələr gözlənilməz memarlıq abidələrinin təsiri altında dəyişir. Sən təəssüratların bolluğundan, hətta üzünə toxunub saçlarını dağıdan küləyin şıltaqlığından və nəvazişindən zövq alırsan. Sanki açıq səma altında nadir bir muzeydəsən. Özündən asılı olmayaraq Milli Parkla, Bakı və ölkənlə öyünürsən ki, bütün bu gözəlliklər dünyanın başqa şəhərində yox, sənin vətənində, torpağında yaradılıb və sənə məxsusdur!
Buraları gəzib dolaşdıqca Xəzərin boyuna biçilmiş əsrarəngiz göydələnləri seyr edirsən və anlayırsan ki, bu, hələ son deyil! Milli Park yenə görkəmini dəyişəcək, ildən-ilə gözəlləşəcək və əsrarəngiz əfsanə kimi dünyanın növbəti möcüzəsinə çevriləcək. Tac-Mahaldan, Çin səddindən, Misir ehramlarından necə danışırlarsa, Bakının Milli Parkı da eləcə dillərdə dastana çevriləcək.
Bulvarda attraksionlar, kafelər, səyyar ticarət və xidmət obyektləri, yeni elektrobuslar, dəniz gəmiləri və s. gəzinti marşrutları işləyir. Ürəyin nə istəsə, burada tapa bilərsən. Əvvəllər nadir halda gözə dəyən əcnəbi turistlərin sayı da xeyli artıb. Ən maraqlısı odur ki, burada heç kim özünü qərib hiss etmir, təhlükəsizliyindən yana təlaş keçirmir. Çünki Milli Parkda bu məsələlər yüksək səviyyədə həll edilib.
Amma gəl ki, biz bu gözəlliklərin qədrini heç də həmişə bilmir, ona dəyər gətirən davranış nümayiş etdirmirik. Azərbaycana qonaq gələn dostlarım dəfələrlə ölkəmizdə hamının mehriban, nəcib və qonaqpərvər olduğunu, Bakı bulvarının isə Parisin və dünyanın digər bulvarlarını kölgədə qoyduğunu deyiblər. Bu həqiqəti ölkəmizə gələn yüz minlərlə qonaq, o cümlədən məşhur siyasətçilər, diplomatlar və müxtəlif dövlət başçıları da etiraf edirlər. Amma bu gileyimizlə məqsədimiz Bakı bulvarının gözəlliyini intellektual səviyyələrinin dayazlığı səbəbindən dərk etməyənləri etik çərçivələrə dəvət etməkdir. Milli Park Bakının tacıdırsa, ona biganə yanaşmaq, onunla layiq olmadığı tərzdə davranmaq böyük qəbahətdir. Tacı gərək başının üstündə saxlayasan, qoruyasan! Lap elə vicdanın kimi! Çünki ölkəyə gələn istənilən əcnəbi səni görməsə də, səni elə bulvara görə tanıyır, oradakı yeniliklərə görə sənə bir azərbaycanlı kimi rəğbət bəsləyir, qibtə edir.
Bir neçə gün əvvəl bulvara axşam gəzintisinə çıxmışdıq. Ümumi sakit insan selinin içində qəfildən gördük ki, biri özünü apara bilmir, ətrafındakılara məhəl qoymadan telefonla bərkdən danışır, aktyorluq edir, sanki özünü, danışığını hamının gözünə soxmağa çalışır. Kimsə də demir ki, ay oğul, qışqırma, sən meşədə deyilsən, Milli Parkdasan!
Bir qədər gəzmişdik ki, bundan daha əcaib səhnə ilə rastlaşdıq. Bulvarda xüsusi velosiped marşrutlarının olmasına baxmayaraq, insanların gur gəzişdiyi yerdə qəfildən velosipedçilər peyda oldu, insan selinin arasındakı "cığırlar”la güllə kimi şütüməyə başladılar. Qorxdum ki, nəvəmi vura bilərlər, uşağı götürdüm qucağıma. Nə edə bilərdim, görürdüm ki, bu üzdəniraq idmançılara velosiped sürməkdən daha çox insan axınının içində şütümək ləzzət verir. Heç nə veclərinə deyil, heç kimlə toqquşmaqdan rahatsız deyillər! Hətta biri vardı, velosipedinə musiqi qoşub bağırdırdı.
Ağzıaçıq it gəzdirənlər də başqalarında vahimə yaratdıqlarının fərqində deyillər. Onlardan gen qaçan uşaqları və qadınları görməzliyə vururlar. Necə ki, bulvarın ştatlı keşikçiləri onları "görmürlər”, qaydalara əməl olunmasını tələb etmirlər!
Bizim xanımların bulvarda tum çırtlaması isə ayrı mövzudur. Dəstə ilə gəlirlər, hərəsinin yanında bir neçə uşaq lövbər salıb əyləşirlər oturacaqlarda. Və başlayırlar tum çırtlamağa, özü də necə? Çənə robot kimi durmadan şaqqıldayır, əl aramsız olaraq tumu ağıza atır, dodaqlar da snayper kimi qabıqları ətrafa tullayır. Bu əcaib vərdişə elə uyurlar ki, uşaq-filan yaddan çıxır, olsa-olsa ara-sıra haylayırlar ki, a gədə, ay qız, uzağa getmə... 5-10 dəqiqədən sonra isə görürsən ki, "peşəkar” tum çırtlayanların oturduqları yerin həndəvərində günəbaxan tumları dəniz kimi dalğalanır. Yadıma əcaib reklamdan bir sətir düşür: "Sən qadın deyil, tum çırtlayansan”.
Adamın bir Allahı olar axı, doğrudanmı anlamaq çətindir ki, Bakı bulvarını yaratmayıblar ki, gələsən yayxanasan burada və tum çırtlayıb ətrafını zibilxanaya çevirəsən. Ya da dəniz kənarına çıxıb velosipedlə adamların üstündən tullanasan. Bəzən isə eləsi olur ki, bulvarda öskürüb sinəsini arıtlayır və heç eynini pozmadan içindəkiləri yerə tüpürür. Adamı saxlayasan və soruşasan ki, öz evinə tüpürürsənmi? Vallah, əgər Milli Park aramsız olaraq süpürülməsə, təmizlənməsə, bircə gün bəsdir ki, bizim "tumçırtlayanlar briqadası” buranı zibilliyə elə çevirsinlər ki, heç oturmağa yer də tapılmasın.
Milli Park dünyanın ən nadir müasir mədəniyyət abidələrindəndir. Tariximizin bir parçası qədər müqəddəs və qiymətlidir. Belə məkanda yerə tüpürmək, tum çırtlamaq, buruntaqsız it gəzdirmək, başqalarının dincliyini pozan tərzdə davranmaq elə öz evində, ailəndə ədəbsizlik etmək qədər ayıb və bağışlanılmayan əməldir.
Bunların qarşısı mütləq alınmalıdır. Yolları da var. Əvvəlcə uşaqlardan başlamaq lazımdır. Bütün bağçalarda, məktəblərdə sanitar mədəniyyətinə, şəhər əxlaqına aid dərslər tədris olunmalıdır. Uşaq hələ bağçada bilməlidir ki, küçədə tüpürmək, ucadan danışmaq, parklarda yerə kağız atmaq, tum çırtlamaq ayıbdır. O ki qaldı uşaqlığı arxada qalanlara, onları da əxlaq qaydalarına dəvət etmək mümkündür. Əslində, Milli Parkın ştatında oturan keşikçilər həm də bunların qarşısını almaq üçündürlər. Niyə loyal davranırlar, anlamaq çətindir! Çox uzatmayaq, hər necə olursa-olsun, belə tədbirlərin görülməsi vacibdir. Əks halda Bakının tacı yerə düşə bilər.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.-17 avqust.-
S.1; 5.