Nağılabənzər illərdən rəssamlığa
gedən yol...
Xaricdəki soydaşlarımız
Dekorativ-tətbiqi sənət ustası, rəssam, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Kərimova-Yansson 1971-ci il aprelin 18-də Bakıda dünyaya göz açıb. Ömrünün ən qayğısız, nağılabənzər illərinin - uşaqlığının xatirələri ilə doludur bu şəhər. Bakının köhnə məhəllələrindən birində - 2-ci Xrebtovaya (sonralar Həmid Sultanov, indiki İsmayıl Qutqaşınlı) küçəsində yerləşən baba ocağında böyüyüb. Orada - ana babasının evinin yerləşdiyi o məkanda sanki bütün olanlar bambaşqaydı. Məhəllələri, döngələri, axşamüstü pəncərələrdən süzülən işığı, günəşli günlərinin istisi, heç əskik olmayan küləyinin şıltaqlıqları, bəzən isə həzin səsi, pıçıltısı ilə mistik görünən, sanki ruhuna sığal çəkən, kimliyini formalaşdıran o yerlər Tanrının gözəl qisməti idi...
Uşaqlığını şirin nağıla bənzədən, ömrünə unudulmaz illəri yazan o illərdən danışır müsahibimiz rəssam Kəmalə Kərimova-Yansson: "Həyətimizdə ana babamın müharibədən qabaq əkdiyi əzəmətli ağ tut ağacı bizi kölgəsi ilə qoruyar, barı ilə sevindirərdi. Səhər tezdən qaymaq-lavaş satan qadının səsinə oyanardıq. Yayın qızmar istisində əynində uzun tumanı, belində əlvan güllü-butalı şalı, başında ipək kəlağayısı olan bir qadının geyimi məndə xüsusi maraq yaradardı. Əslində, ərzaq məhsulları satan bu tipli adamlar məhəlləmizdən tez-tez keçərdilər. Onların müxtəlif üslubda olan geyimlərini izləyər, böyük həvəslə rəsmlərini çəkməyə çalışardım. Dağlı məhəlləsində alacağım isti çörəyin təndirdən çıxarılmasını gözləyəndə belə bu barədə düşünərdim. Və evə çatan kimi xəyalımda çəkdiklərimi dərhal həyata keçirməyə tələsərdim. Maketləri plastilin, saman çöpü, taxta, parça və boyalar vasitəsilə canlandırardım. Hər zaman bitən əl işimi pəncərəmizin taxça hissəsində saxlayardım. Küçəmizin yuxarı başında görkəmli incəsənət xadimi, dramaturq Cəfər Cabbarlının evi (indiki ev-muzeyi) yerləşirdi. İncəsənətə marağım olduğundan hərdən bu ocağı ziyarət edər, ədibin qorunan şəxsi əşyalarına maraqla baxardım”.
O qədim, doğma məhəllələrində keçirilən Novruz bayramları, toy şənlikləri onun üçün xüsusilə sevincli olardı. Novruz bayramında qonşu uşaqlarla birlikdə papaq atar, yığdıqları bayram payını sevincək bir masaya toplayıb sonra bölüşərdilər. Toya hazırlaşan qonşuları Cahan xalanın pəncərəsindən görünən hündür kəllə qənd, əlvan şamlar, nabatlar, üstü zərli atlasla örtülü iri xonçalar təsəvvüründə yeni mövzular yaradardı. "Çox qəribə hisslər keçirərdim, - Kəmalə Kərimova-Yansson bildirir: - Elə bil keçmişlə bağlılıq hiss edirdim. Memarlıq, müxtəlif personajlar mənim üçün hədsiz dərəcədə maraqlı idi. Musiqini də çox sevirdim. Musiqi təhsilim olmasa da, evimizdə olan pianoda özüm sərbəst ifa etməyi öyrənmişdim, hətta not dəftərləri də almışdım”.
Şəkil çəkməyə
marağı böyük idi.
Qonşuların, tanışların portretlərini, cizgi filmlərindən fraqmentləri çəkirdi.
Yuxarı məhəllədə xalçaçı qadın
var idi, həm xalça sexində işləyir, həm də
evində hana qururdu. Onlara gedib ilmə
vurmağı öyrənərdi. "İçimdə bir axtarış var idi. Sanki ruhumun
dəqiq sənət ünvanını axtarırdım. Nəhayət, doqquz
yaşımda Yuri Qaqarin
adına Bakı Pionerlər Sarayına (indiki
Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzi) dərnəyə
yazıldım. Əvvəlcə xalça,
sonra rəsm dərnəyinə getdim. Bir gün dərnəyə tez
gəldiyimdən dəhlizdə gözləməli oldum. O an dəhlizin
başında yerləşən hündür,
açıq qapı diqqətimi cəlb etdi.
Yaxınlaşıb otağa boylandım.
Müxtəlif yumşaq oyuncaqlar,
çərçivəli aplikasiya işləri,
iri büstlər var idi. Maraqlanıb bu dərnəyin
adının "Bacarıqlı əllər” olduğunu
öyrəndim. Səhəri gün getdiyim dərnəyi dəyişib bu qrupa gəldim. Həmin gün və o
açıq qapı həyatıma, taleyimə açılan
sənət yolu oldu. Bu ərəfələrdə məktəbdən
bizi Azərbaycan Tarix
Muzeyinə ekskursiyaya apardılar. Orada
eksponatları, çeşidli milli geyimlərimizi, güləbətin və muncuqla bəzədilən
araqçınları, başmaqları, tikmələri gördüyüm an sənət
seçimimin möhürünü
vurdum. Öz-özümə "mən
yalnız bu işlə məşğul olacaqam” deyərək qəlbimdə həm sevınc,
həm də rahatlıq tapdım. Bu
günədək də həmin hisslərlə işləyirəm,
yaşayıram”.
Cəngavər libasında...
Bir gün baba ocağından
köçməli oldular. Onda Kəmalə
xanımın on yaşı
vardı. O gündən
həyatında yeni mərhələ başladı.
O, təhsil aldığı
172 saylı orta məktəbi 254 nömrəli
məktəblə dəyişməli
oldu. Baba ocağından
ayrılmaq ona çox pis təsir etmişdi. Lakin o, həmişə güclü
olmaq istəyirdi və özünü cəngavər libasında
hiss edirdi. Bir də
sənət eşqi tükənməz idi.
Muzey təəssüratları ilə
nağıllarımızın, cizgi filmlərimizin qəhrəmanlarının oyuncaqlarını
düzəldirdi.
Nəhayət, peşə seçmək
məqamı gəldi. Çoxdan verdiyi
qərarı həyata
keçirdi, rəssamlıq
sənətini seçdi.
İndiki Bakıxanov qəsəbəsindəki
84 saylı texniki peşə məktəbində
çini və saxsı qablar üzrə rəngkarlıq
sənətinə yiyələndi.
Məktəbi başa
vurduqdan sonra yalnız tikmə ilə işləməyə
üstünlük verdi. Bir müddət müxtəlif
yerlərdə, mədəniyyət
sahəsində çalışdı.
Peşəkar rəssamlardan, ustalardan
maraqlı sənət
təcrübələri öyrəndi.
Xüsusilə Gənc texniklər
dərnəyi, Şirvanşahlar
sarayı muzeyi və "YUĞ” teatrı
onu rəssam kimi püxtələşdirdi.
Bu illərdə böyük
səxsiyyət, istedadlı
rejissor Vaqif İbrahimoğlu ilə tanış olması, onun yaratdığı teatra -
"YUĞ” teatrına gələn
yaradıcı insanlarla,
əvəzsiz sənətkarlarla
maraqlı ünsiyyət
qurması, sənətin
sirlərini öyrənməsi
Kəmalə xanım
üçün həm
fəlsəfi, həm
də yaradıcılıq
baxımından bir təkan idi. Bir tərəfdən də sərgilərdə, tədbirlərdə
fəal iştirak edirdi. Milli geyimlər, qədim
tikmələr, dekor-butafor
işləri ilə daim məşğul olur, yeni ideyalar
axtarırdı. Məqsədi,
arzusu yaradıcılığını
milliliyə, tarixi yaddaşa kökləmək,
güləbətin, quşgözü,
muncuqla tikilən yelpik, Quran qabı, pul kisəsi, mücrü, tütün qabı, pərdə üstləri, balınc örtükləri, mütəkkə,
süfrə və digər məişət əşyaları vasitəsilə
mədəniyyətimizin zənginliyini
təbliğ və inkişaf etdirməkdi. O, bunu özünə mənəvi borc hesab etdiyini deyir. Vurğunu olduğu bu
sənətin cəfasını
çəkməyə, yolunda
əziyyətlərə qatlaşmağa
da hər zaman hazır olduğunu söyləyir.
Qədim geyimdə olan şəxsi tarixi fotolardan, əldə etdiyi köhnə milli geyimlərimizdən, etnoqraflarımızın yazdıqları
kitablardan bəhrələnir. Və istər
tikmələrinə ilmə
vurarkən, istər milli geyim, araqçın
və başqa milli sənət nümunələri hazırlayarkən
xalq musiqimizin sədaları altında işləyir. Onun üçün
milli tikmələr, geyimlər, musiqimiz, nəsildən-nəslə ötürülən
nağıllarımız, köhnə
Bakının ab-havası,
İçəri şəhər
dünyası sanki vəhdət təşkil
edir.
"Unudulmaz sənətkarlarımız Rübabə
Muradova, Sara Qədimova,
Əbülfət Əliyev,
Fatma Mehrəliyeva, Nərminə Məmmədova,
Alim Qasımov, Fərqanə Qasımova, Vaqif Mustafazadə, Bülbül, Müslüm
Maqomayev və başqa sənətkarların
mükəmməl ifalarını
dinləməkdən zövq
alıram, Rübabə
Muradovanın səsi isə mənim üçün ruhumun səsidir”, - deyir Kəmalə.
"Həyatımın yeni səhifəsi”...
Taleyə inanır. Elə 2010-cu ildə isveç
millətindən olan insanla ailə qurmasını da Tanrının qisməti sayır. Qarşısına onu duyan və sənətini anlayan, dəstəkləyən
bir insan çıxdığına görə
taleyindən razıdır.
Deyir: "Həyat yoldaşım bizim mədəniyyəti çox
bəyənir, zövq
alır, qiymətləndirir.
Hətta
evdə bizim mətbəxə üstünlük
verir. Bütün
sərgi və tədbirlərdə, iş prosesim
zamanı lazım olan köməyi göstərir. Fikir, ruh, mədəniyyət
fərqləri olmasına
baxmayaraq, İsveçdə
keçən həyatımda
milli dəyərlərimizi
qoruyur və yaşadıram. Sənət yolumu,
fəaliyyətimi orada
da davam etdirirəm. İsveçdə evimizdə "Azərbaycan”
adlı şəxsi muzey yaratmışıq.
İldə bir dəfə
"Açıq qapı”
adlı muzeyə ziyarət günü təşkil edirik”.
Otuz illik sənət yolunda müxtəlif ölkələrdə - Azərbaycan, Türkiyə və İsveçdə müxtəlif sərgilər, tədbirlər keçirib, müstəqil yerli, xarici KİV-də çıxış edib, məqalələri yayımlanıb. 2014-cü ildə Bakıda "YENİ GALLERY” sərgi salonunda "Azərbaycan milli geyimləri” adlı fərdi sərgi keçırib. 2018-ci ildə Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin dəvəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm dövlət tədbirinə qatılıb, əl işlərini, milli geyimlərimizi və qədim tikmələrimizi sərgiləyib. O qürurverici gündə bir azərbaycanlı, həm də rəssam kimi mədəniyyətimizə xidmət etdiyi üçün hədsiz sevinc hissi yaşayıb. Bu ilin 6 iyununda İsveçin Milli Günü münasibətilə Onge əyalətində "Azərbaycan mədəniyyəti” adlı fərdi sərgisini təşkil edib. Həmin tədbirdə milli geyimlərimizdən, qədim tikmələrimizdən ibarət kolleksiyası ilə yanaşı, şöhrətli sənətkarlarımızın - Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Lətif Kərimov, Səttar Bəhlulzadə və digərlərinin həyat və fəaliyyətlərini əks etdirən foto-məlumatları sərgiləyib. Tədbir boyu adıçəkilən bəstəkarlarımızın əsərləri və görkəmli müğənnilərimiz Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudovun ifa etdikləri mahnılar, eləcə də xalq və aşıq musiqilərimiz səsləndirilib. Kəmalə xanım deyir ki, sanki Azərbaycanın nəfəsi duyulurdu bu sərgidə: "İsveçlə Azərbaycan arasında əlaqələr yaratmış Nobel qardaşlarının Bakıdakı neft fəaliyyətinin tarixinin qızıl dövrünü bu sərgidə məlumatlandırmağı Azərbaycan xalqının nümayəndəsi və İsveç vətəndaşı olaraq özümə borc bildim. İsveç və digər millətdən olan qonaqlar bizim mədəniyyətimizin zənginliyinə heyran qaldılar”.
"Uğurlu günlərimiz çox olacaq”
Kəmalə Kərimova-Yansson görəcəyi işlərdən də danışır. Deyir ki, ən böyük arzum, məqsədim Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlətçiliyini respublikamızda və dıgər ölkələrdə layiqincə təbliğ və təmsil etmək, milli geyimlərimizi, qədim tikmələrimizi yeni nəslə çatdırmaq, dünyaya tanıtmaqdır: "Bu mühüm işdə mənə müxtəlif sahələrdə dəstək olan bütün səxslərə dərin təşəkkürümü bildirirəm. Bu səfərimdə məqsəd və fikirlərimi təqdim etdiyim Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə əlaqələr qurmaqda və mədəniyyətimizi təmsil etməkdə müraciətimə dəstəyi mənə böyük inam verdi. Ümid edirəm ki, dövlətimizin dəstəyi ilə mədəniyyətimizi təbliğ edəcəyimiz uğurlu günlərimiz çox olacaq”.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 18 avqust.-
S.3.