Milli ruhlu yazıçı
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi respublikamızın şəhər və rayonlarında, elm ocaqlarında, mədəniyyət mərkəzlərində təntənə ilə qeyd edilir.
Sərəncamda qeyd olunduğu kimi, "İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustadlarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.”
Ölkə rəhbəri və ictimaiyyət tərəfindən yaradıcılığı yüksək dəyərləndirilən sevimli yazıçımız İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax qəzasının II Şıxlı kəndində anadan olub. Kosalar kənd orta məktəbini bitirib. Sonra təhsilini Qazax Pedaqoji Məktəbində davam etdirən İsmayıl Şıxlı bu məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakıya gəlib, Azərbaycan Pedaqoji İnstitutunun (indi Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub, bununla da taleyini ömürlük ədəbiyyata bağlayıb.
İsmayıl Şıxlı tələbəlik illərində institutun ədəbiyyat dərnəyinin yığıncaqlarında böyük həvəslə fəallıq göstərmişdir. Bu fəallıq sonradan dərnəyin rəhbəri Məmməd Cəfər müəllimlə səmimi dostluğa çevrilmişdir. Daha sonra yazıçı və tənqidçi Mehdi Hüseynlə yaxınlıq etmişdir.
İsmayıl Şıxlı Azərbaycan Pedaqoji İnstitutunu bitirəndən sonra Qazaxa, vaxtilə ilk təhsil aldığı Kosalar kənd orta məktəbinə qayıdır, müəllim işləyir. Gənc müəllim Böyük Vətən müharibəsi başlayandan bir il sonra cəbhəyə səfərbər olunur, 1942-ci il sentyabrın 15-dən 1945-ci il noyabrın 23-nə kimi Böyük Vətən müharibəsində iştirak edir. Müharibədən qayıtdıqdan sonra yenə Kosalar kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin aspiranturasına qəbul olan kənd müəllimi 1949-cu ildə aspiranturanı uğurla bitirir. Hətta bu illərdə Avropa ədəbiyyatından namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülür.
Tələbəlik illərində dünya ədəbiyyatını dərindən tədris edən Əli Sultanlıdan dərs alan İsmayıl Şıxlı bundan sonra təhsil aldığı elm məbədində müəllimlikdən baş müəllim, dosent, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri pillələrinə qalxmışdır. Rəhbərlik etdiyi kafedraya zamanında keyfiyyət yenilikləri gətirmişdir. Nəinki pedaqoq həmkarlarından, eləcə də tələbələrindən bir müəllim kimi qayğısını və xeyirxahlığını əsirgəməmişdir. İsmayıl Şıxlı müəllimlik fəaliyyətində rəsmiləşməmiş təqaüd təsis etmişdi. Həmin təqaüd "İsmayıl Şıxlı” təqaüdü olmuşdur. Bu təqaüdü İsmayıl Şıxlı öz halal əmək haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə vermişdir. Özü də elə bir üsulla vermişdir ki, onu alan tələbələr çox-çox sonralar bilmişdilər ki, bu, heç bir yerdə rəsmiləşməyən "İsmayıl Şıxlı” təqaüdü idi.
İsmayıl Şıxlı İngiltərə, Amerika, Skandinaviya, İsveç, Danimarka ədəbiyyatı tarixindən kitablar yazaraq XVIII-XIX, XX əsr xarici ölkə ədəbiyyatı ilə bağlı boşluqları doldurmuşdur. Eyni zamanda Mopassanın hekayələrini ingilis dilindən, Əziz Nesenin "Taxtalıköydən məktublar” əsərini türkcədən Azərbaycan dilinə çevirərək kitab halında nəşr etdirmişdir. İsmayıl Şıxlı 1986-1987-ci illərdə respublika Yazıçılar İttifaqına (indi Azərbaycan Yazıçılar Birliyi) rəhbərlik etdiyi dövrdə bir çox Avropa ölkələri arasında ədəbi əlaqələrimizi inkişaf etdirir. İsmayıl Şıxlının ədəbi yaradıcılığı isə Azərbaycan klassik ədəbiyyatının ən parlaq səhifələrindəndir.
İsmayıl Şıxlının istər hekayələrində, istərsə romanlarında üç mühüm cəhət - birincisi, onun folklora dərindən bağlılığı, ikincisi, Azərbaycan klassik ədəbiyyatından və xarici ədəbiyyatdan yaradıcı şəkildə bəhrələnməsi, üçüncüsü isə yaradıcılığının özünəməxsusluğu diqqətçəkəndir. İsmayıl Şıxlı az sözlə dərin mənalar ifadə etməyi və təbiəti dilləndirməyi bacaran qələm sahibidir. İsmayıl Şıxlının ən uğurlu və irihəcmli əsərləri "Dəli Kür” və "Ölən dünyam” romanlarıdır. Bu romanlarda baş verən hadisələr İsmayıl Şıxlının dünyaya göz açdığı Qazax bölgəsində Kürün sahilində, Qarayazı meşəsində, Ceyran çölündə və s. yerlərdə baş verir.
Ədibin "Dəli Kür” romanını gələcək nəsillər də sevə-sevə oxuyacaqdır. Şıxlının "Ölən dünyam” əsərində sanki yaranandan bugünə qədər xalqımızın başına gələn bütün qəzavü-qədərlər necə var, eləcə də qələmə alınıb. Əsərdə türkün yenilməzliyi, haqsızlığa qarşı mübarizliyi, yurda, elə, obaya, Vətənə bağlılığı, xeyirxahlığı, mərdanəliyi, eləcə də sönməz həyat eşqi, azadlıq ruhu, bir sözlə, haqqın, ədalətin tərəfini tutmaq və bütöv Azərbaycan uğrunda mübarizə aparmaq öz əksini tapıb.
Qeyd etdiyimiz kimi, İsmayıl Şıxlı bədii yaradıcılıqla yanaşı, eyni zamanda elmi fəaliyyətlə də məşğul olmuşdur. Azərbaycanın xarici ölkə ədəbiyyatını tədqiq edən alimlər içərisində onun dəst-xəti xüsusi seçilir. Folklorumuzu, aşıq şeirimizi, klassik ədəbiyyatımızı dərindən mənimsəyən İsmayıl Şıxlı qədim yunan ədəbiyyatından tutmuş müasir Avropa, Amerika ədəbiyyatına qədər bütün şair və nasirlərin əsərlərini öyrənmiş və tədqiq etmişdir. İsmayıl Şıxlının bu sahədə bir alim kimi apardığı araşdırmalar, gördüyü işlər xüsusi bir mövzunun söhbətidir. Sözsüz ki, İsmayıl Şıxlı XVII-XVIII-XIX-XX əsrlər xarici ölkələr (Avropa və Amerika qitələrinin ölkələri) ədəbiyyatını tədqiq etməklə çox böyük işlər görmüşdür.
Ədibin gənc yaşlarından Avropa şairləri içərisində ən çox sevdiyi C.Q.Bayron (1788-1824) idi. "Şərq” poemasında böyük Nizamini ustad adlandıran Bayronu azərbaycanlı mütəfəkkirlərin çox sevməsi təbiidir. Unudulmaz şairimiz Səməd Vurğun da İsmayıl Şıxlı prizmasından çıxış edərək Bayron yaradıcılığına yüksək qiymət verərək deyirdi:
Hanı əsrimizin böyük Bayronu,
Hünərin varsa da sən
yarat onu.
İsmayıl Şıxlı gərgin əməyi, böyük tərcüməçilik məharəti ilə Corc Bayronu bütün Azərbaycan oxucularına tanıtdı. C.Bayronun anadan olmasının 175 illiyinə həsr etdiyi "Azadlığın üsyankar carçısı” məqaləsində cəmi 36 il yaşamış ədibin yaradıcılığını ətraflı nəzərdən keçirmişdir.
Məqalədən bəlli olur ki, Bayronun 1807-ci ildə "Asudə saatlar” adlı ilk şeirlər kitabı çapdan çıxır. Həmin dövrdə Bayron anasına məktub yazaraq ondan xahiş edir ki, onun Şərq ölkələrinə səyahət etməsinə icazə versin. Bayron 1809-cu il iyunun 26-da Portuqaliya sahillərinə səyahətə çıxır. Bayron 1811-ci il iyulun 17-də səyahətini başa vurub İngiltərəyə qayıdır. Onun 1812-ci ildə "Cayld Harold” əsəri nəşr olunur və bu əsər həmin ildə beş dəfə dərc edilir. Bundan sonra 1813-1816-cı illərdə Bayronun "Şərq poemaları”, "Gavur”, "Abıdos gəlini”, "Korsar”, "Lara”, "Korınfın mühasirəsi”, "Parızına” kitabları nəşr olunur.
Bayronun romantik əsərlərinə
"Manfred” və "Qabil”
romanları daxildir. İsmayıl
Şıxlı Bayron
haqqında fikirlərini
belə tamamlayır:
"Bəşərin dərdini
çəkən, dünya
kədərini özünə
yük edib demokratiya və azadlıq uğrunda yorulmadan vuruşan, "üsyankar bir qayıq kimi fırtınalar qoynunda asudəlik axtaran” düşüncələr sultanı
Bayronun xatirəsini mütərəqqi bəşəriyyət
heç zaman unutmamış və unuda bilməz, çünki Bayron öz qəlbini bütün xalqların yolunu işıqlandırmaq
üçün bir məşəl kimi yandırmışdır!”
İsmayıl Şıxlı böyük alman şairi İohan Volfqanq Hötenin yaradıcılığına da müraciət etmiş, əsərlərini dilimizə çevirmişdir. "Faust” əsərini Höte qələmə almazdan üç əsr əvvəl Faust haqqında Almaniyada əfsanələr dolaşmaqda idi. Doğrudan da, tarixdə belə bir şəxsiyyət olmuşmu, həqiqətənmi Faust alicənab və bütün dərdlərə dərman tapan loğman idi. Bunu demək çətindir. Bu xəyali varlıq haqqında olan əfsanə o zaman ildırım sürəti ilə Almaniyanı dolaşmış, alimlərin, nasirlərin, şairlərin diqqətini cəlb etmişdir. Bu əfsanəni ilk dəfə Şpits, sonra Vidman yazıya köçürmüşdür. Kristofor Marlo, Lessinq kimi yazıçılarsa bu mövzuda əsərlər yazmışdır. Nəhayət, böyük alman şairi İohan Volfqanq Höte dünyada məşhur olan "Faust” əsərini yazmışdır. Bu, zamanın elmi-fəlsəfi, ictimai-siyasi, psixoloji və iqtisadi məsələlərini, dövrun ziddiyyətli xüsusiyyətlərini özündə cəmləşdirən ensiklopedik bir əsərdir. İsmayıl Şıxlının tərcüməsində biz bu əsərdə təkcə şairin özünün ictimai-fəlsəfi, elmi və estetik görüşlərinin inkişaf tarixini yox, mistik əhvali-ruhiyyəli irticaçı qüvvələrlə mütərəqqi fikirlərin daim çarpışma meydanı olan alman tarixinin üçəsrlik bir dövrü ilə ətraflı tanış oluruq. İsmayıl Şıxlı bu gözəl əsəri əsl ədəbi tədqiqatçı, qüdrətli qələm ustadı kimi çox rəvan və səlis dillə oxuculara sevdirə bilmişdir.
Bəzi filosof və şairlər iddia edirlər ki, övladlar öz ata-analarından çox öz dövrlərinə oxşayırlar. Amma İsmayıl Şıxlı çox dəyişən dövranlar görsə də, öz xalqının müdriklik nümunəsi olaraq dəyişməz qaldı, yazıçı və insanlıq korifeyi kimi yaddaşımıza əbədi həkk oldu!
Fəzail İSMAYIL,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
şair-publisist
Azərbaycan.- 2019.- 18 avqust.-
S.4.