Kiçik sahibkarın böyük dəstəkçisi
Prezident İlham Əliyevin yaratdığı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
iş adamları ilə dövlət
qurumları arasında körpü rolunu oynayır
Hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı kiçik və orta biznesin (KOB) inkişaf səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də payı 50 faiz, məşğulluqda isə 60 faizdən çoxdur. Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizini kiçik və orta müəssisələr təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə ortahəcmli müəssisələr məşğulluğun əsas təminatçısıdır. Son 5 ildə Avropa məkanında yeni iş yerlərinin 85 faizi kiçik və orta biznes subyektləri tərəfindən yaradılıb.
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin KOB subyektləri olması kiçik və orta sahibkarlığın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir.
Prezident İlham Əliyevin sistemli islahatları nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb.
Dövlət başçısının 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başladığı (26 iyun 2018-ci il) zamandan bugünədək iş adamlarının ən yaxın dəstəkçisinə çevrilib. Agentlik KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qısa müddət ərzində kiçik və orta biznesin inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında KOB-ların rolunun artırılması, onların maraqlarının müdafiəsi, sahibkarlara vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi qurumun başlıca fəaliyyət istiqamətləri olub. Bir sözlə, agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərdiyi xidmətlər çərçivəsində KOB-lara yardımçı olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.
KOBİA sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi ("KOB Dostu” şəbəkəsi və KOB İnkişaf mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, "KOB klaster” şirkətləri), bir məkan prinsipi ("KOB evləri”) və elektron vasitə ("e-KOB evi” portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər.
Hazırda ölkə üzrə yaradılmaqda olan "KOB Dostu” belə mexanizmlərdəndir. "KOB Dostu” konsepsiyasının yaradılması birbaşa olaraq agentliyin qarşısına qoyulmuş məqsədlərdən və hədəflərdən irəli gəlir. Belə ki, sahibkarın dostuna çevrilmək agentliyin əsas hədəflərindəndir. KOB dostları fəaliyyət göstərdiyi yerlərdə mikro, kiçik və orta sahibkarlara onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində dəstək olur. KOB dostları daim sahibkarlarla sıx ünsiyyət yaradır, onların inkişaf ehtiyacları ilə maraqlanır və digər metodlar vasitəsilə öyrənir, yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqini aparır. "KOB Dostu” mexanizmi həm də ona görə əhəmiyyətlidir ki, bu vəzifəni daşıyan şəxslər sahibkarın müraciət etməsini gözləmir, özü onların görüşünə gedir, mütəmadi olaraq sahəvi görüşlər təşkil edirlər. Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 "KOB Dostu”ndan ibarət şəbəkənin yaradılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev KOBİA-nın fəaliyyətini dəyərləndirərkən bildirib ki, KOB-lara dəstək məqsədilə yaradılmış agentlik tərəfindən 2019-cu ilin 6 ayı ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Belə ki, bu dövrdə 5 KOB dostu (Abşeron, Sumqayıt, Şəki, Qəbələ və Füzulidə) fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes ("G2B”) və zəruri biznes-biznes ("B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin - "KOB Evi”nin təşkili istiqamətində tədbirlər davam etdirilir.
"KOB Evi”ndə sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq "G2B” və özəl qurumların "B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq. "KOB Evi”ndə bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları fəaliyyət göstərəcək.
Eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür. "e-KOB evi” portalı KOB-lar üçün dəstək mexanizmlərini vahid elektron platforma üzərindən "nonstop shop” rejimində təmin edəcək.
KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim, seminar və treninqlər keçirilir. Son 6 ayda vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulmaq və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkənin regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib.
Bu ilin 6 ayında agentlik tərəfindən həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycan və Türkiyə hökuməti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarıdır. Burada istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün KOBİA-nın sifarişi ilə mobil emalatxana və kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib. Həmçinin mikro, kiçik və orta sahibkarlar üçün bir sıra yeni dəstəkləri və xidmətləri nəzərdə tutan müxtəlif hüquqi sənədlər təsdiq olunub. KOBİA-nın təşkilatçılığı ilə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 35 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib. Bununla da, proqram çərçivəsində Almaniyada təlim və qabaqcıl müəssisələrdə təcrübə keçmiş sahibkar və menecerlərin sayı 419-a çatıb.
Onu da qeyd edək ki, Prezidentin 29 may 2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsinə dair qaydalara əsasən dəstək tədbirlərinin təşkili və dəstək məbləğinin ödənilməsi KOBİA tərəfindən həyata keçiriləcək. Həmçinin "KOB klaster şirkəti”nin meyarları”, KOBİA-nın strukturuna daxil olan Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzinin və Kiçik və orta biznesin inkişafı mərkəzlərinin əsasnamələri təsdiq edilib. Hazırda bu sahədə KOBİA tərəfindən müvafiq tədbirlər görülür.
Sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi məsələsinə də xüsusi diqqət yetirilir. Hazırda 30 gənc agentlikdə və ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu” şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Ümumilikdə 50-dən çox gənc bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən "KOB Könüllüləri Proqramı” çərçivəsində agentlikdə könüllü kimi çalışır.
Göründüyü kimi, qısa müddətdə ölkədə 15 "KOB Dostu” yaradılıb. Bu mərkəzlər mövcud dövlət dəstəyi mexanizmləri və agentliyin göstərdiyi dəstək tədbirləri çərçivəsində sahibkarlara xidmət göstərir. Agentlik qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir.
Agentliyin məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. Yeni yaradılmış KOBİA isə kiçik və orta biznesin inkişafı istiqamətində qarşısına qoyulan vəzifənin, tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 20 avqust.-
S.1; 5.