Xilas edilmiş bir uşağın təbəssümü...

ANA SƏHİFƏ / SİYASƏT 01:13 20.08.2019

 

 

Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olanların ən böyük hamisidir

 

 

 

 

Ətrafı uşaqların şən sədası bürüyüb. Sevinirlər, qayğısızca gülür, oynayırlar. Ağaclara qulluq edir, torpağı belləyir, quşlara yuva düzəldirlər...

 

Qollarının gücünü yoxlayır, şahmatla zehinlərini sınağa çəkir, gəlinciklərini bəzəyir, bir-birinin saçlarını hörürlər...

 

Günəş üfüqdən boylanıb şəfəqləri ilə dan üzünü boyayanda isə dənizə yollanıb xırçın dalğaların qıvrılıb açılmasına, balaca barmaqları ilə qum üzərinə yazdıqları üç hərfdən ibarət o kəlməni bir həmlədə silməsinə tamaşa edir, amma birnəfəsə elə hey yazırlar: "ana”, "ana”...

 

Kənarda dayanan məlul gözlü qızcığazsa nəzərləri ilə dənizin ənginliklərinə nüfuz etmək, qızıl balığın üzə çıxaraq ona illərdir dilədiyi arzunu yerinə yetirməkdə kömək edəcəyini ümidlə gözləyir... O, bu anı xəyalında dəfələrlə canlandırıb, deyəcəyi sözləri beynində səsləndirib: "Anamı qaytar mənə. Yuxularda yox, həyatda görmək istəyirəm onu. Qollarımı dolayım boynuna, bərk-bərk qucaqlayım, bir daha yanımdan heç yerə getməyə qoymayım...”

 

 

 

 

"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”

 

 

 

 

Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Mehriban xanım valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anasıdır. Onların hərtərəfli inkişafı, keyfiyyətli təhsili, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir ki, bu istiqamətdə görülən bütün işlərin, əldə olunan nailiyyətlərin hamısı şəxsən Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

 

Mehriban xanım hər zaman söyləyir ki, mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir.

 

"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini həyat şüarına çevirən Birinci vitse-prezident hər zaman valideyn himayəsindən məhrum uşaqların taleyi ilə maraqlanır, onlara baş çəkir, bir ana kimi tövsiyələrini verir, valideyn əskikliyini duymalarını istəmir...

 

Amma bunlarla yanaşı, hər dəfə vurğulayır ki, heçata-ana məhəbbətini əvəz edə bilməz, ona görə də insanları bu məsələdə daha məsuliyyətli və həssas olmağa çağırır.

 

 

 

 

Bu düşərgə uşaqların yay istirahətini çimərlikdə keçirməsinə də imkan verir

 

 

 

 

Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki istirahət düşərgəsinin fəaliyyəti də Heydər Əliyev Fondunun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.

 

Uzun illər istifadəsiz qalaraq baxımsız vəziyyətə düşən istirahət düşərgəsi Mehriban xanım Əliyevanın tapşırığı ilə yenidən tikilib və 2006-cı il may ayının 10-da Birinci vitse-prezidentin iştirakı ilə açılışı olub. Burada yataq, iaşə və inzibati binalardan ibarət 3 korpus müasir avadanlıqlarla təchiz olunub. Yaşıllıqlarla əhatələnmiş hovuz, rahat istirahət guşələri, tennis kortları uşaqların istifadəsinə verilib. 2013-cü ildə isə düşərgə əsaslı təmir edilib, həyətyanı sahəsi abadlaşdırılıb. Yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqlara asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.

 

Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə onlara yay aylarında istirahətlərini çimərlikdə keçirmələrinə də imkan verir.

 

 

 

 

"Mehriban xanımın sayəsində bizözümüzü güvənli hiss edirik

 

 

 

 

Adıçəkilən istirahət düşərgəsində dincələn uşaq evinin sakinləri ilə həmsöhbət oluruq.

 

12 yaşlı Məhəmməd deyir ki, bu düşərgədə olmaq onda məmnunluq yaradır: "İstirahət düşərgəsinə gəlib dincəlməyi, xüsusilə dostlarımla dənizə gedib üzməyi, qum üzərində futbol oynamağı xoşlayıram”.

 

Nuray da dənizi çox sevir: "Amma mən daha çox onu seyr etməyi və dalğaların səsini dinləməyi xoşlayıram. Bu, mənə mənəvi sakitlik verir”.

 

6 ildir ki, uşaq evinin sakini olan Nuray təbiət rəsmləri çəkdiyini söyləyir: "İstirahət düşərgəmizə gələndə çox sevinirəm. Çünki burada səmanın, dənizin, quşların, ağacların, bir sözlə, təbiətin rəsmini daha yaxşı çəkirəm”.

 

Rəhimə isə sevinclə bildirir ki, elə bu yaxınlarda Mehriban xanımın dəstəyi ilə 10 gün müddətinə uşaq evinin sakinləri Moskva şəhərində olublar: "Leyla xanım bizi orada xeyli görməli yerlərə apardı, oyunlar oynadıq, gəzdik, hətta bizə hədiyyələr də verdilər. Biz Leyla xanımın ad günündə də iştirak etdik, onunla tort da kəsdik. Mehriban xanımı da, Leyla xanımı da çox sevirik. Hər zaman onların sevgi və diqqətini üzərimizdə hiss edirik”.

 

"7 ildir ki, bu uşaq evindəyəm. Yeni gələndə bura heç cür uyğunlaşa bilmirdim. Hər gün ağlayır, anamı, atamı, evimizi istəyirdim. Özümü tənha, kimsəsiz hesab edirdim. Amma bizə göstərilən qayğı sayəsində zamanla mən həyata tapındım. Çünki burada gələcəyimizin xoşbəxt təməllər üzərində qurulması üçün bizə hər cür qayğı göstərirlər. Bütün bu imkanlar isə Mehriban xanımın xüsusi diqqəti sayəsindədir. Hər an onun şəfqətini, qayğısını üzərimizdə hiss edir, ana hənirini ondan alır, uşaq evinin sakinləri kimi kimsəsizliyimizi unuduruqdeyə uşaq evinin 15 yaşlı sakini Aysu fikirlərini bölüşür.

 

Mirzə isə söyləyir ki, "düzdür, anamız, atamız yanımızda yoxdur, daim onların həsrətini çəkirik, amma ətrafımızda bizə qarşı olan sevgi, şəfqət, qayğı bu nisgilimizi ovutmağa kömək edir. Artıq biz özümüzü güvənli hiss edirik, doğma ocağımıza çevrilib bu ünvan”.

 

Həmsöhbət olduğumuz kimsəsizlər evinin sakinlərinin hər biri vurğulayır ki, Mehriban xanımın qayğıkeşliyi, səmimiyyəti sayəsində analarının yoxluğunu o qədər hiss etmirlər. Buna görə hər zaman söyləyirlər ki, "biz kimsəsiz deyilik”.

 

 

 

 

Bu uşaqlar Mehriban xanımın şəxsi himayəsindədir

 

 

 

 

Uşaq evinin direktoru Nərminə Zöhrabova məlumat verdi ki, uşaqlar düşərgəyə təkcə yayda, tətillərdə yox, il ərzində şənbə bazar günləri gəlirlər: "Uşaqlar bu düşərgəni çox sevir. Ağaclara, güllərə qulluq edir, müxtəlif oyunlar, yarışlar keçirirlər. Uşaqlar biləndə ki, dənizə gedəcəklər, bax, bu, onlar üçün əsl bayrama çevrilir. Demək olar ki, onlar bu düşərgədə təbiətlə iç-içə yaşayır, onu kəşf edir, gözəlliklərini duyurlar”.

 

N.Zöhrabova qeyd etdi ki, uşaq evinin sakinlərinə bu cür şəraitin yaradılması, onların bütün istək arzularının yerinə yetirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu uşaqlar Mehriban xanımın daim nəzarətində, şəxsi himayəsindədirlər: "Elə bir şey yoxdur ki, bizim ona ehtiyacımız olsun, Heydər Əliyev Fondu lazımdırsa, onu edir, yetər ki, bu barədə onlara deyək. Heç deməsək belə hər həftə, hər gün buradakı vəziyyətlə maraqlanırlar. Hazırda uşaq evinin iki sakini - Həmid Kazımov İlkin Hüseynov Moskvada Prezident yanında İdarəçilik Akademiyasında təhsil alırlar onların illik xərclərini Heydər Əliyev Fondu ödəyir. Həmçinin Azərbaycanın nüfuzlu universitetlərində oxuyan tələbələrimiz var ki, onların da bütün xərcləri fond tərəfindən ödənilir. Uşaqların istirahəti, mütəmadi xarici ölkələrə səfərlərinin təşkili bu qəbildəndir. Bu il ərzində Türkiyədə, Rusiyada olmuşuq. Fondun vitse-prezidenti Leyla Əliyeva vaxtaşırı bu uşaqları ziyarətə gəlir. Onlarla sıx ünsiyyətdə olur, deyir, gülür, şənlənir. Demək olar ki, o, buradakı uşaqların hər birini adı ilə tanıyır bu ocağın doğmasına çevrilib”.

 

İstirahət düşərgəsində uşaqlarla bir gün keçirdik. Şən rəqslərini seyr etdik, şeirlərini, mahnılarını dinlədik, intellektual, fiziki yarışlarını izlədik. Rəngarəng əl işlərinə, çəkdikləri rəsmlərə tamaşa etdik. Amma bununla yanaşı, bir daha əmin olduq ki, yaradılan bütün şəraitə, diqqətə, qayğıya baxmayaraq heç bir uşaq evi buranın sakinlərinə doğma evlərini, valideynlərini əvəz edə, unutdura bilməz...

 

Çünki bu uşaqların kağız üzərində rəngli karandaşlarla ifadə olunan duyğularının əksəriyyətində üzərindən tüstü burumları qalxan isti yuvalar, əl-ələ tutmuş ata-ana-uşaq təsvirləri həkk olunub...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 20 avqust.- S.1-2.