Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və
fəlsəfi müstəvidə baxış
Akademik Ramiz
Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi: problemin mənbələri və
nizamlanma perspektivləri” kitabı çapdan
çıxıb
Azərbaycanın müstəqillik
illərində yürütdüyü
tarazlaşdırılmış xarici siyasət, neft-qaz
ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi,
sosialyönümlü daxili siyasət onu haqlı olaraq
bütün dünyada hörmət qazanmış müasir
sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin
xarici siyasətinin ən mühüm prioriteti olan,
keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi hələ də
özünün qəti və ədalətli həllini
gözləyir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan
və rus dillərində yenicə çapdan
çıxmış "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri
və nizamlanma perspektivləri” kitabında yer alıb.
Mötəbər
tarixi mənbələrə əsaslanan dəyərli nəşr
Akademik Ramiz Mehdiyev yeni əsərində
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
köklərinə nüfuz edərək hadisənin nədən
başladığını ən mötəbər mənbələr
əsasında, sistemli şəkildə və mərhələlər
üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin
mahiyyətini, səbəblərini və indiki konyunkturunu
anlamaq üçün onu, ilk növbədə, Rusiya
imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda
köçürmə siyasəti kontekstində
araşdırmaq lazımdır.
Əsərdə I Pyotrun Qafqaza
yürüşü və Xəzəryanı sahillərin
Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran
müharibələri, Türkmənçay müqaviləsi və
ermənilərin əzəli Azərbaycan torpaqlarına –
keçmiş Qarabağ, Naxçıvan və İrəvan
xanlıqları ərazisinə köçürülməsinin
birinci dalğası, habelə Rusiya ilə Osmanlı
İmperiyası arasında Adrianopol sülh müqaviləsindən
sonra ermənilərin köçürülməsinin ikinci
dalğası məntiqi ardıcıllıqla diqqətə
çatdırılır. Bütün bunları müəllif
hadisələrin cərəyan etdiyi dövrün mənbələri,
o cümlədən Rusiyanın İranda səfiri olmuş
Aleksandr Qriboyedovun "Ermənilərin İrandan bizim vilayətlərə
köçürülməsi haqqında” (1828) qeydləri,
Sergey Qlinkanın "Azərbaycan ermənilərinin Rusiya
hüdudlarına köçürülməsinin təsviri və
Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi”
(1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və
digər mənbələr əsasında təqdim edir. Məsələn,
kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən
aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən
1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərəfindən
köçürülənlər olub. Bu və digər mənbələr
regionda ermənilərin yerli müsəlman əhaliyə faiz
nisbətinin süni şəkildə dəyişdirildiyini təsdiqləyir.
Akademik təkzibedilməz faktları ümumiləşdirərək
yazır: "Monofizit erməni kilsəsinin milli dövlət
yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik
maraqları ilə üst-üstə düşürdü:
Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi
Qafqaza köçürülməsinə və gələcəkdə
orada Türkiyə və İranla həmsərhəd olan
ayrıca erməni vilayəti yaradılmasına kömək
edir və öz növbəsində, ermənilərin üzərinə
bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri,
yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.
Çar Rusiyasının ermənipərəst
siyasətinin sovet Rusiyası tərəfindən də davam
etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ
Muxtar Vilayətinin süni şəkildə
yaradılmasını, habelə Zəngəzur, Göyçə
və Azərbaycanın digər əzəli
torpaqlarının Ermənistanın tərkibinə
qatılmasını, Naxçıvanın anklava çevrilməsini
buna misal olaraq göstərir. Müəllif, həmçinin
sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən
qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst
dairələrin məqsədyönlü fəaliyyətini
diqqətə çatdırır: "Gizli deyil ki, erməni
şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə
və Azərbaycana açıq iddialar irəli sürür,
Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və
Zəngəzurun vaxtilə "dənizdən-dənizə
uzanan böyük Ermənistan”ın vilayətləri
olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə
ermənilər Zəngəzur ərazisini özlərinə
birləşdirmək və Qarabağ erməniləri
üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə
Dağlıq Qarabağın Azərbaycandan
qoparılmasının təməlini qoymaq imkanı əldə
etdilər”.
Akademik Ramiz Mehdiyevin
vurğuladığı məqamlardan biri də ermənilərin
köçürüldükləri ərazidə etnik tərkibin
dəyişdirilməsinə yönəldilən siyasətdir.
Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan
SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə
Ermənistan ərazisinə ermənilərin
köçürülməsinə dair faktlar daxil edilib.
Görkəmli alim bu qənaətə gəlir ki, çar
Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr
ərzində həyata keçirilmiş köçürmə
siyasəti regionun demoqrafik mənzərəsini əhəmiyyətli
dərəcədə dəyişib. 1988-1993-cü illərdə
azərbaycanlıların Ermənistandan, Dağlıq
Qarabağdan və Azərbaycanın işğal edilmiş
yeddi rayonundan qovulması bu prosesin son akkordu olub. Beləliklə,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə,
ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata
keçirilən deportasiya, zor gücünə qovma və
soyqırımı siyasətinin məntiqi nəticəsi və
növbəti mərhələsi kimi baxmaq lazımdır.
Müəllif ötən əsrin
80-ci illərində baş vermiş hadisələrə
toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən
biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması
nəticəsində Ermənistanın ultramillətçi
dairələri, onların Kremldəki və xarici ölkələrdəki
havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar
Vilayətinin Azərbaycanın tərkibindən
çıxarılması və onun Ermənistana birləşdirilməsi
üçün əlverişli siyasi zəmin
yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin
ovaxtkı rəhbərliyinin millətçilərin
separatçılıq səylərinə himayədarlıq
yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi
və 1988-ci ilin fevralında Sumqayıt şəhərində
törədilmiş təxribata məhz bu kontekstdə
yanaşmaq lazımdır.
Akademik Dağlıq Qarabağda
faciəli hadisələrin başlanğıcında Azərbaycanın
ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi
liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və
qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin
işğalına şərait yaratdığını təəssüflə
qeyd edir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ problemi dövlətlərarası
münaqişə kontekstində
Münaqişənin sonradan
SSRİ-nin dağılmasında katalizatorlardan birinə
çevrildiyi fikri ilə razılaşan müəllif
problemi, həmçinin dövlətlərarası
münaqişə kontekstində araşdıraraq yazır:
"Bu münaqişə beynəlxalq problemə, regional və
dünya miqyaslı müxtəlif aktorların və
onların mənafelərinin toqquşduğu nöqtəyə
çevrilməklə bərabər, həm də
qarşıdurma vəziyyətindəki tərəflərə
təsir və təzyiq mexanizmi oldu”.
Kitabda problemin nizamlanmasının
hüquqi əsası olan və bu gün də hüquqi
qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən
keçirilir. Məsələn, SSRİ dağılandan sonra
Azərbaycanın beynəlxalq sərhədləri (digər
müttəfiq respublikaların sərhədləri kimi)
dünya birliyi tərəfindən "uti possidetis juris”
prinsipi əsasında, yəni, müstəqillik əldə
edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər
çərçivəsində tanındı. Bu müddəa
Müstəqil Dövlətlər Birliyinin yaradılması
haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini
tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan
da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən
Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib.
Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların,
o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən qərar
və qətnamələrini xatırladır.
Bununla yanaşı, əsərdə
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycanın
yürütdüyü uğurlu xarici siyasət, o cümlədən
Budapeşt, Lissabon samitlərində münaqişənin həlli
istiqamətində irəliləyişlər də diqqətə
çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin
ikili standartları problemin həllinə mane olan amillərdən
biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.
Ermənistan
fürsəti əldən verərək sülhü uduzub
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma
perspektivləri barədə fikir yürüdən müəllif
problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə
dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon
Ter-Petrosyanın "Müharibə, yoxsa sülh:
düşünmək vaxtıdır” məqaləsindən
götürülən tezislər bu gün də
aktuallığını saxlayır. Yaxud "BE Berlin Economics
GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu
ilin əvvəllərində apardığı
"Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri”
adlı araşdırmada sülhün qonşu dövlət
üçün faydaları göstərilir.
Eləcə də siyasi kontekstdə,
qondarma "ikinci erməni dövləti”nin beynəlxalq
miqyasda tanınması haqqında məsələnin heç
vaxt praktik müstəvidə qoyulmadığını bildirən
akademik Ramiz Mehdiyev Ermənistanın baş naziri
N.Paşinyanın danışıqlar formatını birtərəfli
qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər
tərəfindən rədd edildiyini və martın 29-da
Vyanada iki dövlətin rəhbərlərinin
görüşünün formatının dəyişmədiyini
vurğulayır. Həmçinin Prezident İlham Əliyevin
görüşdən sonra TASS agentliyinə müsahibəsində
səsləndirdiyi bu fikri xatırladır:
"Danışıqların formatı dəyişilməz
qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan
ilə Azərbaycan arasında aparılır”.
Akademik yazır: "Bütün
bu illər ərzində erməni cəmiyyəti
döyüş meydanında qazanılan "qələbə”ni
tezliklə diplomatik sahədə möhkəmləndirmək
ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi
bir məsələni başa düşə bilməyib ki,
qonşu dövlətə təcavüz etməklə, onun ərazisini
işğal etməklə, etnik təmizləmələr
aparmaqla, şəhər və kəndlərini viran qoymaqla,
Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər
fürsəti əldən verərək, sülhü uduzub.
Bunu başa düşmək üçün bugünkü Azərbaycanı
Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi
inkişafında fərqi qiymətləndirmək kifayətdir
və bu fərq ildən-ilə daha da artacaq”.
Əsərdə Dağlıq
Qarabağda Ermənistan tərəfindən qurulmuş
işğalçı rejimin cinayətkar mahiyyəti bir
çox mənbələrə, o cümlədən
britaniyalı Harrold Keynin "Narko-Qarabağ” kitabına
istinadla açılıb göstərilir.
Amerikalı ilahiyyatçı Ceyms
Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı
tanış olan "Siyasətçi növbəti
seçkilər haqqında düşünən insandır,
halbuki, dövlət xadimi gələcək nəsillər
haqqında düşünür!” sözlərini xatırladan
akademik Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli
şəkildə nizamlanmayana qədər Ermənistanın
sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər
baş verməyəcək.
Akademik Ramiz Mehdiyevin yeni kitabı
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
mənbələri və nizamlanma perspektivləri barədə
aydın və bitkin təsəvvür yaradır. Problemin
mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara
çatdırmaq baxımından böyük əhəmiyyətə
malik olan bu əsər politoloji tədqiqatlar, siyasi
araşdırmalar üçün də mötəbər mənbədir.
Azərbaycan.- 2019.- 20 avqust.- S.2.