Mərhəmət ünvanı
1 saylı körpələr evinin
sakinləri itirdikləri analarını Mehriban
xanımın timsalında tapıblar
... O məşum gündən 2 həftə keçmişdi. Bu 14 gün ərzində nələr çəkdiyini bir özü bilirdi, bir də Allahı. Necə yaşamışdı, necə nəfəs almışdı, havadaydımı, göydəydimi - bilmirdi. Yuxusu da ərşə çəkilmişdi, yayın istisində yatağına qar dolmuşdu elə bil. Nə illah edirdisə, bircə saat gözünün acısını ala bilmirdi. Birtəhər yuxuya gedəndə isə gördüyü kabusdan hövlnak ayılırdı. Hər dəfə eyni yuxunu görürdü: iki balaca, ağ, toppuş əl gah paltarının yaxasından, balağından tutur, gah da ayaqlarına sarılıb onu getməyə qoymurdu... Körpənin fasiləsiz çığırtısı isə göyün yeddinci qatına çatırdı... Bu, onun günlər öncə dünyaya gətirdiyi, lakin imtina edərək körpələr evinə qoyduğu körpəsi idi. Anasına tutunub, onu atmaması üçün fəryad qoparırdı...
Daha dözə bilmədi. Çəkdiyi peşmançılıqdan, vicdan əzabından az qalırdı havalana. Nəhayət, özünü toparlayıb qəti qərarını verdi. Valideynlərinin, el-obanın, ətrafdakıların töhmətinə, qınağına rəğmən balasını körpələr evindən götürüb özü saxlayacaqdı. Onunla bərabər özü də böyüyəcəkdi...
Telefonu götürüb akt yazan polisə zəng vurdu:
- ... Peşmanam... Balamı mənə qaytarın...
... İki həftəlik ayrılıqdan sonra Bakıda kirayə qalan tələbə qız körpəsini köksünə sıxıb elə gəldiyi yolla da körpələr evindən uzaqlaşırdı...
Bu ağrılı hadisə təxminən bir ay bundan əvvəl 1 nömrəli körpələr evində baş verib. Körpələr evinin baş həkim əvəzi Simuzər Topçubaşova deyir ki, 35 ildir çalışdığı bu məkanda yüzlərlə buna bənzər hadisənin şahidi olub. İyulda isə gənc tələbə qız dünyaya gətirdiyi körpədən elə doğum evindəcə imtina etmək məcburiyyətində qalıb: "Qızın valideynləri rayonda yaşayır, özü isə burada kirayə qalır. Rəsmi nikahı olmadan uşaq dünyaya gətirib. Oğlan qızla evlənib uşağa atalıq etməkdən boyun qaçırıb. Qız da valideynlərinin qorxusundan heç nə deməyib. Qalıb çarəsiz. Doğum evindən çıxandan sonra neçə saat oturdu burada, ağladı. Polislə birlikdə nə qədər danışdıq, izah etdik, dedik, valideynlərinə xəbər ver. Nə isə, razılaşmadı və ərizə yazıb uşaqdan imtina etdi. 2 həftə sonra akt yazan polis mənə zəng elədi. Dedi, Simuzər xanım, o qız mənə zəng vurub ağlayır ki, uşağı geri götürmək istəyirəm. Dedim, gəlsin, ərizəsini yazsın. Yaxşı ki, uşağı övladlıq qeydiyyatına salmamışdıq. Gəldi, ərizəsini yazdı, uşağını da götürüb getdi. Çox sevindik buna. Səhvini başa düşdü hər halda. Təəssüf ki, həmişə belə olmur. Elə olur ki, körpələr evinə müvəqqəti verilmiş uşağın valideyni 3 il ərzində bir dəfə də olsun balasına baş çəkmir. Burada o qədər "analar” görmüşük ki... Adam baxanda məəttəl qalır ki, bunlar necə anadır?! Halbuki illərlə övlad həsrəti çəkən ailələr var”.
"Mehriban xanım bütün
körpələrin mənəvi anasıdır”
Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evi 1930-cu ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərib və uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. İlk dəfə 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən təmir edilən binada 2014-cü ilin oktyabrında yenidən fondun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. 2015-ci il mayın 10-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib. Elə bu ilin fevral ayının 11-də Mehriban xanım yenidən körpələr evinə baş çəkərək buranın balaca sakinləri ilə görüşüb. Əlbəttə ki, körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın kimsəsiz uşaqlara nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir.
Körpələr evinə
gəlincə, əsaslı təmir nəticəsində bina tamamilə yenilənib, müasir
havalandırma sistemi qurulub,
su, qaz, işıq xətləri
təzələnib, həyətyanı sahə
abadlaşdırılıb. Körpələr evi
müasir çarpayılar, oyuncaqlar, bütün
lazımi avadanlıqlarla təmin edilib. Bina kamera sistemi
ilə təchiz olunub. Hər yaş qrupuna məxsus
otağın qarşısındakı həyətdə oyun meydançası və yelləncəklər
quraşdırılıb. Binada hovuz da var. Binadakı otaqlarla bir-bir tanış oluruq. Simuzər xanım məlumat
verir ki, körpələr evində
5 qrup var. Hazırda onlardan üçü işlək vəziyyətdədir.
Çünki uşaqların
sayı çox deyil: "Əvvəllər
uşaqların sayı
çox idi. Sevindirici haldır ki, son illər körpələr
evinə gətirilən
uşaqların sayı
azalıb. Hazırda 15 uşağımız
var. Bu körpələr evi
3 yaşına kimi uşaqlara himayədarlıq
edir. Uşaqların çoxu burada
daimi qalmır. Çünki burada 3 cür
uşaqlar var - müvəqqəti qoyulan,
imtina edilən və atılmış uşaqlar. İmtina edilən və
atılan körpələrə
biz özümüz ad, soyad
qoyuruq. Atılmışları isə 6 ay gözlədikdən
sonra övladlıq qeydiyyatına salırıq
ki, bəlkə bu müddət ərzində valideynləri,
qohumları gəlib taparlar”.
Təəssüf ki, əksər vaxtlarda heç kim
atılmış körpənin
dalınca gəlmir. Körpənin fiziki qüsuruna,
yaxud xəstəliyinə
görə ondan imtina edən valideynlər də var. Daun sindromlu iki uşaq və
fiziki qüsurlu bir oğlan məhz bu cür
valideynlərin ucbatından
körpələr evinin
sakininə çevriliblər.
Ata-anaları elə doğum evindəcə onlardan imtina ediblər: "İndi bizim bir fiziki
qüsurlu uşağımız
var. Ayaq əzələləri
inkişaf etməyib. Heydər Əliyev Fondu o balanın bütün müalicəsini öz üzərinə götürüb.
Bir az
böyüyəndən sonra
ona protez qoyulacaq. Ondan sonra yeriyə
biləcək. Ümumiyyətlə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva tez-tez bizə baş çəkirlər,
uşaqların qayğıları,
problemləri ilə maraqlanırlar. İkisi də
çox mehriban, qayğıkeş, uşaqcanlıdır.
Müalicəyə ehtiyacı olan
uşaqlara kömək
edirlər. Bir uşağımızın
başına doğuş
zamanı su yığılmışdı. Fondun dəstəyi ilə əməliyyat olundu, artıq heç bir problemi yoxdur.
Çox sağ
olsunlar, körpələr
üçün nə
lazımdırsa, edirlər.
Dəstəklərini, qayğı və
sevgilərini əsirgəmirlər.
Mehriban xanım bütün körpələrin mənəvi
anasıdır”.
Bütün bunlar sübut edir ki, Heydər
Əliyev Fondu gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin
ən yüksək səviyyədə təşkili
istiqamətində Azərbaycan
dövlətinin həyata
keçirdiyi siyasətə
mühüm töhfələr
verir.
Heç bir körpənin gözü
yolda qalmasın
Simuzər Topçubaşova qeyd edir ki, hər
qrupun öz həkimi var, uşaqları hər gün müayinə edir. Hətta körpələr evində fizioterapiya otağı da fəaliyyət göstərir.
Lakin körpə nasazladısa, asqırıb
öskürməyə başladısa,
göstərişlə Ə.Qarayev
adına 2 saylı Klinik Uşaq Xəstəxanasına
göndərilir. Uşaqlar müalicə
olunub sağalandan sonra yenidən bura qayıdırlar.
Körpələr evindəki uşaqlar yaşlarına uyğun olaraq rejimlə qidalanıb yatırlar. Böyük
uşaqların yeməyi elə evdəki yeməkxanada bişirilir. Əksər paltarları, yataq dəstləri ümumi
camaşırxanaya göndərilir. Uşaqların
saçlarını isə yaxınlıqda işləyən
bərbər öz istəyi ilə təmənnasız
şəkildə gəlib qırxır: "Öz
evimizdə uşaqlarımızı necə
böyüdürüksə, buradakı körpələri də
elə böyüdüb
qayğılarına qalırıq. İşçilər
bütün günü
ayaq üstədirlər, bir
dəqiqə oturub dincəlmirlər.
Uşaqların dalınca gəzirlər. Özü
də burada hər adam
işləyə bilməz. O qədər işçi
gəlib, amma işləyə bilmədiyi
üçün çıxıb gedib. Gərək uşaqlara
qarşı içində böyük sevgi və səbir, hövsələ olsun ki, işləyə
biləsən. Bu, çox
çətin və məsuliyyətli, həm də sevgi dolu işdi.
Məgər eyni vaxtda
bir neçə körpəyə
analıq etmək özü də
xoşbəxtlik deyilmi?! Amma
biz bu balaları nə
qədər sevsək də, qayğı göstərsək də,
əsl ata-ana məhəbbətini əvəz
edə bilmərik. Hansı uşaq istəməz
ailəsi olsun? Burada bir uşağın yanına valideyni
gələndə bütün uşaqlar həmin adamın yanına
qaçır... Hazırda bir
qızımızın işi məhkəmədədi,
onu övladlığa götürürlər.
Ata-anası tez-tez gəlib-gedir yanına. Artıq qız onları valideyni kimi tanıyır, onları ata-ana bilir. Darıxır onlar üçün, hər gün yollarını gözləyir.
Onlarla birlikdə evlərinə gedəcəyi günün
həsrətindədir”.
Əslində, bütün uşaqlar eynidi. Hamısı ana sığalı, ata qayğısı istəyir. Hamısı isti yuva arzulayır. Bəzilərinin şansı gətirir, o yuvaya sahib olur. Bəzilərinin isə gözü ömür boyu yollarda qalır. Uşaq valideyndən yalnız və yalnız sevgi istəyir, başqa heç nə. Balalarınızı o sevgidən məhrum etməyin ki, heç bir körpənin gözü yolda qalmasın. Heç bir körpə ata-anasız böyüməsin.
Xəyalə MURADLI
Azərbaycan.
- 2019.- 21 avqust.- S.1; 5.