Ümid yeri
Heydər
Əliyev Fondunun 15 illik fəaliyyəti insanlara mərhəmət,
xeyirxahlıq kimi ali dəyərləri əxz
etməyə yönəlib
Konkret həyat amalına, zəngin
mənəviyyata malik insanlar dövrünün problemlərinə
əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi
ilə yanaşır, fürsət düşdükcə
xalqının nicatına, təminatlı gələcəyinə
xidmət edən xeyirxah əməllərin sahibinə
çevrilirlər. Şəxsiyyətə hörmət, vətəndaşa
həssas münasibət, insanlara qayğı və təmənnasız
xidmət amalını özünün həyat kredosuna
çevirmiş Mehriban xanım Əliyeva gördüyü
işlərlə cəmiyyətdə mərhəmət və
xeyirxahlığın ali ünvanına
çevrilib.
Birinci xanımın 2004-cü ildən
rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə Azərbaycan
xalqının düşüncə sistemində xüsusi yer
tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin
mənəvi saflaşmasına və yüksəlişinə
hesablanan xoşməramlı missiya həyata keçirir.
Müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər
Əliyev 2003-cü ilin dekabrında dünyasını dəyişdikdən
sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək
nəsillərə çatdırılması və nurlu əməllərinin
davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun
yaradılmasına dair müxtəlif təşəbbüslər
irəli sürüldü. Cəmiyyətin sosial
sifarişi nəzərə alınaraq, 2004-cü ilin
mayında qeyri-hökumət təşkilatı olan Heydər
Əliyev Fondu yaradıldı. Fondun əsas
missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin,
ideyalarının öyrənilməsi və təbliği ilə
yanaşı, ölkə daxilində və xaricdə
sosial-iqtisadi və humanitar inkişafı dəstəkləmək
idi.
Təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələr həyata keçirərək
yeni cəmiyyət quruculuğunda fəal iştirak edən
fond ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verməyə başladı.
Fondun məqsədləri Heydər
Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi,
sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi
rifahının yaxşılaşması naminə müəyyən
etdiyi, işləyib hazırladığı siyasətin
öyrənilməsinə, təbliğinə və bu
ideyaların həyata keçirilməsinə dəstək
vermək, Azərbaycanın tərəqqisi və xalqın
rifahı naminə Ulu Öndərin zəngin irsindən bəhrələnərək
bu işə xidmət edən genişmiqyaslı proqram və
layihələrin reallaşmasına kömək etmək idi.
Bununla yanaşı elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə aid proqram və
layihələr, respublikanın və xarici ölkələrin
fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı
genişləndirmək, onlarla birgə layihələr həyata
keçirmək, eləcə də yerli əhəmiyyətli
sosial problemlərin həllinə yardımçı olmaq,
xüsusi qayğıya ehtiyacı olan insanlara kömək
göstərmək, Azərbaycan mədəniyyətinin
geniş təbliği, uşaq və gənclərin hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
işinə xidmət etmək fondun məqsədləri
sırasına daxildir. Bütün bunlarla
yanaşı fond Azərbaycanın beynəlxalq nüfuzunun
artırılması ilə bağlı tədbirlərin həyata
keçirilməsinə də öz dəstəyini göstərdi.
Fəaliyyətə
başladığı gündən Heydər Əliyev Fondunun
qarşıya qoyduğu hər bir xoş məram Ulu Öndərin
ali ideallarını özündə təcəssüm
etdirdi. Şəxsiyyətə yüksək
hörmət, vətəndaşa həssas münasibət,
insanlara qayğı və təmənnasız xidmət
amalını prioritet seçmiş fond qısa müddət ərzində
humanizm prinsipinə söykənən praktik fəaliyyəti
ilə cəmiyyətdə böyük ictimai nüfuz
qazandı.
Bu bir həqiqətdir ki,
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən
15 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti
uzun illərlə görüləcək işlərə bərabərdir. Fond daha
çox gələcəyə hesablanmış addımlar
atmağı bacarır və təşkilatın diqqət
yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir.
Fondun 15 illik fəaliyyəti keçmişlə gələcək
arasında körpü yaratmağa, insanlara xeyirxahlıq,
insanpərvərlik kimi ali dəyərləri
əxz etməyə yönəlib.
Mehriban xanım
Əliyevanın özünün də
vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin
başlıca qayəsi var - insanlara təmənnasız
yaxşılıq etmək.
Azərbaycan vətəndaşı
Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət
və qayğı nümunələri ilə zəngin olan
çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirir,
belə xeyirxah əməllərin nə qədər vacib
olduğunu dərk edir, öz yaşam fəlsəfəsini bu
ideallara uyğunlaşdırmağa çalışır. Xeyirxahlıq,
mərhəmət, ədalət kimi ülvi və saf dəyərlər
fondun fəaliyyətində parlaq xətt təşkil edir.
Fond tərəfindən həyata
keçirilən sosial layihələrə nəzər yetirək.
Öncə fondun təhsil
sisteminin inkişafına verdiyi töhfələrə diqqət
etsək görərik ki, Azərbaycan vətəndaşları
üçün bərabər təhsil imkanlarının
yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini
və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını
prioritet məsələlərdən hesab edən qurum bu
istiqamətdə bir sıra proqram və layihələr həyata
keçirir.
Bunlar "Uşaq evləri və internat məktəblərinin
inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”,
"Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl
sektor tərəfindən dəstəklənən layihə və
proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi,
yüzlərlə məktəb binası inşa olunub və
ya yenidən qurulub.
Fond gerçəkləşdirdiyi
layihələrlə əhalinin sağlamlığının
qorunmasında yaxından iştirak edir. Qurumun müəyyənləşdirdiyi
başlıca vəzifələrdən biri uşaq evləri və
internatlardakı azyaşlı və yeniyetmələrə,
şəhid, qaçqın, məcburi köçkün və
aztəminatlı ailələrdən olan, habelə müxtəlif
xəstəliklərdən əziyyət çəkən
uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar
və dünyanın bir sıra aparıcı səhiyyə
şirkətləri ilə əməkdaşlıq şəraitində
"Diabetli uşaqlara ən yüksək qayğı”,
"Talassemiyasız həyat naminə” və digər layihələr
həyata keçirib, tibb müəssisələrinin əsaslı
təmiri, yenidən qurulması və inşasına nail olub.
Fondun fəaliyyətinin
mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən,
ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə
inteqrasiyasını asanlaşdırmaq, asudə
vaxtlarını səmərəli təşkil etmək məqsədilə
fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.
Azərbaycandan kənarda da çox
mühüm proqramlar reallaşdıran fondun layihələri əsasən
üç istiqaməti əhatə edir: ölkəmizin
tanıdılması, o cümlədən xalqımızın
tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan
və azərbaycanlılarla bağlı tarixi, mədəni
irsin bərpası və qorunması; fondun məramına
uyğun olaraq humanitar və sosial inkişafa kömək
göstərilməsi.
Fond xarici ölkələrdə
Azərbaycanın təqdimatını mədəniyyət
günləri, sərgilər, habelə əlamətdar tarixi
hadisələrə, tanınmış elm və mədəniyyət
xadimlərinə həsr olunmuş mərasimlər təşkil
etməklə yerinə yetirir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasına xüsusi önəm verən fond
2007-ci ildən başlayaraq hər il
dünyanın bir sıra böyük şəhərlərində
Xocalı soyqırımının ildönümü ilə
bağlı aksiyalar keçirir. Aksiyalarda "Xocalı
soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri
vəhşilikləri əks etdirən fotoşəkillər,
müxtəlif illərdə xarici ölkələrin
nüfuzlu nəşrlərində Xocalı faciəsi
haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri”
toplusu və "Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması” kitabı təqdim olunur.
2012-ci ilin fevralında fondun təşəbbüsü
ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində
törədilmiş soyqırımı qurbanlarının
xatirəsinə abidə ucaldılıb.
Fondun vitse-prezidenti Leyla
Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi
və onun həyata keçirdiyi layihələr, habelə
"Xocalıya ədalət!” kampaniyası son illər
xüsusi əhəmiyyəti ilə diqqət çəkir.
Qaçqın və məcburi
köçkünlərin sağlamlıqlarının təmini,
sosial durumlarının yaxşılaşdırılması,
məşğulluqlarının artırılması və
digər məsələlər də fondun fəaliyyətinin
prioritetləri sırasındadır.
Ümumiyyətlə, Azərbaycan
dövlətinin qaçqınların və məcburi
köçkünlərin sosial məsələlərinin həlli
istiqamətində gördüyü tədbirlər dünyada
nadir təcrübədir. Bu təcrübə
bütün beynəlxalq təşkilatlar tərəfindən
çox yüksək qiymətləndirilir və ondan istifadə
olunur. Qaçqın və məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadırlardan müasir
tələblər səviyyəsində inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür.
Bu günlərdə
xalqımız müqəddəs Qurban bayramını qeyd
etdi. Hər yerdə qurbanlar kəsildi, dualar oxundu. Birinci vitse-prezident bu bayramda da aztəminatlı ailələri
unutmadı. Onun təşəbbüsü
ilə aztəminatlı ailələrə qurban payları
paylanıldı. Bu da bir daha təsdiq etdi ki,
sosial-iqtisadi inkişafa yönəlik dövlət
proqramlarına dəstək verən Heydər Əliyev Fondu
aztəminatlı ailələri, xüsusi qayğıya
ehtiyacı olan şəxsləri daim diqqətdə
saxlayır, müxtəlif bayramlar və əlamətdar
günləri onlarla birlikdə qeyd edir.
Mehriban xanım Əliyevanın
"Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan
xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər
boyu formalaşan ənənələrimizə xas olan ən
gözəl keyfiyyətlərdən biridir və biz bu gün
Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə
çalışırıq” sözləri xeyriyyəçiliyin
fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Göründüyü kimi,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilən çoxşaxəli layihələri birləşdirən
əsas xətt yüksək humanizm və insanpərvərlikdir. Cəmiyyətdə
böyük ictimai nüfuz qazanmış fond bu gün həm
də kimsəsiz, köməyə ehtiyacı olan insanların
maddi-mənəvi hamisi rolunda çıxış edir. Fond insanlara ən müxtəlif səviyyələrdə
yardım göstərməklə cəmiyyətdə
yalnız sağlam ənənələrin, zəngin əxlaqi
dəyərlərin möhkəmlənməsinə
çalışır.
Bir sözlə, Ulu Öndər Heydər
Əliyevin xatirəsini əbədiləşdirərək
onun bütün nəsillərə örnək olan irsini təbliğ
etmək məqsədilə 15 ildir fəaliyyət göstərən
fond Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edən
genişmiqyaslı proqram və layihələrin həm təşəbbüskarı,
həm də icraçısıdır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-22 avqust.- S.1;3.