Azərbaycan Qoşulmama
Hərəkatına yeni stimul verir
Keçən əsrin
ortalarında beynəlxalq münasibətlər sistemini tənzimləmək
üçün mexanizmlər axtarıldı. Onların
sırasında 1955-ci ildə təsis edilmiş Qoşulmama Hərəkatının
öz yeri vardır. Bu təşkilatın rəsmən
yaradılmasını 1961-ci il Belqrad
Konfransına aid edirlər. Bütün hallarda təşkilatın
başlıca vəzifəsi kimi qlobal miqyasda sülh, əmin-amanlıq,
dinc yanaşı yaşama, ədalətli əməkdaşlıq
prinsiplərinin bərqərar olması göstərilir.
Təcrübə göstərir ki,
dünyanın belə bir təşkilata ciddi ehtiyacı
mövcuddur. Doğrudur, "soyuq
müharibə”dən sonra bir müddət Qoşulmama Hərəkatına
sanki maraq azaldı. Ancaq proseslərin
gedişi göstərdi ki, əksinə, XXI əsrdə beynəlxalq
aləmin bu hərəkata daha çox ehtiyacı olacaq. Bu səbəbdən indi həmin təşkilatın
güclənməsində maraqlı olan ölkələr
çoxdur. Bu ildən Qoşulmama Hərəkatında sədrlik
iki il müddətinə Azərbaycana
keçir. Newtimes.az bu hadisə kontekstində
Qoşulmama Hərəkatının fəaliyyətinin
geosiyasi aspektini geniş təhlil etmişdir.
Ədalətli
dünya uğrunda: "zərurətdən doğan birlik”
Müasir dünyada geosiyasi mənzərənin
mürəkkəbliyindən, ziddiyyətli məqamlarından,
risklərindən mütəxəssislər çox yazır,
siyasilər danışırlar. Bütün
dünyanı dinc yanaşı yaşamağın yolları
maraqlandırır. Bu prosesdə beynəlxalq
təşkilatların rolunun artırılmasından bəhs
edilir. Hətta BMT-nin kifayət qədər
təsirli olmadığı da vurğulanır. Burada əsas şərtlərdən biri dünya
dövlətlərinin beynəlxalq hüquqa əməl etməsi,
normaları, qaydaları gözləməsi və əməkdaşlıqda
səmimiyyəti, ədaləti qorumasıdır. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat
olan Qoşulmama Hərəkatının əhəmiyyəti
bu kontekstdə çox böyükdür.
Bu təşkilatın əsası
1955-ci ildə, yəni BMT yaranandan 10 il
sonra qoyulub. Təşəbbüskarından
biri, o dövrdə "üçüncü dünya ölkələri”
sırasında olan İndoneziyanın Prezidenti Əhməd
Sukarno olub! O, 22 il bu ölkəyə
rəhbərlik edib. Ə.Sukarno Qoşulmama Hərəkatını
"zərurətdən yaranan birlik”
adlandırmışdı. Səbəbi nədən ibarət
ola bilərdi?
İkinci Dünya müharibəsindən
sonra dünya faktiki olaraq Qərb və SSRİ kimi iki əks
düşərgəyə bölündü. Aydın
görünürdü ki, belə bir şəraitdə beynəlxalq
münasibətlərdə ədaləti, hüquq
normalarını və dinc yanaşı yaşamağı təmin
etmək xeyli çətin olacaqdı. Xüsusilə
dünyanın çox sayda dövlətlərinin
maraqlarının nəzərə alınmaması, bitərəf
bir mövqenin formalaşmasının mümkün
olmayacağı hiss edilirdi.
Bu səbəblərdən
iki böyük gücdən kənarda olan ölkələrin
maraqlarını gözləyə biləcək, ədalətli,
bitərəf, səmərəli, konstruktiv mövqe tutacaq beynəlxalq
təşkilata ehtiyac vardı. Bu təşkilat həm
də ABŞ və SSRİ arasındakı
qarşıdurmadan, ziddiyyətlərin gərginləşməsindən
kənarda qala biləcək bir geosiyasi və siyasi-diplomatik
mühit yaratmalı idi. Məhz buna görədir
ki, həmin təşkilatın adında "qoşulmama”
sözü vardır. Bu təşkilatın
Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis
edilməsi də tam məntiqli idi.
Ona üzv olan ölkələrin
xarici siyasətində hərbi-siyasi bloklarda iştirakdan
imtina, xalqların müstəqillik və hüquq bərabərliyi
prinsipləri əsasında dinc yanaşı yaşaması
prinsipləri üstünlük təşkil edir. Bandunq
Konfransında Ümumi sülhə və əməkdaşlığa
dəstək haqqında Bəyannamə qəbul edildi. Sənəddə ölkələrin dinc
yanaşı yaşamasının və əməkdaşlığının
on prinsipi şərh edilmişdi.
Orada insan hüquqlarına,
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə,
bütün ölkələrin suverenliyinə və ərazi
bütövlüyünə hörmət yer alıb. Bunlardan əlavə,
başqa ölkəyə hərbi müdaxilədən və
onun daxili işlərinə qarışmaqdan çəkinmə,
BMT Nizamnaməsinə müvafiq olaraq, hər bir ölkənin
fərdi və kollektiv müdafiə hüququna hörmət,
hər hansı ölkənin ərazi bütövlüyünə
və ya siyasi müstəqilliyinə qarşı təcavüz
və ya güc tətbiqetmə aktlarından, yaxud bu cür təhdidlərdən
çəkinmə ifadə edilib.
1961-ci il Belqrad
Konfransının Bəyannaməsində də bu prinsiplər
öz əksini tapıb. Beləliklə,
Qoşulmama Hərəkatının baza prinsipləri kimi beynəlxalq
münasibətlərdə diktatın, hegemonluğun və
ekspansiyanın qəbul edilməməsi, dövlətlər
arasında bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığın
zəruriliyi, ədalətə və hüquq bərabərliyinə
əsaslanan yeni iqtisadi qaydanın formalaşması uğrunda
mübarizə qəbul edilib.
Təcrübə göstərdi
ki, bu təşkilatın yuxarıda vurğulanan prinsiplər əsasında
yaradılması dünya üçün faydalıdır. Həm
"soyuq müharibə” dövründə, həm də ondan
sonra dünyanın həmin prinsiplərə ehtiyacı
çox olub. XXI əsrin
başlanğıcı göstərdi ki, Qoşulmama Hərəkatının
aktuallığı getdikcə daha da artır. Artıq onun 120 üzvü vardır.
Fəal mövqe:
Azərbaycanın növbəti nümunəsi
Azərbaycan 2011-ci ildən
Qoşulmama Hərəkatının üzvüdür. 2019-2021-ci illərdə
bu təşkilata sədrlik edəcək. Prezident
İlham Əliyevin 2019-cu il 11 fevral tarixli
sərəncamında təşkilatın Azərbaycana verdiyi
xarici siyasət dividendləri konkret ifadə edilib. Sərəncamda vurğulanıb ki, Azərbaycanın
Qoşulmama Hərəkatında iştirakı onun beynəlxalq
sülh, təhlükəsizlik və əməkdaşlıq
proseslərinə daha fəal cəlb edilməsinə geniş
imkanlar açıb. Eyni zamanda Azərbaycanın
müxtəlif dövlətlərlə, o cümlədən
Latın Amerikası, Asiya və Afrika ölkələrinin
çoxu ilə ikitərəfli və çoxtərəfli
münasibətlərinin inkişafı üçün əlverişli
şərait formalaşıb.
Bütün bunlarla
yanaşı, Qoşulmama Hərəkatı Azərbaycan
üçün iki miqyasda - regional və qlobal səviyyədə
geosiyasi proseslərə daha aktiv təsir etmək imkanı
yaradır. Regional səviyyədə Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində meydana gəlmiş
qanlı münaqişənin ədalətli, beynəlxalq
hüquq prinsipləri çərçivəsində aradan
qaldırılması üçün fəaliyyət
meydanı genişlənir. Dünyanın
120 ölkəsi təcavüzkarın qarşısının
alınması məsələsində həmrəy olursa, bu,
ciddi hadisədir. Məsələ
yalnız söz deməklə məhdudlaşmır, onun həyata
keçməsi üçün də müəyyən
mexanizmlər mövcuddur. Qoşulmama Hərəkatı
bu aspektdə böyük dövlətlərə də
müraciətlər hazırlaya bilər.
Məlumdur ki, artıq
Qoşulmama Hərəkatının nazirləri bir
çağırış ediblər. Onlar
çağırışda BMT Nizamnaməsində göstərilmiş
güc tətbiq etməmə prinsipinin əhəmiyyətini təsdiq
ediblər. Bu əsasda münaqişənin
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində danışıqlar vasitəsilə
nizamlanması zəruriliyini vurğulayıblar. Təbii ki, Yer kürəsi əhalisinin təqribən
55 faizinin yaşadığı 120 ölkənin etdiyi bu
çağırış ciddi siyasi və geosiyasi əhəmiyyətə
malikdir.
Qlobal miqyasda isə
Qoşulmama Hərəkatı bütövlükdə
dünyada ədalətli, dinc və sivil qaydada birgəyaşayışın
təmin edilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan
2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının
"Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin
təşviq edilməsi” mövzusundakı konfransında
Prezident İlham Əliyevin vurğuladığı bir fikir
olduqca maraqlı və əhəmiyyətlidir. Dövlət
başçısı ifadə edib: "Biz bir-birimizi dəstəkləməliyik.
Qarşımızda demək olar ki, oxşar
çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə
oxşardır. Hamımız öz həyatımızı,
müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə
etməyi tələb etsin, işlərimizə müdaxilə
etsin, bizə diktə etsin. Bunun
üçün biz güclü olmalıyıq. Biz
yalnız birlikdə olduqda güclü ola
bilərik”.
Bu fikirlər indiki mərhələdə
geosiyasi mühitdə cərəyan edən hadisələr və
yeni dünya nizamının formalaşması zərurəti
işığında çox aktual görünür. Siyasi liderlər
qlobal səviyyədə geosiyasi ziddiyyətlərin və
onların fonunda dünya miqyasında xaosun getdikcə daha da dərinləşdiyini
vurğulayırlar. Yeni dünya
nizamının formalaşmasına bu, təbii ki, ciddi mənfi
təsir göstərir. Belə bir şəraitdə
beynəlxalq səviyyədə yeni nizamın
yaradılmasına yardım edə biləcək hər bir təşəbbüs
qiymətlidir.
Bu il oktyabrın
25-26-da Bakıda keçirilməsi nəzərdə tutulan
Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının zirvə görüşü həmin
səbəbdən son dərəcə əhəmiyyətli
hesab edilir. Azərbaycanın belə bir
nüfuzlu təşkilata sədrlik etməyə
başlaması, əlbəttə, bütün
sivilizasiyalı bəşəriyyət üçün əlavə
fürsətdir. Şübhə yoxdur ki,
Bakı hər bir ölkə üçün aktual olan məsələlərin
müzakirəsinə üstünlük verəcək. Dünyanın indiki qarışıq dövründə
beynəlxalq hüquq normalarına uyğun fəaliyyət
göstərməyin təşviq edilməsi prinsipial olaraq
faydalıdır. Konkret desək, Azərbaycan
üçün aktual olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları çərçivəsində ədalətli
həllində yeni imkanlar yaranmaqdadır. Əlbəttə,
Bakı bu şansdan maksimum dərəcədə
yararlanmağa çalışacaq.
Bundan başqa, Azərbaycanın
bu hərəkata sədrlik etməsi, ümumiyyətlə, Cənubi
Qafqaz üçün faydalıdır. Azərbaycan
regionun lideri olmaqla yanaşı, həm də
qarşılıqlı faydalı kooperasiyanın müxtəlif
formatlarına əsaslanan fəaliyyəti ilə seçilir.
Deməli, Qoşulmama Hərəkatı çərçivəsində
Bakının imkanları daha da genişlənəcək.
Nəhayət, onu da
vurğulayaq ki, Qoşulmama Hərəkatı çərçivəsində
Azərbaycana verilən yüksək qiymət ölkə rəhbərliyinin
davamlı olaraq həyata keçirdiyi siyasətin təntənəsidir. Regionun başqa bir
ölkəsi bu kimi nailiyyətlər əldə edə bilməyib.
Azərbaycan bundan sonra da Cənubi Qafqazın lider dövləti
olaraq, bütün istiqamətlərdə daha faydalı və
konstruktiv fəaliyyətini davam etdirəcək.
Azərbaycan.- 2019.- 22 avqust.- S.5.