Aqrar sığorta haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri
üçün aşağıdakı anlayışlardan
istifadə edilir:
1.1.1. aqrar
sığorta sistemi - kənd təsərrüfatı və
akvakultura məhsullarının istehsalçısının
(bundan sonra kənd təsərrüfatı məhsullarının
istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən
edilmiş əmlak mənafelərinin könüllü
sığorta əsasında müdafiəsi sahəsində
riskin ötürülməsinə və
bölüşdürülməsinə əsaslanan münasibətlər
sistemi;
1.1.2. aqrar
sığorta orqanı - aqrar sığorta sistemi üzrə
bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət
göstərən qeyri-kommersiya hüquqi şəxsi;
1.1.3. idarəedici
qurum - aqrar sığorta orqanının adından aqrar
sığorta sisteminin idarəedilməsini həyata keçirən
müştərək sığortaçı;
1.1.4. vasitəçi
aqrar sığortaçı - Azərbaycan Respublikası ərazisində
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun qaydada sığorta fəaliyyəti
göstərən və idarəedici qurumun səhmdarı olan
yerli hüquqi şəxs;
1.1.5. müstəqil
ekspert - sığorta risklərini və (və ya) zərərləri
qiymətləndirən, habelə sığorta hadisələrini
araşdıran fiziki şəxs;
1.1.6. aqrar
sığortalı - aqrar sığorta sistemi üzrə əmlak
mənafeləri sığortalanan kənd təsərrüfatı
məhsullarının istehsalçısı olan fiziki və
ya hüquqi şəxs;
1.1.7. aqrar
sığorta məhsulu - kənd təsərrüfatı məhsullarının
istehsalçılarına onların əmlak mənafelərinin
müdafiəsi üçün vasitəçi aqrar
sığortaçı tərəfindən təklif edilən
sığorta xidməti;
1.1.8. akvakultura məhsulu
- akvakultura yolu ilə balıq və digər su
bioresurslarından əldə olunmuş, emal edilmiş və
istehlaka yönəldilən akvakultura obyektləri.
1.2. Bu Qanunda nəzərdə
tutulmayan digər anlayışlar Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş mənaları
ifadə edir.
Maddə 2. Aqrar sığorta
haqqında qanunvericilik
2.1. Aqrar sığorta haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən,
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
2.2. Ələt iqtisadi zonasında
aqrar sığorta sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. Aqrar sığorta sahəsində
dövlətin vəzifələri
3.0. Aqrar sığortanın həyata
keçirilməsində dövlətin vəzifələri
aşağıdakılardır:
3.0.1. aqrar
sığorta predmetlərini və aqrar sığorta risklərini
müəyyənləşdirmək;
3.0.2. aqrar
sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini
müəyyən etmək və normativ hüquqi aktlar qəbul
etmək;
3.0.3. aqrar
sığorta üzrə fəaliyyətin genişləndirilməsi
üçün stimullaşdırıcı tədbirlər həyata
keçirmək;
3.0.4. aqrar
sığortanın tətbiqinin genişləndirilməsi
üçün maarifləndirmə və məlumatlandırma
işini təşkil etmək;
3.0.5. aqrar
sığorta sisteminin tətbiqinə nəzarət etmək və
fasiləsizliyinin təmin edilməsinə dəstək
göstərmək;
3.0.6. aqrar
sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi
ilə bağlı tədbirlərin həyata keçirilməsini
təmin etmək;
3.0.7. aqrar
sığorta sahəsində beynəlxalq əməkdaşlığı
dəstəkləmək.
Maddə 4. Aqrar sığortanın
predmeti
4.1. Bu Qanunun tələblərinə
uyğun olaraq aşağıdakılar aqrar
sığortanın predmeti sayılır:
4.1.1. kənd təsərrüfatı
bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr
və onların məhsulu daxil olmaqla);
4.1.2. kənd təsərrüfatı
heyvanları və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanlar;
4.1.3. akvakultura məhsulu.
4.2. Bu Qanunun 4.1-ci maddəsində
sadalanan aqrar sığorta predmetinin tərkibi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
4.3. İstehsalı, emalı,
idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı
məhsulları, habelə karantin və məhdudiyyət tədbirləri
tətbiq edilən ərazidəki və ya xəstə kənd
təsərrüfatı heyvanları və akvakultura məhsulları
aqrar sığortanın predmeti ola bilməz.
Bu tələbə riayət olunması
qaydası sığorta qaydaları ilə müəyyən
edilir.
Maddə 5. Aqrar sığorta üzrə
təminat verilən risklər
5.1. Kənd təsərrüfatı
məhsullarının istehsalçıları aqrar
sığorta predmetləri üzrə aşağıdakı
risklərin bir və ya bir neçəsindən sığorta
qaydalarına əsasən sığortalanır:
5.1.1. təbii fəlakətlər;
5.1.2. yanğınlar;
5.1.3. bitki xəstəlikləri
və zərərvericilər;
5.1.4. yoluxucu xəstəliklər
və zəhərlənmələr;
5.1.5. vəhşi
heyvanların hücumu və xüsusi təhlükəli
ziyanvericilərin yayılması və hücumu;
5.1.6. üçüncü
şəxslərin hərəkətləri.
5.2. Aqrar sığortalının
sığorta hadisəsinin baş verməsinə yönəldilmiş
qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar
sığortanın riski ola bilməz.
5.3. Bu Qanunun 5.1-ci maddəsində
sadalanan aqrar sığorta üzrə təminat verilən
risklərin tərkibi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 6. Aqrar sığortanın tənzimlənməsi
6.1. Aqrar sığortanın tənzimlənməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən
sığorta qaydalarına əsasən həyata
keçirilir.
6.2. Sığorta qaydaları ilə
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə
aşağıdakılar müəyyən olunur:
6.2.1. sığorta
haqqının hesablanması, ödənilməsi qaydası və
forması;
6.2.2. sığorta
haqqı üzrə güzəştlər və əlavələr;
6.2.3. qismən
sığorta, azadolma və gözləmə müddəti;
6.2.4. sığorta
müqaviləsinin forması;
6.2.5. sığorta
müqaviləsinin bağlanılması müddətləri;
6.2.6. bu Qanunun digər
maddələrində müəyyən edilən hallar.
6.3. Sığorta qaydalarına
sonradan edilmiş dəyişikliklər qüvvədə olan
sığorta müqavilələrinə şamil edilmir.
6.4. Aqrar sığorta məhsulunun
şərtləri sığorta qaydalarına uyğun olaraq
hazırlanır və hər bir aqrar sığorta məhsulunun
şərtləri özündə sığortalıya
göstərilən xidmətlərin növləri və
tarifləri, sığorta müqavilələri ilə
bağlı məsələləri ehtiva edir.
6.5. Aqrar sığorta məhsulunun
aqrar sığortalıya tətbiqi sığorta
qaydalarına əməl etməklə onunla bağlanan aqrar
sığorta müqaviləsi əsasında həyata
keçirilir.
6.6. Aqrar sığorta müqaviləsi
sığortalı və idarəedici qurum tərəfindən
yazılı formada bağlanır. Aqrar
sığorta müqaviləsi elektron sənəd formasında
da bağlana bilər. Sığorta müqaviləsi
üzrə aqrar sığortalı tərəfindən
sığorta haqqının ödənilməsi aqrar
sığortalının müvafiq sığorta qaydaları
və sığorta müqaviləsinin şərtləri ilə
tanış olmasını, həmin
qaydalar və şərtlərlə
razılaşdığını, həmçinin
sığorta müqaviləsinin bağlanması
faktını təsdiqləyir. Aqrar
sığorta müqaviləsi aqrar sığorta informasiya
sistemində qeydə alınır.
6.7. Aqrar sığorta müqaviləsi
sığorta qaydaları və aqrar sığorta məhsulunun
şərtlərində müəyyən edilmiş müddətdən
artıq müddətə bağlanıla bilməz.
6.8. Aqrar sığorta müqaviləsinin
qüvvədə olduğu müddətdə sığorta
predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə
hüququ başqa şəxsə keçərsə, aqrar
sığortalının hüquq və vəzifələri də
həmin şəxsə keçir. Bununla əlaqədar
müqaviləyə müvafiq dəyişikliklər edilir və
bu barədə məlumatlar aqrar sığorta informasiya
sisteminə daxil edilir.
Maddə 7. Aqrar sığorta haqqı
7.1. Aqrar sığorta haqqı
sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən
hesablanır və aşağıdakı hissələrdən
ibarətdir:
7.1.1. aqrar
sığortalı tərəfindən ödənilməli
olan hissə;
7.1.2. dövlət
büdcəsinin vəsaiti hesabına ödənilən hissə.
7.2. Aqrar sığorta haqqının
hər bir sığorta məhsulu üzrə dövlət
büdcəsinin vəsaiti hesabına ödənilməli olan
hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
7.3. Aqrar sığortalı tərəfindən
ödənilməli olan hissə birbaşa aqrar sığorta
orqanının bank hesabına ödənilir.
2-ci fəsil
Aqrar
sığorta sisteminin subyektləri
Maddə 8. Aqrar sığorta orqanı
8.1. Aqrar sığorta orqanı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən yaradılır.
8.2. Aqrar sığorta orqanı
nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar
sığorta sisteminin təşkilini, inkişafını və
dayanıqlılığını təmin etmək məqsədi
ilə fəaliyyət göstərir, habelə idarəedici
qurumun fəaliyyətinə nəzarəti həyata
keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin
formalaşdırılmasını təmin edir.
8.3. Aqrar sığorta orqanı bu
Qanun və nizamnaməsi ilə müəyyən edilən
qaydada aqrar sığorta sisteminin idarə edilməsini və
aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici
qurum vasitəsilə həyata keçirir. İdarəedici
qurumun hərəkət və hərəkətsizliyindən
verilmiş şikayətlərə, həmçinin bu Qanunun
10.7-ci maddəsində nəzərdə tutulmuş məsələlərə
baxılması üçün aqrar sığorta orqanı
daxilində "İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət
göstərən Apelyasiya Şurası yaradılır.
8.4. Aqrar sığorta orqanı
öz mənfəətini aşağıdakı istiqamətlərə
yönləndirir:
8.4.1. uzunmüddətli
sığorta ehtiyatlarının
formalaşdırılmasına;
8.4.2. nizamnamə
kapitalının artırılmasına;
8.4.3. sığortalı
tərəfindən ödənilməli olan növbəti
sığorta haqlarının bir hissəsinin ödənilməsinə;
8.4.4. dövlət
büdcəsi vəsaiti hesabına ödənilməli olan
növbəti sığorta haqlarının bir hissəsinin
ödənilməsinə.
8.5. Aqrar sığorta
orqanının aktivləri və təkrarsığorta təminatı
onun öhdəliklərinin yerinə yetirilməsi
üçün kifayət etmədikdə əlavə maliyyə
vəsaitinin cəlb edilməsi üçün aqrar
sığorta orqanı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) müraciət
edir.
Maddə 9. İdarəedici qurum
9.1. İdarəedici qurum Azərbaycan
Respublikası ərazisində qeyri-həyat
sığortası sahəsi üzrə fəaliyyətə
lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən
açıq səhmdar cəmiyyəti təşkilati
hüquqi formasında bərabər səhmlərlə
yaradılır və fəaliyyət göstərir.
9.2. Səhmdarlardan heç biri öz
payını satmadığı halda idarəedici qurum əlavə
səhm buraxılışını həyata keçirir.
9.3. İdarəedici qurum öz fəaliyyətini
bu Qanuna, nizamnaməsinə və aqrar sığorta orqanı
ilə imzalanmış müqaviləyə uyğun həyata
keçirir.
9.4. İdarəedici qurum tərəfindən
qiymətli kağızların (səhmlər istisna olmaqla)
buraxılmasına, dövlət büdcəsindən və ya
digər mənbələrdən borc vəsaitinin cəlb edilməsinə
yol verilmir.
9.5. İdarəedici qurumun əməliyyat
xərcləri aqrar sığorta orqanı ilə aralarında
bağlanmış müqavilə əsasında müəyyən
edilir.
9.6. İdarəedici qurum aqrar
sığorta orqanı adından qanuna uyğun qaydada
bağlanmış müqavilələr üzrə öhdəlik
daşımır.
9.7. İdarəedici qurum fəaliyyətini
dayandırdıqda, ləğv olunduqda və ya məhkəmə
qərarı ilə müflis elan edildikdə onun bütün
sənədləri aqrar sığorta orqanına təhvil
verilir.
9.8. İdarəedici qurum aqrar
sığorta orqanı tərəfindən verilmiş əmlakdan
və daxil olan vəsaitlərdən yalnız
aşağıdakı məqsədlər üçün
istifadə edə bilər:
9.8.1. sığorta
ödənişlərinin həyata keçirilməsi;
9.8.2. təkrarsığorta
əməliyyatlarının aparılması;
9.8.3. vasitəçi
aqrar sığortaçılara komisyon muzdlarının
ödənilməsi;
9.8.4. inzibati xərclərin
ödənilməsi;
9.8.5. investisiya əməliyyatlarının
aparılması;
9.8.6. aqrar
sığorta informasiya sisteminin formalaşdırılması
və ona texniki xidmətin göstərilməsi.
9.9. İdarəedici qurumun fəaliyyətinin
təmin edilməsi üçün aqrar sığorta
orqanı tərəfindən ödənilən vəsait həmin
dövr üzrə ödənilən sığorta
haqlarının 15 faizindən çox olmamalıdır.
Maddə 10. Müstəqil ekspertlər
10.1. Aqrar sığorta fəaliyyəti
üzrə xidmətlərə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil
etdiyi imtahandan müvəffəqiyyətlə keçərək
müvafiq sertifikatı almış və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən aparılan reyestrə daxil edilmiş
müstəqil ekspertlər cəlb edilir. Həmin
imtahanın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
10.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) kənd təsərrüfatı
sığortasında riskləri və (və ya) zərərləri
qiymətləndirən, habelə sığorta hadisələrini
araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə
cəlb edilməsi üçün yararlılıq tələblərini
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən
edir. Tələblərə uyğunluğu
müəyyən edilən şəxslər bu fəaliyyətə
aqrar sığorta orqanının qərarı ilə cəlb
edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri
tətbiq edilmir.
10.3. Müstəqil ekspertlərin fəaliyyət
istiqamətləri, hüquq və vəzifələri
sığorta qaydalarında və idarəedici qurumla
aralarında bağlanan müqavilədə təsbit olunur.
10.4. Müstəqil ekspertin müqavilə
şərtlərini pozduğu aşkar edildikdə bu barədə
aqrar sığorta orqanı tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) məlumat verilir.
10.5. Sığortalanan riski qiymətləndirən
müstəqil ekspert həmin risk üzrə sığorta
hadisələrinin araşdırılmasında və zərərin
qiymətləndirilməsində iştirak edə bilməz.
10.6. Müstəqil ekspertlər tərəfindən
göstərilən xidmətlərə görə haqq aqrar
sığorta orqanının müəyyən etdiyi qaydada və
onun vəsaiti hesabına ödənilir. Sığorta
ödənişinin məbləği barədə
sığorta müqaviləsinin tərəfləri
arasında mübahisə yarandığı hallarda yeni
müstəqil ekspert təyin edilə bilər.
10.7. İlkin və yeni müstəqil
ekspert tərəfindən verilmiş rəylər bir-birindən
fərqli olduqda aqrar sığorta orqanının Apelyasiya
Şurasında baxılır və müvafiq qərar qəbul
edilir. Apelyasiya Şurasının qərarı
yeni müstəqil ekspertin rəyini təsdiq edərsə,
onun xidmət haqqı ilkin ekspertin vəsaiti hesabına, ilkin
müstəqil ekspertin rəyini təsdiq etdikdə isə
sığortalının vəsaiti hesabına ödənilir.
Maddə 11. Vasitəçi aqrar
sığortaçılar
11.1. Vasitəçi aqrar
sığortaçılar aqrar sığorta ilə
bağlı münasibətlərdə aqrar sığorta
orqanı və aqrar sığortalı arasında aqrar
sığortanın tətbiqi üzrə sığorta vasitəçiliyi
fəaliyyətini həyata keçirir.
11.2. Vasitəçi aqrar
sığortaçılar idarəetmə qurumu ilə
sığortalı arasında aqrar sığorta müqaviləsi
bağlanmasına vasitəçilik etməklə
yanaşı sığortalılara haqqı ödənilməklə
aqrar sığorta ilə bağlı hüquqi, texniki və təşkilati
xidmətlər göstərirlər.
11.3. Sığorta vasitəçiliyi
fəaliyyəti üçün aqrar sığorta orqanı
bu Qanunla müəyyən olunmuş qaydada vasitəçi
aqrar sığortaçılar ilə müqavilə
bağlayır.
11.4. Vasitəçi aqrar
sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə
görə sığorta qaydaları ilə müəyyən
edilmiş məbləğdə komisyon muzd alırlar.
11.5. Aqrar sığortalının
sığorta haqqını hissə-hissə ödəməsi
hallarında aqrar sığorta orqanı ilə vasitəçi
aqrar sığortaçı arasında bağlanan müqavilədə
sonuncu tərəfindən təminat alətlərinin tətbiq
edilməsi nəzərdə tutula bilər.
Maddə 12. Aqrar sığortalı
12.1. Aqrar sığortalı aqrar
sığorta sistemi üzrə sığortalanmaq
üçün vasitəçi aqrar
sığortaçılar vasitəsilə aqrar sığorta
informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin
bu Qanunla müəyyən edilən qaydada
sığortalanması üçün idarəedici qurum ilə
müqavilə bağlayır.
12.2. Aqrar sığortalının
hüquq və vəzifələri aqrar sığorta
müqaviləsində müəyyən olunur.
3-cü fəsil
Aqrar
sığortanın həyata keçirilməsi
Maddə 13. Aqrar sığorta informasiya
sistemi
13.1. Aqrar sığorta ilə
bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin
elektron qaydada aparılması, aqrar sığorta məhsulunun
elektron təşkili, aqrar sığortalıların
qeydiyyatının və göstərilən xidmətlərə
nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə
aqrar sığorta orqanı tərəfindən aqrar
sığorta informasiya sistemi yaradılır.
13.2. Aqrar sığorta informasiya
sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiqlənir.
13.3. Aqrar sığorta informasiya
sisteminə inteqrasiya edilməli olan informasiya sistemlərinin və
onlardan əldə olunan məlumatların siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.4. Aqrar sığorta orqanı
aşağıdakı məlumat və sənədləri
elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində
əldə edir:
13.4.1. hava və
iqlim şəraiti barədə;
13.4.2. su
kadastrı məlumatları, suvarılan torpaq sahələri,
meliorasiya və irriqasiya (suvarma) şəbəkələri,
hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları,
şoranlaşma və şorakətləşmə vəziyyəti;
13.4.3. kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin dövlət torpaq
kadastrının məlumatları (torpaq sahələrinin
hüquqi statusu, torpaq üzərində mülkiyyət,
istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət
və keyfiyyət göstəriciləri, torpaqların
bonitirovkası və iqtisadi qiymətləndirilməsi,
torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar
qanunla müəyyən olunmuş digər məlumatlar),
ünvanı, kənd təsərrüfatı məqsədləri
üçün istifadə edilən digər daşınmaz əmlak
(tikili və qurğular), həmin daşınmaz əmlak
üzərində qeydiyyata alınmış hüquqlar,
hüquqların yüklülüyü (məhdudlaşdırılması),
hüquq sahibləri barədə məlumatlar.
13.5. Bu Qanunun 13.4-cü maddəsində
nəzərdə tutulmuş məlumatların (sənədlərin)
əldə edilməsinə görə:
13.5.1. dövlət
rüsumundan azadolmalar "Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir;
13.5.2. bütün
digər hallarda heç bir ödəniş tələb
olunmur.
13.6. Sığorta müqavilələri
üzrə məlumatlar mütəmadi olaraq idarəedici qurum
və (və ya) sistemin digər istifadəçiləri (vasitəçi
aqrar sığortaçılar, müstəqil ekspertlər və
aqrar sığortalılar) tərəfindən aqrar
sığorta informasiya sisteminə daxil edilir.
Maddə 14. Riskin qiymətləndirilməsi
14.1. Sığorta qaydalarında və
aqrar sığorta məhsulunun şərtlərində nəzərdə
tutulan hallarda, sığorta müqaviləsi
bağlanmamışdan əvvəl müstəqil ekspert
sığorta predmetinə baxış keçirir və onun məruz
qala biləcəyi riskləri qiymətləndirir.
14.2. Müstəqil ekspert
sığorta predmeti ilə bağlı olan risklər üzrə
sığorta qaydaları ilə müəyyən edilən məlumatları
aqrar sığorta informasiya sisteminə daxil edir.
Maddə 15. Aqrar sığorta
haqqının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilən hissəsi
15.1. Aqrar sığorta
haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməsi aşağıdakı şərtlər
yerinə yetirildikdə həyata keçirilir:
15.1.1. sığorta
müqaviləsi qanunvericiliyə və sığorta
qaydalarına uyğun bağlandıqda;
15.1.2. sığorta
haqqının aqrar sığortalı tərəfindən
ödənilən hissəsi tam və ya sığorta
müqaviləsində nəzərdə tutulmuş hissə-hissə
ödəniş formasının ilk hissəsi ödənildikdə.
15.2. Dövlət büdcəsinin vəsaiti
hesabına aqrar sığorta haqqının bir hissəsinin
maliyyələşdirilməsi hər büdcə ili üzrə qəbul edilən dövlət
büdcəsi haqqında qanunlara uyğun olaraq həyata
keçirilir.
15.3. Aqrar sığorta orqanı hər
ayın sonunda sığorta müqavilələri üzrə
sığorta haqqının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilən hissəsinin ödənilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) müraciət edir və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş sənədləri müraciətə əlavə
edir.
15.4. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
sığorta haqqının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilən hissəsinin müraciətin
daxil olduğu tarixdən sonrakı 10 iş günü
müddətində aqrar sığorta orqanının
müvafiq bank hesabına köçürülməsini təmin
edir.
15.5. Aqrar sığorta müqaviləsinə
vaxtından əvvəl xitam verildikdə sığorta
haqqının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilmiş hissəsi aqrar sığorta
orqanının bank hesabında saxlanılır və yeni
sığorta müqavilələri üzrə bu Qanunun 15.1-ci
maddəsinə uyğun qaydada istifadə edilir.
15.6. Aqrar sığortalının
aqrar sığorta haqqını tam və ya qismən ödəməsindən
asılı olmayaraq, dövlət tərəfindən aqrar
sığorta haqqının bu Qanuna uyğun qaydada müəyyən
edilən hissəsi tam həcmdə ödənilir.
Maddə 16. Sığorta hadisəsinin
araşdırılması
16.1. Aqrar sığortalı
sığorta hadisəsinin baş verməsi ilə
bağlı idarəedici quruma müraciət edir və idarəedici
qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən
olunmuş müstəqil ekspert tərəfindən
sığorta hadisəsinin araşdırılmasını və
zərərin qiymətləndirilməsini təmin edir.
16.2. Sığorta hadisəsi
araşdırılarkən aqrar sığortalıdan
yalnız qanunda və sığorta qaydalarında nəzərdə
tutulmuş sənədlər tələb edilir.
16.3. Müstəqil ekspertin təyin
edilməsi, sığorta hadisəsi nəticəsində zərər
dəymiş sığorta predmetinə baxışın
keçirilməsi müddətləri sığorta
qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində,
habelə sığorta müqaviləsində müəyyən
edilir.
Maddə 17. Aqrar sığorta ödənişi
haqqında qərar
17.1. Sığorta qaydalarına
uyğun olaraq, sığorta ödənişinin verilməsi
üçün tələb olunan bütün sənədlər
təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş
günü ərzində sığorta ödənişinin
tam və ya qismən verilməsi və ya ödənişin
verilməsindən imtina barədə qərar qəbul edir və
bu barədə aqrar sığortalıya "İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən
edilmiş qaydada rəsmi məlumat verir.
17.2. Aqrar sığorta orqanı
sığorta ödənişinin verilməsindən tam və
ya qismən imtina barədə qərarında qanunvericilik,
sığorta müqaviləsi və ya sığorta
qaydalarının müddəalarına istinad etməklə
imtina üçün əsaslarını aydın göstərməlidir.
17.3. Sığorta ödənişinin
verilməsi barədə qərar bu Qanun və sığorta
qaydalarında müəyyən edilmiş müddətdə
icra edilir.
17.4. Sığortalı ödənişin
tam və ya qismən verilməsindən imtina barədə qərardan
inzibati qaydada və məhkəmə qaydasında şikayət
verə bilər.
Maddə 18. Təkrarsığorta
18.1. Aqrar sığorta üzrə
sığortalanmış risklər aqrar sığorta
orqanının şəxsi tutumundan çox olan hissədə,
həmçinin aqrar sığorta orqanı üçün əhəmiyyətli
hesab edilən hallarda xarici və yerli təkrarsığortaçılarda
təkrarsığorta etdirilir.
18.2. Təkrarsığorta əməliyyatları
aqrar sığorta orqanı tərəfindən müəyyən
olunmuş təkrarsığorta siyasətinə uyğun
olaraq həyata keçirilir.
4-cü fəsil
Yekun müddəalar
Maddə 19. Aqrar sığorta
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin
pozulması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur.
Maddə 20. Keçid müddəa
Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər (bu Qanunun 13.5-ci maddəsi nəzərə alınmaqla) aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu əsasında təqdim edilir.
Maddə 21. Yekun müddəalar
21.1. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
21.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının 2002-ci il 18 iyun tarixli 344-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 582; 2005, N 8, maddə 692; 2008, N 11, maddə 960; 2013, N 11, maddə 1292; 2016, N 3, maddə 417; 2019, N 1, maddə 34) ləğv edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2019-cu il