Bakıda XIX Beynəlxalq Gənclər Forumu
keçirilir
Avqustun 22-də Bakı Konqres Mərkəzində
XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, “Alovu paylaş, həyat xilas et” devizi altında keçirilən forumda çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu tədbirin ölkəmizdə ilk dəfə olaraq keçirildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Nazir müavini Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan qanunvericilik aktları, dövlət proqramları haqqında məlumat verib. O, ölkəmizdə qan donorluğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
Nazir müavini, həmçinin qeyd edib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirilməyə başlanıb. Müxtəlif ölkələrdən mütəxəssislər dəvət olundu, irsi qan xəstəliklərinə dair dövlət proqramı hazırlandı. Layihə cəmiyyət tərəfindən çox müsbət qarşılandı. 2005-ci ildə emal olunan donor qanının miqdarı 10 tona yaxın idisə, ötən il təxminən 4.5 dəfə artaraq 44 ton olub. Toplanan qanın böyük bir hissəsi gənclərin payına düşüb. Bu onu göstərir ki, Azərbaycan gəncləri humanizm prinsipləri ilə yaşayır, öz qanlarını ehtiyacı olanlardan əsirgəmirlər”.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclərin sağlamlığına xüsusi diqqət yetirildiyini, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qan donorluğunun təbliği və təşviqinə yer ayrıldığını diqqətə çatdırıblar. Onlar gənclər arasında belə qanvermə aksiyalarının keçirildiyini vurğulayıblar.
BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik, Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad forumun dünyada könüllü, təmənnasız qan donorluğunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini vurğulayıblar.
Tədbir məruzələrlə davam etdirilib. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədovun “Qan donorluğunun inkişafı sahəsində Azərbaycan təcrübəsi”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadənin “Qan donorluğu ictimai səhiyyənin əsas istiqaməti kimi”, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovun “Qan donorluğunun inkişafında könüllülüyün rolu” mövzularında məruzələri dinlənilib.
Sonra Azərbaycanda könüllü qan donorluğunun təbliğat və təşviqat işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yekunda forumda iştirak edən ölkə nümayəndəliklərinin təqdimatları olub və könüllü donorluğun inkişafına töhfə verənlərə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki,
avqustun 21-dən 25-dək Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi,
Azərbaycan Respublikası Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası, Gənclər Fondu,
Səhiyyə Nazirliyinin İctimai
Səhiyyə və İslahatlar Mərkəzi,
B.Ə.Eyvazov
adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun
nəzdində Mərkəzi Qan Bankı və
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin Birgə
Təşkilatçılığı ilə gənclər üçün XIX Beynəlxalq Gənclər
Forumu keçirilir. Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun
inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah
işə həvəsləndirməkdir. Forumda
30-dan çox ölkədən nümayəndələr,
o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri
Federasiyasının və Beynəlxalq Gənclər Komitəsinin
rəhbər şəxsləri iştirak
edirlər.
Azərbaycan.-
2019.-23 avqust.- S.5.