Ümidlər ölmür...
Lələtəpədən görünən yalnız
Füzuli deyil, həm
də zəfər yürüşləridir
Torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın şanlı zəfər yürüşünə start verilməsinə doğru 3 il öncə daha bir addım atıldı: Prezident, Ali Baş Komandan İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin "aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatdı: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Tarixin elə səhifələri var ki, onlar yazılmasa da, maddi mədəniyyət abidələrində öz əksini tapır. Belə müqəddəs abidələr məskəni olan Azərbaycanın da tarixinin oxunulmamış səhifələri, yaxud daşlaşmış mədəni məbədləri az deyil. Zaman, quruluşlar bir-birini əvəzlədikcə həmin abidələrə baxış da dəyişib: sonrakı dövrlərdə "qəzəb”ə tuş gələrək bir çoxu yer üzündən silinib.
Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası da ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoyurdu. Bu uludan-ulu məkan minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. "Böyük Ermənistan” uğrunda aparılan çirkin, şovinist siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də öz izlərini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 26 ildir Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası füzulililər üçün uzun müddət vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer idi. Ona görə də bu sirri açanlardan savayı, kimsə ora girməyə cəsarət etməyib. Beləliklə, Azıx uzun müddət qapalı şəkildə qalıb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir.
Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə hamar daşlardan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını, ulu etnikə malik olduğumuzu təsdiqləyən tutarlı faktlar olmuşdur. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnaklar tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyarətgahları yerlə yeksan etmişlər.
Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri olub. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan xan Arazın hövzəsinin çayları - qollarıdır.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli əhalisi doğma torpaq uğrunda çox itki verib. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib. 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dək əlil və şikəst də Qarabağın qaytarılması uğrunda hər an döyüşlərə atılmağa hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Axı 26 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Axı erməni təcavüzü nəticəsində Füzulidə doğulub o yerlərdə boy ata bilməyən uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i yetim qalıb.
Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, düşmən əsarətində olan digər torpaqlarımız da işğaldan azad ediləcək və orada Füzulidəki kimi, yeni həyat başlayacaq. Budur, artıq Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində salınmış 13 qəsəbə və 20 kənd füzulililərin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si məhz işğaldan azad edilən ərazidə yeni salınıb və məcburi köçkün ailələri burada məskunlaşıb. Hazırda burada 50 min nəfərdən artıq məcburi köçkün ailəsi yaşayır.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunubsa, demək, separatizmin qurbanlarına çevrilmiş digər ərazilərimizi də erməni təcavüzkarlığından - əsir və girovluqdan xilas edəcəyik! Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir! Bunu Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənərək NATO standartları səviyyəsində formalaşan, 2016-cı ilin aprel ayının əvvəllərində ikigünlük zəfər yolu keçərək düşmənin bağrını yaran Milli Ordumuzun hərtərəfli gücü, qüdrəti və xalqımızın mübariz ruhu deyir!
Çıraqlar sönmür... Şuşaya yol Cəbrayılın
Cocuq Mərcanlısından keçir
1993-cü il avqustun ortalarında Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın cənub istiqamətində başlayan genişmiqyaslı hücumu bir həftə sonra, daha dəqiq desək, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının böyük hissəsinin işğalı ilə nəticələndi.
Xatırladaq ki, ondan bir ay öncə, iyulun 23-də erməni quldur birləşmələri Ağdamı işğal etmişdilər. Ağdama qədər isə Qarabağın qala qapıları sayılan Laçın, Şuşa və Kəlbəcər düşmən əsarətinə keçmişdi.
Cəbrayılın işğalı həm də Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun - Qubadlı ilə Zəngilanın mühasirəyə düşməsi demək idi. Rayonun ərazisi 1050 kv.km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun (Cocuq Mərcanlıdan savayı) 80-dən çox yaşayış məntəqəsi işğal altındadır.
Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Rayonda 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diri dağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Cəbrayıl rayonunun işğaldan azad edilən yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı isə 24 ildən sonra özünün doğmalarını yenidən qoynuna aldı. Azərbaycan Ordusunun qısamüddətli Aprel döyüşlərində işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə sığınmış Cocuq Mərcanlı kəndinin sakinlərindən 50 ailənin doğma yurda qayıdışı üçün yeni salınan qəsəbə düşmənə ciddi siqnal və göz dağı oldu. Çünki bu, əslində, Azərbaycan torpaqlarının bir qarış torpağının belə düşmən əsarətində qalmayacağına dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin verdiyi bəyanatın real nəticəsidir.
Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa, Həkəri və Araz çaylarından qidalanırdı.
Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü (23 avqust 1993-cü il) 50 nəfər canını torpağa qurban verdi. Ümumilikdə isə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda 246 cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər isə əlil olub.
Rayonun ərazisində tarixi-memarlıq abidələri az deyildi. Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli, Şıxlardakı Dairəvi türbə, Xudafərin körpüləri, Diri dağdakı Qız qalası, Dağtumasdakı Başıkəsik günbəz, Gordubaba dağındakı məzar da məhz həmin mədəniyyət və dini məbədlərdən sayılırdı. "Hacı Qaraman”, "Cəbrayıl ata”, "Dül-dül”, "Mazannənə” ziyarətgahları və s. Dağtumasdakı "Tumas ata”, "Divlər sarayı”, Mahmudludakı "Canqulu” və "Qumtəpə” kurqanları, Tatardakı Siklop tikililər - qədim arxeoloji abidələr isə sırf dini xarakterli idi ki, hər biri inanc yerinə və ziyarətgaha çevrilmişdi.
Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz çaş, imək tutan diz taqətsiz və şikəst olur...
Kiçik Qafqazın mədəniyyət zirvəsi sayılan Şuşaya yol Cocuq Mərcanlıdan keçir. O yolun açılmasına isə az qalıb...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 23 avqust.- S.6.